Qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti
göstərir
Avqustun 30-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Səbail və Xətai rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Əli Əhmədov bildirib ki, son illər Azərbaycan iqtisadiyyatı bir neçə dəfə artıb. Təbii ki, iqtisadiyyatın inkişafı dövlətin sosial siyasətinin daha da güclənməsinə zəmin yaradır. Bu mənada, əhalinin rifah halının yüksəlməsi istiqamətində atılan addımlar bunun əyani göstəricisidir.
Bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə ölkəmizdə əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıldığını deyən Baş Nazirin müavini qeyd edib ki, ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti göstərir. Hər bir ailə bu artımlardan faydalanır. Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq.
YAP sədrinin müavini bildirib ki, Azərbaycanın bu uğurları qazanmasının əsasında dayanan amillərdən biri də sabitlikdir. Çünki sabitlik olmadan heç bir inkişafdan, əmin-amanlıqdan söhbət gedə bilməz. Ona görə də hər bir dövlət və xalq üçün sabitlik ən mühüm şərtlərdən biridir.
Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Baş Nazirin müavini ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söyləyib. Bununla belə Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Bu vasitələrin biri də sosial şəbəkələrdir. Belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdır. Ona görə də YAP-ın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidir. O cümlədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır.
Əli Əhmədov həmçinin bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və YAP-ın bu seçkilərə hazırlığı məsələləri haqqında fikirlərini bildirib. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.
Müşavirədə
qarşıda duran vəzifələrlə
əlaqədar ilk partiya
təşkilatı sədrlərinə tövsiyə və
tapşırıqlar verilib.
Azərbaycan.- 2019.- 31 avqust.- S.2.