Gələcəyin mühəndisi

 

Yüksək bal toplayan Ağa Qurbanov neft-qaz sahəsi üzrə peşəkar kadr kimi yetişmək arzusundadır

 

"Riyaziyyat fənnini çox sevirəm. Kiçik yaşlarımdan məndə bu elmi öyrənməyə maraq olub. Deyirlər riyaziyyat bütün elmlərin açarıdır, təfəkkür tərzidir. Elə bəlkə mənim bu gün uğur qazanmağımda bu elmin danılmaz rolu olub”.

I ixtisas qrupu üzrə builki qəbul imtahanlarında 639.4 bal toplayan Ağa Qurbanov nailiyyətini bizimlə bölüşür.

Ağa Qurbanov Bakıda doğulsa da, nənə-babası Zəngilan rayonundan məcburi köçkündür. 6 nömrəli Zəngilan orta məktəbində təhsil alan Ağa hər zaman dərslərini əla oxuyaraq bu təhsil ocağını yüksək qiymətlərlə bitirib.

Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasını seçən gənc tələbə vurğulayır ki, istədiyi universitetə daxil olduğu üçün özünü xoşbəxt hiss edir: "Hələ IX sinifdə oxuyarkən gələcəkdə bu ali məktəbin tələbəsi olmağı arzulayırdım. Buna görə həmin dövrdən etibarən ali məktəb haqqında öyrənir, orada təhsil alan dostlardan, tanışlardan məlumat alırdım. Buna görə əvvəlcədən əmin oldum ki, seçdiyim universitet Azərbaycanda kifayət qədər nüfuzlu təhsil müəssisələrindən biridir. Həmçinin bu ali məktəbi bitirdikdən sonra müvafiq tapmaqda çətinlik çəkməyəcəm. Ümumiyyətlə, III, ya da IV kursdan sonra bu universitetdə tələbələri işlə təmin edirlər. Buna görə düşünürəm ki, bu mənim üçün çox əlverişli olacaq seçimim düzdür”.

Buraxılış imtahanından 272 bal toplayan Ağa yaz qəbul imtahanı ilə birlikdə cəmi 565 bal toplayır bu balla istədiyi neft-qaz mühəndisliyi ixtisasına qəbul oluna bilməyəcəyini düşünərək məyus olur, amma ikinci imtahana daha əzmlə çalışmağa başlayır: "Yay imtahanına daha çox səylə çalışdım 639.4 bal topladım. Valideynlərim hər zaman mənə inanırdı ki, yaxşı nəticə göstərəcəm, onların bu fikri məndə özünəinam hissi yaradırdı. Nəticələr elan olunanda ailəlikcə çox sevinmişdik”.

 

Əvvəlcədən qarşıya məqsəd qoyulmalıdır

 

 

Ağa deyir ki, bu il qəbul imtahanı bir qədər fərqli idi. Lakin o qədər çətin deyildi, sadəcə diqqət tələb edən suallar var idi: "Düşünürəm ki, bəzi diqqət tələb edən suallar olmasaydı, daha yüksək bal toplaya bilərdim. Əvvəlcə narahat oldum ki, topladığım bu balla istədiyim ali məktəbdə təhsil ala bilməyəcəm. Çünki ötən il ballar çox yüksək idi. Amma bu il ballar aşağı düşdü bu da sevdiyim ixtisasa yiyələnməyimə kömək etdi”.

Gələcəyin mühəndisi onu da bildirir ki, ali məktəbə hazırlıq zamanı müəllimlərindən böyük dəstək görüb: "Onlar hər zaman mənə inandıqlarını istədiyim nəticəni əldə edəcəyimə əmin olduqlarını söyləyirdilər. Həmçinin imtahana sistemli hazırlaşmağımda suallarla bağlı düzgün istiqamətə yönləndirirdilər. Xüsusilə riyaziyyatdan məni hazırlaşdıran müəllimim Rüfət Cəfərovun üzərimdə çox əziyyəti var. Mən müəllimlərimin inamını doğrultmaq üçün daha çox çalışırdım”.

Asudə vaxtlarında musiqi dinləməyi, film seyr etməyi, mütaliəni, xüsusilə detektiv janrda əsərlər oxumağı xoşlayan gənc söyləyir ki, dostları ilə görüşüb zaman keçirməyi sevir. Həmçinin "sağlam bədəndə sağlam ruh olardeyimini əldə əsas tutaraq idmana da önəm verir. Uşaqlıqdan cüdo, gimnastika ilə məşğul olub, üzgüçülüyə gedir, bu yaxınlarda isə fitnesə başlayıb.

Əyləncəyə, istirahətə, idmana da dərslərlə paralel zaman ayırmağın vacibliyini vurğulayan tələbə ondan sonra yetişən gənc nəslə uğur qazanmağın sirlərindən danışır: "Uğura aparan yol əzmkarlıq məsuliyyətdən başlayır. Hər şey çalışqanlıqdan asılıdr. O cümlədən bu günün tapşırığını sabaha saxlamaq olmaz. Hər tapşırığı vaxtında yerinə yetirmək, məsuliyyətli yanaşmaq mütləqdir. Ən ümdə isə əvvəlcədən qarşıya məqsəd qoyulmalıdır. Belə olanda o məqsədə çatmaq üçün daha çox çalışarsan ki, bu da insana əlavə motivasiya verir”.

Ağa Qurbanov ali məktəbdə yüksək səviyyədə bilik əldə edərək peşəkar mühəndis olmaq istəyindədir: "Azərbaycan neft-qaz ölkəsidir hər zaman arzum olub ki, mən bu sahə üzrə ixtisaslı kadr kimi yetişim. Çalışacağam ki, peşəkar mühəndis olub, xalqıma xeyirli işlər görüm bu uğurda əlimdən gələni edim”.

 

Y.MUSAYEVA

 

Azərbaycan - 2019.-27 avqust.- S.9.