Bu, Naxçıvandır - nəqşi-cahandır
Maddi-mənəvi, təbii sərvətlər və
möcüzələr diyarının iqtisadi,
ictimai, mədəni yüksəlişi, firavan həyatı qurub-yaratmaq
əzmi ilə çalışanların əməyinin bəhrəsidir
Qoca Şərqin yaxasında ucalıqlar məskəni, müdriklər oylağı, ulular məkanıdır Naxçıvan. Bəşər ilkinliyinin müqəddəslik simvolu, möhtəşəmlik diyarıdır bu torpaq. Köz rəngində, alov biçimində olan və bir-birinə sığınan uca dağlarla əhatələnən, həsrət, qubar timsallı Xan Arazın sahilinə söykənən bu Oğuz-Türk yurdunun yaşı qədimdən də qədimdir.
Məxəzlərdə bu tarix 5000 ildən yuxarı göstərilir. Lakin qoynunda tarixin sərt amansızlıqlarından hifz etdiyi izlər, nişanələr, saxlanclar bəşər ilkinliyindən soraq verir. Adının Nuhçıxan, Nuh varan yer, torpaq anlamında bu diyarın qədimliyinə dəlalət edir.
Şərqə açılan qapı kimi karvan yolu üzərində qərar tutan Naxçıvanın mədəniyyətlər qovuşağında inkişafının, tərəqqisinin təntənəsi antik səyyahların dilində, salnaməçilərin qələmində vəsf edilib. Nəqşicahan - dünyanın naxışı, bəzəyi, yaraşığı kimi tərənnüm olunub.
Ta qədimdən bu yurdda
söz daşa
yazılıb, daş sözə...
kəlama çevrilib. Gəmiqayada qayaüstü rəsmlərdən ulu əcdadlarımızın hikməti süzülür. Memar Əbubəkir oğlu Əcəmi Naxçıvaninin zəkasının, sirli, ovsunlu əllərinin yaratdığı incilərdən dürlü-dürlü kəlamlar dil açır.
Naxçıvanda təbiətin də özünəməxsus ecazkarlığı, füsunkarlığı var.
Bu diyarda hər ucalıqda bir möhtəşəmlik, hər qaya, hər daşda bir vüqar, əzəmət boy verir. Qapıcıq zirvəsi ənginliyin sədası, hər tərəfdən görünən Haçadağ isə əzəmət nidasıdır. Haqqında "Qurani-Kərim”də danışılan Əshabi-Kəhf mağarası sirr-ovsun soraqlı müqəddəslik nişanəsidir. Əmir Teymur qəzəbinə 14 il sipər olan Əlincə qalası əyilməzlik möhürüdür.
Sərt, sıldırım qayalarla əhatələnən bu strateji məkan zaman-zaman Naxçıvan hakimlərinin iqamət yeri olmuş, Eldəgizlər səltənəti dövründə xüsusi əhəmiyyət kəsb etmiş və xəzinəsinin saxlanc yeri də bu məkan seçilmişdir.
Bu əzəmət simvolunun digər tarixi abidələrə qayğı fonunda bərpa edilib abadlığa qovuşması, eləcə də Əshabi-Kəhf ziyarətgahında görülən işlər, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksinin ərazisində yaradılan möhtəşəmlik təqdirəlayiq quruculuq tədbirləri sırasında çox dəyərlidir.
Altı maddi sərvətlərlə zəngin, üstü ruzi-bərəkət mənbəyi olan Naxçıvan torpağına uca yaradan da çox səxavət göstərib: ona şöhrət gətirən çeşid-çeşid nemətlər bəxş edib. Bunlardan biri də hələ qədim zamanlardan emal edilən, nəinki Yaxın Şərqdə, onun hüdudlarından çox-çox uzaqlara aparılan Naxçıvan duzudur. Əsrlərdir şöhrəti aləmlər dolaşan bu sərvət təkcə qida məhsulu kimi deyil, onun bitib-tükənməyən yataqları şəfaverici xüsusiyyətinə görə də məşhurdur. Bu gün Duzdağda yaradılan şərait, sözün gerçək anlamında təqdirolunasıdır. Dünyada tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən, şəfa diləyənləri doğma diyara cəlb edir.
Bu torpaqda çağlayan mineral su mənbələri də özünəməxsusluğu, zəngin tərkibi ilə seçilir. Bu gün də "Sirab”, "Badamlı”, "Vayxır” və sair adlarla süfrələr bəzəyinə çevrilən həmin mineral sular, şəfaverici xüsusiyyətləri ilə də məşhurdurlar. Eləcə də bu torpağın yetirdiyi çeşid-çeşid nemətlər, ekoloji baxımdan saf məhsullar dadı-tamı ilə seçilir, dillər əzəbərinə çevrilir.
Naxçıvan torpağı bərəkət rəmzi, ruzi mənbəyidir. Onun dağında-daşında bitən gülü, çiçəyi belə can dərmanı, şəfa məlhəmidir. Yamyaşıl tarlaları, çörək ətirli zəmiləri bərəkət çətiridir. Burada torpağın nazını çəkən, ona alın təri qatan zəhmətkeş yurdsevər insanların əməyi sayəsində bol məhsulu bitib-tükənmir. Bu səbəbdəndir ki, muxtar respublika iqtisadiyyatının sürətli inkişafı dinamik xarakter alıb. Yerli xammal hesabına yeni-yeni emal müəssisələrinin, istehsal sahələrinin yaradılması əhalinin ərzaq təminatını yaxşılaşdırmaqla yanaşı, məşğulluğun təmin edilməsinə, yaşayış səviyyəsinin yüksəlməsinə stimul verir.
Bu qədim diyar, eyni zamanda elm, sənət, mədəniyyət beşiyi kimi də möhtəşəmdir. Bəşər tarixinə böyük mütəfəkkirlər, dahi şəxsiyyətlər, müdrik dühalar bəxş edib.
Memar Əcəminin möcüzəli əlləri, yadigar inciləri
Bu incilər yurdun sənət simvollarıdır. Sufi şairi İmadəddin Nəsiminin "Aləmin həqqi” adlandırdığı insanı yaradılmışların ən alisi, ən kamili hesab edən, hürufilik cərəyanının banisi F.Nəimi də bu ulu yurdun övladı, yetirməsidir. Bəşəri ideyalar carçısı, şair Hüseyn Cavid ucalığı dünyaya bu yurd yerindən boy göstərib. Böyük yazıçı Mirzə Cəlil bu torpaqda dünyaya göz açıb. Parlaq, nurlu ideyaları ilə insanlığı qəflətdən oyanmağa səsləyib. Əlvan rəng çalarları ilə möcüzəli sənət nümunələri yaradan Bəhruz Kəngərlinin də vətənidir Naxçıvan. Və beləcə bu qocaman diyar onlarla, yüzlərlə elm, sənət korifeyi, böyük dühalar, sərkərdələr, dünya şöhrətli dahi şəxsiyyətlər yetirib cahana. Naxçıvanın müqəddəslik əlaməti həm də ondadır ki, əvəzsiz dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi kimi tarixə yazılan Ümummilli Lider Heydər Əliyev də bu yurdun övladıdır.
Bəli, sirr deyil ki, bugünkü Naxçıvanın möhtəşəmliyi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu möhtəşəmlik onun pak məfkurə işığında yurda, torpağa sevgi, vətənə məhəbbət, xalqa xidmət amalları aşılayan ideyalarının, qurub-yaratmaq siyasətinin nəticəsidir. Bu gün Naxçıvanın sözün həqiqi mənasında adını, tarixi şöhrətini - Cahanın naxışı, dünyanın bəzəyi olduğunu ehtiva edir. Bütün sahələrdə dinamik xarakter alan iqtisadi inkişaf, sosial-mədəni tərəqqi, mənəvi yüksəliş yurdun hər qarışında parlaq naxışlarla üzə gülür. Çəkilən rahat, abad yollar, ətrafının yaşıllıqlara qərq olan ormanlığı gül-çiçəyə bürünən görkəmi bu diyarda insanların qəlbinin yurda, vətənə sevgi amalları ilə çağladığından soraq verir.
Muxtar respublikanın bütün yaşayış məntəqələri, o cümlədən ən ucqar kəndləri belə müasir tələblər səviyyəsində abadlaşıb...
Görkəmi
ilə gözəlliyə qovuşan diyar
Bu sırada Naxçıvan şəhəri
xüsusilə qeyd olunmalıdır. Burada müasir arxitektura
üsulunda inşa olunan yeni binalar, orijinal memarlıq
quruluşuna malik tikililər, eləcə də tarixi abidələrin
mənsub olduqları dövrün memarlıq ənənələrinə
uyğun bərpası, mövcud binaların gözoxşayan
şəkildə təmiri, aparılan abadlıq işləri
onun hüsnünə ecazkarlıq gətirib, əsrarəngiz
görkəm bəxş edib.
Yurda, torpağa sevgi
aşılayan, doğma diyarı gözəlliklər - cənnət-məkana
çevirən təqdirəlayiq işlər burada yaşayan
insanların yaşayış səviyyəsinin,
rifahının yüksəlməsinə xidmət etməklə
yanaşı, mədəni-mənəvi tərəqqinin də
göstəricisi kimi dəyərlidir. Təbii ki, bütün
bunlar, həmçinin Naxçıvanı dünyanın diqqət
mərkəzinə çevirir, regiona turist axınının
artmasına da stimul verir. Bu mənada tarixi məkanlara,
memarlıq abidələrinə diqqət və qayğı, o
cümlədən Əlincə qalası ərazisində,
Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksində,
xüsusən də Nuh Peyğəmbərin məzarüstü
türbəsinin bərpası, habelə Əshabi-Kəhf ziyarətgahında,
Əcəmi Seyrəngahında, Qarabağlar Türbə
Kompleksində görülən təmir-bərpa, abadlıq
işlərinin mahiyyəti, onların tariximizdə,
günümzdə kəsb etdikləri önəm böyük
əhəmiyyət daşıyır.
Muxtar respublikada digər sahələr
kimi, elmin, təhsilin, mədəniyyətin inkişafı
istiqamətində həyata keçirilən layihələr də
öz bəhrəsini verir. Bu gün Naxçıvan həm də
elm, təhsil, mədəniyyət mərkəzinə
çevrilib. Burada fəaliyyət göstərən 3
böyük ali təhsil ocağı, eləcə də
çoxsaylı orta ixtisas təhsili müəssisələri
bütün sahələr üzrə təkcə region
üçün deyil, geniş coğrafiyada mütəxəssislər
yetişdirmək funksiyasını uğurla yerinə yetirir. Təbii
ki, burada AMEA Naxçıvan Bölməsinin fəaliyyətinin
də iqtisadiyyatın, elmin, mədəniyyətin
inkişafında rolu müstəsna amil kimi qeyd
olunmalıdır. Bunun nəticəsidir ki, Naxçıvan bu
gün beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərə
- elmi konfranslara, simpoziumlara, festivallara, sərgilərə,
müxtəlif yarışlara evsahibliyi edir.
Ötən il Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması, burada Avropa günlərinin keçirilməsi, Türk Şurası Gənclər Forumunun gerçəkləşməsi, eləcə də onlarla birgə beynəlxalqmiqyaslı tədbirlər doğma diyarın dünyanın diqqət mərkəzində olmasının bariz nümunəsidir.
Qədim Naxçıvan bu gün yeni günlərini - inkişafın, tərəqqinin möhtəşəmliyini yaşayır. Adının etimoloji anlamını - Cahanın naxışı, bəzəyi olduğunu inikas etdirir.
...Bütün bunlar deməyə əsas verir ki, 20-ci yüzilliyin sonu, XXI əsrin ilk 10 illikləri tariximizdə inkişaf, tərəqqi, yüksəliş dövrü kimi səciyyələnir. Tariximizə qızıl hərflərlə yazılan bu dövrün iqtisadi, sosial inkişafı, yüksəlişi, insanların rifahı, yaşayış şəraiti, mədəni-mənəvi səviyyəsi, həmçinin onların yurd-vətən sevgisindən güc alan qurub-yaratmaq əzmini də əks etdirir.
Adilə SƏFƏROVA,
Əməkdar mədəniyyət işçisi
Azərbaycan.-
2019.-24 avqust.- S.5.