Ən çox sevilən məkan
Coğrafi mövqeyinə görə Xaçmazda turizmin hərtərəfli inkişafı üçün ideal şərait var. Yay başlayandan respublikamızın şimal bölgəsində əcnəbi turistlərin ən çox üz tutduqları məkanlardan biri də Xaçmaz rayonudur. Burada istirahət üçün, yəni kənd, çimərlik, sağlamlıq və çadır turizmi formalaşıb.
Bunların içində səyahət turizmi xüsusi əhəmiyyət kəsb edir. Xaçmaza bəzən muzeylər şəhəri də deyirlər. Qonaqlar ilk əvvəl şəhərdə yerləşən muzeyləri gəzir, görməli yerləri ziyarət edirlər.
Xaçmazda 70-ə yaxın istirahət mərkəzi fəaliyyət göstərir. "Atlant”, "Malibu”, "Palermo”, "Palma”, "Rivinin”, "Elfaro”, "Flaminqo”, "UlduzXDMX”, "Çobanbulağı”, "Xəzər” və "Lotos” təkcə respublikamızda deyil, dünyanın onlarca ölkəsində tanınır. Yay fəsli başlayandan Xaçmazı minlərlə turist ziyarət edib. Əvvəlki illərə nisbətdə bu il turist axını xeyli artıb.
Qonaqların rahatlığı üçün Azərbaycan, rus və ingilis dillərində bukletlər, yol xəritəsi, habelə hər bir istirahət yeri barədə (qiymətlərdən tutmuş endirimlərə qədər) məlumat turistlərə təqdim edilir. Qalır bircə onun seçimi. Baltikyanı ölkələr, Rusiya, Gürcüstan, Qazaxıstan, Fransa, Moldova, Cənubi Koreya, Almaniya kimi ölkələrdən gələnlər çox vaxt istirahət üçün Xaçmazı seçirlər. Onlar "Sağlam və əlil insanların birgə yaşam tərzi” devizi ilə respublikamıza səfərləri çərçivəsində Xaçmazda Heydər Əliyev Mərkəzi, Əziz Əliyev Tarix-diyarşünaslıq və Şəxsiyyətlər muzeyində olmuş, insanlarla söhbət etmiş, milli mətbəximizin təamlarını dadmışlar. Səfər zamanı xaçmazlı əlil ailələrlə görüşlər keçirilmiş, birlikdə sosial məsələlərə dair fikir mübadiləsi aparmışlar.
Xaçmazın memarlıq intellekti genişdir. Şəhərə təşrif buyuran qonaqlar daha çox milli ornamentlərlə zəngin Heydər Əliyev Mərkəzini, respublikamızda ilk olan Şəxsiyyətlər muzeyini ziyarət etməyə üstünlük verirlər. Şəxsiyyətlər muzeyi respublikamızın ictimai və mədəni irsinin göstəricisidir desək, səhv etmərik. Dövlət Turizm Agentliyi Xaçmaz turizm informasiya mərkəzinin direktoru Vasif Əhmədov söhbətində bildirdi ki, son illər rayona gələn turistlər muzeylərimizi ziyarət etməklə yanaşı, onlardan çox şey öyrənirlər. Hətta onların bəzisi geri qayıdan zaman öz ölkələrində belə zəngin ocaqların yaradılması üçün çalışacaqlarını bildirirlər.
Rayonda mehmanxana və obyektlərdə qiymətlər də münasibdir. Bəlkə də ona görədir ki, respublikamızın qonaqları və yerli turistlər çox zaman məhz Xaçmazı seçirlər. Yaraşıqlı küçələr, orta əsrləri xatırladan qüllə, analoqu olmayan samovar, yollarda quraşdırılan qədim lampalar və digərləri turistlərin maraq dünyasıdır. Turist həm də informasiya daşıyıcısıdır. O, qarşılaşdığı qeyri- adilikləri özü ilə fotolarda ölkəsinə aparır. Növbəti ildə o, artıq başqa yeri deyil, məhz Xaçmazı seçir.
Burada turistlərin marağına səbəb həm də balıq ovudur. Onlar Cağacuqçay, Ağçay və Qudyalçayın sahilində saatlarla balıq tutmaqla vaxtlarını mənalı keçirirlər. O səbəbdəndir ki, Gülalan, Nəzər, Qımıl, Sayad göllərinin ətrafı həmişə qonaq-qaralı olur.
Akif ƏLİYEV
Azərbaycan.- 2019.-25 avqust.- S.5.