İslahatlar idarəetməyə yeni keyfiyyət dəyişiklikləri gətirir

 

Prezident İlham Əliyevin dövlət idarəçiliyi sistemini daim təkmilləşdirməsi və bu istiqamətdə düşünülmüş addımların atılması xalqın və dövlətin maraqlarına, milli mənafeyinə xidmət edir. Bu proses yalnız kadrların dəyişməsi kimi xarakterizə edilmir, eyni zamanda idarəetməyə yeni keyfiyyət dəyişikliklərinin gətirilməsi ilə səciyyələnir.

Noyabrın 29-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Administrasiyasının yeni strukturu da təsdiq olundu və tərkibi yenidən formalaşdırıldı. Bunlar bir müddət əvvəl "İslahatlara alternativ yoxdur” və "Kadr islahatları labüddür, qaçılmazdır” fikirlərini söyləyən dövlət başçısının daha çevik idraəetmə formasının yaradılması istiqamətində həyata keçirdiyi işlərin davamıdır.

Bu il noyabrın 29-da isə Prezident İlham Əliyev İsrafil Məmmədovu yeni vəzifəyə - Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib. Qəbul zamanı dövlət başçısı bildirib ki, fondun fəaliyyətini yüksək qiymətləndirir. Məhz buna görə fondun icraçı direktoru Şahmar Mövsümovu Prezidentin köməkçisi vəzifəsinə təyin edib. ARDNF-nin yeni təyin olunan icraçı direktoruna isə tövsiyə və tapşırıqlar verib: "Tövsiyəm ondan ibarətdir ki, əldə olunmuş uğurları davam etdirəsiniz. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Dövlət Neft Fondu həm öz aktivlərini artırmalı, onları əhəmiyyətli şəkildə yerləşdirməlidir. Strateji resursumuz olan neft fondumuz daim ölkəmizin, xalqımızın mənafeyi üçün çalışmalıdır”.

ARDNF 20 il əvvəl Ulu Öndər Heydər Əliyevin tarixi qərarı ilə yaradılıb. Onun yaradılmasının təşəbbüskarı isə cənab İlham Əliyev olub. Dövlət başçısı həmin günləri belə xatırlayır: "Mənim təşəbbüsümlə Azərbaycan dövlət qurumlarının nümayəndələrindən ibarət heyət dünyanın müxtəlif ölkələrinə ezam edilmişorada oxşar fondların fəaliyyəti ilə tanış olmuşdur. Bundan sonra biz dünyada mövcud olan ən şəffaf və ən işlək model üzərində dayanıb onu qəbul etmişik və ötən 20 ilin təcrübəsi onu göstərir ki, bu, yeganə düzgün qərar idi”.

Yarandığı gündən indiyədək ARDNF-nin vəsaitləri, yəni orada toplanan - neftdən əldə edilmiş və hazırda həm də qazdan daxil olan gəlirlər ölkəmizin ümumi inkişafına böyük töhfələr verib. Azərbaycan dövləti bu vəsaitlər hesabına önəmli sosial layihələr icra edib. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məhz bu fondun vasitəsilə həyata keçirilir. İndiyədək həmin məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Hər il ARDNF-dən büdcəyə edilmiş transferlər hesabına çoxsaylı sosial layihələr gerçəkləşir. Bu, həmçinin maaşların, pensiyaların, müavinətlərin artırılmasına imkan verir.

Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir sıra sahələri də məhz Neft Fondu maliyyələşdirir. Bunların arasında təhsillə bağlı olan layihələr də var. Belə ki, gənclərimizin dünyanın aparıcı universtitetlərində təhsil alması ilə bağlı təşəbbüs bu fond tərəfindən təmin edilib. Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi” və digər nəhəng strateji layihələr, qazma qurğularının tikintisi Dövlət Neft Fondunun vəsaitləri hesabına reallaşıb.

Sevindirici haldır ki, fondun idarəetmədən əldə edilən gəlirləri çoxalır. İlin əvvəlindən bu gəlirlər 4 milyard dollardan çox artıb. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə olunub. Bu imkanları fondun uğurlu siyasəti və vəsaitlərin düzgün yerləşdirilməsi yaradıb.

ARDNF-nin eyni zamanda beynəlxalq imici də yüksəkdir. Bir neçə il əvvəl fond BMT-nin mükafatı ilə təltif olunub. Bu qurum nəinki ölkə ərazisində çoxşaxəli layihələr icra edir, eyni zamanda dünyanın aparıcı fondları ilə əməkdaşlıq edironlarla birlikdə müxtəlif sərmayə layihələrində iştirak edir. Bu, ilk növbədə, onun nə qədər səmərəli təşkilat olduğunu təsdiqləyir.

Bu gün Azərbaycanın Dövlət Neft Fondu dünyadakı suveren fondlar sırasında ən şəffaf, ən səmərəli işləyən fondlardan biri kimi müsbət imic qazanıb. Odur ki, ARDNF-nin təkcə xəzinə kimi yox, həqiqətən beynəlxalq önəmli təşkilat kimi Azərbaycanın nüfuzuna müsbət təsir göstərməsi ölkəmizin üstünlüklərindən biridir.

Prezident İlham Əliyev ARDNF-nin yeni icraçı direktorunu təyin edərkən təşkilatın qarşısında mühüm vəzifələr dayandığını və onların layiqincə yerinə yetiriləcəyinə əmin olduğunu da bildirib. "Həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur. Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Ona görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq az riskli aktivlərə fikir verməliyik... Əminəm ki, müsbət dinamika davam edəcəkdir”.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.-1 dekabr.- S.1; 5.