Dost dosta tən gərək
Azərbaycan-Gürcüstan: oxşar və fərqli cəhətlərimiz
2018-ci ildə Gürcüstana 8,7 milyon, Azərbaycana isə 2,7 milyon turist gəlib.
Azərbaycanın əhalisinin 10 milyon, Gürcüstanın isə
3,7 milyon nəfər olduğunu nəzərə
alsaq, onda riyazi məntiqlə belə çıxır ki, biz
gürcülərdən daha çox turist qəbul edə bilərdik.
Amma statistik rəqəmlər bizim xeyrimizə
deyil. Ona görə də bu suallara
müxbirimiz Tbilisidə cavab axtarmağa
çalışdı.
Düşünürdük
ki, Tbilisiyə ayağımız dəyən kimi ildə 9
milyona yaxın turist qəbul edən ölkənin hər
qarışında əfsanələr, ağla batmayan rəvayətlər
və gürcülərin misilsiz qonaqpərvərliyi barədə
dastanlar kəşf edəcəyik. Bakı ilə Tbilisi
arasındakı eyniliklərin və fərqlərin nə dərəcədə
yaxın və nə qədər uzaq olmasını
araşdırmağa çalışdıq.
Gürcüstanın ildə
bir belə əcnəbi turisti qəbul etməkdə bizdən
üstünlüyünün nədə olduğu maraqlı
idi. Beləliklə,
əhalisinın sayı 3,7 milyon olan
Gürcüstanın ildə bizdən üç dəfə
artıq turist ziyarət etməsinin sirri nədədir? Təbii ki, bu suala cavab tapmaq üçün Tbilisiyə
baş çəkmək, hər şeyi gözlərimizlə
görmək lazım idi. Ona görə də
fikirləşdik ki, yollardan başlamaq daha məqsədəuyğundur.
Turizmin inkişafında ən vacib elementlərdən
biri nəqliyyat infrastrukturunun vəziyyətidir.
Yollar
Həqiqətən də hər
şey yoldan başlayır. Yol ölkənin
simasıdır, onun gözəlliyini büruzə verir,
müasirliyini nümayiş etdirir. "Qırmızı
körpü”nü o tərəfə adlayıb Tbilisiyə gedən
taksiyə əyləşirik. Sonra da ərinmədik,
gürcülərin paytaxtından 350 kilometr aralıda yerləşən
Batumiyə də baş çəkdik, yolları da doyunca seyr
etdik. Amma Gürcüstanın magistral
yollarının üstünlüklərini tapmadıq.
Əksinə, köhnə
sovet dönəmindən miras qalan yollarını bizim
müasir şose yolları ilə müqayisə etmək
qeyri-mümkündür. Ona görə ki, fərq yerlə-göy
arasındakı qədərdir.
Azərbaycanın müasir
yol infrastrukturu kökündən dəyişmişdir, ölkənin
hər yerində, hətta ən ucqar kəndlərə gedən
yollar belə yenidən çəkilmişdir. Bakıdan
Qırmızı körpüyədək uzanan magistral yol
rahatdır, genişdir, çoxzolaqlıdır və təbii
ki, Gürcüstanın yollarından dəfələrlə təhlükəsiz
və üstündür. Azərbaycanda
yollar ikitərəflidir, gecə də, gündüz də
rahat getmək mümkündür. Gürcüstanda
belə deyil, sadəcə yolların ortasından
ayırıcı zolaq çəkilib və ötmə əməliyyatlarında
bir qədər ehtiyatlı olmalısan, qarşıdan gələn
maşınları da gərək nəzərə alasan.
Biz gecə Batumidən Tbilisiyə gedəndə
o qədər də enli olmayan trasda sərt döngələrdə
narahatlıq hissi də keçirdik. Belə
ki, bizim yollar həddən-ziyadə müasir,
Gürcüstanda isə sovet dönəmində olduğu
kimidir.
Yəni istəsək də,
istəməsək də həqiqət ondan ibarətdir ki,
bizim turizm potensialımız yolların müqayisəsində
qonşularımızdan heç də geridə deyil, əksinə,
qat-qat üstündür. Azərbaycan səviyyəsində
logistika sistemini qurmaq üçün gürcülərə
milyardları xərcləmək lazımdır, bu da
mümkün olan iş deyil.
Gürcülər
və biz
Şəksiz ki,
gürcülər qonaqpərvərdir. Bizi Tbilisidə
Moskva Energetika İnstitutunda 1974-cü ildə bir yerdə
oxuduğum tələbəlik yoldaşım Elqudje
qarşıladı. Uşaq kimi sevinirdi, elə bil 40 il əvvəl yox, dünən
ayrılmışdıq. Bizə nisbətən ucuz, cəmi
60 lariyə kirayəlik ev tapmağa kömək
etdi. Ayağımız yerə dəyməmiş
Tbilisinin ən yaxşı restoranlarından birinə dəvət
etdi. Orada qaldığımız bir
neçə gündə bir neçə dəfə
sözümüz çəp gəldi. Avtobusda,
taksidə, restoranda pulu ödəmək üçün irəli
atılırdı. Mən qədərindən
çox əsəbiləşəndə isə deyirdi ki,
"sən elə bilirsən ki, mən Bakıya gələndə
əlimi cibimə salacağam? Arxayın ol, onu görməyəcəksən”!
İkinci günü Elqudjeni ram edə bildik.
Amma Bakıya dönüb evdəkilərə
gürcülərin qonaqpərvərliyindən
ağızdolusu danışanda oğlum güldü ki, ay ata,
biz onlardan daha irəlidəyik. Sənin xaricdən gələn
qonaqlarının sayı-hesabı yoxdur, İtaliyadan
tutmuş İordaniyayadək çox yerdən qonağın
olub. Hamısını da Elqudjedən pis
qarşılamamısan. O, sizi Tbilisidə gəzdirib, sən
isə qonaqlarını Şamaxıya da, Qubaya da
aparmısan... Uşaqlar gördüyünü
deyir, mübahisə etmək də mənasızdır.
Amma bizim və onların
qonaqpərvərliyi arasında elə də fərq yoxdur.
Ünsiyyət və
milli mentalitet
Gürcüləri həmişə
ünsiyyətcil və bir qədər də ziyafətlərə
meyilli xalq kimi qəbul etmişik. Gürcü şair və
yazıçılarını, gürcü filmlərini
sözün əsl mənasında sevmişik, lətifələri
həmişə dəbdə olub. Sovet
dönəmində gürcülərin əliaçıqlığı,
səxavəti digərlərinə nümunə idi. Gürcü mentaliteti, gürcü xarakteri elə o
vaxtdan xüsusi brend idi. Onları hamı
tanıyırdı, hamı rus dilində gürcü ləhcəsi
ilə zarafatlaşmağı, lətifə
danışmağı sevərdi. Bu
gün də bunların hamısı yerli-yerindədir.
Amma di gəl ki, biz nədənsə
ünsiyyətlə bağlı Tbilisidə əziyyət
çəkdik. Gürcü dilini bilmədiyimizdən rus
dilində soruşurduq. Yolda, supermarketlərdə
ağzını açıb nəsə soruşursan və
görürsən ki, səni anlamırlar. Bu da çətinlik yaradırdı. Elektronika malları dükanında istədiyimiz bir
şeyin başqa formasını soruşduq, nə qədər
əlləşsək də satıcını anlada bilmədik.
Onun da heç vecinə olmadı ki, müştərini
əlindən qaçırır. Elqudje
bizə izah edir ki, indi gənclər rus dilinə maraq göstərmirlər,
hamı üçün ingilis dili daha önəmlidir. Yəni bu dildə danışa bilənlərin
sayı çoxdur.
Bu cəhətdən Bakı
qeyri-adi şəhərdir. Rus dilini bilirsənsə,
səni hər yerdə başa düşəcəklər,
danışacaqlar, suallarına da cavab verəcəklər.
Sıxıntın olmayacaq, özünü bu
şəhərdə qərib hiss edən deyilsən. Belə çıxır ki, biz tolerantlıq
baxımından gürcülərdən xeyli
üstünük. Bu cəhətdən nəinki
Qafqazda, həm də bütün dünyada seçilən
nadir bir xalqıq.
Gürcü mentalitetində
bir qədər özündən razılıq var, biz isə
qonaqla bir qədər fərqli rəftar edirik. Bura gələn istənilən
əcnəbi özünü evindəki kimi hiss edir,
çünki insanlar heç yerdə olmadığı kimi
mehribandır, üzügülərdir, qonağa yol göstərməyə,
nəyisə başa salmağa ərinmir. Səni
tanısalar da, tanımasalar da xüsusi qayğı göstərməyə
özlərini borclu sayırlar.
Memarlıq
Tbilisi, əlbəttə ki,
qədim şəhərdir və tarixinə uyğun da bənzərsiz
gözəl memarlıq nümunələrinin sahibidir. Köhnə Tbilisi, onun qala
içərisindəki abidələri, Rustavi prospekti, Kür
çayı boyu seyrəngahlar, restoran və kafelər, parklar
və Kürün üstündən keçən ensiz
körpünün ecazkar gecə mənzərələrindən
hədsiz zövq ala bilərsiniz. Gürcülər
Tbilisinin heykəlləri, qədim binaları və tarixi şəxsiyyətləri
ilə fəxr edirlər və buna haqları da çatır.
Biz Tbilisinin küçələrini gəzib
dolaşanda hər yerdə Şərq
memarlığının izlərinə rast gəlirdik. Burada Tbilisinin məşhur qotik və klassik
üslubda ucaldılan qədim və yeni binaları da əcnəbilərin
diqqətini cəlb edir.
Turistlər isə hər
yerdə gözə dəyirdi. Şəhərin mərkəzində,
meydanlarda ingilisi fransızdan ayırmaq olurdu. Bəzilərinin də elə badımcan
burunlarından, ya da arxalarınca sürü ilə yeriyən
çadralı arvadlarından haradan gəldiyini təyin etmək
çətin deyildi. Tbilisi doğrudan da
ürəyəyatan bir şəhərdir.
Əhalisinin sayı bütün
Gürcüstan əhalisinə yaxın olan Bakını
Tbilisi ilə müqayisə etmək doğrudan da ağlabatan
iş deyil, lap düzünə qalsa, mənasızdır. Tbilisinin tarixi abidələrinin yaşı bir
neçə yüzilliklə ölçülürsə,
Bakı minillik tarixə qollarını açan nadir şəhərlərdəndir.
Burada Şərq və Qərb
memarlığı harmonik bir vəhdət təşkil edir.
Yeni göydələnlər, nadir memarlıq
nümunələri Bakını qənirsiz bir şəhərə
çevirib. Onun küçələrində
gecə-gündüz gəzsən də, yorulmayacaqsan.
Axı Bakının mükəmməl memarlıq abidəsi
sayılan 110 yaşlı 30 kilometrlik Dənizkənarı
Milli Parkını Tbilisinin Kür çayı boyunca yerləşən
parkları ilə necə müqayisə edəsən? Kür çayı boyu uzanan bulvar bir yandan sal
qayalara dirənir, o biri tərəfdən də şose yolu ilə
kəsilib atılır.
Bakı dünyanın ən
gözəl şəhərlərindən biri kimi artıq hər
yerdə tanınır və Avropanın ən məşhur
şəhərlərini də ötüb keçir. Tanınmış
jurnalistlər, məşhur bloqerlər, ümumiyyətlə,
dünyanın məşhur simaları Bakının, Dənizkənarı
bulvarın gözəlliyini həmişə qeyd ediblər,
onun hətta Parisin Sena bulvarından daha gözəl
olduğunu etiraf ediblər. Əvvəllər
Bakını çox az adam
tanıyırdısa, indi bu şəhər dünyada məşhurdur
və hamının can atmaq istədiyi sevimli məkana
çevrilib.
Qiymətlər
İki şəhəri
müqayisə edəndə gördük ki, Bakı Tbilisidən
çox irəlidədir. Amma Şərqə üz tutan turist
üçün bir neçə vacib amil var: mehmanxana və
yeməklərin qiyməti, bir də dəniz.
Hamısını gəzmək
mümkün olmasa da, biz Tbilisinin bir neçə
restoranına baş çəkdik. Qiymətlər o qədər
də baha deyildi. Yəni istədiyini yeyib
ayağa duranda Bakıdakı kimi tərləmirsən,
gözlərin alacalanmır, yediyin də burnundan gəlmir.
İki bir, üç bir bizim pulla 25-50 manat
arasında sayılan xərclə restoranlarda nahar etdik, şam
yeməyinə oturduq. 20 manata Bakı
bulvarında yalnız çay süfrəsinə əyləşə
bilərsən. Bu ola bilər ki, kənd
təsərrüfatı məhsullarının
Gürcüstanda bizə nisbətən daha ucuz olması ilə
bağlı olsun. Amma gözə görünən odur ki,
Tbilisi qiymətlərini tənzimləyir, büdcəsi zəif
turist də az pula yaxşı dincələ
bilir. Ona görə də buraya gələn
turistlərin əksəriyyəti üçün qiymətlər
vacibdir. Və bəzən hətta deyirlər
ki, Gürcüstan kiçik büdcəsi olan turistlər
üçündür.
2018-ci ildə Gürcüstana ən
çox turist Azərbaycandan gedib - 1,4 milyon
nəfər. İkinci yerdə Rusiyadır,
üçüncü yerdə Ermənistan. Bu
üç ölkədən gələnlərin sayı 4,1 milyondur. Belə
çıxır ki, ölkəyə gələn əcnəbilərin
tən yarısı bu 3 qonşunun payına düşür.
Turist üçün
mehmanxanaların qiyməti də vacib məsələlərdən
biridir. Tbilisidə istədiyin qiymətə qalmağa yer
tapa bilərsən. 10 manatdan başlayan
qiymətlər də var. Çarpayı da ala bilərsən
bir gecəlik, mənzil də kirayə götürə bilərsən.
Biz birotaqlı mənzili 60 lariyə, hardasa 40
manata götürdük. Dedilər ki,
turist axını artanda qiymətlər də dəyişir.
Yəni hotelçilikdə qiymətlər
çevikdir, sürətlə tənzimlənir. Xusisi
saytlarda əlverişli ev, mehmanxana
axtarıb tapmaq rahatdır.
Bakıda isə belə deyil. Bahalı hotellər çoxdur, amma ucuzunu tapmaq o qədər də asan deyil. Hətta evlərini bir günlük kirayə verənlər də hesab edirlər ki, əcnəbidirsə, ev sahibi istəyən pulu ödəməlidir.
Belə çıxır ki, nisbətən ucuz mehmanxanalar tikilsə, restoranlar şəbəkəsi yaradılsa və dəniz çimərliklərində yeri belə satıb müftə pul qazananların qarşısı alınsa, turist axınını xeyli artırmaq mümkündür.
O da reallıqdır ki, Azərbaycana gələn əcnəbilərin sayı ildən-ilə durmadan artır. Bu ilin 6 ayı ərzində ölkəmizə 1,4 milyon turist gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 7 faizdir. Bu, əslində ciddi rəqəmdir. Amma ölkəmizin turist axınını daha sürətlə artırmaq imkanları mövcuddur. Azərbaycana gələn turistlərin təxminən yarıdan çoxu Rusiya (29,4 faiz) və Gürcüstan (24,3 faiz) vətəndaşlarıdır. Üçünci yerdə Türkiyədir (10 faiz).
Sonda onu qeyd etmək vacibdir ki, Tbilisi ilə Bakını müqayisə edəndə əksər göstəricilər üzrə Azərbaycan paytaxtı irəlidədir. Düzdür, o da reallıqdır ki, Bakı bahalı şəhərdir. Londonda 5 manata nahar etmək istəsən, sənə gülərlər. Heç Moskvada da bu, mümkün deyil. Və ola bilsin ki, Bakıda da qiymətləri o qədər endirmək mümkün olmayacaq. Lakin turist axınını gücləndirmək üçün müəyyən addımların atılması da zəruridir. Bahalı xidmətlə yanaşı, nisbətən ucuz başa gələn xidmətlərin təşkil edilməsi turist axınını daha da artıra bilər.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.-29 avqust.- S.1; 5.