Heydər Əliyev Fondu Tovuz məktəblilərini sevindirdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə və bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı təhsilimizin dünya standartlarına uyğun qurulmasına zəmin yaradır.

Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi davamlı tədbirlər də əhali tərəfindən rəğbətlə qarşılanır. Xüsusilə hər il Tovuzun kənd məktəblərinin yenilənməsində yaxından iştirak edən fond bu il də ənənəsinə sadiq qalaraq rayonun Aşağı Quşçu və Köhnəqala kənd orta məktəblərində əsaslı təmir işlərini öz üzərinə götürmüşdür.

Hər iki məktəb keçən əsrin 70-ci illərində birtipli layihələr əsasında inşa edildiyindən və uzun illər əsaslı təmir olunmadığından yararsız hala düşmüşdü. Laboratoriya və fənn kabinetləri də tədrisin yüksək səviyyədə keçirilməsinə imkan vermirdi. Hazırda hər iki məktəbdə başlanan təmir işləri zamanı bütün bunlar nəzərə alınmışdır. Açıq idman meydançası, qış mövsümündə sinif otaqlarının isidilməsi üçün qazanxana da quraşdırılacaqdır. Artıq məktəb binalarında əsas işlər başa çatdırılmışdır. İndi siniflərdə suvaq və rəngləmə işləri görülür.

Ümumiyyətlə, Tovuz rayonunda tədrisin keyfiyyətini yüksəltmək üçün orta məktəblərin yenidən qurulmasına diqqətlə yanaşılır. Demək olar ki, hər il rayon məktəblərinin bir neçəsi əsaslı şəkildə təmir edilərək pedaqoji kollektivlərin ixtiyarına verilir. Elə bu il də qəzalı vəziyyətdə olan bir neçə məktəbin dövlət vəsaiti hesabına yenidən tikintisi və əsaslı təmiri aparılır. Hazırda Alakol kəndində inşa olunan 624 şagird yerlik məktəbin tikintisində son tamamlama işləri görülür. Şamlıq və Güvəndik kəndlərində isə modul tipli məktəb binaları quraşdırılır. Bundan başqa, rayon məktəblərinin çoxunda cari təmir işləri də aparılır ki, bu da yeni dərs ilində şagirdlərin səliqə və sahmanlı sinif otaqlarında dərs keçməsinə imkan verəcəkdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.-27 avqust.- S.9.