Qədim Nizami yurduna maraq ildən-ilə artır

 

Son illər yerlixarici turistlərin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə maraqları daha da artmışdır. Bunun bir səbəbi qədim Nizami yurdunda aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhərin gözəlləşməsidirsə, digər səbəbi burada çoxlu sayda mədəniyyət obyektlərinin olmasıdır.

Gəncə həm də muzeylər, tarixi abidələr, parklar , fəvvarələr şəhəridir. Hazırda burada 31 böyük park var. Onlardan ən nəhəngi Ulu Öndər Heydər Əliyevin adını daşıyan park-kompleksidir. İstər şəhər sakinlərinin, istərsə də turistlərin bu parkda mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.

450 hektar ərazisi olan Heydər Əliyev park-kompleksinin girişində möhtəşəm "Zəfər tağı” ucaldılıb. Gözoxşayan xiyabanda geniş yaşıllaşdırma işləri aparılmış, çoxlu sayda oturacaqlar qoyulmuşdur. İnsanlar axşamlar xiyaban boyu gəzintilər keçirir, fəvvarələrin ətrafında dayanıb sərinlənirlər. "Zəfər tağı”ndan Heydər Əliyev mərkəzinə kimi olan ərazidə minlərlə ağac əkilib. Parkda yaradılan süni gölorijinal şəlalə bu əraziyə xüsusi gözəllik verir. Bundan başqa, park-kompleksdə müxtəlif məişət obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran "Disneyland” əyləncə mərkəzi də fəaliyyət göstərir. Parkda Müasir İncəsənət Muzeyiamfiteatr da inşa edilmişdir. Muzeydə tez-tez tanınmış rəssamların əl işlərindən ibarət sərgilər təşkil edilir ki, bu da turistlərin marağına səbəb olur. Nəhayət, burada ucaldılan möhtəşəm Heydər Əliyev Mərkəzi park-kompleksinə xüsusi yaraşıq verir. Demək olar ki, mərkəz hər gün insanlarla dolu olur. Xüsusilə məktəblilər burada dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, eləcə də müstəqil Azərbaycanın memarı və qurucusunun göstərdiyi xilaskarlıq missiyasını dərindən öyrənirlər.

Gəncənin park-bulvar kompleksi də insanların ən çox sevdikləri məkandır. Layihəyə uyğun olaraq görülən işlər çərçivəsində Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılmış, çayın yatağı təmizlənmiş, məcrası isə yenidən qurularaq hər iki tərəfdə ümumi uzunluğu 2,4 kilometr olan betondan istinad divarı çəkilmişdir. Çayın sağ sahilində ilkin olaraq 34 hektar ərazidə bulvar salınmışdır. İstirahət məkanında Bayraq meydanı, mətbuat evi, kitab evi, uşaq əyləncə və ticarət mərkəzləri, "Əli və Ninokompleksi, saat qülləsi, kinoteatr inşa edilmişdir. Bulvarda velosipedçilər üçün xüsusi veloxəttin salınması şəhər gəncləri, eləcə də turistlər tərəfindən razılıqla qarşılanmışdır. İndi axşamlar burada insan əlindən tərpənmək olmur. Attraksionlar, yaşlı insanların dincəlməsi üçün guşələr, müxtəlif stolüstü oyunların keçirilməsi üçün yerlər də yaradılmışdır.

Yay mövsümü olduğundan Gəncə sakinlərinin ən çox üz tutduqları yerlər park və xiyabanlardır. Onlardan biri də görkəmli dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan parkdır. Parkın girişində onun böyük büstü ucaldılmışdır. Yaşıllıqlarla əhatə olunmuş parkda çoxlu oturacaqlar qoyulmuş, müasir işıqlandırma qurğuları quraşdırılmışdır ki, bu da gecələr parka xüsusi gözəllik verir.

Ümumiyyətlə, şəhərin bütün yaşayış massivlərində parkxiyabanlar salınmışdır ki, bunun da nəticəsində bu ərazilərdə yaşayan insanlar əziyyət çəkib istirahət etmək üçün uzun yol qət etmirlər. Məsələn, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun və Məhəmməd Füzulinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan parklar, eləcə də "İstiqlal” parkı şəhərin müxtəlif ərazilərində salınmışdır ki, bu da sakinlərin istirahəti üçün çox əlverişlidir.

Hazırda şəhərdə iki yeni parkın salınması uğurla davam etdirilir. Onlardan biri Mirzə Şəfi Vazeh parkıdır ki, burada da işlər yekunlaşmaq üzrədir. Ümumi sahəsi bir hektardan çox olan parkda 10 ədəd bulaq kompleksi tikilmiş, insanların istirahəti üçün hər cür şərait yaradılmışdır.

Şəhərdə yeni parklar salınarkən Gəncə memarlığına xas olan tağbəndlərdən, ətraf hasarlarda isə gülbağı daşlardan, eləcə də kərpiçlərdən istifadə olunur ki, bu da şəhərin qədimliyinə xələl gəlmədən müasirliyini əks etdirir.

Gəncə həm də turistləri özünə daha çox cəlb edən muzeylər şəhəridir. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri yeni muzeylərin yaradılması ilə də müşayiət olunur. Yerli memarlıq üslubunda ucaldılan bu muzeylər çox qısa zamanda həm Gəncə sakinlərinin, həm də xarici qonaqların böyük marağına səbəb olmuşdur. Qədim mülklərlə yanaşı, indi burada Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi kimi yeni tikililər də var. Şəhərin girəcəyində ucaldılmış bu abidə indi hər bir qonaqda heyranlıq yaradır.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi yaxınlığında bənzərsizliyi ilə diqqəti cəlb edən bir muzeyinşa edilmişdir. Bu, Nizami Gəncəvi Muzeyi adlanır. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi bura gələnlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı barədə geniş məlumat almağa imkan yaradır. Bunun üçün muzeydə böyük monitor da quraşdırılmışdır.

Ümumiyyətlə, Gəncədə son bir neçə ildə mədəniyyət obyektlərində əsaslı şəkildə yenidənqurma işləri aparılmışdır. Məsələn, Nizami Gəncəvinin məqbərəsində, Gəncə çayı sahilində yerləşən "Xəmsə” memarlıq kompleksində, "Çökək hamamtarixi memarlıq abidəsində, "Zərrabi” tarix-memarlıq abidəsində, "Şərəfxanlı” tarix-memarlıq abidəsində əsaslı təmir işləri görülmüş, Məhsəti Gəncəvi Mərkəzi, Miniatür kitab muzeyi, "Avropa Gənclər Paytaxtı-2016 Gəncə Parkı”, Hacıkənd qəsəbəsində "Nizami Gəncəvinin sələfləri və xələfləri” adlı park, Şah AbbasUğurlu xan karvasarayları təmirdən sonra istifadəyə verilmişdir.

Söz yox ki, şəhərdə turistlər üçün yaradılan bu imkanlar onu deməyə əsas verir ki, istər yerli və istərsə də xarici qonaqlar bu qədim şəhərə gəlməyə böyük maraq göstərirlər. Onlar bu səfərləri çərçivəsində Gəncənin tarixini öyrənməklə yanaşı, onun müasirliyininşahidi olurlar. Bundan başqa, turistlərin qədim Nizami yurduna marağını artıran amillərdın biri də göllər tacı Göygölun bu şəhərə yaxın ərazidə yerləşməsidir. Son illər göl ərazisində aparılan abadlıq və quruculuq işləri insanların razılığı ilə qarşılanmışdır. İndi gölə ekskursiya edən yerli turstlərlə yanaşı, xarici turistlər də çoxluq təşkil edir. Hətta ailəvi şəkildə bura gələn turistlərin də sayı gündən-günə artır.

Hindistanlı Amriş Kumor deyir ki, onların ölkəsində də gəzməli, görməli yerlər çoxdur. Lakin dağların qoynunda yerləşən bu göl onu heyran etdi. Meşələr, yan-yana düzülmüş göllər isə bu ərazilərə xüsusi yaraşıq verir. Mən buranın təbiətindən çox zövq aldım. Növbəti illərdə ailəmlə bu yerlərə təkrar dönmək arzusundayam.

İsrailli turist Adlin Key isə söylədi ki, o, bir çox xarici ölkədə olub. Lakin belə bir gözəllik görməyib.

Gəncədə turizmin inkişafı üçün geniş imkanlar var. Xüsusilə şəhərə gəlmək üçün heç bir nəqliyyat problemi yaşanmır. Əvvəla, burada beynəlxalq hava limanı var sərbəst uçuşlar həyata keçirilir. Paytaxt Bakıdan Gəncəyə sürət qatarı işləyir. Bakı-Gəncə magistral avtomobil yolu tamamilə yenidən qurulmuşdur.

Ümumiyyətlə, Azərbaycan müstəqillik qazandıqdan sonra turizmin inkişafı sahəsində görünməmiş uğurlar qazanılıb. Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq görülən işlər onu deməyə imkan verir ki, yaxın zamanlarda Azərbaycan dünyanın ən qabaqcıl turizm ölkələrindən birinə çevriləcək. Bu öncüllükdə sözsüz ki, Gəncə şəhəri nümunəvilik nümayiş etdirəcək. Bunun üçün isə Gəncədə həm əlverişli coğrafi, həm füsunkar iqlim şəraiti var.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.-25 avqust.- S.5.