Azərbaycan polisi Avropa polisindən də üstün və peşəkardır

 

Həm sabitliyin təminatı və cinayətkarlığa qarşı effektiv mübarizəyə, həm də vətəndaş məmnunluğuna görə…

 

İctimai sabitlik, asayiş, milli təhlükəsizlik hər bir dövlətin mövcudluğunun əsas şərti olmaqla bərabər inkişafının vacib zəmini, vətəndaş rifahının mühüm amilidir. Son onillikdə biri-birinin ardınca tənəzzülə uğrayan, əhalisi savaşlarda, terrorda məhv edilən, ən yaxşı halda miqranta çevrilən ölkələrin timsalında bu həqiqəti aydın görmək olar.

 

"Qoca qitənin” kriminal siması

 

Bu baxımdan Azərbaycan nümunəsi dünyada ən yaxşılardan biri sayılır. Sabitlik adasına çevrilən məmləkətimizdə kompleks halda ictimai təhlükəsizlik mükəmməl səviyyədə qorunur, fərdi hallarda isə vətəndaşın həyatı, mülkiyyəti, əmlakı etibarlı mühafizə olunur. Digər ölkələrlə eyni vəziyyətin müqayisəsi Azərbaycanın üstünlüyünü aşkar nümayiş etdirir və ölkəmizin kriminogen vəziyyətə tam nəzarət, asayişin təmini sahəsində də örnək model yaratdığını göstərir.

Xarici ölkələrə səfərlər müddətində apardığımız müşahidələr ilə də bu təəssürat əyani dolğunlaşır. Lakin bəzən xaricdə elə xoşagəlməz halla üzləşirsən ki, nəinki Azərbaycandakı vəziyyətin daha yaxşı olmasına inanırsan, hətta çox hallarda həsəd apardığımız Avropanın, əslində, nəzarətsizlik nəticəsində total cinayətkarlıq yuvasına çevrildiyinə əmin olursan. Elə "Avropanın ən təhlükəsiz, sabit ölkəsi” kimi qəbul edilən Monteneqroda başımıza gələn hadisələr "qoca qitənin” kriminal məkana çevrildiyini, ən əsası isə hüquq mühafizə orqanlarının bu hallara qarşı əsla mübarizə aparmadığını bir daha təsdiqlədi.

Çimərlik ərazisində içərisində telefonlar, müvafiq sənədlər və pul qabının olduğu səfər çantası oğurlandı. Polisə məlumat verilərkən məlum oldu ki, 8 km sahil xətti ərazisində xidməti fəaliyyət göstərən bir əməkdaş belə yoxdur. Yəni on minlərlə insanın dincəldiyi geniş məkan tam nəzarətsizdir. Budva şəhər polisinə gedərək hadisə barədə məlumat verərkən müstəntiq faktı qeydə almaqdan imtina etdi: "Onsuz da heç nə tapılmayacaq, buna cinayət işi açmağa ehtiyac yoxdur, itki ilə barışın” deyərək bizi heyrətləndirdi. Fəqət heyrətimiz bununla bitmədi, əslində, polis laqeydliyi yeni başlayırdı.

Ciddi israrlardan sonra məsələni rəsmiləşdirməyə razılıq verdi, ancaq faktı oğurluq yox, itki kimi yazmağı təklif etdi. Kəskin etirazımızdan sonra protokol tərtib olundu, ancaq o da yarımçıq... Növbəti etirazdan sonra telefonların "imey” kodunun və ərazinin kamera nəzarəti altında olduğunun qeyd edildiyi ikinci protokol yazıldı. Ağlımız Azərbaycana getdiyindən müstəntiqə cinayəti "isti izlərlə” açmaq üçün dərhal kameraya baxmağı və telefonların "imey” kod vasitəsilə nəzarət altına alınmasını, yaxud bloklanmasını təklif etdik. Müstəntiq heyrətləndirməkdə davam edirdi: "Kameraya baxmağa nə ehtiyac? Orada tutaq ki, kimisə gördük, bu qədər adamın arasından onu necə tapacağıq? "İmey” kod nəzarəti, bloklanma isə əhəmiyyətsiz işdir. İstirahətinizin qalan vaxtını maraqlı keçirin. Stresdən uzaq olun, itkini qəbul edin”.

Hüquqşünasla, yoxsa psixoloqla söhbət etdiyimizi özümüz üçün aydınlaşdırarkən məlum oldu ki, oğurluq və itki hallarında polisin əməliyyat tədbirləri ümumiyyətlə aparılmır. Kim insafa gəlsə tapdığı əşyanı polisə gətirə bilər. 4 gün ərzində hər dəfə polisə müraciət etdikdə, nəinki əməliyyat tədbirlərinin keçirilmədiyini, heç ümumiyyətlə kameraya baxmadıqları məlum oldu. Hər dəfə idarə qarşısında onlarla polisin kart oynadığını, parkda dincəldiyini, kabinetlərində mürgülədiklərini gördük. Görünür, onlar üçün istirahət xidməti fəaliyyətin "əsasını” təşkil edir.

 

Qərbdə polis niyə cinayətkarı yox, onun qurbanını ittiham edir?

 

Bir məqamı da vurğulayaq ki, məsələdən xəbərdar olan Azərbaycanın Monteneqrodakı Diplomatik Nümayəndəliyinin rəhbəri, müşavir Mahir Cəfərov cinayət işinin operativ araşdırılması məqsədilə elə həmin gün bu ölkənin Daxili İşlər Nazirliyinə və ardınca Budva şəhər polis idarəsinə müraciət etdi. Nümayəndəliyin əməkdaşı, üçüncü katib Orxan Əliyev iki dəfə (həmin gün və sonradan yenə də) şəxsən polis idarəsində oldu. Onlara da qeyri-müəyyən cavablar verildi. Və nəticə indiyədək də yoxdur...

İtkinin maddi tutumu nə qədər böyük olsa da, polisin cinayət faktına biganə, xidməti fəaliyyətinə məsuliyyətsiz yanaşması, vətəndaş müraciətlərini qulaqardına vurması daha ağrılı idi!

Bəlkə də bir fakta görə hansısa ölkənin hüquq mühafizə orqanlarının fəaliyyətini təhlil etmək düzgün sayılmaz. Ancaq apardığımız müşahidələr və bu hadisə ilə bağlı təəssüfünü bölüşən digər xarici turistlərlə söhbətimiz nəticəsində aydın oldu ki, qarşılaşdığımız acı mənzərə nəinki Monteneqronun, ümumilikdə Avropanın polis fəaliyyətinin gerçək mənzərəsidir. Məsələn, bir turistin İtaliyada otelin qarşısından çoxsaylı kameranın nəzarətində olan yerdən çemodanı oğurlanıb. Amma polis nə kameraya baxıb, nə də əməliyyat işi aparıb. İspaniyada cibindən pul kisəsi oğurlanan birini isə polis "cibinə, puluna nəzarət edə bilmirsən, günah sənin özündədir” deyə ittiham edib və hadisəni qeydə almayıb. Almaniyada isə günün günorta çağı soyulan şəxsi polis "kriminal məhəlləyə girməkdə” məzəmmət edib, "faktı qeydə alırıq, ancaq oğurlanan əşyalarının geri qayıdacağını gözləmə” deyərək qapını göstəriblər.

Bu və digər hadisələri dinlədikcə Avropada, eləcə də ABŞ-da polisin fəaliyyətsiz bir quruma çevrildiyi, kriminogen duruma nəzarət etmədiyi, bir sözlə, cinayətkarların və cinayətkarlığın qarşısında mübarizə aparmadan təslim olduğu qənaəti daha da qətiləşir.

 

Azsaylı polislə daha səmərəli fəaliyyət

 

Əsl həqiqət müqayisədə üzə çıxır. Bəs bu vəziyyətlə Azərbaycanda qarşılaşsaydıq, proses necə gedəcəkdi?

Əvvəla, Azərbaycanda daxili işlər orqanlarının maddi-texniki təchizatı, infrastrukturu elə yüksək səviyyədədir ki, bütün ərazilər müvafiq təyinatlı polis xidmətlərindən (mühafizə, çevik polis, post-patrul və s.) başlayaraq sahə polis məntəqələrinədək tam nəzarət altına alınır. Monteneqroda olduğu kimi, 8 km-lik sahil ərazisi nəinki nəzarətsiz qala bilir, Azərbaycanda o məkanda azı bir polis məntəqəsi və 10-15 əməkdaş fasiləsiz nəzarət funksiyası həyata keçirir.

Yeri gəlmişkən, bəzən "Avropanı gəzdik, nə bir yerdə, nə bir yolda polis gördük. Demək, belə də olarmış və problem də yaranmazmış” deyənlərlə rastlaşırıq. Amma faktların timsalında təsdiqini tapan odur ki, əslində, polis nəzarətsizliyi ciddi problemlərə rəvac verir, vətəndaş cinayət halı ilə üzləşdikdə dərhal onu qoruyacaq, təhlükədən xilas edəcək operativ mühafizə sistemi olmur.

Əslində, Azərbaycanda polisin sayı çox deyil. Statistikaya görə, polis əməkdaşlarının sayı ilə əhalinin say nisbəti uzlaşdırıldıqda Azərbaycanda daxili işlər orqanlarının şəxsi heyəti Avropanın istənilən ölkəsi ilə müqayisədə azdır.

Sadəcə onlarda polis fəaliyyətini ofisdə masa arxasında, ya kondisionerin, ya da qızdırıcının qarşısında mürgüləməklə "icra” edir. Azərbaycanda isə polis səhərdən axşama, gecədən sübhə qədər postda, ərazidə, ictimai asayişin keşiyindədir. Yağışa-borana, qızmar günəşə, sərt küləyə baxmadan yollarda hərəkəti tənzimləyir, küçələrdə rahatlığı təmin edir, bədnam ünsürlərə əl-qol açmaq imkanı vermir.

Hər kəs bayram günlərində ailəsini başına yığıb istirahət etdikdə Azərbaycan polisi gücləndirilmiş rejimə uyğun olaraq işə çıxır, təhlükəsizliyimizin etibarlı keşiyində dayanır, rahat bayram keçirməyimizi təmin edir.

Binada qəza baş verəndə polis əməkdaşı yanğına məhəl qoymayaraq içəri daxil olur, canı bahasına insanları xilas edir. Çaylarda sellər daşanda daxili işlər orqanlarının əməkdaşları yenə də öndə olur, xilasedici, bənd möhkəmləndirmə işlərində yardımlarını əsirgəmirlər.

Bizim asayişimiz üçün düşünmədən canlarını qurban verirlər, dövlətin təhlükəsizliyini qorumaq naminə sinələrini sipər edirlər, müstəqilliyin əbədiliyi, ölkənin sabitliyi üçün terrorçunun üstünə yeriyir, cinayətkarı bir həmlədə zərərsizləşdirirlər.

Onlar şəhiddir, şəhid övladlarıdır və yeni savaşda şəhid olmağa hazır qəhrəmanlardır...

 

Avropada polis vətəndaşın yanında deyil, tam əksinə, qarşısındadır

 

Avropa polisinin fəaliyyətini təhlil edərkən bir anlıq sanki Azərbaycan daxili işlər orqanlarının 1990-1993-cü illərdəki fəaliyyətini xatırlayırsan. Oxşarlıq həddən çoxdur...

Avropada polis baş vermiş cinayətləri nəinki araşdırmaqda, heç qeydə almaqda belə maraqlı deyil. Azərbaycan polisi isə bu prosesi tam şəffaflaşdırıb. Polis idarələrinə, məntəqələrinə müraciətdən əlavə vətəndaşlar üçün "102-Zəng Mərkəzi” xidməti effektiv fəaliyyət göstərir. Bir fakta nəzər salaq. Yalnız elə ötən il bu xidmətə daxil olan məlumatlar əsasında 1801 cinayət "isti izlər”lə açılıb, 9435 hüquqazidd əməlin qarşısı alınıb.

Yaxud baş vermiş cinayəti araşdırmaq üçün kameraya baxmağa lüzum görməyən avropalı polislərin azərbaycanlı həmkarları tərəfindən "Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə ötən il 566 cinayət işi açılıb, 20480 hadisə aşkarlanıb, axtarışda olan 90 avtomobil saxlanılıb.

Avropada daxili işlər orqanları informasiya texnologiyalarından (baxmayaraq ki, əksəriyyəti elə öz istehsallarıdır) tam gücü ilə istifadə edə bilmir, adi telefonu blok etməkdə acizdir. Azərbaycanda isə xidmətin istisnasız olaraq bütün istiqamətlərini ən modern yüksək texnologiyalarla təmin edən polisimiz heyrət doğuracaq müasir metodlarla cinayətkarı bəzən elə "iş” başında yaxalayır.

Azərbaycan polisi üçün əməliyyat-axtarış tədbirlərində əsas nəticəni "isti izlər” müəyyənləşdirirsə, Avropada at izi ilə it izi hər zaman biri-birinə qarışır.

Avropa ölkələrində açılan cinayət işlərinin faiz göstəricisi əksər hallarda heç 50 faizə çatmır, Azərbaycanda isə bu, ötən il 85 faiz təşkil edib.

Avropada polis üçün xarici diplomatların, turistlərin müraciəti heç bir əhəmiyyət kəsb etmir, onlar da gözardına vurulur, ölkələri barədə haqlı tənqidi mülahizənin yaranması veclərinə də deyil. Azərbaycanda isə diplomatların da, turistlərin də müraciətləri daha həssas nəzarətə götürülür, demək olar ki, baş vermiş cinayət dərhal araşdırılaraq nəticə əldə olunur.

Qərbdə daxili işlər orqanları öz fəaliyyətlərində vətəndaş məmnunluğunun təmini, ictimai rəyin öyrənilməsi, əhalinin müraciətlərinin araşdırılması və təcili tədbirlərin görülməsi kimi məqamlara ümumiyyətlə əhəmiyyət vermirlər. Azərbaycanda isə polisin fəaliyyətindən ictimai razılıq 90 faizi ötür, nazirdən polis sahə rəislərinədək hər biri mütəmadi vətəndaş qəbulları keçirirlər, çoxsaylı monitorinqlərlə əhalinin polisin fəaliyyəti ilə bağlı düşüncələri, rəyləri öyrənilir.

Avropada vətəndaş cinayətə məruz qaldıqda, həyatı, yaxud əmlakı zərər gördükdə polisə güvənmir, ondan imdad gözləmir. Bilir ki, burada onun pozulmuş hüquqlarına biganə yanaşılacaq. Azərbaycanda isə insanlar ümid, güvənc yeri kimi polisə müraciət edir, hüquqları da qorunur, cinayətkar da lazımi cəzasını alır.

Avropada malı, əmlakı oğurlanan şəxsi polis məsuliyyətsizlikdə ittiham edir, Azərbaycanda isə itirilmiş əşya həmin gün tapılmadıqda polisdən narazılıq edirlər, amma hər kəs əmin olur ki, 3-5 günə cinayətin üstü açılacaq.

Qərbdə polis vətəndaşın yanında deyil, tam əksinə, qarşısındadır. Vətəndaş polisə ehtiyac duyduqda onu tapa bilmir, ancaq hansısa etiraz üçün mitinqə çıxanda polis onun qarşısında rezin güllələrlə, gözyaşardıcı qazlarla, atları və itləri ilə dərhal peyda olur. Sanki Qərbdə polisin fəaliyyəti vətəndaşı yox, yalnız hakimiyyəti qorumaqdır.

 

Azərbaycan polisinin uğurlu fəaliyyətini beynəlxalq hesabatlar da təsdiqləyir

 

Azərbaycanda isə polisin xidməti fəaliyyətinin yeganə qayəsi ictimai asayişi təmin etmək, cinayətkarlığa qarşı effektiv mübarizə aparmaq, dövləti hər cür təhdiddən qorumaq, vətəndaşın təhlükəsizliyini hifz etməkdir.

Azərbaycan polisi iqtidarı qorumur, çünki buna ehtiyac da yoxdur! İqtidarı xalq qoruyur və hakimiyyətə daxildən heç bir təhdid yoxdur! Bu iki gücün - xalqla iqtidarın vəhdəti danılmazdır, siyasi möhtəşəmlik nümunəsidir!

Xalq-iqtidar birliyinin nüvəsini təşkil edən faktorlardan biri də məhz Azərbaycan polisinin xidməti fəaliyyəti nəticəsində əldə olunan sabitlik, asayiş, təhlükəsiz həyatdır. 1994-cü ildən etibarən Heydər Əliyevin nəzarəti altında fəaliyyətini tam dəyişdirən, yeni keyfiyyət mərhələsinə qədəm qoyan daxili işlər orqanları üçün vətəndaşlarımız tam əminliklə "mənim polisim məni qoruyur” söyləyir.

Prezident İlham Əliyevin himayəsi altında fəaliyyətini daha da təkmilləşdirən, modernləşdirən polis orqanlarının fədakar xidməti nəticəsində Azərbaycanda ən böyük idman, mədəniyyət tədbirlərinin, beynəlxalq sammitlərin, konfransların təhlükəsizliyi tam təmin edilir, hər il yüz minlərlə turistin asayişi etibarlı qorunur.

Mülahizələrimiz, müqayisələrimiz bəlkə də subyektiv ola bilər. Amma obyektiv olduğuna əminik. Niyə? Çünki söylədiklərimizi, rəylərimizi beynəlxalq polis təşkilatlarının hesabatları da tam təsdiqləyir.

Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı baxımından Azərbaycan 10 ildən artıqdır ki, MDB və Avropa məkanında öncül mövqeyini saxlayır, ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi beynəlxalq hesabatlarda qeyd olunur!

Polisin fəaliyyətində bəyəm problem yoxdur? Əlbəttə ki, var! İş olan yerdə hansısa nöqsanların baş verməsi də təbiidir. Polisin fəaliyyətində də xidməti qəbahətə, nöqsana, çatışmazlıqlara rast gəlinir. Amma burada xüsusi diqqət ediləsi bir məqam var: bütün bu problemlər əksər hallarda məhz daxili işlər orqanlarının rəhbərliyi tərəfindən aşkarlanır. Onların qarşısının alınması üçün konkret addımlar atılır. Vəzifə öhdəliklərinə riayət etməyən əməkdaşlar cəzalandırılır, orqanlardan kənarlaşdırılır. Polis haqqında ictimai əhəmiyyət kəsb edən hətta ən epizodik rəy, fikir, iddia belə reaksiyasız qalmır.

Azərbaycan polisi fəaliyyətini bütün parametrlər üzrə yeni dövrün tələblərinə uyğun qurur. Dövlətə, xalqa bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli yanaşma daxili işlər orqanlarının ictimai nüfuzunu daim artırır.

Sabitliyimizi, asayişimizi, dövlətimizi, iqtidarımızı qorumaqla yanaşı, onların qədrini, dəyərini də bilməliyik.

Elə Azərbaycan polisinin də...

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2019.-28 avqust.- S.1;  4.