Neftçi fermerə dəstək verir
Azərbaycanda həyata keçirilən iri neft, qaz və ixrac layihələrində tərəfdaşlıq edən beynəlxalq şirkətlər ölkəmizin əhalisi üçün əlavə faydalar yaratmağı öz uğurlarının bir hissəsi hesab edirlər. Buna nail olmaq üçün əməliyyatçı - BP və çoxsaylı tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirirlər. Bu layihələr iqtisadi, sosial və mədəni-ictimai həyatın bir çox sahələrini əhatə edir. 2019-cu ilin birinci yarısında əməliyyatçı və onun tərəfdaşları Azərbaycanda belə sosial investisiya layihələrinə 1,4 milyon dollar xərcləmişlər.
Beləliklə, iqtisadiyyatın güclənməsinə kömək məqsədilə ölkənin bir sıra bölgələrində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələri davam etdirilir. Təkcə 2018-ci ildə Azərbaycanda 302 yerli şirkətlə iş aparılıb ki, bunların 249-u kiçik və orta müəssisələr, fiziki şəxslərdir. İl ərzində Azərbaycandakı birgə əməliyyatlar və layihələrə ümumilikdə 3,4 milyard dollara yaxın vəsait xərclənib. Həmçinin müəyyən edilib ki, üçüncü tərəflərin təcrübəsindən və hökumətlə əməkdaşlıqdan faydalanmaqla yerli resurslardan istifadəyə dair kompleks yanaşma ilə daha davamlı dəyər yaratmaq mümkündür. Beləliklə, BP-SOCAR Milli Resurslardan İstifadə Forumu kimi tədbirlər vasitəsilə yerli ehtiyatlardan istifadə planlarının icrasının genişləndirilməsi üçün SOCAR-la birlikdə Milli Resurslardan İstifadə üzrə İşçi Qrup yaradılıb.
Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli”, "Şahdəniz” yataqlarının işlənməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Cənubi Qafqaz Boru Kəməri layihələrində, eləcə də bir sıra perspektiv strukturlar üzrə aparılan geoloji kəşfiyyatlarda BP və SOCAR-la bir çox şirkətlər tərəfdaşlıq edir. Onlardan bəziləri bir, bəziləri iki və daha çox layihənin iştirakçısıdır. Həmin şirkətlər bunlardır: "Şevron” (ABŞ), "Ekvinor” (Norveç), "İnpeks” (Yaponiya), "EksonMobil” (ABŞ), TPAO (Türkiyə), "LUKoyl” (Rusiya), "İtoçu” (Yaponiya), "Total” (Fransa), "Eni” (İtaliya), "Petronas” (Malayziya), OVL (Hindistan), NİKO (İran).
BP öz tərəfdaşları adından boru kəmərləri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 nəfər icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsini həyata keçirir.
Bu, əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. "Şirin qızıl” adlanan layihə boru kəmərləri boyunca yerləşən daha iki rayondan - Tovuzdan və Ağstafadan seçilmiş əlavə 600 nəfər icma üzvünü əhatə etməklə uzadılıb.
2017-ci ilin dekabr ayında üç il müddətinə uzadılmış "Şirin qızıl” layihəsi çərçivəsində 2018-ci ildə 297 icma nümayəndəsinə arıçılıq, bal arısı xəstəliklərinin idarə olunması, balın çəkilməsi və satışı, marketinqi üzrə təlim keçilib. Bundan əlavə, onların 200 nəfəri arı şanı, bal arısı kötüyü, eləcə də arıçılıq üçün zəruri olan alət və avadanlıqlarla təmin olunub. Layihə çərçivəsində həmçinin arıların şirə çəkməsi üçün ağaclar əkməklə balın keyfiyyətinin yüksəldilməsinə sərmayə qoyulub. Ağac növləri və onların əkiləcəyi ərazilər aidiyyəti orqanlarla, həmçinin mütəxəssislərlə məsləhətləşməklə müəyyən edilib. Layihənin yeni mərhələsi, yəni 3 il ərzində çiçək və meyvələrinin nektarı bol olan 60 min ağac əkiləcək. İndiyədək 10 min belə ağac əkilib və 400 nəfər layihə benefisiarı seçilib.
Daha bir layihə - "Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində kənd təsərrüfatı peşə və ixtisasları üzrə müasir tədris materialları, dərs vəsaitləri və təlim metodologiyası hazırlanıb. Üçü bağçılıq, beşi bitkiçilik və dördü kənd təsərrüfatı texnikası - aqroxidmətlər olmaqla 12 moduldan ibarət olan birinci mərhələdən əlavə ikinci mərhələdə tərəvəzçilik və meyvəçilik üzrə daha yeddi modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası işlənib.
Layihə çərçivəsində həmçinin Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən peşə məktəblərinin tələbələri, müəllimləri və təlimçiləri üçün dərsliklərin müəllifləri tərəfindən 9 master-klass, habelə bir qrup kənd təsərrüfatı mütəxəssisinə və texniki peşə məktəbi müəlliminə potensialın yaradılması və yeni modul üsuluna əsaslanan metodologiya barədə dərslər keçilib.
Həyata keçirilən "Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərini birləşdirir. 2019-cu ilin birinci yarısında 75 şirkət-sahibkar BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə keçirilən bacarıqların inkişaf etdirilməsi fəaliyyətlərində iştirakını davam etdirib.
2007-ci ildə başlanmış SİP güclü biznes potensialına malik yerli şirkətlərin beynəlxalq standartlara cavab verə bilməsinə və bazarda rəqabət etmək qabiliyyətlərinin artırılmasına dəstək göstərir. Uzunmüddətli perspektivdə bu proqram regionda sənayeyə məhsul və xidmətlər təchiz edə bilən yerli şirkətlərin sayını artırmaq və bununla da iqtisadiyyatın inkişafına töhfə vermək üçün nəzərdə tutulub. 2018-ci ildə 41 şirkət bu proqramı başa çatdırıb və bununla da proqramı bitirmiş şirkətlərin sayı 259-a çatıb.
2017-ci ildə həyata keçirilməyə başlanan "Firavan” layihəsinin məqsədi üç hədəf rayonun (Samux, Yevlax və Ucar) 10 kəndində 10 sahibkar qrupuna səriştələrin yaradılması ilə, avadanlıqlarla yardım edərək onların təsərrüfat məhsuldarlığının və ümumi gəlirlərinin artırılmasına dəstək vermək idi. Layihə 2018-ci ilin avqust ayında başa çatıb. Üç rayondan 100 nəfər sahibkarın hamısı üçün istixana, arıçılıq, çiyələkyetişdirmə, müqayisəli yemləmə və heyvandarlıq sahəsində təlim keçilib.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 30 avqust.- S. 1; 4.