“Enerjinin
İpək yolu” tam istifadəyə verildi
Prezident İlham
Əliyev: "Bu layihələrin
həyata keçirilməsi
Türkiyə-Azərbaycan birgə
siyasi iradəsinin məhsuludur”
Trans-Anadolu
Qaz Boru Kəməri (TANAP) Avropa sərhədinə çatdı. Bu, tarixi bir hadisədir.
Çünki TANAP "Cənub qaz dəhlizi”nin önəmli və ən böyük seqmentidir. Bu, Azərbaycan və Türkiyə xalqlarına,
eləcə də digər qonşu xalqlara fayda və tərəqqi gətirəcək mühüm
bir layihədir.
Bunlar noyabrın 30-da Türkiyənin
Ədirnə vilayətinin
İpsala qəsəbəsində
TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış
mərasimində də
vurğulandı. Xatırlandı
ki, "Cənub qaz dəhlizi”nin
onurğa sütunu adlandırılan TANAP-ın
təməli 2015-ci il
martın 17-də Türkiyənin
Qars vilayətinin Selim rayonunda qoyulmuşdur. Həmin mərasimdə Azərbaycanın,
Türkiyənin və
Gürcüstanın dövlət
başçıları iştirak
etmişlər. Ancaq TANAP-ın
gerçəkləşməsinə doğru gələn yol bu hadisədən
xeyli əvvəl başlanmışdı. Belə
ki, hələ 2012-ci ilin iyun ayında
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş Naziri, indi isə Prezidenti
olan Rəcəb Tayyib Ərdoğan İstanbulda TANAP üzrə
hökumətlərarası saziş imzalamışlar.
Həmin vaxtdan da layihənin həyata keçirilməsi
istiqamətində genişmiqyaslı
işlərə start verilmişdir.
Bu işlər uğurla
davam etdirilmiş və keçən il iyun ayının 12-də TANAP istismara
daxil olmuşdur.
TANAP möhkəm
bünövrə üzərində
inkişaf edən bir layihədir. Çünki bundan əvvəl müəllifi Ümummilli
Lider Heydər Əliyev olan, üçüncü minilliyin
nəhəng mühəndis
qurğusu sayılan Bakı-Tbilisi-Ceyhan kəməri üç ölkənin ərazisindən
keçərək Azərbaycan
neftini Xəzərin sahilindəki Səngəçal
terminalından Türkiyəyə
- Aralıq dənizinin
sahilinə çatdırmışdır.
Daha sonra Bakı-Tbilisi-Ərzurum kəməri istifadəyə verilmiş
və bu kəmərlə daşınan
"Şahdəniz” qazı
Azərbaycanı dünyada
həm də mavi yanacaq ixracatçısı
kimi şöhrətləndirmişdir.
Bütün bunlar nəinki
TANAP-ın, ümumilikdə
"Cənub qaz dəhlizi” kimi qlobal bir layihənin
gerçəkləşməsi üçün etibarlı
zəmin, möhkəm
təməl yaratmışdır.
Xatırladaq ki, TANAP
Türkiyənin ərazisində
20-dən çox vilayətdən,
o cümlədən Ərdəhan,
Qars, Ərzurum, Gümüşhanə, Ərzincandan
keçərək 1900 kilometrə
yaxın məsafə
qət edir. Kəmər öz marşrutu boyu Türkiyənin 67 rayonunu və 600 kəndini arxada qoyur. Xəttin quru hissəsinin
diametri 56 və 48 düym, Mərmərə
dənizi boyunca isə 36 düym təşkil edir. Xəttin dəniz səviyyəsindən
maksimal hündürlüyü
2700 metr yüksəklikdə
yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılır.
TANAP Türkiyənin
şərq hüdudlarında
"Şahdəniz” qazını
Azərbaycanın və
Gürcüstanın ərazisi
ilə daşıyan Cənubi Qafqaz Boru Kəmərinə
(CQBK) bağlanır.
Boru xəttinin digər ucu isə Yunanıstan-Türkiyə
sərhədinə çatır
və burada yerləşən Kipoi məntəqəsində TAP-la (Trans-Adriatik Qaz Boru
Kəməri) qovuşur. Buna görə də
TANAP-ı "Cənub qaz
dəhlizi”nin möhkəm
qolu, birləşdirici
halqası da adlandırırlar.
Beləliklə, TANAP təkcə iki ölkə üçün,
region üçün deyil,
həm də bütün Avrasiya məkanı üçün
önəm daşıyır. Noyabrın
30-da TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış
mərasimindəki çıxışında
Prezident İlham Əliyev demişdir:
"Bu layihələrin həyata
keçirilməsi Türkiyə-Azərbaycan
birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda biz bunu digər ölkələrin iştirakı
və özəl şirkətlərin maliyyə
dəstəyi ilə reallaşdırdıq. Bu gün "Cənub qaz dəhlizi” özündə 7 ölkəni
birləşdirir və
bu, artıq beynəlxalq əməkdaşlıq
layihəsidir. Bu layihə ölkələr
arasında körpülər
yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən yeddi ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür,
- bundan sonra uzun illər birlikdə çalışacaq
və bunun faydasını görəcəklər”.
Məlum olduğu kimi, TANAP-la ildə 16 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. Bunun 6 milyard kubmetri Türkiyəyə
çatdırılacaq, 10 milyard
kubmetri isə TAP-a ötürülərək
Avropa ölkələrinin
istifadəsinə veriləcək.
Bu il noyabrın 18-dək TANAP kəməri
vasitəsilə Türkiyəyə
3,23 milyard kubmetr qaz ixrac
edilib. Qarşıdakı illərdə kəmərin
nəqletmə qabiliyyətinin
əvvəlcə 24 milyard
kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması nəzərdə
tutulur. Prezident İlham Əliyev sözügedən tədbirdə
TANAP-ın "Cənub
qaz dəhlizi”nin mühüm bir hissəsi, eyni zamanda enerji
təhlükəsizliyi layihəsi
olduğunu bir daha vurğulamışdır:
"Cənub qaz dəhlizi” nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir.
Onlardan üçü - "Şahdəniz”
və Cənubi Qafqaz Boru Kəməri
istifadəyə verilib,
bu gün isə TANAP tam istifadəyə
verilir. Dördüncü
layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri
olan "Cənub qaz dəhlizi” vaxtında istismara veriləcəkdir”.
TANAP Azərbaycan
və Türkiyə arasındakı köklü
dostluğun parlaq bir rəmzidir. Təsadüfi deyil ki, layihə
öz uğurlu yekununa Türkiyə və Azərbaycanın qarşılıqlı inama
söykənən əlaqələri
sayəsində çatmışdır.
Layihənin qazandığı nailiyyətdə istehsalçı,
istehlakçı və
tranzit ölkələrlə
iştirakçı şirkətlər
arasındakı qarşılıqlı
anlaşma da böyük rol oynayıb. Bir sözlə, istər
"Cənub qaz dəhlizi”, istərsə də onun ayrı-ayrı
seqmentləri, o cümlədən
TANAP möhkəm beynəlxalq
əməkdaşlıq platforması
üzərində inkişaf
edən layihələrdir.
Türkiyənin Prezidenti
Rəcəb Tayyib Ərdoğan sözügedən
tədbirdəki çıxışında
bu platforma haqqında danışmış,
həmçinin "Cənub
qaz dəhlizi”nin perspektivlərinə də
toxunaraq demişdir:
"TANAP Azərbaycan, Gürcüstan,
Türkiyə marşrutundan
Avropaya - TAP xəttinə
birləşir və təbii ki, oradan davam edərək
Bolqarıstan, Yunanıstan,
Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki
ölkələr də
ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi
olduğunu da xüsusilə vurğulamaq
lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən
Gürcüstanın buradakı
səylərini əsla
inkar etmək olmaz. Bu, bir
həmrəylikdir və
bu həmrəyliyin adı da sülhdür”.
Azərbaycan qazını Gürcüstan-Türkiyə
sərhədində CQBK-dan
qəbul edən, onu Türkiyənin ərazisindən keçirərək
Avropaya - Yunanıstan sərhədinədək çatdıran
TANAP nəzərdə tutulan
təqvimdə, bütün
öhdəliklərə və
hədəflərə uyğun
olaraq tamamlandı. Buna görə də indi o, artıq "Enerjinin İpək yolu” adını da qazandı.
Flora SADIQLI
Azərbaycan.-
2019.- 1 dekabr.- S.1; 5.