Rəssamlıqda İlya Repin zirvəsi
Sənət fəadiləri
Psixoloji məqamları ilə izləyicilərə güclü təsir göstərən əsərlərinə görə onun tərifini göylərə qaldıranlar da vardı, kəskin şəkildə tənqid edənlər də. Amma hər kəs istər-istəməz bunu etiraf edirdi: İlya Repin qeyri-adi istedada malik rəssamdır. Hələ yaşadığı dövrdə ondan nümunə götürənlər çox idi. İlya Repin isə sənətin şöhrətlə qovuşduğu yolda öz ömrünü yaşayırdı...
İlk heyranlıq...
O, Xarkov yaxınlığında yerləşən Çuquyev şəhərciyində 1844-cü il avqustun 5-də dünyaya gəldi. Atası hərbçi, anası müəlliməydi.
Uşaq ikən qohumlarından birinin hədiyyə gətirdiyi sulu boya onu məftun etdi. Balaca İlya rəsmlər çəkməyə elə aludə olurdu ki, dünyanı unudurdu. Onu heyran edən sənətin adını sonralar öyrəndi. Bu, rəssamlıq idi...
On bir yaşında valideynləri onu hərbi topoqrafiya məktəbinə göndərdilər. Ancaq iki il oxuduğu şöbə bağlandı. Repin ikona ustası, rəssam İ.M.Bunakovun emalatxanasında şagird kimi çalışdı. Sonralar böyük şöhrət qazanacağı portret rəssamlığını öyrənməyə də o zaman başladı. Tezliklə İ.M.Bunakovun istedadlı tələbəsi barədə xəbərlər Çuquyevdən uzaqlara yayıldı.
On altı yaşında həm emalatxananı, həm də ata evini tərk etdi. Bir müddət ikonalar çəkməklə və qədim ikonaların bərpası ilə məşğul oldu. Çəkdiyi ikonaları yerli kilsələrə satmaqla dolandı.
Sankt-Peterburqa 1863-cü ildə getdi. Rəssamlıq Akademiyasında oxumaq arzusu asanlıqla həyata keçmədi. Klassik rəssamlığı bilməyən on doqquz yaşlı gənci akademiyaya qəbul etmədilər. Bu uğursuzluq İlya Repini çox məyus etsə də, ruhdan sala bilmədi. Böyük həvəslə rəsmlər çəkdi, təhsil almaq üçün yollar axtardı. İ.N.Kramskinin dərs dediyi rəssamlıq məktəbinə daxil oldu. Diqqətini çəkdiyi müəllimi ilə dostlaşdı. Bu dostluq Repinin həyatında mühüm rol oynadı.
Bir-birini izləyən uğurlar
Nəhayət, arzusuna çatdı. Rəssamlıq Akademiyasında təhsil almağa başladı. Birinci kursun sonunda "Talan olunmuş Yerusəlimdə peyğəmbərin göz yaşları” əsərinə görə əla qiymət aldı.
1870-ci ilin mayında Volqaya
yollandı.
Bu səfər gənc rəssama gələcək əsərləri
üçün mövzular verdi. Məşhur "Volqa yedəkçiləri” rəsminin
ideyası da orada yarandı. Diplom işi ilə
bərabər bu əsər üzərində də
çalışdı. "İairin
qızının vəfatı” adlı diplom işi ona
qızıl medal və 6 illik ölkə xaricinə səfər
etmək hüququ qazandırdı.
O vaxtlar Repinin şöhrəti
artıq Rusiyanın paytaxtını aşmışdı. 1873-cü ildə tamamladığı "Volqa yedəkçiləri”
əsəri Vyanada beynəlxalq sərgidə nümayiş
olunduqdan sonra isə gənc rəssamı Avropada
tanıdılar.
Qazandığı təqaüdlə
1873-1876-cı illərdə İtaliyanı dolaşdı. Bir müddət
Parisdə yaşadı. Orada İlya Repin ən
bahalı rəsmini - "Paris kafesi” (1874-1875) və məşhur
"Sadko” (1876) əsərlərini çəkdi.
Avropa incəsənəti ilə
yaxından tanış olmuş rəssam
1876-cı ildə, təqaüdünün müddətinin
bitməsinə iki il qalmış Rusiyaya qayıtdı. 1870-1880-ci illər Repin
yaradıcılığının ən məhsuldar
dövrü oldu. O, "Qorxaq kəndli” (1877), "Bədnəzər
kəndli” (1877), "Tövbədən imtina” (1879-1885),
"Bir təbliğatçının həbs olunması”
(1880-1892), "Onu gözləmirdilər” (1884-1888) kimi əsərlərində
rus həyatının sosial ziddiyyətlərini və ictimai
münasibətləri əks etdirdi.
İlya Repin tarixi
mövzulara böyük maraq göstərirdi. "Şahzadə Sofiya” ,
"İvan Qroznı və oğlu İvan”, "Zaporojyelilər
Türkiyə sultanına məktub yazarkən” , "Kursk
quberniyasında xaç gəzdirilməsi” və başqa
tabloları tarixi hadisələrin əks etdirilməsi
baxımından da əhəmiyyətlidir.
İlya Repinin
qadağan olunmuş əsəri
XIX əsrin ikinci
yarısında mütərəqqi rus rəssamlığı
ən yüksək inkişaf mərhələsinə
çatdı.
Belə bir vaxtda İlya Repinin
yaradıcılığı rus demokratik-realist incəsənətinin
zirvələrindən biri sayılırdı.
Ən məşhur əsəri
olan "İvan Qroznı və oğlu İvan” rəsmi
üzərində dörd il işlədi. Rəssam
"Uzaq-yaxın” adlı avtobioqrafik povestində
yazırdı ki, bu şəkil barədə düşüncələri
Nikolay Rimski-Korsakovun konsertindən qayıdarkən yarandı.
Çox tələbkar olan rəssam "İvan
Qroznı və oğlu İvan” əsərini özünə
rəhm etmədən yaratdı. Sonralar bu barədə
yazırdı: "Tabloda şəkli birnəfəsə
çəkirdim. Əziyyət çəkir və
həyəcan keçirirdim, artıq çəkdiyimi təkrar-təkrar
düzəldirdim. Xəstəcəsinə
peşimançılıq hissi ilə çəkdiklərimi
gizlədir, daha sonra isə şüurumun daxilindən yeni
fantaziyanı çıxararaq kətanın üzərinə
yenidən hücum edirdim”.
Fevralın 10-da
Sankt-Peterburqda, knyaz Yusupovların evində açılan
möhtəşəm sərgidə tablo təqdim olundu. "İvan
Qroznı və oğlu İvan” əsərinin ilk nümayişi
haqqında təəssüratlar müxtəlif oldu. Tablonu həddindən artıq bəyənənlər
və amansızlıqla tənqid atəşinə tutanlar da
var idi. Rus Pravoslav Kilsəsi Müqəddəs
Sinodunun başçısı Konstantin Pobedonostsev isə əsərə
baxanda möhkəm əsəbiləşdi. O,
narazılığını imperatora bildirdi. Beləliklə,
şəklin sərgilərdə nümayişi qadağan
edildi. Bu tablo rus imperiyasında senzuraya məruz
qalan ilk rəsm əsəri oldu. Sarayda
çalışan sənətkar Aleksey Boqolyubovun xahişi ilə
qadağa 1885-ci il iyunun 11-də aradan
qaldırıldı. Sonrakı illərdə
İlya Repin rus incəsənətinin dahisi, bu tablo isə onun
ən mühüm əsərlərindən biri
sayıldı.
"İvan Qroznı və
oğlu İvan” ilk dəfə sərgidə nümayiş
olunanda əsərə iyirmi səkkiz yaşlı ikonayazar
Abram Balaşov hücum etdi. "Novoye vremya” qəzeti 17 yanvar
1913-cü il tarixli sayında yazırdı: "Bir neçə
zalı keçdikdən sonra, o, Boyarınya Morozova əsərinin
qarşısında duraraq, ona nəsə
pıçıldayırdı, Repin İvan Qroznının
şəklinin yerləşdiyi zala daxil olanda isə, o, birdən
şiddətli çığırtı ilə onun yanına
qaçdı, rəsm əsərini hasarlayan səddi və
qaytanı aşaraq "Qanın axıdılmasına son!”
sözləri ilə şəkli iti bıçaqla
üç dəfə kəsdi”.
Balaşovun psixoloji cəhətdən
problemli insan olduğu barədə mütəxəssislər
rəy verdilər. Onu ruhi xəstələr
üçün dispanserə yerləşdirdilər.
İvan Qroznı və
oğlunun üzləri tabloda bir-birinə çox yaxın
yerləşdiyindən hər ikisi ciddi zədələnmişdi. Qalereyaya gələn
qəyyum İ.S.Ostrouxov əsərin restavrasiyasının
mümkünlüyünə əmin oldu. Təcili
İlya Repinə teleqraf göndərdi. Yanvarın
17-də rəssam Kuokkaladan Moskvaya, Tretyakov qalereyasına gəldi,
çarın və şahzadənin başlarını yenidən
çəkdi. Bir neçə saatdan sonra
emalatxanaya gələn rəssam, sənətşünas
İqor Qrabar kətan üzərindəki təzə rəngləri
və dəyişiklikləri görəndə əsəbiləşdi.
Repin o vaxt artıq Moskvanı tərk etmişdi. Qrabar yeni rəngləri sildi, akvarellə əvvəlcə
itirilmiş yerləri yenidən doldurdu və lak boyaları ilə
tamamladı. Bir neçə ay sonra rəssam
Tretyakov qalereyasına gələndə əsərin
qarşısında xeyli dayandı, ancaq heç bir dəyişikliyi
sezmədi.
Xoş xasiyyətli,
mülayim insan olan İlya Repinin dostları çox idi. Onların
arasında rəssamlarla yanaşı, yazıçılar,
şairlər də vardı. Repinin Kuokkala
qəsəbəsindəki evinə hər çərşənbə
günü yaradıcı dostları - L.Tolstoy, L.Andreyev,
M.Qorki, V.Korolenko və başqaları
yığışırdılar. O evdə yeni əsərlərdən
parçalar oxunurdu, F.Şalyapin mahnılar ifa edirdi.
Şöhrətli rəssam
xalqın içindən çıxdığından əsərlərində
də xalqa geniş yer verir, tez-tez kəndlilərin rəsmlərini
çəkirdi. Rəssam rus ziyalı və aristokratlarının,
həmçinin II Nikolayın rəsmlərinin də müəllifidir.
Özünə rəhm
etməyən sənətkar
Repin olduqca çalışqan idi. O,
mücadilələrlə dolu sənət yolunda ən
ağır imtahanla üzləşdi. Tibb elmi məşhur
rəssamın qolunun qurumasının dəqiq səbəbini
tapa bilmədi. Həkimlər bunu yalnız rəssamın
gərgin iş qrafiki ilə əlaqələndirirdilər. Mistiklər isə rəssamın əlinin 1885-ci ildə
"İvan Qroznı və onun oğlu İvan”ı çəkdikdən
sonra quruduğunu əsas gətirərək bunu həmin əsərin
lənətlənməsi ilə əlaqələndirirdilər.
Deyirdilər ki, İlya Repin mövcud olmayan
tarixi hadisələri əsərdə
canlandırdığı üçün lənətlənib.
Rəssam sol əli ilə rəsmlər
çəkməyi öyrəndi. Bundan sonra əsərlərinin
böyük hissəsini sol əli ilə yaratdı. Onunla bağlı çox qəribə
söz-söhbətlər isə yalnız bundan ibarət
deyildi. İlya Repinin bütün qəhrəmanları
rəsm başa çatandan sonra vəfat edirdilər. Çoxu da öz əcəli ilə
ölmürdü. Bəstəkar
M.P.Musorqskinin şəkli hazır olanda yoluxucu xəstəlikdən
dünyasını dəyişdi. Portretini
çəkdiyi rəssam A.Pismenski də öldü.
Repin şair F.İ.Turqenevin portretini çəkməyə
hazırlaşanda o da dünyadan köçdü. Bir gün
yumoristlərdən biri rəssama yalvardı: "İlya
Efimoviç, bizə rəhminiz gəlsin. Stolıpinin
də şəklini çəkin”. İlya
Repin Saratov dumasının sifarişi ilə baş nazir
P.A.Stolıpinin şəklini çəkdi. Şəkil hazır olan kimi Stolıpin Kiyevə
yollandı. Orada qətlə yetirildi.
Hesab edirdilər ki, İlya
Repinin rəsmləri ölkədəki siyasi hadisələrə
də öz təsirini göstərir. Rəssam II Aleksandrın
sui-qəsd nəticəsində öldürülməsindən
bir qədər əvvəl, 1881-ci ildə Rusiyadakı inqilabi
əhvali-ruhiyyə ilə bağlı "Etirafın rədd
olunması”, "Bir təbliğatçının həbs
olunması”, "Görüşmə”, "Onu gözləmirdilər”
kimi əsərlər çəkmişdi.
1903-cü ildə Rusiya
hökuməti Repinə Dövlət Şurasının təntənəli
iclasını təmsil edən əsər sifariş etdi. Rəssam iki
şagirdi ilə birlikdə əsəri işlədi.
Tamamlanması iki il çəkən "Dövlət
şurasının təntənəli
açılışı” adlı bu əsərdə 81 nəfər
yüksək vəzifəli dövlət xadimi təsvir olundu.
Həmin məmurlar 1905-ci ildə, ilk rus
inqilabında öldürüldülər.
O, 1911-ci ildə Romaya səfər
etdi. Geri döndükdən sonra Kuokkala qəsəbəsindəki
evində xatirələrini yazmağa başladı. Rəssam özü dizayn etdiyi həmin evini Penati
adlandırırdı. Penati sözü latınca ev tanrıları mənasında işlənən
Penates sözündəndi.
1917-ci ildə baş verən
Oktyabr inqilabından sonra Finlandiya müstəqilliyini elan etdi. O zaman Kuokkala Finlandiyanın
ərazisi sayılırdı. SSRİ-nin bir
sıra qurumlarının dəvətlərindən isə
Repin səfər etmək üçün qoca olduğunu bəhanə
gətirərək imtina edirdi.
İlya Repin 1926-cı ildə onu
ziyarətə gələn bir qrup SSRİ sənətçisinə
inqilabi mövzuda olan "Nümayişçilərə atəş
açılması”, "Qanlı bazar günü və
Qızılın cənazəsi”, "Çarın edam
masası” əsərlərini bağışladı.
Səksən altı
yaşına çatmışdı. Nə xəstəlik,
nə də qocalıq İlya Repini öz sevimli işindən
ayıra bilməmişdi. Sağ əli ilə
fırça tuta bilməyəndə sol əli ilə işləyirdi.
1930-cu il sentyabrın 29-da Kuokkalada
(hazırda Repino adlanır və Rusiyanın tərkibindədir)
vəfat etdi. Penatidə, evinin
yaxınlığında 1940-cı ildə xatirə muzeyi
açıldı. Bir xatirə muzeyi də
Çuquyevdə yaradıldı. 1958-ci ildə
Moskvada İlya Repinə abidə qoyuldu. İlya
Repinin evi - Penati UNESKO-nun Sankt-Peterburq və onunla bağlı
olan abidələr adlı Ümumdünya İrsi
Siyahısına daxildir. Penati 1940-cı ildən
ev-muzeyidir.
Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq
və Memarlıq İnstitutu İlya Repinin adını
daşıyır. Yalnız həmin ali təhsil
ocağının tələbələri deyil, bu sənəti
sevərək seçənlər rəssamlıq sənətində
öz məktəbini yaratmış böyük rəssamın
yaradıcılığından dərs alır, qoyub getdiyi
heyrətamiz əsərlərdən öyrənirlər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2019.-31 avqust.- S. 4.