Texnoparklar qeyri-neft sənayesinin
inkişafını sürətləndirir
İlin birinci yarısında qeyri-neft sənayesində 15,7 faiz
artımın qeydə alınması bunu bir daha təsdiqləyir
Dayanıqlı inkişaf istehsalyönümlü sənayenin miqyasından asılıdır. Bunun üçün də hər bir ölkədə sənaye istehsalı ümumi istehsalda yüksək çəkiyə malik olmalıdır. Bizdə bu sahədə üstün mövqe neft sənayesinə məxsusdur. Lakin enerji daşıyıcılarının qiyməti dünya üzrə sabit olmadığı üçün bu dəyişkənlik ölkənin maliyyə bazarına bəzən müsbət, bəzən də mənfi təsir göstərir.
Bu məqsədlə ölkəmizdə də iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ön plana çıxarıldı. Beləliklə, qeyri-neft sektorunun inkişafı üçün iqtisadi islahatların aparılmasına start verildi. Ötən 15 ildə bu istiqamətdə görülən işlər nəticəsində ümumi istehsalda qeyri-neft sektorunun payı ildən-ilə artmaqda davam edir.
Azərbaycanda sənayeləşmə prosesini sürətləndirmək məqsədilə 2015-2020-ci illəri əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu sənədlə sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, hazırlanan tədbirlər planına əsasən sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabətqabiliyyətliliyin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi müəyyənləşdirilmişdir.
Sənayeləşmədə ölkədə yaradılan texnoparkların da əhəmiyyəti böyükdür. Texnoparklar yüksək keyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdir. Buna elmin son nailiyyətlərindən və müasir texnologiyalardan istifadə etməklə nail olunur. Son dövrlər Bakıda, eləcə də bölgələrdə texnoparkların və sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür. Məqsəd yerli və xarici sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə yeni sənaye müəssisələrinin yaradılmasına kömək göstərməkdir. Atılan bu müsbət addım öz bəhrəsini verir. Belə ki, yeni yaradılan texnoparklarda xarici və yerli sahibkarların fəaliyyəti getdikcə genişlənir.
Ölkədə texnoparklar yaradılarkən sahibkarlığın yeni istiqamətlər üzrə inkişafı da nəzərə alınıb. Bunun nəticəsidir ki, texnoparklarda xarici və yerli sahibkarlar birgə çalışırlar. Texnoparklara investisiya cəlb edilməsi üçün onlara müəyyən güzəştlər də edilir. Bu da istər yerli, istərsə də xarici sahibkarlardan ötrü əlverişlidir. Xüsusilə birbaşa xarici investisiyaların cəlb edilməsi üçün əlverişli infrastrukturun yaradılması, cəlbedici güzəştlər mexanizmi, müvafiq prosedurların sadələşdirilməsi, həmçinin elektron xidmətlərin təqdim edilməsi, idarəedici təşkilat tərəfindən təqdim olunan xidmətlər sahibkarları daha çox cəlb edir. Sözsüz ki, bütün bunlar dövlət dəstəyi sayəsində mümkün olur. İnvestorlar üçün yaradılan geniş imkanlar da bu sahəyə dövlət dəstəyinin olduğunu təsdiq edir.
Beləliklə, ölkəmizdə qeyri-neft sənayesini inkişaf etdirmək üçün sənaye parklarının yaradılmasına qərar verildi. Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə ilk dəfə Sumqayıt Kimya Sənaye Parkı yaradıldı. Məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsul istehsal etmək, həmçinin qeyri-neft sektorunun davamlı inkişafına nail olmaqdır. Bununla yanaşı, dünya bazarına keyfiyyətli məhsul çıxarmaqla əhalinin məşğulluğunu təmin etməkdır.
Sumqayıt Kimya Sənaye Parkında artıq 18 rezident var və bu rezidentlər mövcud layihələri üzrə sənaye parkına 2,9 milyard dollar investisiya qoymuş, 5 mindən çox daimi iş yeri açmışdır. Bunlar "Azertexnolayn” MMC, "SOCAR Polymer” MMC, "AzerFloat” QSC, "Azerbaijan Fibro Cement” MMC, "Baku Non Ferrous and Foundry Company” MMC, İnşaat Kimyəviləri Zavodu, "MST Engineering Services” MMC, "Aqrokimya Azərbaycan” MMC, "Alco” MMC, "STDC” MMC, "Azərxalça” ASC, "STP” MMC, "Tabaterra” QSC, SOCAR-ın Karbamid Zavodu, "Sumplast” MMC, "Labdisc Azərbaycan” QSC, "Nexus Labs” MMC, "Archi Glass” MMC-dir. Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin - parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılır. Hazırda bu müəssisələrdə istehsal olunan məhsullar ölkənin daxili tələbatını ödəməklə yanaşı, dünya bazarına da ixrac edilir. Çünki texnoparkda yüksək texnika və texnologiyalardan istifadə edildiyi üçün rəqabətqabiliyyətli məhsul istehsalına geniş imkan yaranıb.
İkinci böyük sənaye nəhəngi olan Balaxanı Sənaye Parkı Prezident İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə yaradılıb. Qeyd edək ki, həmin parkda fəaliyyət göstərən sahibkarların marağı nəzərə alınaraq dövlət başçısının 1 mart 2018-ci il tarixli sərəncamına əsasən onun ərazisi 1,3 hektar artırılaraq 8,3 hektara çatdırılıb. Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Parkın idarəedici təşkilatı "Təmiz Şəhər” ASC-dir. "Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik olan bu parkın təşkilində başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır. Ümumilikdə parkda 41,3 milyon manat investisiya ilə 16 rezident qeydiyyata alınmışdır.
2017-ci il sentyabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə parkın birinci hissəsinin açılış mərasimi keçirilmişdir. Həmin müəssisənin fəaliyyəti paytaxtın ekologiyasına böyük fayda verir. Həm də tullantıların təkrar emalı sayəsində məhsul istehsal olunur. Bu, şəhərin ekologiyasına müsbət təsir göstərməklə yanaşı, əhalinin məşğulluğuna da töhfə verir.
Prezidentin 3 iyun
2015-ci il tarixli sərəncamına
əsasən ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin
edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan
rəqabətqabiliyyətli sənaye istehsalının təşkili
və əhalinin istehsal sahəsində məşğulluğunun
artırılması məqsədilə Bakının Qaradağ rayonunda Qaradağ Sənaye Parkı
yaradılmışdır. Həmin parkın idarəedici təşkilatı
İqtisadiyyat Nazirliyinin
tabeliyində fəaliyyət göstərən
"Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. Hazırda parkın bir rezidenti var. Bu da "Bakı Gəmiqayırma Zavodu”
MMC-dir. İndiyədək sənaye
parkına 500 milyon dollara yaxın investisiya qoyulub, 2 minədək iş yeri yaradılıb.
Ölkənin hərtərəfli
inkişafına nail olmaq
üçün bölgələrdə
də sənaye müəssisələrinin yaradılmasına
xüsusi diqqət yetirilir. Dövlət başçısının 26 fevral 2015-ci il
tarixli sərəncamı
ilə Mingəçevir
Sənaye Parkının
yaradılması da bu məqsədə xidmət edir. Çünki bölgələrdə belə müəssisələrin
yaradılması həm
ölkənin ümumi
inkişafı nöqteyi-nəzərindən
əhəmiyyətlidir, həm
də burada yaşayan əhalinin məşğulluğuna geniş
imkan yaradır.
Müasir texnologiyaların tətbiqi,
rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə
yaradılan Mingəçevir
Sənaye Parkının
idarəedici təşkilatı
İqtisadiyyat Nazirliyinin
tabeliyində fəaliyyət
göstərən "Sumqayıt
Kimya Sənaye Parkı” MMC-dir.
Prezidentin iştirakı
ilə 2016-cı il 21 sentyabr tarixində Mingəçevir
Sənaye Parkının
təməlqoyma mərasimi
keçirilmişdir. Mingəçevir
Sənaye Parkında rezident kimi qeydiyyata
alınmış "Mingəçevir
Tekstil” MMC-nin iplik istehsalı üzrə dəyəri
85 milyon dollar, illik istehsal gücü 20 min
ton iplik olan 2 fabriki ("Ring” və
"Open End” üsulu ilə)
2018-ci ilin 27 fevral tarixində Prezidentin iştirakı ilə istifadəyə verilmişdir.
Avadanlıqlar Almaniya,
İsveçrə, İspaniya
və Yaponiyanın aparıcı şirkətlərindən
alınaraq quraşdırılmışdır.
Texnoparkda fəaliyyət
göstərən fabriklərdə
şəhər əhalisi
üçün 750 yeni
iş yeri açılmışdır.
Dövlət başçısının
14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə
Pirallahı Sənaye Parkı yaradılıb. Bu parkın idarəedici
təşkilatı İqtisadiyyat
Nazirliyinin tabeliyində
fəaliyyət göstərən
"Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli
Cəmiyyətdir. 30 hektar
sahəyə malik Pirallahı Sənaye Parkının 4,67 hektar torpaq sahəsində Almaniya, İtaliya və digər Avropa ölkələrinin
texnologiyası əsasında
ildə 22,5 milyon qutu və ya
500 milyon həb və kapsul istehsal edəcək zavod inşa edilir. Zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və
tənəffüs sistemi
təyinatlı dərmanlar,
antibiotiklər, virus əleyhinə,
diareya və qusmaya qarşı preparatlar, həmçinin
rentgen-kontrast və maqnit-rezonans müayinələr
üçün əlavələr
istehsal ediləcək.
Ümumilikdə zavodda birinci
mərhələdə 58 təsiredici
maddə üzrə
89 çeşiddə dərman
istehsal olunacaq. Bununla yanaşı, gələcəkdə
zavodda istehsalın daha da genişləndirilməsi
nəzərdə tutulur.
Cari ilin 6 ayında qeyri-neft sektorunda 3,2, qeyri-neft sənayesində
15,7, qeyri-neft ixracında
15 faiz artım qeydə alınıb. Sözsüz
ki, bütün bu uğurlarda ölkə sənayesində
flaqman rolunu oynayan texnoparkların payı böyükdür.
Texnoparkların istehsal etdiyi
məhsullar ölkənin
daxili tələbatını
ödədiyi üçün
belə məhsulların
idxalı ildən-ilə
azalır, valyuta axınının qarşısı
alınır. Digər tərəfdən,
burada istehsal olunan yüksək keyfiyyətli məhsullar dünya bazarına ixrac edilərək ölkənin daha çox valyuta əldə etməsinə
imkan yaradır. Bu da öz növbəsində ölkənin
dayanıqlı maliyyə
sisteminə müsbət
təsir göstərən
faktorlardan birinə çevrilir.
Rüstəm KAMAL,
Azərbaycan.- 2019.-29 avqust.- S.1; 4.