Dünyada qazlaşdırmaya görə nadir ölkə
Təkcə bu il Bakıda və
bölgələrdə onlarca
yaşayış məntəqəsi qazlaşdırılacaq
Azərbaycanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri sırasında qazlaşdırmaya aid olanların da mühüm əhəmiyyəti var.
Məhz onların gerçəkləşməsi nəticəsində şəhərlərin, rayon mərkəzlərinin, iri kənd və qəsəbələrin mavi yanacaq problemi tam həll olunmaqla yanaşı, ən ucqar dağ kəndləri də qazla təmin edilib. Hətta sovet dönəmində qazdan istifadə etmək imkanı olmayan bir sıra yaşayış məntəqələrindəki evlərdə indi mavi alov şölələnir.
Hazırda ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Bu, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də vurğulanıb. İnfrastruktur layihələrindən bəhs edərkən dövlət başçısı deyib: "Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır”.
Ölkədə qazdan istifadə edən əhali abunəçilərinin sayı artıq xeyli vaxtdır 2 milyon nəfəri ötüb. Dünyada qazlaşdırmanın belə yüksək səviyyədə həyata keçirildiyi ölkələr tək-təkdir. Keçən il Azərbaycanda ümumi uzunluğu 3 min 193 kilometrə yaxın qaz kəmərinin quraşdırıldığını, 526,6 kilometr uzunluğunda qaz kəmərlərinin əsaslı təmir olunduğunu xatırlatmaq kifayətdir.
Ümumiyyətlə, son illərdə uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin, həmçinin indiyədək qazlaşdırılmayan kənd və qəsəbələrin mavi yanacaqla təmin edilməsi istiqamətində böyükmiqyaslı və davamlı işlər aparılıb. Ötən il Azərbaycanın müxtəlif rayonlarında 150 yaşayış məntəqəsi qazla təmin olunub. Bunlar Ağstafa, Bərdə, Zərdab, Tovuz, Quba, Şamaxı, Göyçay, Gədəbəy, Goranboy, Oğuz, Lerik, Yardımlı və bir sıra digər rayonların kənd və qəsəbələridir. Bu yaşayış məntəqələri arasında elələri var ki, indiyədək heç vaxt qazdan istifadə etmək imkanları olmayıb. Məsələn, Neftçala rayonunun artıq qazla təmin olunmuş Cəngan və Ərəbqardaşbəyli, Qax rayonunun Meşəbaş kəndləri. Keçən il, eləcə də Yevlax rayonunun Rüstəmli və Qaraməmmədli kəndlərinə təbii qaz verilib. Rüstəmli və Qaraməmmədli iri kəndlərdir. Onların qazlaşdırılması ilə ümumilikdə 537 fərdi evdə mavi alov şölələnib. Bu sevinci Saatlı rayonunun Mərzili kəndinin sakinləri də yaşayıblar. Burada 223 fərdi ev qazlaşdırılıb. Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə də təbii qazla təmin edilib.
Bu gün dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunmuş Lahıc qəsəbəsinin sakinləri də qazdan istifadə edirlər. Bu, son illərdə ölkədə qazlaşdırma sahəsində əldə olunmuş mühüm nailiyyətlərə aydın misaldır. İsmayıllı rayonunun bu xətt boyunca yerləşən digər kəndlərində də qazlaşdırma həyata keçirilib. Keçən il Qaraqaya, Gəndob, Namazgah kəndləri də qazlaşdırılıb.
Ardıcıl həyata keçirilən layihələr nəticəsində indiyədək respublikanın Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərlərində qazlaşdırma tam başa çatıb. Qazlaşdırmanın 100 faiz səviyyəsinə çatdığı rayonlar isə Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsudur. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndindəki evlərin hamısına qaz xətləri çəkilib. Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşdırmanın səviyyəsi 90 faizi ötüb. Bakıda 22 yaşayış məntəqəsinin qazlaşdırılması tədbirləri davam etdirilir.
Bölgələrdə də bu istiqamətdə ardıcıl iş aparılır. Bu il 33 şəhər və rayonda 13 qəsəbə və 23 kəndin, eləcə də 26 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 21 məntəqəyə qaz artıq verilib, 34 yerdə isə işlər tam başa çatdırılıb, istismara başlanacaq.
Ölkədə qazlaşdırma işləri regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində də davam etdirilir. Hazırda çətin relyefə malik ərazilərin qazlaşdırılması qarşıda duran əsas hədəflərdəndir.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 30 avqust.- S. 1; 2.