İçərişəhərdə yeni park salınır

 

"Artıq 3 aydır ki, Qoşa Qala qapılarında restavrasiya işlərinə başlamışıq. Bu böyük proses olduğu üçün restavrasiya və bərpa-konservasiya işləri bir müddət davam edəcək”.

Bu fikirlərin müəllifi "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımovdur. Onun sözlərinə görə, İçərişəhər ərazisində yeni park da salınır: "Həmçinin Bakı Xanlarının Sarayında restavrasiya işləri aparılır. İlin sonuna qədər bərpa işləri bitəcək və yeni muzey ekspozisiyası yaradılacaq. Həmin ərazidə 3 il əvvəl tapılmış yeraltı hamamla Bakı Xanlarının Sarayı arasında böyük park salınır. Bu istirahət guşəsi bütün sakinlər, Bakı şəhərinin qonaqları üçün nəzərdə tutulub. İnşallah, ilin sonunda həmin ərazi təhvil veriləcək”.

Xatırladaq ki, 2019-cu ilin may ayında Qoşa Qala qapılarında başlayan bərpa-konservasiya işləri Avstriyanın tanınmış "Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.

Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa olunub. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala divarlarının şimal-qərb istiqamətindən 150 metrə yaxın hissəsi ilkin vəziyyətinə gətirilib.

 

Azərbaycan.- 2019.-29 avqust.- S.5.