Azərbaycanda əhali həm təbii artımla, həm də miqrasiya yolu ilə çoxalır

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə əhalinin sayı ilin əvvəlindən 38 min 118 nəfər və ya 0,4 faiz artıb. Beləliklə, bu il iyul ayının 1-i vəziyyətinə əhalinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri təşkil edir.

Azərbaycanda əhali həmişə olduğu kimi, yenə də təbii artımla çoxalır. Bu ilin birinci yarısında təbii artımın əhalinin hər 1000 nəfərinə görə əmsalı da artıb, 7,6-dan 7,7-yə yüksəlib. Başqa sözlə, təbii artımdakı çoxalma 1068 nəfər olub.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun ayları ərzində 66 min 687 körpənin anadan olduğu qeydə alınıb. Bu, keçən ilin eyni dövründə olduğundan 521 körpə çoxdur. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalıb. Təzə anadan olan uşaqlardan 1478-i əkiz, 36-sı üçəmdir.

Bu ilin əvvəlindən doğulan körpələrin 46,6 faizini qızlar, 53,4 faizini oğlanlar təşkil edir. Yəni hər 100 qıza 115 oğlan düşür. Bioloji normaya görə isə oğlanların sayına aid rəqəm 105-107 olmalıdır. Dünyaya gələn körpələr arasında oğlanların bioloji normadan çox olması süni müdaxilələr nəticəsində baş verir.

Belə ki, bir sıra gənc ailələrdə ikinci, üçüncü qız övladı arzuolunmazdır. Buna görə də doğulacaq körpənin qız olduğu UZİ cihazları ilə müəyyən edildikdən sonra valideynləri onun dünyaya gəlmədən məhvinə qərar verirlər. Bu məsələnin müzakirəsi illərdir gündəmdən düşmür. Bununla belə vəziyyət yaxşılığa doğru dəyişmir.

Sözügedən problemin mövcud olduğu bir sıra digər ölkələrdə məsələyə qanunla müdaxilə edilir. Lakin bu, o qədər də müsbət nəticə vermir.

Odur ki, ən düzgün yol insanların şüurunda dəyişikliyin yaranmasıdır. Dünyaya gələn uşaqların cins tərkibinə süni müdaxilələr gələcəkdə böyük demoqrafik problemə çevrilə bilər. Bu, ailə quracaq qızların və oğlanların sayında balansın pozulması ilə nəticələnər. Statistika mütəxəssislərinin fikrincə, oğlanlarımız evlənərkən xaricdən gəlin "idxal etməli” olarıq.

Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda ölkə əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. Əgər təxminən 10 il əvvələ qayıdaraq həmin vaxtdan bəri statistik rəqəmləri izləsək, görərik ki, ölkə əhalisi arasında qadınların sayı getdikcə azalır.

Statistik məlumatlarda həmçinin bildirilir ki, bu ilin birinci yarısında 29 min 391 nikah və 8257 boşanma halları qeydə alınıb. Nikahların sayı artıb. Lakin təəssüf ki, boşanmalar da çoxalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6-ya, boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artıb.

Nikahların sayının artması ürəkaçandır. Bu, xalqımızın ailə, övlad sevgisinin tükənməz olduğunu təsdiqləyir, ənənələrə, milli-mənəvi dəyərlərə bağlılığını göstərir.

Boşanmalar isə... Deyirlər, neçə boşanma halı varsa, bir o qədər də səbəb var. Yəni hər cütlük özünə aid olan səbəbdən boşanır. Belədirsə, deməli, hər ailənin möhkəmliyini qorumaq, dağılmasına yol verməmək elə onun özündən asılıdır.

Statistik rəqəmlər ölkədə ölüm hallarının azaldığını göstərir. Bu tendensiya son illərdə demək olar ki, ardıcıl davam edir. Cari ilin birinci yarısında ölkədə 28 min 745 ölüm halı qeydə alınıb bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsinin 6-dan 5,9-a düşməsi deməkdir. Keçən ilin müvafiq dövründə ölənlərin sayı 29 min 292 olub. Deməli, dünyasını dəyişənlərin sayı 547 nəfər azalıb.

Ölüm hallarının azalmasının səbəbi ölkədə insanların maddi-rifah halının getdikcə daha da yaxşılaşması, əhalinin sağlamlığının dövlət səviyyəsində qorunmasıdır. Bununla yanaşı, Azərbaycan ailəsinin ənənələri məsələyə müsbət təsir edir. Axı doğmaların bir-birinə yorulmadan qayğı göstərməsi, yaşlılara hörmət, sevgi, qohumların qarşılıqlı xoş münasibətləri ömrü uzadan şərtlərdir.

Ölkədə miqrasiyanın saldosu da müsbət olaraq qalır. Bu ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, ölkədən isə 735 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.

Bunun da səbəbi aydındır. Azərbaycandakı sosial-iqtisadi inkişaf insanların həyatında öz müsbət əksini tapır. Odur ki, buraya köçüb gələnlərin sayı ölkədən biryolluq gedənlərin sayını xeyli üstələyir. Deməli, Azərbaycanda yaşamaq və işləmək xoşdur!

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.-29 avqust.- S.1; 4.