Milli dövlətçilik tariximizdə bir ilk

 

Deyirlər ki, insanın məsuliyyəti onun dünyaya gəldiyi andan başlayır. Bu statusla hər kəs bəşəriyyətin gələcəyinə görə cavabdehlik daşıyır, taleyi onun çiyinlərinə ali missiya qoyur. Amma kimsə öz məsuliyyətini dərk edib bu missiyanı yerinə yetirir, mənalı həyatı ilə bəşər səadətinin sərhədlərini genişləndirir, kimsə ona əta edilmiş ömrü təəssüf ki, boş-boşuna yaşayır. Bu məsuliyyət, müqəddəs borc ilk növbədə anadan, onun tərbiyəsindən asılı olur.

Hər bir insanın həyatdakı yerini və rolunu, ictimai statusunu, cəmiyyətdəki mövqeyini müəyyənləşdirən də onun dərk edilmiş məsuliyyətə əsaslanan fəaliyyətidir. Dünya intibahını yaradan da məhz belə şəxsiyyətlərdir. Onlar həyatın mənasını haqlı olaraq elm və təhsildə, mədəni tərəqqidə axtarırlar, xalqın milli-mənəvi irsinin qorunmasına töhfələr verirlər, saf idealların cəmiyyətdə hakim olmasına çalışırlar. Beləliklə, özləri də ucaldıqca ucalırlar.

"Həyatda nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız”. Onun həyat qayəsi belədir!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva məhz belə bir həyat formulu, malik olduğu nadir dəyərlər, nəcib fəaliyyətilə insanlığın, bəşəri dəyərlərin ali mərtəbəsinə ucalıb.

 

Elçi

 

Elçi çox qədimlərdən insanların ali məqsəd və məramlarını bir-birinə yetirən, birlik, həmrəylik yaratmaq, "körpü” qurmaq məqsədi daşıyan və xeyirxahlıq məramı ilə yaşayan ali məqamlı insanlara deyilib.

Elçi sözü dilimizdəki müsbət enerjili, dərin məna tutumlu ən qədim kəlmələrdəndir. Bu söz bir tərəfdən toplumun təmsilçisi, onun arzu və ümidlərini, qayğılarını ünvana çatdıran humanizm məzmunu daşıyır, digər tərəfdən isə öz həyatını xeyirxahlığa xidmətdə yaşayan, eli düşünən, el üçün çalışan yetkin bir insan anlamını verir. Bu kəlmənin hər iki mənası Mehriban xanım Əliyevanın həyat və fəaliyyətində özünü bütün tamlığı ilə doğruldur. O, UNESKO və ISESCO-nun xoşməramlı səfiri, fədakar elçisidir.

Bu şərəfli ada indiyədək dünyanın ən məşhur şəxsləri - Mstislav Rostropoviç, Lalla Məryəm, Valdis Adamkus, Mariya Tereza, Klaudiya Kardinale və başqaları layiq görülmüşlər.

Bu şərəfli sırada Azərbaycanın birinci xanımının təmsilçiliyi qanunauyğun və fərəhli bir hadisədir. Çünki o, eyni zamanda həm Qərb, həm də Şərq dünyasının sirlərini, incəliklərini, tarixinin keçmişini və indisini dərinliyi ilə bilən və ləyaqətlə təmsil edən nümayəndəsidir. Hər şeydən əvvəl isə öz doğma xalqının elçisidir. Mehriban xanımın mənəvi dünyasında, təlqin etdiyi dəyərlərdə Azərbaycan xalqının, Azərbaycan qadınının bir çox üstün cəhətləri öz ifadəsini tapır, ən yüksək keyfiyyətlərin mücəssəməsinə çevirir.

Təbii ki, onun işıqlı əməllərindən əxz etdiyimiz ibrətamizliyi, mənəvi keyfiyyətləri formalaşdıran amillər çoxdur. Bunlar yeniyetmə çağlarından xarakterində zaman-zaman formalaşaraq obrazına bir mükəmməllik gətirir. Bu, əsillik, nəcabət, ailədən-kökdən, nəsildən gələn zadəganlıq dəyərləridir. Yüksək mədəniyyətin, ziyalılığın, kübarlığın göstəriciləridir.

Mehriban Əliyevanın bir şəxsiyyət kimi malik olduğu keyfiyyətləri formalaşdıran da onun əsli-nəslidir, dünyaya göz açdığı andan onu əhatə edən ziyalı mühitidir, Azərbaycan dəyərlərinə ruhən bağlı insanlardan aldığı tərbiyədir. Onlardan görüb-götürdükləri, əxz etdikləridir.

 

Cəmiyyətin ümid, pənah ünvanı

 

Ana adına, ana haqqına sahib olaraq ailə-cəmiyyət üçün layiqli övladlar tərbiyə edib yetişdirmək hər bir qadın üçün, təbii ki, böyük şərəf, borc və vəzifədir. Mənsub olduğun xalqın mənəvi anası, dayağı, ümidi, pənahı olmaq isə daha məsuliyyətli, daha şərəflidir. Hansı böyük dühaya sahib olmalısan ki, Tanrının sənə əmanət etdiyi ömrü yalnız özün üçün deyil, həm də el üçün, xalqın üçün yaşayasan, həyatını ictimai maraqların gerçəkləşməsinə həsr edəsən. Bu missiyanı yorulmadan, ardıcıl, vicdanla, sevgi ilə yerinə yetirəsən. İnsanların rifahı, mənəvi, fiziki əmin-amanlığı üçün yeni yollar, üsullar, layihələr axtarasan və mənəvi rahatlığını da bunda tapasan. Sinəsində böyük, həssas ürək gəzdirən bu şəxsiyyətin bütün insanlığa sevgisi, məhəbbəti, qayğısı da hüdudsuzdur.

O, geniş, əhatəli fəaliyyətini də bu böyük qəlbinin səsi, niyyətinin saflığı, təfəkkürünün işığı ilə həyata keçirir. Bunlar onun həyat yolunu nurlandıran əsas amaldır. Bütün mərhələlərdə görülən işləri ən kiçik detallarına, incəliklərinə qədər izləyə bilməsi, proseslərin içərisində olması da onun ana qəlbinin həssaslığından, düşüncələrinin aydınlığından, həyata ciddi nəzərlərindən yaranır. Mehriban xanım Əliyevanın həyat və fəaliyyəti tarixdə yaşamış və tarix yaratmış münəvvər qadınlarımızın ibrətamiz ömrünün davamı, qloballaşan dünyada daha geniş üfüqlər fəth etməsidir.

Tarixdən dünyaya yaxşı bəlli olan namusu, zəkası, idrakı, təəssübü, hünəri ilə Azərbaycanın tarixinə qəhrəmanlıq simvolu kimi həkk olmuş Qızıl Arslanın həyat yoldaşı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullanın xanımı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları Azərbaycan qadınının qürur verən simalarıdır. Mehriban xanım Əliyevanı dünyaya gətirmiş görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyeva, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyeva XX əsrdə Azərbaycanda qadın fəallığı ənənələrinin parlaq nümayəndələridir.

Mehriban xanım Əliyeva da məhz belə qadınlarımızın həyat məktəbindən dərs almış, məqsəd və məramını davam etdirən nadir şəxsiyyətdir.

Azərbaycan cəmiyyəti onu 1995-ci ildə yaratdığı "Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun fəaliyyəti ilə tanıdı. 1996-cı ildən bu fondun təşəbbüsü ilə müxtəlif dillərdə nəşr olunan "Azərbaycan-İrs” jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işində böyük rol oynadı. Bu fondun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri, konsertlər keçirilir, yenicə müstəqillik qazanmış bir ölkənin mədəni irsi timsalında səsimiz, sözümüz dünyaya yayılır, mədəni dəyərlərimizin milli və regional səviyyələrdə mühafizəsi təmin olunurdu. O illərdə fondun himayəsi altında müxtəlif müsabiqələrdən, bədii sərgilərdən tutmuş xeyriyyə konsertlərinə, musiqi festivallarına qədər çoxsaylı layihələr həyata keçirilirdi.

Mehriban xanım Əliyeva yaxşı dərk edirdi ki, bütün zamanlarda xalqı qədim, köklü xalq kimi tanıdan, dünyada qəbul etdirən onun tarixi, mübarizəsi, qüdrəti ilə yanaşı, həm də mədəniyyəti, milli-mənəvi dəyərləridir.

O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının Prezidenti kimi daha bir vəzifənin ağır məsuliyyətini üzərinə götürərək bu işin də ibtidasından başladı, unudulmuş, yaddan çıxmış bu sahəni də passivlikdən çıxararaq ona yeni ictimai məzmun verdi. Cəmiyyətimizin fiziki və mənəvi sağlamlığına xidmət edən idmana yeni nəfəs gətirdi, təhsildə, səhiyyədə, diplomatik əlaqələrdə çətin, unikal layihələr yaratdı və onları məsuliyyətlə reallaşdırdı. O, bu tədbiri Azərbaycanın bütövlüyü uğrunda ayağa qalxmış bir xalqın, bütün dünyaya multikultural dəyərlərin toxumlarını səpən, intibah yolu ilə addımlayan bir dövlətin, vətənin tarixi yaddaşına əbədi həkk olan torpaq uğrunda qurban getmiş igidlər yetişdirən anaların namus, qeyrət rəmzi kimi, bütöv, azad vətənin simvolu kimi həyata keçirdi. Buna görə də dünyanın mənəvi yaddaşında yaşayan Ana Vətənimiz Azərbaycanın simvoluna çevrildi.

"Eurovision-2012” möhtəşəm mahnı müsabiqəsi yeni Azərbaycanın "prezentasiya məclisi” kimi dünyanın görüb-götürmüş böyük şəxsiyyətlərinin də heyranlığına səbəb oldu. Bu tədbir vətənimizin yeni həyat keyfiyyətlərinə adlayıb keçdiyini göstərən fərəhli bir fakt idi. Dünyanın müxtəlif ölkələrindən gələn 20 mindən artıq qonaq Bakıda gördüklərini "təəccüb”, "heyranlıq” epitetləri ilə ifadə edirdilər. Dünyada tayı-bərabəri olmamış bu tədbirin də Təşkilat Komitəsinin sədri qeyri-adi zövq, bacarıq, bilik və dünyagörüşünə malik Mehriban Əliyeva idi.

 

Birinci xanım: xeyirxahlıq ilahəsi

 

2003-cü ildən Mehriban xanım Əliyevanın həyatında və milli dövlətçilik tariximizdə yeni bir mərhələ başlamışdı. Azərbaycanda birinci xanım institutunun yaradıcısı olmuşdu. Bu adın mahiyyəti, daşıdığı məsuliyyət yükü Mehriban xanımın müsahibələrindən birində öz ifadəsini belə tapırdı: "Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür”.

Dünya dövlətlərinin mövcud təcrübəsinin təhlili göstərir ki, "birinci xanım” anlayışı ayrı-ayrı ölkələrdə dövlətçilik ənənələrindən, siyasi sistemdən, milli-mental dəyərlərdən və digər bu kimi amillərdən asılı olaraq müxtəllif səpkilərdə qəbul olunsa da, onun bütün ölkələr üçün eyni sayılan müəyyən parametrləri var. Bu da dövlətin birinci xanımının yüksək ictimai statusudur. Belə yüksək status isə ölkənin birinci ledisinin şəxsiyyətini daim ictimai maraq dairəsinə çevirir. Bu da miqyasına görə yalnız dövlət başçısına olan maraqla müqayisə edilə bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildə dövlət rəhbəri seçildikdən sonra cəmiyyətimiz milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz Mehriban xanım Əliyevanın timsalında ictimaiyyətlə səmimi münasibətlərdən çəkinməyən, onunla qarşılıqlı iltifat qurmağa birinci xanımı layiq gördü. O, Azərbaycan Prezidentinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə ictimai dəstəyin artırılmasına böyük töhfələr verməklə, həmçinin yaxın və uzaq ölkələrin birinci xanımları ilə şəxsi münasibətlər, dostluq əlaqələri yaratmaqla beynəlxalq aləmdə ölkəmiz barədə daha geniş, yüksək və yeni təsəvvürün yaranmasına yol açdı.

Birinci xanım statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu nəcib, şərəfli adı həqiqi mənada mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilmək, əlbəttə, onun milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur.

Mehriban xanım Əliyeva Azərbaycanın birinci xanımı statusunda əvəzsizdir, bənzərsizdir. Burada Mehriban xanımın bu şərəfli ada münasibət bildirdiyi açıqlamasındakı başqa bir fikrini də xatırlamaq yerinə düşərdi: "Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm...” Bəli, bu fürsətdən minlərlə ümidsizin ürəyində ümid çırağı yandı, minlərlə gözlərdə inam yarandı, minlərlə gəncin taleyi gülümsədi, xoşbəxt nəsillərin manifesti yazıldı... İnsanların həyatına ümid, güvənc, təvəkkül mələyi gəldi...

 

Heydər Əliyev yolu

 

Bütün həyat və fəaliyyətini bu vətənin inkişafına, bütün Azərbaycan insanının rifahına həsr etmiş böyük dövlət adamı, Ümummilli Liderin ideyaları işığında Heydər Əliyev Fondunun yaradılması təşəbbüsü də bu zəmində formalaşdı. Fond 2004-cü ilin 10 mayında, Ulu Öndərin doğum günündə fəaliyyətə başlayaraq, ortaya qoyduğu real işlərlə qısa müddətdə hər kəsin ümid, qürur yerinə, mənəvi istinadgahına çevrildi... Bu gün öz fəaliyyəti ilə təkcə Azərbaycan ictimaiyyəti arasında deyil, ölkəmizin sərhədlərindən kənarda da böyük rəğbət qazanan, köməyə, yardıma ehtiyac duyanların hər zaman yanında olan fond bəşər mədəniyyətinə, dünyada sülh və əmin-amanlığın hakim olmasına öz tarixi töhfələrini verir. Heydər Əliyev məfkurəsinin həmişəyaşar səciyyəsini özündə əks etdirməklə, Ulu Öndərin ali ideallarına layiq şəkildə fəaliyyət göstərməklə, qloballaşan dünyamızda azərbaycançılıq fəlsəfəsinə əsaslanmaqla milli-mənəvi dəyərlərimizin təbliğində, tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında, Azərbaycanın beynəlxalq imicinin daha da yüksəldilməsində əvəzsiz rol oynayır.

Məhz Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə, ümumən Heydər Əliyev Fondunun işinə yaradıcı münasibəti Ulu Öndərin adını daşıyan bu təşkilatın öz fəaliyyətində kifayət qədər geniş spektri əhatə etməsini şərtləndirən ən mühüm amillərdən biridir. Hər bir insanda fərəh və qürur hissi doğuran bu çoxşaxəli fəaliyyət bir əsas məqsədə yönəlib: insanlara təmənnasız yaxşılıq...

O, öz yüksək statusundan, təşkilatçılıq bacarığından istifadə edərək ehtiyacı olanların problemlərinin həllinə yardım göstərir. Bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə əlaqədar olaraq uzun illərdən bəri yığılıb qalmış, insanları narahat edən problemlərin dəqiq müəyyənləşdirilməsinə, onların həllindən ötrü səmərəli layihələrin formalaşdırılmasına, çox qısa müddətdə müsbət nəticələrin əldə olunmasına çalışır. Bütün dünyada multikultural islahatlar reallaşdırır. Dünyanın xoşməramlı səfiri statusunu almış heç bir şəxs indiyədək Mehriban Əliyeva qədər geniş, çoxsahəli, çoxəhatəli fəaliyyəti ilə dünyanın diqqətini çəkə bilməmişdir.

Mehriban xanım Əliyeva xalqımızın milli varlığının və özünəməxsusluğunun təcəssümü kimi əsrlər boyu formalaşmış zəngin mənəvi irsimizin, milli düşüncə və dəyərlər sistemimizin güclü hamisidir. O, bütün bunları yad təsirlərdən qoruyur, Azərbaycanın zəngin milli mədəniyyətinin bəşəri miqyasda təbliği kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir.

 

Təhsil - millətin uğur faktoru

 

Elmi-intellektual potensial tarixin bütün dövrlərində hər bir xalqı irəli aparan əsas amil olub. Müasir dünyamızda isə dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi bu strateji sahənin mövcud durumu ilə şərtlənir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış ölkələrin nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı sayəsində mümkün olub.

Ona görə Mehriban xanım Əliyevanın öz fəaliyyətinin mühüm hissəsini təhsil sahəsinə yönəltməsi heç də təsadüfi deyil. Onun rəhbərliyi ilə bu sahədə reallaşdırılan təşəbbüslər konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş UNESKO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən təhsil layihələri cəmiyyətdə böyük rezonans doğuraraq insanların rəğbət və etimadı ilə qarşılanıb. Mehriban Əliyevanın təhsil layihələri Azərbaycanın tarixində intibah gücü olan bir hadisədir.

Mehriban xanımın təhsillə bağlı irəli sürdüyü əsas strateji hədəf Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsi üçün maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini tətbiq etmədən bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Bunu nəzərə alaraq Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin müxtəlif bölgələrində yüzlərlə yeni məktəb tikilib, yaxud yenidən qurulub.

Mehriban xanımın bu sahədə irəli sürdüyü daha bir təşəbbüs - "Təhsilə dəstək” layihəsi isə maarif nurunu daha geniş əhatədə yayır, Gürcüstandan Misirə, Rumıniyadan Rusiyaya, Pakistandan Hollandiyaya qədər böyük bir coğrafiyada bu işıqdan yüz minlərlə insana nur paylayır.

Bütün bunlar təkcə məktəblərin tikintisi, təmiri, təchizatı, bir sözlə, lazımi təhsil infrastrukturunun qurulması ilə önəmli deyil. Bu layihələrlə Mehriban xanım cəmiyyətdə təhsili ən qiymətli bir dəyərə çevirir, onun aktuallığını artırır. İnsanların diqqətini bu istiqamətə yönəldir. Vətəndaş anlayır ki, heç bir inkişaf, tərəqqi təhsilsiz mümkün deyil.

Mehriban xanımın reallaşdırdığı təhsil layihələri cəmiyyətdə müəllimin nüfuzunu yüksəldir. Universitetin pedaqoji fakültələrində təhsil alan gənclərimizlə ünsiyyət zamanı diqqət edirəm ki, onlar indi öz karyeralarını müəllim kimi qurmaqda maraqlıdırlar. Öz talelərini, gələcəklərini bu peşədə tapan gənclərimizin sayı ildən-ilə artır. Çünki Azərbaycan cəmiyyətində müəllim peşəsinin perspektivinə, təhsilin inkişafına və bu inkişafın ölkəmizi hansı tərəqqi səviyyəsinə yetirəcəyinə inanırlar. Və bu düşüncənin formalaşmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır. Sivilizasiyaların tarixi təcrübəsi də göstərir ki, elmə, təhsilə yüksək qiymət verən, onun yüksəlişini daim diqqətdə saxlayan dövlət rəhbərləri bununla nəinki öz ölkələrinin iqtisadi və mənəvi yüksəlişini təmin edir, həm də dünya təhsilinə və elminə nadir töhfələr vermiş olurlar.

Bu gün dövlətimizin təhsil siyasəti pedaqoji bir nəzəriyyədir. Bu nəzəriyyəni dərindən öyrətmək dövləti bir işdir. Təhsil və dövlətçilik qoşa qanaddır, ayrılmazdır. Onların vəhdəti uğur faktorunu artırır, ölkəni tərəqqiyə aparır.

Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə miqyasıgörünməyən diqqət və qayğısı bu ali məqsədə xidmət edir. Təhsildə hər bir yeniləşmənin təkamül yolu ilə həyata keçirilməsi, dünya təcrübəsinin öyrənilməsi, milli və ümumbəşəri dəyərlərə əsaslanan beynəlxalq standartlara uyğun, xalqın sabahkı tərəqqisinin mühüm şərtləri nəzərə alınaraq təmin edilməsi Mehriban Əliyevanın Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğının əsas məqsədidir.

O, XIX əsrin sonu - XX əsrdə yaşamış vətənpərvər ziyalılarımızın geniş əhatədə apardığı fəal maarifçilik işini inamla davam etdirir. Bu xoşməramlı missiya Azərbaycanın işıq dolu sabahına xidmət edir.

Mehriban xanım təhsillə yanaşı, səhiyyə, mədəniyyət, idman, ekologiya və digər sahələrin inkişafı üçün bu ali məramla birləşərək cəmiyyətimiz üçün layiqli vətəndaş, bəşəriyyət üçünsə hər cəhətdən dəyərli insan yetişdirir, Azərbaycan gəncliyinin hərtərəfli inkişafını diqqətdə saxlayır, onu sabaha hazırlayır.

 

Xeyirxah əməllər müəllifi

 

O, xeyriyyəçiliyə cəmiyyətimizdə yeni məzmun qazandırdı. Təlqin etdiyi prinsiplərlə, mütəfəkkir nümunələri ilə anlatdı ki, bir insanın ucalığı, böyüklüyü, dəyəri yaşadığı həyatın təmtəraqlarında, dəbdəbələrində deyil, insanların halını anlaya bilməsindədir. Köməyə ehtiyacı olanlara əl tutmasındadır, sosial qayğıya ehtiyacı olanlara dəstək olmasında, el-oba üçün nəsə faydalı bir iş görməsindədir. Çünki bütün dəbdəbələr, təmtəraqlar müvəqqətidir, insan onların əsirinə çevrildikcə meşşanlaşır, öz dəyərini itirib cılızlaşır. Xeyir əməllər isə insanı həmişə ucaldır. Cəmiyyətin nəzərində onu ən dəyərli varlığa çevirir.

Mehriban xanımın müxtəlif dövlət qurumlarının iştirakı ilə reallaşdırdığı uğurlu sosial-humanitar layihələr ölkəmizdə fəaliyyət göstərən biznes qurumlarına, imkanlı sahibkarlara da belə bir həqiqəti sivil şəkildə anladır ki, iş, biznes təkcə pul qazanmaqdan ibarət deyil. Hər bir şirkət cəmiyyət qarşısındakı sosial məsuliyyətini də dərk etməli və bu yöndə işlər görərək müxtəlif problemlərin həllində dövlətə dəstək verməlidir. Bu, dünyanın bütün sivil ölkələrində belədir və bu cür nəcib ənənələr Azərbaycanda da öz yerini tutmalıdır.

Bu mənada Mehriban xanım Əliyeva insanlığa xas bir çox mənəvi keyfiyyətlərlə zəngin olan yeni ənənələrin təməl yaradanıdır. Bu gün onun xeyirxahlığı vətənin sərhədlərini aşır. Xeyriyyəçiliyin insanlar arasında təkcə maddi yox, həm də mənəvi bağlılıq, birlik yaratdığını göstərir. O, dünyaya məhəbbətlə qucaq açır, bütün xalqları bir evin sakini, dərddaşı, ruhdaşı kimi qəbul etdiyini əməllərində və çıxışlarında böyük sevgi ilə səsləndirir. Bu da onun dünya adlı böyük vətəndə tanınmasına, sevilməsinə, adının hər yerdə ehtiramla çəkilməsinə yol açır.

Mehriban xanımın ehtiyacı olan insanlara kömək, xeyriyyəçilik fəaliyyəti ilə bağlı düşüncələri, atdığı addımlar daha çox Konfutsi prinsipinə əsaslanır: adamlara balıqçı toru ver və onlara balıq tutmağı öyrət ki, öz gündəlik ruzilərini çıxara bilsinlər. Əfsuslar olsun ki, cəmiyyətimizdə uzun illər ərzində bu məsələlərlə bağlı başqa düşüncələr hakim olub. Köməyə ehtiyacı olan insanlara balaca bir maddi yardımla, ərzaq, paltar köməyi ilə, xüsusən milli bayramlarda onlara aparılan sovqatla iş tamamlanmış, borc yerinə yetirilmiş sayılıb. Mehriban xanım isə bu düşüncəni kökündən dəyişir. Reallaşdırdığı onlarla təhsil, səhiyyə, mədəniyyət, diplomatiya, ekologiya və s. sahələrdə apardığı layihələr ölkədə tərəqqiyə yol açan bir hadisəyə, ayrıca bir mərhələyə çevrilir. Layihələrinin müsbət nəticələri göstərir ki, bizim insanlara ən böyük köməyimiz onlara təhsil vermək, hansısa bir sənət öyrətmək, iş yerləri açmaqdan ibarət ola bilər. Onda bizim xırda yardımlarımıza heç bir kəsin ehtiyacı qalmayacaq, insanlar dolanışıqlarını özləri əllərinin zəhməti, bacarıqları ilə tənzimləyə biləcəklər.

Mehriban xanım ölkəmizdəki uşaq evləri və internat məktəblərinin fəaliyyətinə də bu prinsiplə yanaşır. Bu təlim-tərbiyə müəssisələrində yaşayıb təhsil alan balaca vətəndaşlarımıza ana kimi qayğı göstərir, onların gələcək uğurlu həyatından ötrü məqsədyönlü yollar düşünür və tapır. Onun bu məktəbləri bitirmiş gənclər üçün inşa etdirdiyi mənzillər, yaradılmasına dəstək olduğu iş yerləri hesabına yüzlərlə kimsəsiz gənc ev-eşik, iş-güc sahibi olub, xoşbəxt, uğurlu bir ailənin təməlini qoyub.

Mehriban xanımın genişhəcmli fəaliyyəti göstərir ki, o, təkcə öz ailəsinə deyil, həm də xalqına məxsusdur. Eyni zamanda ailəlikcə, tərbiyə etdiyi nəcib, zəkalı, idraklı övladları ilə də bu xalqın xidmətindədir. Fəaliyyətinin hər məqamında xalqı düşünür, insanlara kömək göstərməkdən, onlarla ünsiyyətdən böyük zövq alır, bundan mənəvi rahatlıq tapır. Çıxışlarına diqqət etdikcə onu da duyursan ki, çəkdiyi əziyyətlər öz bəhrəsini verəndə, hansısa bir layihə, təşəbbüs öz məqsədinə nail olanda, insanlar bundan faydalana biləndə qəlbi rahatlıq tapır, bəxtiyar görünür.

İnsanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş niyyətlərindən gəlir.

Xalqa bunca ürəkdən xidmət etməsi milli ruha, azərbaycançılıq ənənələrinə, Heydər Əliyev ideyalarına sadiqlikdən yaranır.

 

Fərəh gətirən nəticələr

 

Ölkəmizdə son 26 ildə aparılan siyasət Azərbaycanın qloballaşan dünyaya inteqrasiyasına yeni bir dinamika verir. Bu dövrün əvvəli ilə bugünü arasındakı fərqi düşündükcə Azərbaycanın Avropa siyasətində yerini, dəstxətini, dəyərlər sırasındakı mövqeyinin özünə xas hədəflər kəsb etməsini görməmək, dərk etməmək mümkün deyil. Bu mühüm siyasətin reallaşmasında tale özü Prezident İlham Əliyevə etibarlı silahdaş vermişdir. Mehriban Əliyevanın humanist təbiəti, yüksək şəxsi mədəniyyəti, milli dəyərləri mütəfəkkir və insan kimi sevmək bacarığı Azərbaycanın yeni Qərb siyasətinin leytmotivi və məzmunu üçün bir impuls oldu. Və nəticələrə baxanda görürsən ki, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın xarici və daxili möhtəşəm siyasətinin heyrətləndirici nəticələri ortadadır. Bu fərəh gətirən nəticələr milli ruha, milli dövlətçilik dəyərlərimizə bağlılığın inkaredilməz həqiqətləridir.

Və bu ruh, bu əqidə, milli dövlətçilik dəyərlərimizə belə bir bağlılıq Mehriban xanımın adı ilə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açdı. Onun adı tariximizdəki daha bir ilkə yazıldı. Mehriban xanım Əliyeva 2017-ci ilin 21 fevralında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməklə dövlətçilik iyerarxiyasında belə ali bir mənsəbə yetişərək Azərbaycan qadınının adını daha ucalara yüksəldən ilk qadın siyasətçi oldu.

Azərbaycanı öz tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxarmış Prezident İlham Əliyevin yaxın silahdaşı kimi Mehriban xanım Əliyevanın xalqın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə bütün dünyada aydın təsəvvür yaradır. Bu gün onun timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür.

Mehriban xanımın bu ali vəzifədə gördüyü işlər ölkəmizdə qadın fəallığı ənənələrinin inkişafında yeni bir salnamədir. Onun ölkəmizin, cəmiyyətimizin inkişafına verdiyi zəngin töhfələrlə yazılan bu salnamə Azərbaycan qadınının əzmkarlığının, zəhmətsevərliyinin, fədakarlığının, dünyaya və insanlara sonsuz sevgisinin hər cümləsi ilə rəğbət doğuran hekayəsidir. Və bu hekayənin qəhrəmanının Yeni Azərbaycan Partiyası sədrinin müavini olması, partiyamızın Qadınlar Şurasının idarə heyətində təmsil olunması da böyük qürur və fəxarətdir.

Mehriban xanım Əliyevanın yaratdığı nümunələr, təlqin etdiyi prinsiplər gənclərimiz, xüsusilə gənc qızlarımız üçün böyük bir örnəkdir. Onlar bu işıqlı şəxsiyyətdən xeyirxahlığı, mərhəməti, insanların halını anlamağı, başqaları üçün faydalı olmağı, bir o qədər də əzmkarlığı, fərdi inkişaf ruhunu, vətənsevərliyi görüb götürürlər. Milli-mənəvi dəyərlərimizə bağlılığı, ailə dəyərlərinə sadiqliyi öyrənirlər. Mehriban xanımın təlqin etdiyi nümunə gənc qızlarımızı oxuyub öyrənməyə, təhsil və karyera imkanlarından faydalanmağa, cəmiyyətin ictimai həyatında daha fəal iştirak etməyə ruhlandırır, onların sosial-iqtisadi müstəqilliyinə, ziyanlı vərdişləri öz həyatlarından uzaqlaşdırmalarına kömək göstərir.

Mehriban xanım Əliyevanın xidmətlərinin, yerinə yetirdiyi vəzifələrin sevinci indiyədək minlərlə insanın ömür səhifəsinə yazılıb. Neçə-neçə ailəyə səadət bəxş edib. Kimsəsizlərə, sosial qayğıya ehtiyacı olanlara həyat eşqi verib. Onların qəlbində işıqlı sabaha inam yaradıb.

Bu milli əməllərin adı insanlığa xidmətdir, bəşəriyyətin xoşbəxtliyi üçün çalışmaqdır. Çünki bəşəriyyət bəzən düşünülən qədər də mücərrəd məfhum deyil, o da ayrı-ayrı fərdlərdən ibarətdir və hər fərdə uzanan kömək əli bəşəriyyəti gələcəyə aparan gücdür.

Mehriban xanım Əliyeva da bütünlükdə bəşəriyyətin gələcəyinə çalışır, bu gələcəkdə insani dəyərlərin, sevginin, xeyirxahlığın, mədəniyyətlər arasında dialoq və qarşılıqlı hörmət ruhunun, multikulturalizmin hakimliyinə can atır. Azərbaycan dövlətinin təşəbbüsü, onun təşkilatçılığı ilə ölkəmizdə keçirilən I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, qlobal mədəniyyət tədbirləri, humanitar forumlarla paytaxtımızdan bütün bəşəriyyətə çağırışlar ünvanlanır, dünyanın və insanın inkişafı, sülh, sosial rifah üçün yollar aranıb tapılır.

Mehriban xanımın yerinə yetirdiyi tarixi missiya müxtəlif illərdə həm Azərbaycan dövləti, həm də xarici ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən öz layiqli qiymətini alıb, ali titullara, dövlət mükafatlarına layiq görülüb. Birinci vitse-prezident Azərbaycanın ən yüksək dövlət mükafatı olan "Heydər Əliyev ordeni” ilə təltif edilib. Bu ay isə Mehriban xanım Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla bu ölkənin "Dostluq” ordeni ilə mükafatlandırıldı. Bu da Mehriban xanım Əliyevanın şəxsiyyətinə beynəlxalq rəğbətin, Azərbaycanın xarici əalqələrinin inkişafına verdiyi töhfələrin, həyata keçirdiyi mədəniyyət diplomatiyasına dəyərin daha bir ifadəsidir.

 

Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor,

YAP Qadınlar Şurasının sədri

 

Azərbaycan.- 2019.-28 avqust.- S.1; 3.