Yurd həsrəti

 

Bu niskillə yaşayanların ümidləri ilin hər fəslində göyərməkdə, dünya birliyi isə bu haqsızlığa hələ də dözməkdədir

 

Qubadlı təcavüzkar Ermənistanın 1993-cü ilin avqust ayının son günündə işğal etdiyi, elə həmin tarixdən sakinləri respublikanın əksər bölgələrinə səpələnib müvəqqəti məskunlaşan, məcburi köçkünlük həyatı yaşamağa məcbur olan rayondur. 1930-cu ildə yaradılan Qubadlı rayonunun ərazisi 802 kvadrat kilometrdir. Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ermənistanla Dağlıq Qarabağ Muxtar Vilayəti arasındakı ərazidədir. Şimaldan Laçın, şərqdən Cəbrayıl, cənubdan Zəngilan rayonları ilə həmsərhəddir.

Rayonun iqtisadiyyatı yerləşdiyi coğrafi şəraitlə əlaqədar olub. Bol sulu Həkəri və Bərgüşad çayları vadisində yerləşən kəndlərin əhalisi münbit torpaqlardan əkinçilik məqsədilə istifadə edib. Rayon həmçinin tarixi-mədəni abidələrlə zəngin bölgə idi. Burada IV əsrə aid "Gavur dərəsi” ibadətgahı, beşinci yüzilliyin "Qalalı” və "Göyqala” abidələri, "Dəmirçilər türbəsi” və digər tarixi abidələr vardı. Həkəri və Bərgüşad boyu yaşayış məntəqələri abadlaşdırılmış, dağ kəndlərinə asfalt yollar çəkilmişdi. Özünə yaraşıqlı evlər tikənlərin, minik avtomobilləri alanların sayı çoxalmışdı.

Lakin Ermənistanın torpaq iddiası üzündən cəlb olunduğumuz münaqişə quruculuq işlərini yarımçıq qoydu: rayon müharibə meydanına çevrildi. Qaçaq Nəbinin, Həcərin qəhrəmanlıq ənənələrini davam etdirən igid qubadlılılar - Əliyar Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Vasili Əliyev, Kərəm Mirzəyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Ələkbər Əliyev, Səfa Axundov... şəhidlik zirvəsinə ucalaraq göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldülər.

Ardı-arası kəsilməyən hücumlar vətənsevərlərin döyüş əzmini qıra bilməsə də, Şuşa və Laçının, Ağdam, Füzuli və Cəbrayılın işğal edilməsi Qubadlını mühasirə vəziyyətinə saldığından 1993-cü il avqust ayının 31-də əhali yurd-yuvasını tərk etmək məcburiyyətində qaldı.

O dəhşətli və məşəqqətli gündən qubadlılıları 26 illik bir zaman məsafəsi ayırır. Doğrudur, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən də məcburi köçkünlərə göstərilən dövlət qayğısı yüksək səviyyədədir və bu, həssaslıqla davam etdirilir. Onların sağlamlığının təmin olunması, güzəranlarının daha da yaxşılaşdırılması dövlət başçısının daim diqqət mərkəzindədir. Həyata keçirilən sosial-mədəni layihələrdən məcburi köçkünlər də layiqincə bəhrələnirlər. Son dövrlər məcburi köçkünlərin sosial müdafiəsinə diqqət, onlara verilən sosial müavinət, kommunal xərclərin ödənilməsinə ayrılan vəsait yarıbayarı artırılıb ki, bunlardan qubadlılılara da pay düşüb.

Daim zəhmətsevərlikləri ilə seçilən qubadlılılar məcburi köçkünlük illərində də əllərini əllərinin üstünə qoyub oturmayıblar. 38 min 200 nəfər qubadlılı respublikanın 41 rayon və şəhərində müvəqqəti məskunlaşıb. Onların 20 min 600 nəfəri əmək qabiliyyətlidir və əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Rayonun icra strukturları, idarə və təşkilatları burada fəaliyyət göstərir. Bu qədər əraziyə səpələnmiş qubadlılıların sosial, kommunal, səhiyyə, təhsil və digər məsələləri ilə məşğul olmaq, onların üzləşdikləri problemləri həll etmək üçün icra strukturları xüsusi rejimində işləyirlər. Müvəqqəti məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Abşeron rayonunun Stansiya Sumqayıt adlanan ərazisində və Sumqayıtdakı 12-ci mikrorayonda məcburi köçkünlər üçün salınmış şəhərciklərdə yeni mənzillərə köçürülmə başa çatıb. 2100 ailə üçün salınan qəsəbələrin əsas sakinləri Qubadlıdan olan məcburi köçkünlərdir. Stansiya Sumqayıtdakı şəhərciyə 357, Sumqayıt şəhər 12-ci mikrorayondakına 521, Qaradağ rayonunun Ümid qəsəbəsinə isə 9 ailə köçürülüb. Abşeron rayonundakı şəhərcikdə rayonun Hal və Dəmirçilər kənd, qəsəbə 4 saylı tam orta məktəbləri, gigiyenaepidemiologiya mərkəzi, 140 yerlik Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası və rayon rabitə qovşağının poçt agentliyi fəaliyyətə başlayıb və çoxlu sayda məcburi köçkün işlə təmin edilib. Bütün bunlar qubadlılıların həyatına müsbət təsir edir. Rayon icra hakimiyyəti başçısının Sabirabad, Saatlı, İmişli, Xızı rayonlarında və digər yerlərdə keçirdiyi səyyar qəbullar zamanı qaldırılan məsələlərin həlli istiqamətində də xeyli işlər görülüb.

Sumqayıtdakı 40-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 2 beşmərtəbəli binanın dam örtüyü dəyişdirilib, həyətə asfalt örtüyü çəkilib. Çoxsaylı müraciətlər əsasında Sumqayıt şəhər "Yaşıldərə” yaşayış massivində məhəlləarası yollar asfaltlanıb, daxili imkanlar hesabına yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, Böyük Vətən müharibəsi veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və s. məsələlərlə bağlı aztəminatlı ailələrə 36 min 700 manat pul yardımı edilib. Yerli gəlirlərdən rayonun büdcəsinə 1 milyon 314 min 43 manat daxil olub ki, bu da nəzərdə tutulduğundan 295 min 777 manat artıqdır.

Bu gün Qubadlı Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yalnız respublikamızda deyil, dünyada tanınır. Bu məktəbin yetirməsi olan və hazırda orada çalışan 9 nəfər fəxri adlar qazanmış idmançılardır. Yunan-Roma güləşi üzrə Əməkdar məşqçilər Bahadur Həziyev, Sədi Quliyev, kikboksinq üzrə Rəhim Abbasəliyev, Natiq Qasımov, şahmatfutbol üzrə Bəbəş Quliyev, Cavanşir Əliyev idmanın ön sıralarındadırlar. "Həkəri” futbol komandası müxtəlif illərdə respublika çempionatında I və II yerləri tutub. Fərid Ağayev, Yaqub Zamanov karate-do, Xəyal Cəmilbəyli budo, Ruslan Həsənov konfu-sando üzrə dəfələrlə qalib adını qazanıblar.

Yeniyetmə Təvəkkül Həziyev Qubadlının Sumqayıtda fəaliyyət göstərən Saray kənd orta məktəbinin şagirdidir. 2016-2018-ci illərdə yunan-Roma güləşi üzrə respublikada keçirilən yarışların qalibi olub. Bu günlərdə Polşa Respublikasının Krakov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb, üçrəngli bayrağımızı yüksəklikdə dalğalandırıb.

İslam Abbasov da Qubadlı idman məktəbinin yetirməsidir. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən İslam parlaq qələbə qazanaraq qızıl medal alıb. Dəfələrlə dünya Avropa çempionu adına layiq görülən İslam bu günlərdə Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edib. Yunan-Roma güləşi üzrə gümüş medal qazanıb.

Qubadlı Tarix-Diyarşünaslıq muzeyi Sumqayıtda fəaliyyət göstərir. Hazırda işıqlı, geniş otaqlarda yerləşən muzeydə 700-dən artıq eksponat var. Burada rayonun işğal altında olan 93 kəndi barədə geniş məlumat əldə etmək mümkündür. Muzeydə həmçinin Qubadlı şəhidləri, kəndləri, rayonun ictimai həyatında rol oynamış insanlar barədə məlumat var. Əslən Qubadlıdan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları da burada sərgilənir. Muzeydə xalq qəhrəmanları Qaçaq Nəbi Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri qorunub saxlanılır.

Qubadlının təhsil şəbəkəsinin bərpası üçün əsaslı işlər görülüb. Hazırda rayonda 3 məktəb fəaliyyət göstərir. Saray Xanlıq orta məktəblərində əsaslı, qalanlarında isə təmir işləri başa çatıb. 2018-2019-cu tədris ilində rayonun məktəblərinin 444 məzunundan 297-i nəfəri tələbə adını qazanıb. 87 nəfər isə kolleclərə qəbul olub. Rayonun Çaytumas Xocahan məktəbləri ali orta ixtisas təhsil müəssisələrinə qəbulda 100 faiz nəticə göstərib. Rayon üzrə 671 balla ən yüksək nəticə göstərən Aydan Vüqar qızı İbrahimova Çaytumas kənd tam orta məktəbinin yetirməsidir.

Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə xidmət göstərir. Ötən dövr ərzində 10 min 897 ambulator xəstə qəbul edilib, onlardan 27 nəfər stasionar müalicəyə, 38 nəfər isə sanator-kurort müalicəsinə göndərilib. Beş yüzdən artıq şəkərli diabet xəstələri dərman tibbi ləvazimatlarla təmin edilib.

Bu gün qubadlılılar məskunlaşdıqları ərazidə kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olur. Rayona 79,4 hektar əkin sahəsi ayrılıb ki, bunun da 40,6-sı taxıl, 7,3-ü bostan bitkiləri, 25,8 -i yonca, 3 -ü tərəvəz, 2,7 hektarı isə tut bağlarıdır. Kümdarlar tərəfindən 1 ton 120 kiloqram yüksək keyfiyyətli yaş barama tədarük edilib.

Doğma yurdlarının işğalından ötən 26 il qubadlılıların yaddaşına ağrılı-acılı yazıldı. Hazırda onlar rahatlıq tapsalar da, torpaq həsrətini qəlblərindən çıxara bilmirlər. Amma buna da inanırlar ki, Azərbaycan dövlətinin məqsədyönlü siyasəti, ordumuzun döyüş ruhu işğal altında olan torpaqlarımızı azad etmək üçün yetərincədir! Bu, gec-tez olacaq!

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.-31 avqust.- S.5.