Bir şəhid ocağının işığında

 

Vətən sağ olsun

 

Bu gün Azərbaycanın hər bölgəsində, o cümlədən Naxçıvanda nümunəvi ailələr çoxdur.

Onların arasında hansısa bir sahədə fərqlənənlər də var, ömrünü bir sənətə həsr edib, onu ailəlikcə yaşadanlar da. İstehsalat təcrübəsi ilə seçilənlər də var, əməyi ilə böyük uğurlara imza atanlar da. Vətən torpağı uğrunda canlarından keçən şəhidlərimizin ailələri isə hər kəs üçün örnəkdir.

Belə ailələrdən birinə yollanıb, onun ocağının işığını yandıran yadigarları ilə görüşməyi mənəvi borc bildik. Bu, Naxçıvan Muxtar Respublikas Culfa rayonunun Camaldın kəndinin igid oğlu, ruhu şəhidlik zirvəsindən Vətənini və ailəsini seyr edən Mirəyyub Seyidovun ailəsidir.

Mirəyyub 1966-cı ildə anadan olub. Camaldın kənd orta məktəbində səkkizinci sinfi bitirdikdən sonra rayondakı texniki peşə məktəbində dülgərlik peşəsinə yiyələnib. Əsgəri xidmətini Rusiyada başa vurub, doğma Vətəninə qayıtdıqdan sonra Culfadakı istehsalat kombinatında fəhlə kimi işə başlayıb. Böyük məsuliyyəti, işə can yandırması ilə müəssisə kollektivinin dərin hörmətini qazanıb. Daha sonra isə əmək fəaliyyətini Culfa Rayon Polis Şöbəsində polis serjantı kimi davam etdirib. Sərhədlərimizin təhlükədə olduğu vaxtlarda Mirəyyub burada da fəallıq, canıyananlıq nümayiş etdirib: gecə-gündüz ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlib, hansı posta göndərilibsə, canla-başla gedib, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib. Şərurda, Sədərəkdə erməni hücumlarının qarşısının alınmasında iştirak edib. 1990-cı ildə xüsusi təyinatlı polis işçisi kimi Sədərəkdə gedən qızğın döyüşlərdə iştirak edib, böyük şücaətlər göstərib. O, 1992-ci ilin 23 iyununda Sədərək uğrunda gedən döyüşlərdə şəhid olub.

Cəmi üç il birlikdə yaşadığı Süsən xanım onun yoxluğu haqqında böyük ürək yanğısı ilə danışır:

- Mirəyyubun qəlbi Vətən sevgisi ilə dolu idi. O, həm çılğın təbiətli idi. Ermənilərin torpaqlarımıza göz dikməsinə dözə bilmirdi. Bu barədə danışanda gözləri sanki qan çanağına dönürdü. Evdə uşaqlar körpə olduqları üçün tez-tez problemlər yaranırdı. Mən bu problemləri yaxın qohumlarla həll edirdim. Mirəyyub isə ona tapşırılan işi yerinə yetirməyincə evə qayıtmazdı. Elə buna görə daim çalışdığı kollektivin rəhbərliyi tərəfindən əməyi qiymətləndirilirdi. İndi Culfa şəhərində bir küçə Mirəyyubun təhsil aldığı Camaldın kənd tam orta məktəbi onun adını daşıyır.

Süsən xanım yaralarının qaysağını qopararaq o günü xatırlayır. Həmin gün ailə qurduqlarının üçüncü ili tamam olurdu:

- Həmin gün özüm geyinib kecinmişdim. Uşaqların da təzə pal-paltarlarını geyindirmişdim. Səhərdən axşamadək mətbəxdə onun sevdiyi yeməklərdən hazırlayıb süfrə açmışdım. Mirəyyubun yolunu gözləyirdik. Bilirdim ki, gec olsa, gələcək. Çünki həmin günə çox dəyər verirdi. O, hökmən gecəyarısı da olsa, gəlib həmin günü bizimlə birgə qeyd etməli idi. Saatlar ötür, o isə gəlmirdi. Axşam saat 9-10 oldu. Uşaqlar yuxuladılar. Onları yataqlarına qoydum. İçimə qəribə bir narahatlıq doldu. Həmin günlər cəbhədə vəziyyət yaxşı deyildi. Ermənilər Naxçıvanla bütün sərhədboyu ərazilərdən kəndlərimizə hücum edirdilər. Sən demə, mən onun yolunu gözlədiyim anlarda o, yaralanıb, qan içində həyatla mücadilə edirmiş. Məndə belə bir hiss yaranmışdı: sanki indicə onunla bağlı nə isə eşidəcəyəm. Saat 12-yə yaxınlaşır, mən isə təlaş içərisində evdə gəzişirdim. Birdən qapı döyüldü. Qohumlarımızdan iki nəfər Mirəyyubun yaralandığı xəbərini gətirmişdi. "Ürəyimə gələn başıma gəldi” deyib əllərimi dizlərimə çırpdım. Bir azdan evliliyimizin üçüncü ildönümü "hədiyyəsini” qapımıza gətirdilər. Bu, Mirəyyubun soyuq cənazəsi idi...

Həmin gündən etibarən sevinc tariximiz olan 23 iyun həyatımızda öz yerini kədərə verdi. Artıq illərdir ki, o günü ailə qurduğumuz deyil, həyat yoldaşımın, övladlarımın atasının şəhid olduğu tarix kimi anıram.

Mirəyyub şəhid olan vaxt qızı Könül yaşyarımlıq, oğlu Mirqafar isə 10 aylıq imiş. Atalarının üzünü xatırlamayan, xasiyyətini, xarakterini bilməyən bu bacı-qardaş analarından və yaxınlarından eşitdiklərindən qəlblərində bir ata heykəli qurublar.

Süsən xanım 1992-ci ilin 23 iyunundan iki körpəsini tək böyütmək məcburiyyətində qalıb. Dövlət qayğısı ilə əhatə olunduqlarını minnətdarlıqla qeyd edən bu ana göstərilən dəstəklə, bir də yaxınlarının köməyi ilə övladlarını boya-başa çatdırdığını deyir. Süsən xanım uşaqlarına gözəl tərbiyə verib. Onların hər ikisi təhsil alıb. Könül musiqi müəllimidir. Ailə qurub, iki övladı var. Mirqafar da ali təhsillidir. O, atasının yolunu davam etdirir: Culfadakı "N” hərbi hissədə çalışır, böyük övladına da atasının adını verib. Ötən il qələbə sevincini yaşadığımız Günnüt kəndinin azad olunmasında Mirqafar da iştirak edib. O deyir:

- Atamla qürur duyuram. Buna görə də onun torpaqlarımızın azad olunması ilə bağlı arzularının davamçısı olmaq istədim. Söz yox ki, bütün şəhidlərimizin bir gün arzuları reallaşacaq, ruhları sevinəcək. Azad olunan torpaqlarımız Lələtəpə, Cocuq Mərcanlı, Günnüt kimi, bir gün də Kərki, Şuşa, Laçın erməni qəsbkarlarından geri alınacaq. Buna dövlətimiz hazırdır. Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi fikirlər, hər il keçirilən hərbi paradda nümayiş olunan müasir texnika, bu yaxınlarda Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirilən döyüş atışlı təlimin möhtəşəmliyi də o günün lap yaxında olacağından xəbər verir...

Süsən xanım Culfa Rayon Rabitə İdarəsində çalışır. Bu əməksevər qadın gözəl ana, həm də qayğıkeş qayınanadır. Gəlini də övladları kimi, onun qürurundan ağızdolusu danışır. İndi o, oğlu, gəlini, biriki oğlan nəvəsi ilə dövlətimiz tərəfindən Culfa şəhərində onlara verilmiş mənzildə Vətən torpaqları uğrunda canından keçmiş bir şəhidimizin çırağını yandırır. Bu çıraqdan süzülən işıq isə hər kəsin qürur hissi duyduğu şəhid Mirəyyub Seyidovun ocağının ünvanını bəlli edir. O ünvan ki, daim yad ediləcək, qürur mənbəyimiz olacaq.

 

Mətanət MƏMMƏDOVA,

Naxçıvan Muxtar Respublikasının

Əməkdar jurnalisti

 

Azərbaycan.- 2019.- 31 avqust.- S.5.