Mütərəqqi nümunə
Prezident İlham Əliyevin böyük
iqtisadi islahatlarının beynəlxalq reytinq təşkilatları tərəfindən
dəyərləndirilməsi uğur
göstəricisidir
Bu gün dünya ölkələrində müşahidə edilən iqtisadi problemlər yaşanmasına, regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda təmin olunan dayanıqlı inkişaf aparılan islahatların uğurlu nəticələr verdiyini bir daha təsdiqləyir. Elə bunun səbəbidir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2019” hesabatında Azərbaycan ən islahatçı ölkə kimi göstərilib.
Ölkə iqtisadiyyatının inkişafı üçün həyata keçirilən praqmatik islahatlar bütövlükdə ardıcıl uğurlar qazanmağa təkan verir. Eyni zamanda görülən qabaqlayıcı tədbirlər, xarici risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkənin dayanıqlı inkişafını təmin edir.
Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı verdiyi qərarlar strateji xarakter daşımaqla yanaşı, son bir neçə ildə ölkədə özəl sektorun inkişafında yeni dövrün başlanğıcına zəmin yaradıb. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, "yaşıl dəhliz”, biznesə başlama, kreditlərə əlçatanlıq sahələrində mühüm islahatlar aparılır. Həm sahibkarlığın inkişafı, həm də biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlərin beynəlxalq iqtisadi təşkilatların hazırladıqları hesabatlarda da öz əksini tapması uğur göstəricisidir.
Məsələn, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hesabatda ölkəmiz 10 göstəricidən 8-i üzrə irəliləyib. "Biznesə başlama” göstəricisi üzrə 9 pillə irəliləyərək 9-cu pilləyə, "Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə isə 8 pillə irəliləyərək 2-ci pilləyə qalxıb.
Əvvəlki hesabatlara nəzər yetirdikdə Azərbaycanın böyük irəliləyişinin şahidi olarıq. Əgər ölkəmiz Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2017” hesabatında 65-ci pillədə qərarlaşmışdısa, bir il sonra "Doing Business 2018” hesabatında 8 pillə yüksələrək 57-ci yeri tutdu. 190 ölkənin biznes mühitini qiymətləndirən hesabata əsasən, Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri sayılırdı.
"Doing Business 2019” hesabatında Azərbaycan dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB-də lider mövqeyə yüksəldi. Hesabatda deyilirdi ki, Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib.
Onu da vurğulayaq ki, "Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.
ABŞ-ın tanınmış "The Heritage Foundation” analitik mərkəzi tərəfindən hazırlanan "İqtisadi Azadlıq İndeksi-2019”da Azərbaycan ən böyük irəliləyiş edən ölkə kimi təqdim olunub.
Bütün bunlar cənab İlham Əliyevin məqsədyönlü və köklü iqtisadi islahatlarına verilən beynəlxalq qiymətdir. Əksər beynəlxalq reytinq agentlikləri tərəfindən ard-arda ölkə iqtisadiyyatının real vəziyyəti haqqında müsbət mövqe nümayiş etdirməsi təbii ki, təsadüfi deyil. Bütün hesabatlarda Azərbaycanın adının yüksəlməsini müşahidə edirik. Azərbaycanın iqtisadi sahədə qazandığı bu nailiyyətlər, eləcə də ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 16 ildə iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri olan sahibkarlığın inkişafına daim önəm verib. Məhz buna görə də biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşıb, müvafiq qanunvericilik bazası təkmilləşib, inzibati prosedurlar sadələşib. Vergi güzəştlərinin tətbiqi, iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin artırılması nəticəsində Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib. Ölkədə güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin qurulması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, respublikanın ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin, Apelyasiya Şurasının və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti ölkə iqtisadiyyatının, eləcə də sahibkarlığın inkişafında mühüm rol oynayır. Yoxlamaların dayandırılması isə sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə yol açıb. Bu, dövlət qurumları ilə sahibkarlar arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına müsbət təsir göstərib.
Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi ildən-ilə artır. Təkcə bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür.
Son 6 ayda özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib. Bu müddətdə sahibkarlara 1130 lisenziya verilib ki, bunun da 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 iyul 2019-cu il tarixinədək sahibkarlara 7900-dan çox lisenziya verilib. Ötən ilin martında yaradılan "Lisenziyalar və icazələr” portalı vasitəsilə artıq 1100-dən çox elektron lisenziya verilib, 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi təqdim edilib. Layihələrin 58 faizi sənaye, 34 faizi kənd təsərrüfatı, 8 faizi isə turizm sahələrini əhatə edir.
Özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün bu ilin birinci yarımilliyində sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 6 ayda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib. Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi sənaye istehsalı və emalının, eləcə də 44 faizi regionların, 56 faizi isə Bakı qəsəbələrinin payına düşür.
Bu ilin 6 ayının digər makroiqtisadi göstəriciləri onu deməyə əsas verir ki, 2019-cu il Azərbaycanın iqtisadi inkişafında mühüm dövr olacaq.
İstənilən ölkədə iqtisadi azadlıq mövcuddursa, dövlət xarici güc və amillərdən asılı olmayaraq xalqın layiqli yaşayışını təmin edə bilir, maddi və mənəvi ehtiyatlarını qorumağa qadir olur. Məhz ölkənin iqtisadi azadlığı şəraitində azad iqtisadiyyat, yəni fəaliyyəti kənar qüvvələrin təsirinə məruz qalmayan sağlam və sərbəst rəqabətə əsaslanan iqtisadiyyat mümkündür. Bu gün Azərbaycanın da adı həmin ölkələr sırasında çəkilir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 24 avqust.- S.1; 4.