Kəndlinin zəhməti hədər getmir

 

Yevlax kəndlisi bu gün əkin dövriyyəsində olan torpaqların hər qarışından maksimum səmərəli istifadə etməyə çalışır. Bu səbəbdən cari ilin arxada qalan yarısının nəticələri yetərincə qənaətbəxşdir. Ötən 6 ay ərzində rayonda ümumilikdə 51 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.

Hesabat dövründə rayon üzrə 2712 ton buğda, 988 ton arpa, 426 ton tərəvəz, 5367 ton yonca itsehsal edilmişdir. Heyvandarlıq sahəsində qazanılan nəticələr də fərəhlidir. Cari ilin arxada qalan altı ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə 4,8 ton çox ət, 697 min ədəd çox yumurta və 1207 ton çox süd istehsal olunmuşdur.

Bu ilin birinci yarısında rayonun torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 4250 ton mineral gübrə satılmış, eyni zamanda əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi üçün 197 kilometr suvarma kanalı lildən təmizlənmiş, 61 hidrotexniki qurğuda cari təmir işləri aparılmış, su nasos stansiyalarına xidmət edən 2 kilometr uzunluğunda təzyiqədavamlı boru kəmərləri saz hala gətirilmiş, 2 nasos stansiyasında təmir-bərpa işləri görülmüş, 4 min metr məsafədə beton kanal hissə-hissə təmir edilmiş, 478 metr beton kanal isə əsaslı təmir olunub kənd əməkçilərinin istifadəsinə verilmişdir.

İndi rayonun təsərrüfatlarında işlərin qızğın çağıdır. Cari təsərrüfat ilində böyük uğurlara imza atan Yevlax kəndlisi gücünü pambıq tarlalarında sınayır. Bu il rayonun təsərrüfatlarında 2406 hektar sahədə pambıq əkilmişdir. Kolların bara dolduğu yayın bu isti günlərində tarlaların suvarılmasına son dərəcə diqqətlə yanaşılmalıdır. Odur ki, tarlaların suvarılması, zərərvericilərə qarşı mübarizə tədbirləri yüksək aqrotexniki qaydalar əsasında həyata keçirilir.

Zəhmət dolu günlər ötüb-keçəcək, geniş tarlalar yenə başdan-başa örpəyə bürünəcək. Bu, dövlətin qayğısından, bərəkətli torpağın səxavətindən güc alan, öz halal zəhmətinə, alın tərinə güvənən Yevlax kəndlisinin də üz ağlığına çevriləcək.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.- 30 avqust.- S. 5.