Yubilyar şəhərin yaşıdı kitabxana

 

70 yaşlı Sumqayıt heç də təsadüfi yerə gənclər şəhəri adlandırılmayıb. Xəzərin laylasına "yatıb-oyanan” dalğalar, xəzrilərilə sumqayıtlıların könlünə sərinlik gətirən Sumqayıt həm də gözəl istirahət məkanıdır.

Burada mədəni mühitin formalaşması və zənginliyi üçün çoxsaylı layihələr həyata keçirilib. Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin də yaşı az deyil. Sumqayıtlılara mədəni xidmətləri ilə sevilən kitabxanaçılar nəsil-nəsil dəyişsə də, ənənə davam etdirilir. 1966-cı ildə Mərkəzi Kitabxanaya Xalq şairi Səməd Vurğunun adı verilib. Bu mədəni xidmət müəssisəsi 1968-ci ildə hazırda fəaliyyət göstərdiyi binaya köçürülüb.

Kitabxanada Xidmət, Komplektləşdirmə və kitabişləmə, Metodikabiblioqrafiya, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, Kitabxanalararası abonement, İnformasiya-resurs, İncəsənət, Dövri mətbuat, Uşaq, Elmi tədqiqat, Depozitar fond, Vahid fondun təşkili və istifadəsi şöbə və bölmələri fəaliyyət göstərir.

MKS-nın direktoru Yeganə Əhmədovanın sözlərinə görə, mərkəzi kitabxana tərəfindən Sumqayıtın 70 illik yubileyi ilə bağlı müxtəlif səpkili tədbirlər davam etdirilir.

Sumqayıtın 70 illiyi çərçivəsində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları 71 nömrəli "Heyran” körpələr evi-uşaq bağçası ilə birgə "Təbrik edirəm mən yaşını” adlı səhərcik keçirib. Bundan başqa, N.Gəncəvi adına kitabxana-klubda şəhərin yubileyinə həsr olunmuş "Sumqayıt dünən, bu gün, sabah” adlı "dəyirmi masa” təşkil olunub.

 

Azərbaycan.- 2019.-24 avqust.- S.5.