Nəcib əməllər
və yüksək humanizm nümunəsi
Birinci vitse-prezident Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti yalnız ölkəmizdə deyil, bütün dünyada Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rola malikdir. Onun təşəbbüsü ilə respublikamızda sosial, səhiyyə, elm və təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən tədbirlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər həm də dövlət siyasətinin daha böyük uğurlar qazanmasında böyük rol oynayır.
Bununla bağlı Milli Məclisin deputatlarının da fikirlərini öyrəndik.
Ümidlərin
gerçəkləşən ünvanı
Bahar MURADOVA,
Milli Məclis Sədrinin
müavini, İnsan hüquqları komitəsinin sədri,
YAP İdarə
Heyətinin üzvü:
- Bugünkü Azərbaycan qadını haqda danışarkən ilk növbədə Şərqə məxsus milli mənəvi və əxlaqi dəyərlərlə Qərbin mütərəqqi yeniliklərinin uğurlu vəhdətini özündə birləşdirən müasir qadın obrazı təsəvvürə və göz önünə gəlir. Artıq kütlə şüurunda özünə min illərlə kök salmış, qadınların hüquqlarından daha çox vəzifələri barədə düşüncələrə yol açan yanaşmaları özündə ehtiva edən stereotiplər sürətlə aradan qalxmaqdadır. Müstəqilliyimizin bərpasının bizə qazandırdığı əsas nailiyyətlərdən biri qadınlarımızın ictimai fəallığının və siyasi çəkisinin artması, dövlət və cəmiyyət həyatına daha geniş nüfuz etməsi, hüquqi baxımdan daha güclü mövqelər əldə etməsidir.
Tarixin yerini və taleyini müəyyən etdiyi ən görkəmli şəxsiyyətlərdən biri, klassik örnəklərimizin layiqli davamçısı, müasir Azərbaycan qadınlarının ən parlaq nümayəndəsi Mehriban xanım Əliyevadır.
Bu gün onun haqqında hər kəs, bir də hər kəsdən daha çox gördüyü işlər, həyata keçirdiyi çoxsaylı layihələr danışır. Xeyirxahlığı, humanistliyi ilə yanaşı, zərifliyi və tükənməz gücündən... Vətənpərvər və milli olduğu qədər bəşəri və insansevər olmasından... Ehtiyacı olanlara diqqət və qayğısı ilə yanaşı, təhsilə, sağlamlığa, ətraf mühitin qorunmasına verdiyi önəm barədə...
Milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin qorunmasına, inkişaf etdirilməsinə və tanıdılmasına yönəlmiş fəaliyyəti ilə yanaşı, dünya ölkələri və xalqlarının mədəniyyətinə göstərdiyi xidmətlər haqda... Tolerantlığın və multikulturalizmin qanunlar və siyasi hədəflərə yönəlmiş konsepsiyalarda nəzərdə tutulmuş vəzifələr toplusu halında deyil, bir yaşam tərzi, bir ictimai şüur formasında dərk və qəbul edilməsinə hesablanmış layihələrindən...
Eləcə də dini-etnik bölücülüyə, müharibələrə, insan qırğınına, ayrı-seçkiliyin bütün formalarına qarşı səmərəli və səfərbəredici fəaliyyətindən... Milli və beynəlxalq miqyasda təhsil, səhiyyə, idmana qayğısından... Ailə, qadın və uşaq problemlərinin məişət səviyyəsində deyil, milli və beynəlxalq miqyasda müəyyənləşdirdiyimiz hədəf və öhdəliklərimizə uyğun şəkildə, ictimai-siyasi və iqtisadi parametrlərin balansı gözlənilməklə həllinə çalışmasından... Qarabağ probleminə dair həqiqətlərin beynəlxalq miqyasda çatdırılmasının ən təsirli formalarının müəyyənləşdirilməsi və səmərəli istifadəsinə yönəlmiş yorulmaz fəaliyyəti barədə...
Cəmiyyətin bütün təbəqələrinin, xüsusilə həssas qrupların ictimai və sosial maraqlarının nəzərə alınmasına, mövcud problemlərinin həllinə yönəlmiş qanunverici əsasların və yeni icra mexanizmlərinin yaradılmasına dair təşəbbüslərindən... Mülki və cinayət qanunvericiliyi ilə problemi, üzərində məhkəmə hökmü olanlara qarşı humanizm və ədalət prizmasından yanaşmaların bərqərar olması, xəta, hüquqa zidd əməllər törətmiş şəxsləri cəmiyyətə qazandırmaq üçün davamlı təşəbbüslərinin real nəticələrindən... Mədəniyyətlər və dinlər, o cümlədən sivilizasiyalararası dialoqun inkişafına verdiyi töhfələrdən...
Bütün xırdalıqlarına qədər sadalanması mümkün olmayan bu fəaliyyətləri haqda "həyat kitabını” o öz təşəbbüsü ilə yazmaqdadır. Bu kitabın digər səhifələrində o öz valideynlərinin, layiqli davamçısı kimi onları varlığı ilə fəxr etməyə vadar edən layiqli övlad kimi görünür. Eyni zamanda, Azərbaycana üç gözəl övlad, eləcə də dövləti və milli maraqları naminə bütün imkanlarını sərf etməyi özləri üçün bir vəzifə bilən əsl vətəndaş və insan bəxş edən bir ana kimi...
Onun bir qadın olaraq ailə dəyərlərini yüksək tutması, öz həyat yoldaşına bütün hallarda dayaq olmaqla yanaşı, taleyin və zamanın üzərinə qoyduğu statusu nəinki ləyaqətlə daşıması, eləcə də ona yeni məna və məzmun gətirməsi bütün dünya ölkələri birinci xanımları üçün əvəzsiz örnəkdir.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, onun ideya əsaslarının proqram sənədlərində və gündəlik fəaliyyətində əksini tapdığı Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.
O, YAP-ın sədr müavini, Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi "özü tərəfindən dərk edilmiş” və rəsmən üzərinə qoyulmuş xalqın və dövlətin taleyinə cavabdehlik "məsuliyyətini” ləyaqətlə daşımaqdadır.
Bütün bunların rəsmi təsdiqi isə özünü Azərbaycanın, aparıcı dünya ölkələrinin və mötəbər beynəlxalq təşkilatların çoxsaylı titullarına, yüksək mükafatlarına, orden və medallarına layiq olmasında göstərir.
Azərbaycan qadını bir şəxsin timsalında bu qədər çoxşaxəli, konkret nəticələri ilə nəzərə çarpan və elə bununla da dünyanın diqqətini öz ölkəsinə yönəltməyə yalnız Mehriban Əliyevanın sayəsində nail ola bilmişdir. Özü də bu, yalnız Azərbaycanın deyil, dünya qadınlarının məhz onun timsalında qazandığı nailiyyətdir.
Mehriban xanım dünyada hamıya və hər kəsə sübut elədi ki, ən çətin və problemli sahələrdə uğur qazanmaq insanların rəğbətindən və sevgisindən elə onların mənafeyi üçün istifadə etməyi öz fəaliyyətinin əsas məzmununa çevirməkdən, humanizm, mərhəmət və mənəviyyata söykənən mövqe sərgiləməkdən keçir. Özü də o halda ki, qazanılan bu uğurlar yenə də insana, insanlığa xidmət eləsin.
O bunu bacardı! Bir azərbaycanlı kimi bacardı. Azərbaycan qadını adına, xalqımız və dövlətimiz adına bacardı. Öz zəhməti, qeyri-adi səfərbəredici gücü, möhkəm xarakteri, prinsipiallığı və bəlli hədəflərə doğru məqsədyönlü fəaliyyətilə... Yeni bir standartda, yeni bir siyasətçi tipi, "mükəmməl qadın” obrazında bacardı!!!
Əsl vətəndaşlıq
mövqeyi
Rafiq
MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı, tibb elmləri
doktoru, professor:
- Hər
birimizin qarşısında duran vəzifələrdən ən
önəmlisi daim vətəndaşlıq mövqeyindən
çıxış etmək, Azərbaycanın daha da
inkişafı üçün çalışmaqdır. Bu şərəfli vəzifələrin
reallaşması naminə səy göstərmək, əlindən
gələni etmək hər bir azərbaycanlının
borcudur. Bu yolda öz fəaliyyəti və
əməlləri ilə nümunələr yaradan Birinci
vitse-prezident xanım Mehriban Əliyevanın həyata
keçirdiyi çoxşaxəli fəaliyyət hər bir vətəndaş
tərəfindən dərin məmnuniyyət hissi ilə
qarşılanır.
Respublikamızın
Birinci vitse-prezidenti olmaqla yanaşı, Heydər Əliyev
Fonduna, Azərbaycan Mədəniyyətinin Dostları Fonduna,
Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban
xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir.
Bu fəaliyyət hər addımda Ulu Öndər
Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə
yönəlmiş ideallarının reallaşmasına,
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi,
sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə
və uğur qazanmasına xidmət edir.
Azərbaycan və eləcə də dünya ictimaiyyəti
Mehriban Əliyevanı ilk növbədə böyük xeyriyyəçi,
qayğıkeş insan kimi tanıyır. Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
sosial qayğıya ehtiyacı olan insanların,
qaçqınların və məcburi köçkünlərin,
talassemiya və diabet xəstəliklərindən əziyyət
çəkən vətəndaşların dəstəklənməsinə
yönəlmiş müxtəlif proqramlar məhz bu məqsədə
xidmət edir. Bu xeyriyyəçilik təbdirləri
nəticəsində yüzlərlə insan normal sağlam həyata
dönüb.
2004-cü
ildən sonra ölkəmizin dörd bir yanında geniş
vüsət alan məktəb və xəstəxana tikintisində,
müxtəlif xəstəliklərdən əzab çəkən
uşaqlar üçün xüsusi tibb müəssisələrinin
yaradılmasında, uşaq evlərinin, internat məktəblərinin,
uşaq bağçalarının yenidən qurulmasında,
tarixi və dini abidələrin bərpasında Mehriban
xanım Əliyevanın əzmkarlığını, təhsilimizin
inkişafına, milli genofondumuzun qorunmasına xidmət edən
əsl vətəndaşlıq missiyasını
görürük.
Mehriban xanımın xalq musiqisinin, bənzərsiz
muğamlarımızın inkişafındakı xidmətləri
günümüzlə səsləşən addımlardır. O, ilk Azərbaycan
qadını olaraq UNESKO kimi mötəbər beynəlxalq təşkilatın
şifahi ənənələr və musiqi ənənələri
sahəsində xoşməramlı səfiri adına
layiq görülüb.
Məhz Mehriban Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən tədbirlərlə Azərbaycan
həqiqətləri uğurla dünyaya
çatdırılır. Bütün bunlar erməni
yalanlarının sistemli şəkildə ifşa
olunmasına, Xocalı soyqırımının
tanınmasına, işğal olunmuş
torpaqlarımızın azad edilməsi istiqamətində
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun
uğurla reallaşmasına dəstək verir.
2005-2017-ci illərdə Milli Məclisin deputatı kimi də
Mehriban Əliyeva çox böyük işlər
görüb.
Lakin təkcə təmsil etdiyi dairədə
deyil, bütün ölkə üzrə sosial-iqtisadi problemlərin
yoluna qoyulmasında çox böyük addımlar atıb.
Seçicilərlə daim təmasda olub və
onun deputat kimi əsas fəaliyyəti seçicilərin
problemlərinin həllinə yönəlib. Eyni zamanda, Mehriban Əliyevanın parlamentdə
dostluq qrupunun sədri kimi fəaliyyəti nəticəsində
müxtəlif ölkələrdə
qazandığımız dostların sayı artıb.
Mehriban Əliyevanın mükafatları çoxdur. Ən ali mükafatı isə
respublikamızda mədəniyyətin, təhsilin, səhiyyənin
və idmanın inkişafında səmərəli fəaliyyətinə,
Azərbaycan xalqının mədəni irsinin beynəlxalq
miqyasda geniş təbliğinə və I Avropa
Oyunlarının təşkilində böyük xidmətlərinə
görə Prezident İlham Əliyevin 29 iyun 2015-ci il tarixli sərəncamı
ilə verilən "Heydər Əliyev” ordenidir. Bu, Azərbaycan dövlətinin Mehriban xanım
Əliyevanın fəaliyyətinə və xalqımız
qarşısındakı xidmətlərinə verdiyi yüksək
qiymətin göstəricisidir.
Vətənə
məhz bu cür layiqli xidmət missiyasının nəticəsində
iki il əvvəl Mehriban Əliyeva Birinci
vitse-prezident vəzifəsinə təyin olundu. Bu
gün Mehriban Əliyeva özünə xas olan yüksək
işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq
və idarəçlik qabiliyyəti ilə ona həvalə
edilən bu vəzifəni layiqincə daşıyır,
ölkədə həyata keçirilən siyasi kursun uğur
qazanmasına mühüm töhfələr verir.
Sərhəd tanımayan xoş məram
Novruzəli ASLANOV,
Milli Məclisin deputatı, Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin prezidenti:
- "Həyatda hər bir kəsin yerini və taleyini
tarix müəyyən edir. Odur ki, nə
böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin
şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir.
Bu kitabda hər bir kəs özünü şəxsi
həyatının və dünyanın
qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi
təcəssüm etdirir. Kimsənsə,
elə də olmalısan - bax budur bizim həyatımız.
Ona görə də özgələrin
rollarını və obrazlarını gərək öz
üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də
yeganə və bənzərsizdir”.
Həqiqətən, özünün də
vurğuladığı kimi, o, bu dünyada yeri, rolu, üzərinə
götürdüyü nəcib missiyalarla yeganə və bənzərsizdir. O, təkcə ölkə
daxilində yox, bütün dünya miqyasında məşğul
olduğu sahələr üzrə yüksək standart müəyyənləşdirən
bir xanımdır.
Deyirlər, insan yalnız bu həyatdakı əməlləri,
xeyirxahlığı, gördüyü savab işlərlə
əbədiyaşar olur. Yaddaşlara yazılır, hafizələrdə
iz buraxır, adını tarixə qızıl hərflərlə
yazdırır. Elə Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyeva da Tanrının bu dünyaya ərməğan
etdiyi seçilmiş insanlardandır.
Mehriban Əliyeva bu gün çarəsiz insanların həyatda
durmaqlarına şans verəni, kimsəsiz, valideyn himayəsindən
məhrum uşaqların Mənəvi Anası, dərdli şəhid
analarının dayağı, qaçqın və məcburi
köçkünlərin yurd həsrətinin təsəlliverənidır. Harada
yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır.
Birinci xanım xeyirxah qəlbinin səsi ilə
bütün qüvvəsini, zamanını təmənnasız
olaraq insanların rifahı, xoşbəxt yaşamı
uğrunda sərf edir. Təsadüfi deyil
ki, bu gün Azərbaycan Prezidentindən sonra insanların ən
çox müraciət etdiyi insan da məhz Mehriban
Əliyevadır. Bu, bir daha insanların
Birinci vitse-prezidentə olan tükənməz sevgisinin,
etibarının, inamının göstəricisidir.
"Uşaqlara yaxşılıq nə qədər
çox olsa, yenə azdır” devizini rəhbər tutan Mehriban
Əliyeva hər zaman valideyn himayəsindən məhrum
uşaqların taleyi ilə maraqlanır, onların gələcək
həyatda uğur qazanmaları üçün əlindən
gələn hər şeyi edir. Xəstə, xüsusi
qayğıya ehtiyacı olan, fiziki, əqli qüsurlu, daun,
autizmli uşaqlara maddi və mənəvi qayğı göstərir,
onlar üçün yaradılmış mərkəzlərin
qonağı olur, əldə etdikləri nailiyyətlərə,
sağlamlıqlarında müşahidə olunan irəliləyişlərə
sevinir. Amma onu da demək yerinə düşər ki, həmin
ünvanlardakı çöhrəsi solmuş, xəstə,
çarəsiz uşaqların ağrı-acısını
paylaşmaq, bir az da olsa azaltmaq, dərdlərinə
şərik olmaq üçün dağ boyda ürəyə
sahib olmaq lazımdır...
Mehriban Əliyevanın nəciblik və insanpərvərliyi,
yüksək mənəvi keyfiyyətləri və tükənməyən
yaxşılıq etmək istəyi, hədsiz xeyirxahlıq və
həssaslığı onun şəxsiyyətinin zənginliyinin
göstəricisidir. Təsadüfi deyil ki, o, ana və uşaq
sağlamlığının qorunması işindəki
müstəsna xidmətlərinə görə
Ümumdünya Səhiyyə Təşkilatının
xüsusi mükafatına, genişmiqyaslı xeyriyyəçilik
fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsindəki
yüksək nailiyyətlərinə görə
"Qızıl ürək” beynəlxalq mükafatına
layiq görülüb.
2004-cü ildə Heydər Əliyev Fondunun fəaliyyətə
başlaması ilə daim insanlara mərhəmət, şəfqət
bəxş edən birinci xanım, tarixən Azərbaycanda var
olan xeyriyyəçilik ənənələrinin yenidən
dirçəlməsini və davam etdirilməsini təmin etdi. Bu gün
ölkəmizdə elə bir sahə yoxdur ki, Mehriban
xanımın rəhbərliyi altında fond o sahəyə
yardım, kömək etməsin. Elə
buna görədir ki, qısa zaman ərzində Heydər
Əliyev Fondu yardıma ehtiyacı olan bütün
insanların ümid ünvanına çevrildi.
Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi
fəaliyyət göstərdiyi müddətdə də digər
deputat həmkarlarına öz davranışı, xeyirxah
missiyası ilə örnək, təkrarlanması vacib
nümunə göstərdi. Məhz Mehriban
xanımın təşəbbüsü ilə 4 (2007, 2009,
2013 və 2016-cı illərdə) amnistiya aktı qəbul
edildi. Hər dəfə on minlərlə
insana şamil edilən bu amnistiyalar insanpərvərliyin, vətəndaş
həmrəyliyinin bariz göstəricisi idi.
Mehriban Əliyeva məramı xoş və təkrarolunmaz
şəxsiyyətdir. O, UNESKO və İSESKO-nun xoşməramlı səfiridir
və dünyada ikinci belə şəxsiyyət yoxdur ki, bu
iki mötəbər təşkilatın üzvü olsun.
Mehriban xanımın humanistliyi, xeyirxahlığı
heç bir çərçivə, sərhəd
tanımır.
Dünyanın harasında uşaqlara məktəb
lazımdırsa, tikdirir, xəstələrə dayaq durur,
dağılan tarixi, dini abidələri bərpa etdirir,
gücü çatdığı qədər
dünyanın, insanlığın var olması
üçün əzmlə çalışır. Həmçinin xalqının haqq səsinin
dünyaya çatdırılmasında, Azərbaycanın
milli-mənəvi dəyərlərinin təbliği istiqamətində
həyata keçirdiyi layihələr, təşkil etdiyi
konfranslarla vətənpərvərlik missiyasını layiqincə
yerinə yetirir.
2017-ci ildə cənab Prezident İlham Əliyevin sərəncamı
ilə Birinci vitse-prezident təyin olunması isə Mehriban
xanımın həyatında yeni bir dönəm
başlatdı.
Birinci
xanımın ölkənin ictimai həyatında göstərdiyi
xidmətlərin müstəsnalığı Prezident
İlham Əliyevin fikirlərində də öz əksini
tapır: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin
ictimai-siyasi həyatında, mədəni həyatımızda
mühüm və fəal rol oynayır... Çox
peşəkar, bilikli, təcrübəli, prinsipial bir
insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi
deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə,
sevgi ilə yanaşır. Bütün bu
sadaladığım amilləri nəzərə alaraq mən
bu qərara gəldim. Bu gün Mehriban
Əliyevanın həyatında yeni bir dövr başlayır
və əminəm ki, ölkəmizin inkişafında bundan
sonra da öz dəyərli töhfəsini verəcək”.
Bəli, Mehriban Əliyeva öz əməlləri ilə
insanların dərin rəğbətini qazanıb, Heydər
Əliyev Fondu isə haqlı olaraq mərhəmət
ünvanı kimi tanınır. İctimai və siyasi
fəaliyyətlə yanaşı yaradıcılıq sahəsinə
bağlı olduğumdan bütün bunları bəstələdiyim
musiqilərdə canlandırmışam. Bu
baxımdan hələ illər öncə bəstələdiyim
"Öndər Fondu”, "Mehriban insan” kimi mahnılar məhz
cəmiyyətin sosial sifarişi olaraq ərsəyə gəlib.
Mehriban xanım insanların nümunə götürəcəyi,
bəhrələnəcəyi etalondur. Hər birimiz
Mehriban Əliyevaya seçim etdiyi bu müqəddəs və
şərəfli yolda uğurlar arzulayır,
cansağlığı diləyirik.
Xalqın adamı
Cavid OSMANOV,
Milli Məclisin deputatı, YAP
Ağdaş rayon təşkilatının sədri:
- Azərbaycan
qadınları həmişə cəmiyyətdə,
xalqın siyasi və ictimai həyatında fəallıq
göstərib. Bu gün də qadınlar
müxtəlif sferalardakı fəaliyyətləri ilə
ölkəmizdə gedən inkişaf proseslərinə layiqli
töhfələr verirlər. Birinci
vitse-prezident Mehriban Əliyevanın timsalında isə Azərbaycan
qadınının cəmiyyət həyatındakı layiqli
yeri, nüfuzu, dövlətə və xalqa xidmət
missiyası və işgüzarlığı daha yaxından
görünür.
Ümumiyyətlə, Mehriban Əliyevanın fəaliyyətindən
söz açarkən ilk yada düşən onun insanlara təmənnasız
yaxşılığı, qayğısı, mərhəməti,
ehtiyacı olanlara əl tutması və xeyriyyəçiliyidir. Bu yüksək
insani keyfiyyətlər isə xalqımızın milli-mənəvi
və mental-əxlaqi dəyərlər sisteminin mühüm
elementləridir. Mehriban Əliyeva həmişə
öz diqqətini əhalinin sosial baxımdan ehtiyacı olan təbəqələrinə,
xəstə və valideyn himayəsindən məhrum olmuş
uşaqlara kömək göstərilməsinə yönəldir.
Eyni zamanda, xalqımızın genetik fondunun
qorunub saxlanmasına cəmiyyətin diqqətini cəlb etməyi
özünün vətəndaşlıq borcu hesab edir, talassemiya
və diabet xəstəliklərindən əziyyət çəkən
uşaqların dəstəklənməsinə yönəlmiş
müxtəlif proqramların həyata keçirilməsini dəstəkləyir.
Təsadüfi deyil ki, 2004-cü ildə yaranan və
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu müxtəlif sosial proqramlar həyata keçirən
xeyirxahlıq ünvanı kimi tanınır. Dahi liderin yaradıcılıq irsinin təbliği və
öyrənilməsi ilə yanaşı, bu fond xeyriyyəçiliyi,
uşaqlara kömək etməyi, müxtəlif humanitar
aksiyalar keçirməyi öz fəaliyyətinin prioritet
istiqamətlərindən hesab edir.
Bu yaxınlarda xalqımız müqəddəs Qurban
bayramını qeyd etdi. Hər yerdə qurbanlar kəsildi, dualar
oxundu. Birinci vitse-prezident bu baryamda da aztəminatlı
ailələri unutmadı. Onun təşəbbüsü
ilə Heydər Əliyev Fondu tərəfindən 70 minə
yaxın aztəminatlı ailəyə qurban payları verildi.
Bu da bir daha təsdiq etdi ki, sosial-iqtisadi inkişafa yönəlik
dövlət proqramlarına dəstək verən Heydər
Əliyev Fondu aztəminatlı ailələri, xüsusi
qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə
saxlayır, müxtəlif bayramlar və əlamətdar
günləri onlarla birlikdə qeyd edir.
Heydər Əliyev ideyaları ilə silahlanmış, hər
zaman peşəkarlığı,
işgüzarlığı və prinsipiallığı ilə
seçilən Mehriban Əliyevanı xarakterizə edən digər
mühüm göstəricilərdən biri milli-mənəvi
dəyərlərimizin qorunmasına və dünyada təbliğinə
böyük önəm verməsidir. İstər Heydər
Əliyev Fondunun prezidenti, istər Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun rəhbəri kimi fəaliyyətinin təhlili
göstərir ki, milli mədəniyyətimizin qorunması və
dünyada təbliği Mehriban Əliyevanın xalqa xidmət
missiyasının əsas istiqamətlərindəndir. Belə ki, bunlar son nəticədə nəcib məqsədə
- Azərbaycanın dünyada tanıdılmasına xidmət
edir. Ötən illər ərzində neçə-neçə
tarixi-mədəniyyət abidələrinin yenidən
qurulması, muğam musiqi müsabiqələrinin və
dünya şöhrətli musiqiçilərin yubileylərinə
həsr edilmiş beynəlxalq festivalların keçirilməsi,
xarici ölkələrdə müxtəlif sərgilərin təşkili
bu ali məramın intişarına yönəlib.
Mehriban Əliyeva həm də Yeni Azərbaycan
Partiyası sədrinin müavinidir. Öz fəaliyyəti
ilə partiyanın möhkəmlənməsi,
sıralarının artması üçün çox
böyük əmək sərf edir. 2005,
2010 və 2015-ci illərdə Milli Məclisin deputatı
seçilən Mehriban Əliyevanın deputatlıq fəaliyyəti
isə parlament tariximizin şərəfli səhifəsidir.
Seçicilərə diqqət və
qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin
həlli yönündə gördüyü misilsiz işlərlə
əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban
Əliyeva Milli Məclisin müzakirəsinə təqdim etdiyi
layihələrlə qanunvericiliyimizin təkmilləşməsinə
böyük töhfələr verib. Cəmiyyət
üçün ciddi təhlükə törətməyən
minlərlə insanın onun təşəbbüskarı
olduğu amnistiya aktı layihələri əsasında həbs
yerlərindən buraxılması Mehriban Əliyevanın
deputatlıq fəaliyyətinin xoş məqamı kimi hər
zaman böyük rəğbətlə xatırlanacaq.
Mehriban Əliyeva bütün cəhətləri ilə
xalqın adamıdır, vətəndaşlarımızın
birmənalı dəstəyini qazanmış dövlət
xadimidir. Ona görə onun 2017-ci ildə ölkəmizin
Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması
xalqın ürəyindən xəbər verən hadisə
kimi tarixə düşdü. Mehriban
Əliyevanın Birinci vitse-prezident - Prezident İlham
Əliyevin ən yaxın silahdaşı kimi dövlətimizə
və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın
daha da çiçəklənməsinə layiqli töhfələrini
verəcəyi, xüsusən yenə də sosial
qayğıya ehtiyacı olan insanların yanında
olacağı fəaliyyətə başladığı ilk
günlərdən aydın idi. Təsadüfi deyil ki,
Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk diqqət
yetirdiyi məsələlər Bakı və Sumqayıt şəhərlərinin
yataqxanalarında müvəqqəti məskunlaşmış
qaçqın və məcburi köçkün ailələrinin
yeni mənzillərə köçürülməsi,
2016-cı ilin Aprel döyüşlərində
yaralanmış əsgər və zabitlərin yüksək
texnologiyalı protezlərlə təmin edilməsi, əlilliyi
olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası
və cəmiyyətə inteqrasiya məsələləri
olmuşdu. Bir neçə gün əvvəl
isə Ali Hərbi Məktəbin bir qrup məzunu ilə şəhidlərin
xatirəsini yad etməsi isə bir daha göstərdi ki,
Mehriban Əliyeva vətənpərvər xanım kimi daim
xalqın içindədir.
Bütövlükdə Mehriban Əliyevanın Birinci
vitse-prezident kimi fəaliyyəti göstərir ki,
görülən bütün işlər, atılan
addımlar yalnız bir məqsədə - Prezident İlham
Əliyevin inkişaf strategiyasının uğurla
reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun
daha da yüksəlməsinə xidmət edir. Bu mənada Mehriban
Əliyevanın fəaliyyəti Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasi xətti uğurla və layiqincə
tamamlayır.
Rəşad BAXŞƏLİYEV,
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 30 avqust.- S. 3.