Azərbaycan turizm ölkəsinə
çevrilir
Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Turizm artıq bütün dünyada geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Prezident İlham Əliyevin fərman və sərəncamlarının icrası çərçivəsində bu sahənin inkişafı Azərbaycanda ildən-ilə genişlənir.
Bu sektorun aparıcı qüvvəyə çevrilməsi özünü yeni iş yerlərinin açılmasında, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artmasında göstərir. Son illər turistlərin Azərbaycana axını, xüsusən də yaz-yay aylarında kütləvi hal alıb. Beləliklə, turizm iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevrilib. Respublikamızda turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün ölkəmizdə turizmin inkişaf strategiyası hazırlanıb. 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AITF) keçirilməsinin ənənə halını alması da turizmin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Bakıda, eləcə də regionlarda biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilib. Ölkə rəhbəri 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum üç saat ərzində verilməsinə dair sərəncam imzalayıb. Həmin vaxtdan "ASAN viza” sistemi yaradılıb. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Respublikamızdakı ictimai-siyasi sabitlik, əmin-amanlıq, yüksəksəviyyəli təhlükəsizlik, infrastruktur və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər ölkəmizə turistlərin marağını artırıb.
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib ki, Azərbaycanda turizm çox geniş imkanlara malik olmalıdır: "Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, hotellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.
Prezidentin diqqət və qayğısı sayəsində ölkəmizin ən ucqar ərazilərində belə dünya standartları səviyyəsində nəqliyyat şəbəkələri yaradılır. Xüsusilə dağ kəndləri yollarında yaradılan təhlükəsizlik və yolların asfalt örtüyünün müasir tələblərə cavab verməsi turistlərin məmnunluğuna səbəb olur. İndi turistlər həmin ərazidəki kəndlərə səyahət etməkdən xoşlanırlar. Dövlət başçısının tapşırığı ilə turistlərin rahatlığını təmin etmək və onların vaxt itkisinin qarşısını almaq, nəhayət, yol turizminin səmərəliliyini artırmaq məqsədilə bölgələrdə kəndarası yollar əsaslı şəkildə təmir olunur, yol kənarlarına tanıtma nişanları qoyulur, yaşıllıqlar salınır və s.
Cari ildən dünyanın bir çox ölkələrində Azərbaycan diaspor təşkilatlarının və respublika Turizm Bürosunun birgə təşkilatçılığı ilə ölkəmizin turizm potensialı və səmərəliliyinə dair tədbirlər keçirilir, mətbuat konfransları təşkil edilir, nüfuzlu mətbu orqanlarda məqalələr dərc olunur, televiziyalarda süjetlər göstərilir. Bu səbəbdəndir ki, xarici ölkələrdəki turizm şirkətləri ilə əməkdaşlıq sazişləri durmadan artır. Dünyanın turizm ölkələrindən birinə çevrilən Azərbaycana gələn əcnəbi turistlərin say çoxluğu buna bariz nümunədir. Xatırladaq ki, cari ilin əvvəlindən iyul ayına kimi ölkəmizə 187 ölkədən 1 milyon 777,4 min və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin sayında ən çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan (78,5 faiz), Çin (74,3 faiz), Səudiyyə Ərəbistanı (48,8 faiz), Macarıstan (48,1 faiz), Böyük Britaniya (30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz), Almaniya (25,1 faiz) və Gürcüstan (23,4 faiz) olmuşdur. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,3 faiz artaraq 83,2 min, MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 655,1 min nəfərə çatmışdır.
Rəhman SALMANLI
Azərbaycan.- 2019.-25 avqust.- S.5.