Qarşılıqlı etimada və
strateji tərəfdaşlığa
söykənən əlaqələr
İlham Əliyev: "Mehriban
Əliyevanın Moskvaya rəsmi səfəri
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə
olmasını bir daha
təsdiq etdi”
Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfəri Azərbaycanla Rusiya arasındakı münasibətlərin mehriban qonşuluq və dostluq prinsipləri üzərində bərqərar olduğunu bir daha təsdiq etdi.
Ən əsası, bu, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi Rusiyaya ilk rəsmi səfəri olsa da, keçirilən görüşlər və aparılan danışıqlar əlaqələrin həm də strateji xarakterini göstərdi.
Dövlət başçılarının səyləri
əməkdaşlığın genişlənməsinə güclü təkan verib
Bu gün Rusiya və Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Son illərdə isə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Təkcə 2018-ci il ərzində iki dövlətin prezidentləri 6 dəfə görüşüblər. Bütün bu görüşlərin hər birində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib, bir sıra mühüm sənədlər imzalanıb.
Bu mənada prezidentlərin siyasi iradəsi və birgə səyləri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb və ildən-ilə yüksələn xətt üzrə inkişaf edən dövlətlərarası münasibətlər hazırda strateji səviyyəyə qədər yüksəlib.
Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan tam müstəqil siyasət yürüdür. Rəsmi Bakı həmişə beynəlxalq məsələlərdə müstəqil mövqe nümayiş etdirir, heç vaxt ölkənin maraqlarına zidd olan razılaşmalara qoşulmur. Eyni münasibəti Azərbaycan dost ölkələrə də göstərir, onları beynəlxalq səviyyədə dəstəkləyir. Müstəqil siyasət yürüdən Azərbaycan son illərdə Qərbin siyasi və iqtisadi sanksiyaları ilə üzləşən Rusiyaya dəstək verib. Ölkəmiz anti-Rusiya xarakterli təşəbbüslərə heç vaxt qoşulmayıb. Dünyanın fövqəldövlətlərindən olan Rusiyada da bunu görür və dəyərləndirirlər.
Ən ali səviyyədə
yüksək siyasi ehtiram
nümunəsi
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi səfəri zamanı Moskvada Rusiyanın ali rəhbərliyi - Prezident Vladimir Putin, Rusiya Hökumətinin sədri Dmitri Medvedyev, eləcə də Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdü. Həm Mehriban Əliyevanın Rusiya rəhbərliyi tərəfindən rəsmi səfərə dəvət olunması, həm də Moskvada keçirilən görüşlərin ali səviyyəsi, Azərbaycanın Birinci vitse-prezidentinin dünyanın ən böyük dövlətlərindən birinin Prezidenti tərəfindən çox böyük ehtiramla qəbul edilməsi iki ölkə arasındakı münasibətlərin ilk növbədə dərin siyasi və strateji məzmununun ən bariz təsdiqidir.
Prezident Vladimir Putin tərəfindən Mehriban Əliyevanın Rusiyanın dövlət mükafatı olan "Dostluq” ordeni ilə təltif edilməsi isə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin növbəti təsdiqidir. Bu medal ilk növbədə Mehriban Əliyevanın Rusiya ilə əlaqələrin inkişafına verdiyi töhfələrin qiymətləndirilməsi ilə yanaşı, həm də iki dövlət arasındakı əlaqələrin səmimi xarakterindən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini və ən ali səviyyələrdə qarşılanmasını yüksək qiymətləndirib. Bu günlərdə Bakıda olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən İlham Əliyev deyib: "Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu, təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən Prezident tərəfindən ali "Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk. Biz bütün bunları çox yüksək qiymətləndiririk və əlbəttə, şadıq ki, ölkələrimiz arasında münasibətlər bu cür yüksək səviyyəyə çatıb”.
İki
ölkəni dostluq və mehriban qonşuluq ənənələri
bağlayır
Moskvaya səfəri zamanı
Birinci vitse-prezident Mehriban Əliyeva TASS agentliyinə,
"Rossiyskaya qazeta”ya və "Rossiya-24” telekanalına
müsahibəsində iki ölkəni dostluq, mehriban
qonşuluq ənənələri
bağladığını deyib: "Azərbaycan ilə
Rusiyanı qədim və möhkəm dostluq, mehriban
qonşuluq ənənələri bağlayır, ölkələrimiz
dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin
genişlənməsi üçün yeni imkanlar yaradır.
Siz qeyd etdiyiniz kimi, mənim səfərim dolğun, maraqlı
oldu. Əlbəttə, ilk növbədə, Rusiya
Federasiyasının Prezidenti, hörmətli Vladimir
Vladimiroviç Putin ilə görüşümü qeyd etmək
istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərin
bir çox aspektlərini müzakirə etmək
üçün gözəl fürsət idi. Bu
görüş zamanı Rusiya Federasiyasının Prezidenti mənə
"Dostluq” ordenini təqdim etdi. Bu mükafatı almaq mənim
üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya
münasibətlərinin yüksək səviyyəsinin daha
bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə,
şadam ki, bizim strateji tərəfdaşlığımızın
inkişafı işində mənim də müəyyən
töhfəm var”.
Rusiya paytaxtında X Azərbaycan-Rusiya
Regionlararası Forumu da keçirilib. Forumdakı niqtində
Mehriban Əliyeva regionlararası əməkdaşlığın
ikitərəfli münasibətlərin
mühüm tərkib
hissəsi olduğunu,
Azərbaycanın Rusiyanın
70-dən çox subyekti
ilə iqtisadi əlaqə saxladığını
bildirib. Diqqətə çatdırıb ki, bu gün ölkələrimiz
arasında çoxcəhətli
tərəfdaşlıq praktiki
olaraq bütün sahələri əhatə
edir. Möhkəm ikitərəfli müqavilə-hüquqi
baza yaradılıb,
200-dən çox sənəd
imzalanıb.
2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin
9 ayı ərzində
isə artım 26 faizə çatıb. İnvestisiya
sahəsində də
əməkdaşlığımız genişlənir. Ölkəmizdə Rusiya kapitallı 700-ə yaxın müəssisə
qeydə alınıb.
Azərbaycanda Rusiya investisiyalarının həcmi
4,9 milyard ABŞ dollarına çatıb.
Eyni zamanda, respublikamız şimal qonşusuna 1,2 milyard dollar sərmayə yatırıb.
İki ölkənin humanitar əməkdaşlığı isə kifayət qədər çoxşaxəlidir. Bakıda
M.Lomonosov adına
Moskva Dövlət Universitetinin və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb.
Ölkəmizin 338 məktəbində
tədris rus dilində aparılır, Azərbaycanın 14 dövlət
ali məktəbində
rus bölmələri
var. Rusiyada 11 mindən
çox azərbaycanlı
tələbə təhsil
alır.
Mədəniyyət sahəsində də daimi dialoq mövcuddur. İki ölkə
arasında mütəmadi
olaraq sərgilər, teatr qastrolları, konsertlər, musiqi və kino festivalları
təşkil olunur.
Artıq
25 ildir ki, irimiqyaslı qarşılıqlı
mədəniyyət günləri
keçirilir.
Bütövlükdə Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfər proqramı kifayət qədər zəngin olub. Keçirilən görüşlər və
aparılan danışıqlar
isə iki ölkə arasındakı
əlaqələrin perspektiv
inkişafına böyük
töhfələr verəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 1 dekabr.- S.1; 5.