Kənd təsərrüfatında yüksək göstəricilər əldə edilir

 

Prezident İlham Əliyev bunu aqrar sahədə aparılan islahatların nəticəsi kimi qiymətləndirib

 

Əldə olunan iqtisadi uğurlarda həyata keçirilən islahatlar mühüm rol oynayır. Həmin islahatlar əhatə dairəsinə görə genişdir. Kənd təsərrüfatında aparılan islahatlar daha böyük əhəmiyyət kəsb edir. Belə ki, burada həyata keçirilən islahatlar məhsul istehsalının artması ilə yanaşı, bölgədə yaşayan əhalinin məşğulluğunun və rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.

Dövlət tərəfindən aqrar sektorda çalışanlara edilən güzəştlər, fermerlərin torpaq vergisindın savayı bütün növ vergilərdən azad edilməsi, istifadə etdikləri yanacaqsürtkü yağlarının, toxum və gübrələrin büdcədən subsidiyalaşdırılması kəndli üçün məhsul istehsalının artırılmasına geniş imkanlar yaradır. Bunun nəticəsidir ki, cari ilin 6 ayında taxıl istehsalı 40 faiz artıb. Taxılçılıqda məhsuldarlıq da kifayət qədər yüksəkdir. Belə ki, əvvəllər taxıl istehsalında məhsuldarlıq 20 sentner idisə, indi bu rəqəm 30 sentnerdən çoxdur. Elit aqrar müəssisə olan iri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdən də yüksəkdir. Bunun da səbəbi həmin təsərrüfatlarda müasir yanaşma və yüksək texnikatexnologiyalardan istifadə edilməsidir.

İlin birinci yarısında kənd təsərrüfatının digər məhsul istehsalı sahələrində də yüksək nailiyyətlər qazanılıb. Belə ki, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25, tərəvəz 14 faiz artıb. Sözsüz ki, aqrar sektorda məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixracını da stimullaşdırır. Cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təzə tərəvəz ixracı 3,1, təzə meyvə 31,1, şəkər 22,3, meyvə-tərəvəz şirələri 37,9, meyvə-tərəvəz konservləri 10,5, marqarin, qida üçün yararlı digər qarışıqlar 34,5, pambıq ipliyi 50,3 faiz, tütün 1,9, pambıq lifi isə 2,9 dəfə artıb.

Prezident İlham Əliyev cari il iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə aqrar sektorda həyata keçirilən islahatları yüksək dəyərləndirərək, bu sahənin ölkə üçün əhəmiyyətini də vurğulayaraq demişdir: "Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir... Kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk”.

Məlum olduğu kimi, ərzaq təhlükəsizliyində əsas faktorlardan biri əhalinin un məmulatları ilə təminatıdır. Bu məqsədlə taxılçılığın stimullaşdırılması üçün həmin sahə ilə məşğul olan fermerlərə güzəştlər edilib. Belə qayğı sayəsində taxılçılığa meyil ildən-ilə artır. Bunun nəticəsidir ki, cari ildə 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Həmin sahənin 670 hektarında buğda, 342 min hektarında isə apra əkilib. Qeyd etdiyimiz kimi, bu sahədə məhsuldarlıq yüksək olub. Üstəlik, taxıl itkisinə yol verməmək üçün müasir texnikadan istifadə edilərək biçin müddəti 20 gün tez başa çatdırılıb. Beləliklə, ölkənin ərzaq təhlükəsizliyinə fermerlər tərəfindən mühüm töhfə verilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 453,7 milyon manat təşkil edib. Bunun da 2 milyard 230,4 milyon manatı heyvandarlıq, 2 milyard 223,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 6,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1, bitkiçilik məhsulları üzrə isə 9,5 faiz artıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3, süd istehsalı 1,7, yumurta istehsalı 6,9, yun istehsalı 1,5 faiz artmışdır. Bundan başqa, ölkədə 643,2 ton barama istehsal olunmuşdur ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 30 avqust.- S. 1; 4.