167 yeni növ məhsul,
10 milyard dollarlıq ixrac
Prezident İlham
Əliyevin "Made in Azerbaijan” brendinin təşviqinə
dair qəbul etdiyi qərarlarla ölkəmiz dünyanın
170-dən çox dövləti
ilə ticarət əlaqəsi yaradıb
Bir zamanlar iqtisadiyyatının
əsas hissəsi idxaldan asılı olan Azərbaycan bu gün həm
neft-qaz, həm də qeyri-neft məhsulları ixracatçısı
kimi tanınır. Ölkəmiz dünya bazarına
"Made in Azerbaijan” brendi ilə
müxtəlif çeşiddə
məhsullar ixrac edir. Hazırda dünyanın 170-dən çox dövləti ilə münasibət yaradan Azərbaycan xarici iqtisadi əlaqələrin mühüm
tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən
qanunvericiliyini daha da təkmilləşdirir.
Son 16 ildə
Azərbaycanda sahibkarlığın
inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması
istiqamətində görülən
işlər, xüsusən
də Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində
qəbul etdiyi qərarlar öz bəhrəsini verməkdədir. Hazırda Azərbaycan
məhsullarının ixrac
coğrafiyasının genişləndirilməsi
məqsədilə intensiv
tədbirlər həyata
keçirilir, xarici ölkələrdə ticarət
evləri açılır,
ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan
şirkətlərinin iştirakı
təmin olunur.
Həyata keçirilən islahatlar geniş vüsət aldıqca, Azərbaycanın
dünyanın əksər
ölkələri ilə
ticarət dövriyyələri
artır. Bunun müqabilində yeni ticarət müqavilələri bağlanır.
Statistik göstəricilərə nəzər
yetirsək görərik
ki, "Azexport” portalının fəaliyyəti
sayəsində ixrac edilən məhsulların
həm coğrafiyası
genişlənir, həm
də çeşidi getdikcə artır. Məsələn, bu ilin 6 ayında Azərbaycanın ixracı
9,98 milyard dollar təşkil
edib və bu, ötən ilin müvafiq dövrünə nisbətən
1,3 milyard dollar çoxdur.
Ümumiyyətlə isə
2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 iyun tarixinə kimi (30 ay ərzində)
"Azexport” portalına
dünyanın 133 ölkəsindən
daxil olan ixrac sifarişlərinin dəyəri 1 292,2 milyon dollar təşkil edib.
Bütün bu reallıqları şərtləndirən amil
əlbəttə ki, ölkədə sahibkarlıq
subyektləri üçün
yaradılan əlverişli
biznes mühiti, tətbiq edilən güzəştlər, uzunmüddətli
kreditlərin verilməsi
və digər imtiyazlardır.
Prezident İlham
Əliyev iyulun 31-də
keçirdiyi müşavirədə
biznes mühitinin yaxşılaşdırılması məsələsinə toxunaraq
görülən işlərin
real nəticələri barədə
məlumat vermişdi:
"Biznes mühitinin
yaxşılaşdırılması istiqamətində aparılan
işlər bunu göstərir ki, bu gün iqtisadi
sahədə Azərbaycan
dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel
olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk.
Bu il reallaşan
layihələr - milyardlarla
dollar həcmində ölçülən
bu layihələr, bu təşəbbüslər
bizim niyyətimizi, bizim siyasətimizi göstərir”.
Hələ illər öncə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin
artıq reallığa
çevrilməsi Azərbaycanın
xarici ticarət tərəfdaşlarının sayını da ildən-ilə artırır. Tərəfdaşlar artdıqca istehsal edilən qeyri-neft məhsullarının çeşidi
də çoxalır.
Artıq
Azərbaycan 167 yeni növ məhsulun ixracına başlayıb,
ixrac olunan qeyri-neft məhsullarının
çeşidi 3 mini ötüb.
Qeyri-neft
ixracında isə 452
milyon dollarlıq artımın 60 milyon dollarlıq hissəsi yeni məhsulların ixracı hesabına formalaşıb.
Ölkə iqtisadiyyatında müəyyənləşdirilmiş
hədəflərə çatmaq
üçün islahatlar
bir-biri ilə sıx əlaqələndirilir. Bu islahatlar daxili tələbatın ödənilməsi,
idxaldan asılılığı
azaltmaqla yanaşı,
ixrac imkanlarının
genişlənməsini də
şərtləndirir. Qeyri-neft məhsulları ixracının
stimullaşdırılması məqsədilə "Made in Azerbaijan” brendinin təbliği ilə bağlı dəstək tədbirləri
həyata keçirilir,
dövlət vəsaiti
hesabına sahibkarlar ixrac missiyalarında, beynəlxalq sərgilərdə
iştirak edirlər.
İxracatçıların potensial müştərilərlə,
xüsusilə idxalçı
və distribüterlərlə
əlaqələrinin qurulması
məqsədilə bu
il Çin,
Polşa, Latviya, Qətər, İsveçrə
və Rusiyaya ixrac missiyaları təşkil olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının
ixracına dair razılaşmalar və sifarişlər əldə
edilib, müqavilələr
imzalanıb. Eyni zamanda
bir sıra məhsulların ixracatçılarına
ixrac təşviqi ödənilir. 2019-cu ilin 6 ayı ərzində ixracatçılara
5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. Bu mexanizm
çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı
və digər ölkələrə 210 milyon
dollardan çox qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb.
Həmçinin ixracın stimullaşdırılması
tədbirləri çərçivəsində
prosedurlar sadələşdirilir,
yerli məhsullarımızın
ixrac potensialı yüksək olan ölkələrdə ticarət
nümayəndələri fəaliyyət
göstərir, ticarət
və şərab evlərinin yaradılması
ilə bağlı işlər davam etdirilir. Azərbaycanın xarici ölkələrdə
10 ticarət və şərab evi açılıb, Rusiya, Qazaxıstan və digər ölkələrdə
ticarət evlərinin
açılması ilə
bağlı işlər
görülür. Həmçinin
Rusiyanın Moskva şəhərində 15 Azərbaycan
şirkəti tərəfindən
istehsal olunan 200-dən
çox çeşiddə
məhsulun təqdim olunduğu "Azərbaycan
nemətləri” mağazası
fəaliyyətə başlayıb,
Sankt-Peterburq, Yekaterinburq
və digər şəhərlərdə də
bu cür mağazaların açılması
istiqamətində işlər
aparılır.
Eyni zamanda Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş
Ərəb Əmirlikləri
və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın
ticarət nümayəndələri
fəaliyyət göstərir
ki, bu mexanizmlər
xaricdə ölkəmizin
iqtisadi maraqlarının
təmin olunmasında,
xarici investorların cəlb edilməsində, potensial alıcılarla əlaqələrin qurulmasında
mühüm rol oynayır.
Görülən işlər qeyri-neft ixracının göstəricilərində
də əksini tapır. Belə ki, son 3
il ərzində qeyri-neft ixracı ümumilikdə 36,5 faiz artaraq 1,7 milyard dollar təşkil edib. İxracın şaxələndirilməsi ilə yanaşı, sahibkarlara yaradılmış
imkanlar xarici ticarətlə məşğul
olan biznes subyektlərinin sayında əhəmiyyətli artıma
gətirib çıxarıb
və 79 faizlik artım müşahidə
olunub. Bu, artan iqtisadi fəallığın və
şəffaflığın əyani göstəricisidir.
Eyni tendensiya 2019-cu ilin altı ayında da davam edib,
qeyri-neft ixracı 15 faiz səviyyəsində artaraq 980 milyon dollar təşkil edib. Ticarət tərəfdaşlarının, mal çeşidlərinin və
ticarət iştirakçısı
biznes subyektlərinin sayında da artım qeydə alınıb.
Dövlət iş adamlarına hərtərəfli
dəstəyini göstərməkdə
davam edir. Sahibkarlar isə "Made in Azerbaijan” brendinin
xarici bazarlarda təşviqinə mühüm
töhfə verirlər.
Bu, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə aparılan iqtisadi islahatlar nəticəsində sahibkarların
öz ixrac-idxal əməliyyatlarını daha
rahat şəkildə
yerinə yetirmələri
üçün həyata
keçirilən tədbirlərin
tərkib hissəsidir.
Azərbaycanın artan potensialı
istehsalın və ixracın genişləndirilməsinə,
xarici ticarətin strukturunun şaxələndirilməsinə,
rəqabətqabiliyyətli və ixracyönümlü
qeyri-neft sektorunun inkişafına böyük
imkanlar açır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 28 avqust.-
S.1; 4.