TANAP Türkiyə, Azərbaycan və digər qonşu
xalqlara fayda və tərəqqi verəcəkdir
İlham
Əliyev: “Həyata keçirilən nəhəng layihələr
Azərbaycan və Türkiyənin gücünü göstərir”
Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Əvvəlcə Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP – Trans-Anadolu qaz boru kəməri layihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirildi.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz TANAP layihəsinin əhəmiyyətindən danışdılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Hörmətli dövlət və hökumət başçıları.
Əziz dostlar.
İlk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana məni bu tarixi mərasimə dəvət etdiyi və göstərdiyi qonaqpərvərlik üçün dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam.
Bu gün tarixi gündür. Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir.
Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür.
TANAP-a qədər
apardığımız birgə işlər TANAP-a yol
açdı.
Çünki əgər 2006-cı ildə
Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi,
bu gün TANAP haqqında danışmaq mümkün
olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin
təməlini çağdaş Azərbaycan dövlətinin
lideri Heydər Əliyev öz əlləri ilə qoymuşdur
və 2006-cı ildə əziz qardaşım, Prezident
Ərdoğanla birlikdə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft boru xəttini
istismara verdik. Bu günə qədər
Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və
dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin
450 milyon tondan çox nefti nəql edilmişdir. Bunun
böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan,
27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu
Qazaxıstanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yəni, bir sözlə, Bakı-Tbilisi-Ceyhan nəinki
Azərbaycanın, digər ölkələrin nefti
üçün də gözəl bir infrastruktur layihəsi
oldu və bu gün də uğurla fəaliyyət göstərir.
2007-ci ildə yenə də əziz
qardaşımla Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin
açılışını etdik və bu da TANAP-a yol
açan digər layihə idi. Qeyd etdiyim
kimi, 2015-ci ildə Qarsda TANAP-ın inşası
başlamışdır. Fürsətdən
istifadə edərək, TANAP-ın inşasında iştirak
etmiş bütün insanlara dərin təşəkkürümü
bildirmək istəyirəm. Onların fədakarlığı
və peşəkarlığı bu nəhəng layihənin
vaxtında istismara verilməsində böyük rol
oynamışdır.
TANAP Cənub Qaz Dəhlizinin
bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng
infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard
dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - "Şahdəniz” və Cənubi
Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə
TANAP tam istifadəyə verilir. Dördüncü layihə
olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək.
Beləliklə, Avrasiyada ən böyük
infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi
vaxtında istismara veriləcəkdir.
Bildirməliyəm ki, bu layihələrin
həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə
siyasi iradəsinin məhsuludur, eyni zamanda, biz bunu digər
ölkələrin iştirakı və özəl şirkətlərin
maliyyə dəstəyi ilə reallaşdırdıq. Bu gün Cənub
Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir
və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir.
Bu layihə ölkələr arasında
körpülər yaradacaq və daha böyük anlaşmaya
yol açacaq. Bu layihədə iştirak edən 7
ölkə, - onlardan üçü Avropa İttifaqının
üzvüdür,- bundan sonra uzun illər
birlikdə çalışacaq və bunun faydasını
bölüşəcəklər. Yəni, bu
layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli
anlaşma gətirir. Yəni, bu layihələrə,
sadəcə olaraq, enerji layihələri kimi baxmaq
düzgün olmaz. Onu da bildirməliyəm
ki, bizim enerji layihələrimiz digər layihələrə də
yol açdı. İki il bundan əvvəl
əziz qardaşım, Prezident Ərdoğanla birlikdə
Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun
açılışını qeyd etdik. Hazırda
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə həm Azərbaycanın,
həm Orta Asiya ölkələrinin, həm də
Əfqanıstanın və Çinin yükləri
daşınır. Bu dəmir yolu qitələri
birləşdirir. Necə ki, bizim boru xətlərimiz.
Digər layihə elektrik enerjisinin
ötürülməsidir. Artıq Azərbaycan
Gürcüstana və Türkiyəyə elektrik enerjisini ixrac
edir. Əgər enerji layihələri,
yaşadığımız bölgədə sabitlik,
qarşılıqlı dəstək, anlaşma olmasaydı
bunların biri də həyata keçməzdi.
Türkiyə-Azərbaycan
dostluğu, qardaşlığı gündən-günə
möhkəmlənir. Mən bu gün dünya miqyasında
ikinci belə ölkələr tanımıram ki, Türkiyə
və Azərbaycan qədər bir-birinə yaxın olsun.
Bizim aramızdakı ticarət dövriyyəsi
artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40
faizdən çox artıb və 3,4 milyard
dollara çatıbdır. Qarşılıqlı
yatırımlar bizim qardaşlığımızı
göstərir və eyni zamanda, onu göstərir ki, biz
bir-birimizə güvənirik. Bir-birimizin
iqtisadiyyatına dəstək veririk. Türkiyə
bu günə qədər Azərbaycan iqtisadiyyatına 12
milyard dollardan çox vəsait yatırıb. Azərbaycan
isə Türkiyəyə 17,5 milyard dollar
sərmayə qoyub və bu yatırımlar bizim
xalqlarımızın rifah halını
yaxşılaşdırır.
Eyni zamanda, Türkiyə bu
gün xarici sərmayələr üçün
açıq ölkədir və çox məqbul yerdir. Əziz
qardaşım, Prezident Ərdoğanın liderliyi sayəsində
Türkiyə həm iqtisadi, həm də siyasi sahədə
böyük uğurlara imza atıb. Biz əvvəlki
dövrü yaxşı xatırlayırıq. O vaxt
Türkiyə Beynəlxalq Valyuta Fondunun və başqa maliyyə
qurumlarının borcundan yaxa qurtara bilmirdi, asılı vəziyyətdə
idi. İqtisadi asılılıq istər-istəməz
siyasi asılılığa gətirib çıxara bilər.
Məhz Prezident Ərdoğan tərəfindən
aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində
Türkiyə bu asılılıqdan yaxasını qurtara
bildi və bu gün çox güclü iqtisadiyyat kimi
dünya miqyasında öz sözünü deyir. Bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir.
Nəinki yerləşdiyi bölgədə, dünyada
Türkiyənin sözünün çəkisi artır,
imkanı genişlənir və hər kəs bilməlidir,
heç kim unutmamalıdır ki, bu
qardaş ölkə buna görə kimə borcludur.
Tarixdə liderlərin rolu
haqqında kifayət qədər kitablar yazılıb, elmi əsərlər
yaradılıb və müxtəlif fərziyyələr,
fikirlər var. Onların hər biri qəbuldur. Ancaq tarix
göstərir ki, liderin rolu bir çox hallarda həlledici
olur, bu, danılmazdır. Bu gün möhkəm
Türkiyə və onun lideri inkişafı, sabitliyi təcəssüm
etdirir və gələcəyə nikbinliklə baxmaq
üçün imkan yaradır. Biz buna
sevinirik. Çünki Türkiyənin
gücü bizim gücümüzdür, Türkiyənin
uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki
qardaş ölkə kimi çiyin-çiyinə irəliyə
gedəcəyik. Bizim qarşımızda
bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr
bizim gücümüzü göstərir və bizim
gücümüzü artırır. İqtisadi
güc nəticədə siyasi gücə çevrilir.
TANAP və Cənub Qaz Dəhlizi,
eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Bu gün
dünya miqyasında enerji təhlükəsizliyi haqqında
danışılır və bu məsələ
dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq
formatı yaradılıb. İstehsalçı
ölkə Azərbaycan, tranzit ölkələri və
istehlakçı ölkələr birlikdə
çalışır. Bizim mənafeyimiz
də birdir, gəlirimiz də ədalətli şəkildə
bölünür. Bir daha demək istəyirəm
ki, bütün bu layihələr bölgədəki sabitliyi
möhkəmləndirir.
Mən əminəm ki, bundan
sonra da birgə həyata keçirəcəyimiz bütün
layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi,
Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu
olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə
inamla addımlayacaq.
Yaşasın Türkiyə-Azərbaycan
dostluğu, qardaşlığı!
***
Sonra Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
çıxış etdi.
Prezident Rəcəb
Tayyib Ərdoğanın çıxışı
- Azərbaycan Prezidenti, çox
hörmətli qardaşım İlham Əliyev.
Gürcüstanın Baş
Naziri hörmətli Giorgi Qaxariya.
Bosniya və Herseqovinanın
Rəyasət Heyətinin üzvü cənab Şefik
Caferoviç.
Serbiya Milli Məclisinin sədri
xanım Maya Qoykoviç.
Hörmətli nazirlər, səfirlər,
enerji ictimaiyyətinin təmsilçiləri.
Sizi ən səmimi hislərimlə,
sevgi və ehtiramla salamlayıram.
Cənub Qaz Dəhlizi layihəsinin
bel sütununu təşkil edən Trans-Anadolu təbii qaz boru
kəməri - TANAP-ın Avropa ilə birləşən hissəsinin
xeyirlərə səbəb olmasını diləyirəm. Sizi bu
mühüm açılış mərasimi münasibətilə
ölkəmizdə qəbul etməkdən böyük məmnunluq
duyuram. Sevincimizi bölüşmək məqsədilə
Ədirnəyə gəldiyiniz üçün hər birinizə
təşəkkür edirəm.
Bu gün hamımız
birlikdə ölkələrimiz və bölgəmiz
üçün həqiqətən də tarixi bir ana
şahidlik edirik. Hər mərhələsi səbirlə, diqqətlə,
Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq səyləri
ilə ərsəyə gələn yeddi il
yarımlıq uzun və çətin bir prosesi uğurla
başa çatdırmağın haqlı qürurunu
yaşayırıq.
Birincisi, TANAP Azərbaycan,
Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə
birləşir və təbii ki, oradan davam edərək
Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və
Herseqovina marşrutu üzərindəki ölkələr də
ondan faydalanır. Təbii ki, bütün bu
addımları atarkən bunun bir regional layihə, bir sülh
layihəsi olduğunu da xüsusilə vurğulamaq
lazımdır. Gürcüstan ərazisindən
Anadoluya giriş reallaşarkən Gürcüstanın
buradakı səylərini əsla inkar etmək olmaz. Bu, bir həmrəylikdir və bu həmrəyliyin
adı da sülhdür.
Bu layihə hər şeydən
əvvəl ölkələrimiz arasındakı köklü
dostluğun rəmzidir. TANAP bu mərhələyə Türkiyə
və Azərbaycanın qarşılıqlı inama söykənən
əlaqələri sayəsində gələ bilmişdir.
Layihənin uğur qazanmasında
istehsalçı, tranzit və istehlakçı ölkələrlə
bu layihədə pay sahibi olan şirkətlər
arasındakı uzlaşma da həlledici rol oynayıb. Xatırlatmaq istərdim ki, TANAP-la bağlı ilk
addımı 2012-ci ilin iyun ayında İstanbulda hökumətlərarası
müqavilələrin imzalanması ilə atmışdıq.
"Şahdəniz 2” yekun
investisiya Sazişini isə 2013-cü ilin dekabr ayında
Bakıda təşkil edilən mərasimlə başa
çatdırdıq. Bundan sonra 2015-ci il martın 17-də
Qarsda Türkiyə, Azərbaycan və Gürcüstan
prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma
mərasimi keçirildi. Bu tarixdən üç il sonra - 2018-ci il iyunun 12-də isə dost və
qardaş ölkələrin də iştirakı ilə
Əskişəhərdə TANAP-ın açılış
mərasimini keçirdik. 2012-ci ilin iyunundan
ötən müddətdə TANAP layihəsinin
reallaşdırılması üçün həqiqətən
böyük əmək sərf etdik. Xüsusilə,
daxildə və xaricdə dəf etdiyimiz bir neçə təhlükəli
vəziyyətə, regional gərginliyə, hətta
silahlı toqquşmalara qədər gedib çıxan
qeyri-sabitliklərə baxmayaraq, TANAP-ı
planlaşdırıldığı kimi həyata
keçirdik.
Çox dəyərli
qardaşım Əliyevin şəxsən diqqəti, istər
Gürcüstanın aidiyyəti qurumları ilə əməkdaşlıq,
istərsə də bu layihədə əməyi olan
qardaşlarımızın səyləri ilə,
şükür olsun, TANAP-ı bugünkü səviyyəyə
gətirdik. Bu gün hamımız birlikdə sərf etdiyimiz əməyin
hədər getmədiyini görürük. "Enerjinin İpək yolu” adlandırılan bu
möhtəşəm layihənin nəzərdə tutulan təqvimə,
hədəflərimizə və öhdəliklərimizə
uyğun şəkildə ölkələrimizlə
bağlı hissəsini bu gün tamamlayırıq.
Bu layihə ilə sahib
olduğumuz zənginlikləri öz vətəndaşlarımızın,
onlarla yanaşı, bütün bölgə
xalqlarının, bütün insanlığın xidmətinə
verməklə bağlı iradəmizi bir daha ortaya qoyduq. Biz TANAP ilə
ölkəmizin enerji ehtiyacını təmin etməklə
yanaşı, Avropanın enerji təhlükəsizliyinə də
töhfə verməyi hədəflədik.
Siz də bildiyiniz kimi, TANAP
Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji dəhlizinin ən
önəmli hissəsidir. Bu gündən etibarən Azərbaycanın
təbii qazı ölkəmizin 20 vilayətindən, 67
rayonundan və 600 kəndindən keçərək artıq
Avropanın qapısına, yəni, buraya
çatmışdır. TANAP ilə 16 milyard
kubmetr Azərbaycan təbii qazının Türkiyənin və
Avropanın istifadəsinə verilməsi əfsanədən həqiqətə
çevrilib. Bu 16 milyard kubmetr qazın 6
milyardını biz, 10 milyardını isə Avropa ölkələri
istifadə edəcək.
Həqiqətən də 2019-cu il
noyabrın 18-dək TANAP vasitəsilə Türkiyəyə
daşınan qazın həcmi 3,23 milyard
kubmetrə çatdı. Qarşıdakı illərdə
TANAP-ın nəqletmə qabiliyyətini əvvəlcə 24
milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə
çatdırmağı planlaşdırırıq. Bundan sonra əsl məsuliyyət sərhədin o
biri tərəfindəki qonşularımızın üzərinə
düşür. Avropaya qaz nəqlinin
başlaması üçün Trans-Adriatik təbii qaz boru kəməri
– TAP qısa müddətdə başa
çatdırılmalıdır. İnşallah,
TAP-ın 2020-ci ildə başa
çatdırılmasını gözləyirik.
Əziz dostlar, bəşəriyyət
son iki əsrdə enerji mənbələrinə nəzarət
uğrunda müharibələr, mübarizələr
aparmış, nəticədə milyonlarla insan həyatını
itirmişdir.
Xüsusilə, yerləşdiyimiz coğrafiya
enerji mənbələri ilə bağlı yaşanan
ağır rəqabətə bilavasitə səhnə olub.
Yaxın Şərqin on illər boyunca
qeyri-sabitliklə mübarizə aparması planının
arxasında məhz bu məsələ vardır. Bir damcı nefti insan qanından, insan həyatından
daha qiymətli hesab edən düşüncə dünyaya
sülh və əmin-amanlıq gətirə bilməmişdir.
Yaşanan bu qədər acıya, ölümə,
fəlakətə baxmayaraq, təəssüf ki, bu
düşüncənin müəyyən qüvvələr tərəfindən
davam etdirildiyini görürük. Xüsusilə,
Aralıq dənizinin şərqində mövcud karbohidrogen
ehtiyatlarının bölüşülməsi məsələsində
bəziləri ədalətli bölgü əvəzinə, gərginliyi
körükləməyə çalışırlar. Ədalətli bölgü imkanı var ikən, təhdid
dilinə və şantaj siyasətinə əl atırlar.
Halbuki heç bir ölkə beynəlxalq
hüquqdan üstün deyil. Zor gücü ilə bir nəticənin
hasil ola bilməyəcəyi artıq dərk
edilməlidir. "Mən etdim, oldu” məntiqi ilə
heç kəs öz istəyinə çata bilməz. "Əba altından dəyənək” göstərərək
heç bir ölkə başqasını öz haqlarından
əl çəkməyə məcbur edə bilməz. Xüsusilə, Türkiyə belə bir
düşüncəyə əsla boyun əyməz.
Ölkəmiz nə öz
hüququnun, nə də Kipr türkünün
maraqlarının tapdanmasına icazə verməz. Aralıq dənizinin
şərqində uzun dəniz sahillərinə sahib olan bir
ölkəni kənarlaşdıraraq layihələr həyata
keçirməyə çalışmaq onsuz da mümkün
deyil. Hazırda ən son texnologiyalara sahib
iki qazma gəmimiz – "Fateh” və "Yavuz” ilə iki seysmik
araşdırma gəmimiz bölgədə fəaliyyətlərini
davam etdirir. Biz onların
çığır-bağırı ilə bu gəmilərimizi
oradan çəkməyəcəyik. Onlar
hazırda orada öz vəzifələrini yerinə yetirirlər
və yetirməkdə davam edəcəklər. Gəmilərimizin və heyətlərimizin təhlükəsizliyi
isə Dəniz Qüvvələrimiz tərəfindən ən
yüksək səviyyədə təmin edilir. Bu gəmilərin həyata keçirdiyi fəaliyyətlərin
qısa müddətdə bəhrə verəcəyinə
inanıram. Bilirsiniz, indi Liviya ilə də
anlaşma əldə etdik. Liviya ilə əldə
etdiyimiz bu anlaşma parlamentimizdə təsdiq olunduqdan sonra həmin
işi xeyli fərqli səviyyəyə
çatdıracağıq. İndi nə
edirlər? Liviyanı təhdid etməyə
başlayıblar. Bu anlaşma əldə
edildi. İndi bu anlaşmanın digər
hissələri də eyni qaydada tətbiq ediləcək.
Bizim qazma işlərimizdən münaqişə
və qan deyil, sülh və rifah püskürəcəkdir.
Mən bu inamla sizin vasitənizlə
Aralıq dənizindəki bütün tərəflərə
səmimi bir çağırış etmək istəyirəm:
Gəlin, enerjini münaqişə vasitəsi əvəzinə,
əməkdaşlıq zəmininə çevirək.
Diplomatiyanın imkanlarından istifadə etmək var ikən,
bölgəyə yeni qurbanlar verdirəcək yollara əl
atmayaq!
Əziz dostlar, artan əhali
və böyüyən iqtisadiyyat nəticəsində
enerjinin çox ciddi bir qlobal məsələ olaraq
qarşımızda durduğunu bilirik. Eyni qaydada
dünya enerji xəritəsinin dəyişdiyini, bu sahədə
yeni aktorların, yeni layihələrin məhz bu gün burada
olduğu kimi, yeni əməkdaşlıq modellərinin ortaya
çıxdığını görürük. Enerji təhlükəsizliyinin təmin edilməsində
istehsalçı, tranzit və istehlakçı ölkələr
arasındakı möhkəm əməkdaşlığın
vacib olduğuna inanırıq.
Türkiyə strateji
mövqeyi ilə enerjini hasil və istehlak edən ölkələrin
tam qovuşuğunda yerləşir. Bu gün Yer kürəsində
mövcud təbii qaz ehtiyatlarının 70 faizi, neft ehtiyatlarının
isə 60 faizi qonşularımızın
torpaqlarındadır. Bundan başqa,
ölkəmiz Avropanın dördüncü, dünyanın isə
18-ci ən böyük təbii qaz bazarıdır.
2002-ci ildə beş vilayətimizdə təbii
qaz var idisə, artıq 81 vilayətimizin hamısına təbii
qazın çatdırılmasını təmin etdik. 2019-cu il avqustun sonuna olan rəqəmlərə əsasən,
144 min kilometrdən çox təbii qazpaylama şəbəkəsinə
nail olmuşuq. Ölkəmizin əhalisinin 81 faizinə, yəni,
66,5 milyon insanımıza təbii qazı
çatdırdıq. 2018-ci ildə təbii qaz tələbatımız
isə 49,3 milyard kubmetrə çatıb.
Təbii qazsaxlama potensialımızı 4 milyard
kubmetrdən 11 milyard kubmetrə çatdırmağı
planlaşdırırıq. İki üzən
qazsaxlama və qazlaşdırma gəmisini istifadəyə
verdik. İnşallah, bunlara daha birini də
əlavə edəcəyik. Ümumilikdə 5,4 milyard kubmetr tutumu olan Duz gölü
yeraltı qaz anbarlarının sonuncusunun təməlini bu il
qoyduq. Onun 2023-cü ildə istifadəyə
verilməsi ilə dünyanın ən böyük yeraltı
qaz anbarlarına sahib olacağıq.
Bütün bu statistik rəqəmlərin
ölkəmizə təmin etdiyi imkanlarla yanaşı,
çox ciddi bir məsuliyyət də tələb etdiyini
bilirik. Həqiqətən də bu günə qədər
bu məsuliyyətimizi dərk edərək hərəkət
etdik. Qarşılaşdığımız
bir çox ikili standartlara baxmayaraq, dialoqdan, diplomatiyadan, beynəlxalq
hüquqdan əsla geri çəkilmədik. Rəqabət əvəzinə əməkdaşlığın,
gərginlik əvəzinə müzakirənin, münaqişə
əvəzinə məsələlərimizi danışaraq həll
etmək yolunu seçdik. Bizə bir
addım atana biz qaçaraq getdik. Bu gün də, sabah da eyni xoş niyyətlə hərəkət
etməyə davam edəcəyik. Nə öz
haqlarımızdan, nə Şimali Kiprin haqqından vaz
keçəcəyik, nə də haqqımız olmayana əl
uzadacağıq. Ədalət, sabitlik və
regional əməkdaşlıq üçün səylərimizi
davam etdirəcəyik.
Bu gün hamımız
birlikdə Avropa ilə birləşməsinin
açılış mərasimini qeyd etdiyimiz TANAP ölkəmizin
sülhpərvər baxışının konkret nümunəsidir. Dünya
gündəmini ticarət müharibələrinin, terrorun,
etirazların, qeyri-sabitliyin zəbt etdiyi bir dövrdə biz bu
gün Avropa ilə Asiyanı TANAP vasitəsilə birləşdiririk.
Buradan bölgəmizlə yanaşı,
bütün dünyaya əməkdaşlıq və tərəfdaşlıq
mesajları veririk. Türkiyəni
üç qitənin enerji və ticarət mərkəzinə
çevirmək yolunda yeni bir addım atırıq.
Çıxışımı bu
düşüncələrlə yekunlaşdırarkən,
TANAP-ın Avropa ilə birləşən hissəsinin
açılış mərasimində iştirak etdiklərinə,
görülən işlərdə əməyi olan
memarından mühəndisinə qədər bütün
qardaşlarıma, bütün rəhbər şəxslərə,
xüsusilə qardaşım İlham Əliyevə,
Gürcüstandakı dostlarımıza səylərinə
görə şəxsən öz adımdan, millətim
adından bir daha təşəkkürlərimi bildirirəm.
Təbii ki, qardaşım
İlham Əliyevin liderliyini unutmaq əsla mümkün deyil. Qonşumuz
Gürcüstana əməkdaşlığı ilə bu
layihəyə həyat verdikləri üçün minnətdarlığımızı
xüsusilə ifadə edirəm. Qarşıdakı
dövrdə "Hamımız qazanaq” prinsipi ilə yeni layihələrə
imza atacağımıza inanır, hamınızı sevgi və
ehtiramla salamlayır, "Yaşasın Azərbaycan-Türkiyə
qardaşlığı!” deyirəm.
***
Daha sonra Azərbaycan Prezidenti
İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan, Gürcüstanın Baş Naziri Georgi Qaxariya və
digər rəsmi şəxslərin iştirakı ilə
TANAP kəmərini TAP kəməri ilə birləşdirilməsi
mərasimi oldu.
Mərasim xatirə şəklinin
çəkdirilməsi ilə başa çatdı.
***
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin
əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan
sektorundakı "Şahdəniz-2” qaz-kondensat
yatağından çıxarılan qazı avropalı
istehlakçılara çatdıracaq. TANAP Türkiyənin
Ərdahan vilayətinin Posof qəsəbəsindən
başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən,
67 qəsəbə və 600 kənddən keçən və
Ədirnənin İpsala qəsəbəsində Avropaya
çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan
qazını Türkiyəyə və Avropaya çatdıran
TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi
Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində
isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər
hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan
sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.
TANAP layihəsi ilə bağlı Azərbaycan
ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz
boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da
İstanbulda imzalanıb və hər iki ölkənin
müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.
Layihə üzrə yekun investisiya qərarı isə
2013-cü il dekabrın 17-də qəbul
edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə
Prezidentlərinin iştirakı ilə Qarsda keçirilən
təməlqoyma mərasimindən sonra boru kəmərinin
inşasına başlanılıb.
Boru kəmərinin quru hissəsinin
diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə
36 düym təşkil edir. Kəmərin dəniz
səviyyəsindən maksimal hündürlüyü 2700 metr
yüksəklikdə yerləşir. TANAP-dan
Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və
onun maksimum illik ötürücülük qabiliyyəti 31
milyard kubmetrdir.
"Enerjinin İpək yolu”
adlandırılan TANAP-ın birinci fazası keçən il
iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində
istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli
planlaşdırıldığı kimi, həmin il iyunun 30-da
başlayıb.
Azərbaycan.- 2019.- 1 dekabr.- S.1-3.