Andından dönmədi
Milli qəhrəmanlarımız
Ruslan Muradov 1973-cü ildə Mingəçevirdə anadan
olub. İlk təhsilini bu
şəhərin 15 saylı
orta məktəbində
alıb. Ruslanı daha
yaxından tanımaq üçün onun dostlarına, keçmiş
komandirlərinə müraciət
etdik. Amma ən yaxşı
məlumatı özünün
yazdığı gündəlikdən
öyrəndik. Dostları, tanışları
deyirlər ki, çox danışmağı
sevmirdi. Amma mərdliyinə, inadkarlığına
söz ola
bilməzdi. Öz əhatəsində nüfuz qazanmağı da bacarırdı.
Ruslan gündəliyində qeyd edir ki, elə
şeylər var onlardan pay, sədəqə
olmur. Cəsarəti, düzgünlüyü, daxili inamı gərək özün qazanasan. Daha sonra cəbhəyə yola düşdüyü günləri xatırlayır:
"Könüllü olaraq
hərbi çağırış
məntəqəsinə yollandım.
Xahiş
etdim ki, məni cəbhənin ən qaynar nöqtələrindən birinə
göndərsinlər. Atamın, anamın bu hərəkətimdən xəbəri
olanda mən artıq cəbhəyə
yola düşmüşdüm.
Bilirdilər ki, öz istəyimdə çox inadkaram, yəni geriyə yol yoxdur. Yurdumuzun bir hissəsi
təhlükədə, düşmən
tapdağında qalıbsa,
biz də borcumuzu yerinə yetirməliyik.
Bunun üçün heç kəsin müdaxiləsinə
ehtiyac yoxdur”.
Bir neçə gün sonra Ruslanı cəbhənin Ağdam bölgəsinə göndərirlər. Onda Ağdamın
Paprəvənd kəndi
düşmən mühasirəsində
idi. Vəziyyət çox mürəkkəb
idi. Ruslan ilk əməliyyata bu
kənddən başladı...
Ruslan Muradov gündəliyində
yazır ki, bu vaxta qədər
Ağdamda olmamışdım. Paprəvənd kəndini də görməmişdim. Amma düşdüyümüz
vəziyyət tələb
edirdi ki, ağır döyüşlərdə
axıra qədər iştirak edək. Ən böyük köməyim
o oldu ki, bu kənddə onlarla döyüşçünün
daha təhlükəsiz
yerlərə çatdırılmasına
kömək etdim.
Ağır döyüşlərin birində özüm də yaralandım. Amma qısa fasilədən sonra yenidən döyüşlərə girdim.
Biz açıq-aşkar bilirdik ki, düşmənə
öz havadarlarından
çox böyük yardım gəlir. Onların silah-sursat ehtiyatı tükənmirdi. Qeyri-bərabər döyüş gedirdi.
Amma biz öz gücümüzə
inanırdıq. Ona görə
də qətiyyən geri çəkilmirdik.
Əksinə, düşmənə sübut etmək istəyirdik ki, bizim el-oba sevgimiz,
torpaq qeyrətimiz hər şeydən güclüdür. Bilirdik ki,
nə qədər müqavimət olsa belə, geriyə yol yoxdur.
Ruslanın gündəliyində
oxuyuruq: "Ən çətin döyüşlərin
birində düşmənə
əsir düşmək
təhlükəsi var
idi. Amma biz əməliyyatları elə çevikliklə aparırdıq ki, düşmən istəklərinə
asanlıqla çata bilmirdi. Apardığımız əməliyyatlar bizə kömək etdi ki, çətin
döyüşlərdə düşmənin əhatəsindən
uzaqlaşa bilək.
Mən dostlarıma da, elə komandirimə də açıq-aşkar
demişdim ki, əgər əsir düşmək təhlükəsi
yaransa, öz canıma qıymağa hazıram. Açığını deyim ki, bizi bu ruhda,
bu əhvalda tərbiyə etmişdilər.
Ona görə də andımızdan, inamımızdan dönə
bilməzdik...”
Bu sətirlərin
müəllifinin heç
19 yaşı tamam olmamışdı. Amma onun düşüncələrində,
təfəkküründə bir yetkinlik var
idi. Hiss edirsən
ki, aldığı tərbiyə, təhsil onu belə böyüdüb.
Hər şeylə asanlıqla barışmır. Elə anasına
yazdığı məktubda
da çox şeyləri cəsarətlə
etiraf edirdi. Onların zəhmətini, əziyyətini
qədərincə qiymətləndirirdi.
Amma son qərarı bu olur ki, torpağın,
elin, obanın taleyi heç vaxt zərrə qədər də güzəşt sevmir.
Ruslan yazır ki, "mənim də böyük arzularım, istəklərim vardı.
Hələ sevdiyim alagözlü
bir qız da. Amma elə məqamlar
var ki, onları
heç nə ilə dəyişmək olmur. Biz cəbhə
bölgəsinə yola
düşəndə bilirdik
ki, hiyləgər düşmənlə üz-üzəyik.
Onları öz torpaqlarımızdan
təmizləməliyik”.
Ruslan Muradov Mingəçevirdə
orta təhsilini başa vurandan sonra istehsalatda çalışmışdı. Zəhmətdən, halal yaşamaqdan zövq alırdı.
Ermənilər torpaqlarımızı zəbt etməsəydi, Ruslanın görəcəyi
işlər çox idi. Azərbaycan polisinin sıralarında
qulluq etmək istəyirdi. Bunun üçün
onun bacarığı
da vardı, tələb olunan fiziki hazırlığı
da. Amma düşmən onu Paprəvənd uğrunda gedən döyüşlərin birində
ağır yaraladı.
Və bundan sonra Ruslan cəbhəyə
geri dönə bilmədi...
Dostları, əhatəsində olan yaxınları onun nə qədər hünərli, çevik bir döyüşçü
olduğunu dönə-dönə
xatırlayırlar. Deyirlər ki,
onun çevikliyi bizim hər birimizə örnək və nümunə idi. O, həm özünə sevgi yaradırdı, həm də bizi döyüşə
ruhlandırırdı.
Azərbaycanda belə qəhrəman oğulların sayı çoxdur. Amma yaşına, cüssəsinə
görə bəlkə
də ən kiçiyi Ruslan idi. Görəcəyi
işləri sadalayanda
adam hiss edirdi ki, onun
tükənməyən enerjisi,
gücü, qüdrəti
var. Bütün bunları
vətən uğrunda,
xalq yolunda sərf etmək istəyirdi. Özü dəfələrlə demişdi ki, bizim bu yolda
qazancımızla itkilərimiz
arasındakı mütənasiblik
pozula da bilər. Amma belə şeylərdə
ruhdan düşməməliyik.
Əksinə, yeni qüvvə
ilə, yeni güclə döyüşləri
davam etdirməliyik.
Biz ölməyə yox, öldürməyə
meyilliyik. Düşmən bizi belə böyüməyə məcbur
etdi.
Bu gün
Mingəçevirdə 15 saylı
orta məktəb Ruslanın adını daşıyır. Hələ neçə-neçə nəsillər onun cəsarətindən, qəhrəmanlığından
danışacaq, ona bənzəməyə çalışacaq.
O məktəbin həyətində bu gün də Ruslan hamıdan uca, hündür görünür. Özü
də boy-buxununa görə yox, yalnız əqidəsinə,
əməllərinə görə...
Nə yaxşı ki, bizim döyüş ənənələrini belə
cəsarətli oğullar
yaşadır. Bunu təkcə biz yox,
düşmən də
açıq-aydın hiss edir.
Hiss edir ki, bu oğullar asanlıqla məğlub olmayacaq. Gələn nəsil onların
ənənələrini, başladıqları
şərəfli işi
uğurla davam etdirəcək.
Bu xalqın
öz ənənələri
var. Elə nəsillər
də bundan faydalanır, gələcəyə
ümidlə baxır. Düşmən isə bu baxışlar
qarşısında çaş
qalır. Ruslan bütün
bunları aydınlığı
ilə anlayırdı.
Deyirdi ki, bu gün
ciddi qələbələrimiz
olmasa da, düşməni niyyətindən
geri çəkindirməyə
gücümüz çatar.
Elə buna görə də biz sabahın uğurlarına inanırıq.
İnanırıq ki,
bu xalq asanlıqla
doğma yurdundan, doğma ocağından ayrılmayacaq...
Bəşir ŞƏRİFLİ
Azərbaycan.- 2019.- 31 avqust.-
S.5.