Sumqayıtlı tələbələrin yeni layihəsi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən yeni layihəyə start verilib.
"İnformasiya texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğatın aparılması” layihəsinin təqdimatında çıxış edən "Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə işğal altında olan ərazilərimiz barədə geniş məlumat verib. Bildirilib ki, layihədə məqsəd gənclərin ictimai fəallığının artırılması, internet resurslarından səmərəli istifadə və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyidir. Gənclər ölkəmizin apardığı müharibə, onun problemləri, qarşıda duran məsələlər barədə məlumatlı olmalı, xarici ölkələrə səfərlər və qonaqlarla görüş zamanı mükəmməl xəbər toplusundan bəhrələnib danışmalıdırlar. Eyni zamanda, Qarabağ məsələsi ilə bağlı gənclərin ictimai fəallığını artırmaq, tarixi yurd yerlərimiz barədə həqiqətləri dünya ictimaiyyətinə düzgün çatdırmaq, gənclərin bu və ya digər istiqamətdə rolu və tarixi abidələrimizin qorunmasının vacibliyi qeyd edilib.
Layihənin təqdimatında şəhərin ümumtəhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının nümayəndələri, fəal gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Gələcəkdə layihə ətrafında daha çox gəncin toplanması üçün vacib məsələlər də müzakirə edilib. Növbəti toplantılara xarici ölkələrdən respublikamızda təhsil alan gənclərin də qatılması məqsədəuyğun sayılıb.
Tədbirdə layihə çərçivəsində görüləcək işlər barədə məlumat tarixçi, ekspert "Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının müəllifi Ramil Süleymanov tərəfindən verilib.
Akif ƏLİYEV
Azərbaycan.- 2019.-27 avqust.-
S.9.