Qayalar yol inşaatçılarına təslim olur

 

Ölkənin hər yerində olduğu kimi, Quba rayonunda da çoxsaylı yol infrastrukturu layihələri həyata keçirilir. İstər respublika, istərsə də yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilir, kənd və kəndlərarası yollar yenidən qurulur.

Sovet dönəmində uzun illər ucqar dağlıq ərazilərdə yollar bərbad vəziyyətdə idi. Hətta bəzi kəndlər yolsuzluq üzündən boşalır, qalan əhalininsə mərkəzlə əlaqəsi zəifləyirdi. Halbuki elə o vaxtlar da Quba Azərbaycanın turizm regionu idi. Tarixi min illəri adlayan kəndlər, əsrarəngiz təbiət, flora fauna bu yerlərin vizit kartı sayılırdı. Amma həmin ərazilər, o cümlədən dünyaca məşhur Xınalıq kəndinə gedən yol keçilməz səddi xatırladırdı.

Dağlıq ərazilərlə zəngin olan Qubada yolların, demək olar, yarıdan çoxu təbii amillərin təsiri ilə sıradan çıxır. Qışda qar uçqunları, yağışlı aylarda torpaq sürüşmələrinin baş verməsi nəticəsində yollar keçilməz olur. Sürüşmə iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanması ilə nəticələnir. Bu da həmin yolun üstündə yerləşən bir neçə yaşayış məntəqəsi ilə əlaqəni kəsir. Qışı sərt keçən rayonda bəzi kəndlərlə əlaqə yalnız qar əriyəndən sonra normallaşır.

Rayonda belə problemlərin həlli üçün son vaxtlar xeyli görülüb. Uzun illər yerli əhaliyə böyük narahatlıq yaradan, 10 kəndi birləşdirən 23 kilometrlik Hacıhüseynli-Gənclər qəsəbəsi avtomobil yolu bu yola birləşən digər yollar təmir olunub. Quba-Xaçmaz avtomobil yolunun 14 kilometrlik hissəsi yenidən qurulub. Bakı-Quba avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində, İdrisiqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq yolunun ətrafında isə yaşıllıq zolaqları salınıb. Hazırda Quba-Susay avtomobil yolunun davamı olan 30 kilometrlik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi aparılır.

"Dağlarda adasayılan, öz unikallığı ilə seçilən Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyətli olmasını əhalinin alternativ yolla daha rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyini nəzərə alan ölkə rəhbəri ötən ilin oktyabrında bu ilin yanvarında Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə əlaqədar sərəncamlar imzalamış, bu üçün ilkin mərhələdə 20,5 milyon manat vəsait ayırmışdır. Ötən ilin noyabr ayından etibarən ərazidə yol inşaat işlərinə başlanılmışdır.

Yayın isti aylarında belə Xınalıq istiqamətində hava çiskinli yağıntılı olur. Buna baxmayaraq, yolda qızğın gedir. Alpan kəndindən keçən Quru çayın üzərindəki 1-ci körpüdə son tamamlama işləri aparılır. Belə ki, uzunluğu 60, eni 12, hündürlüyü 4 metrə yaxın olan körpünün üst qatına beton tökmək üçün armaturla tor hörülür. Bundan başqa, Susay kəndi ərazisində - Quru çay üzərində inşa olunan ikinci körpüdə inşaat işləri sürətlənib. Körpünün uzunluğu 52, eni 12,5, hündürlüyü 10 metr olacaq.

Eyni zamanda, Quba-Qusar yolundan Susay kəndinə qədər olan 23 kilometr yol yatağı genişləndirilir, qum-çınqıl tökülərək möhkəmləndirilir. Tikinti zamanı iri qaya parçaları, sərt döngələr çapılaraq yoxuşlar hamarlanır. Lilli çayın Gəray kəndinin qarşısındakı çayın məcrasına diametri 1,2-2 metr olan beton borular qoyularaq 8 metrlik körpülər quraşdırılıb.

İnşaatçıların işinə çətinlik yaradan dağlıq ərazilərə xas olan dərələrdir. Onların bir çoxu doldurulub, Vəli Elçin dərələrində isə 1,5-2 metr diametrli borular yerləşdirilib. Uzunmeşə Gəray kəndləri arasındakı 3 kilometrlik yol dik olduğundan inşaatçılar qayaları çaparaq yolu hamarlayıblar. Artıq Susay kəndinə qədər olan yola bir qat asfalt örtüyü çəkilib. Yolun eni 11, hərəkət zolağı - asfalt hissəsi isə 7 metrdir.

Onu da bildirək ki, Susay-Xınalıq yolunun çətinliyi hələ öndədir. Belə ki, Susaydan Xınalığa qədər olan məsafə əsasən dağlıq ərazilərdən ibarətdir. Dağ yamaclarının yarılması, yoxuşların maililiyinin azaldılması çətindir, xüsusilə payız-qış aylarında. Lakin işə ürəklə girişəndə çətinlik azalır. Gələn il yolun istifadəsi nəzərdə tutulub. İşin sürəti göstərir ki, yol inşaatçıları qrafikə əməl edəcəklər.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 30 avqust.- S. 5.