Siyasi tariximizdə
mütərəqqi ilk
İlham
Əliyevin islahatlar konsepsiyası yeni keyfiyyət mərhələsinə
qədəm qoyur
Dövlətin qüdrətini
göstərən əsas əlamətlərdən biri də
budur ki, verdiyi qərarların, atdığı
addımların hədəfləri sabahda, birigündə yox,
bir neçə onilliklər sonrada görünsün.
Milli dövlətçilik
tarixində belə bir mərhələyə gəlib
çatmaq nə qədər xalqa nəsib olur, amma?!
Bu səviyyəyə
yetişməkdən ötrü gərək çox
böyük əziyyətlərdən, sınaqlardan keçəsən. Saysız-hesabsız
maneələri aşmağa, üzərinə gələn təhlükələri
dəf etməyə təpərin olsun.
Ən mühümü isə
xalqın dəstəyindən güc alan ərdəmli,
qətiyyətli liderin bu işin misilsiz fədakarlıqlarını
üzərinə götürüb toplumu öz dövlətçilik
ideallarına qovuşdursun. Dövlətin,
xalqın yaxın keçmişi, bugünü qədər gələcəyinin
də aydın mənzərəsini yarada bilsin.
Müstəqilliyimizin ilk illərində,
onillər sonranı düşünmək nədir, bu gündən
sabaha ümidimizin kəsildiyi vaxtlar vardı. O zamanlar ağır təlatümlər
içində, hər tərəfdən qəlbimizi sıxan
saysız-hesabsız çətinliklərin məngənəsində
cəmi beş-altı il sonranın
müstəqil Azərbaycanı çoxumuza xəyal kimi
görünürdü, bunu da etiraf edək.
Ümummilli Lider Heydər
Əliyevin varlığı, 1993-cü ildə dövlət rəhbərliyinə
gəlişi, bu böyük dövlət adamının millətin
önünə düşməsi can evimizdə günəş
boyda ümid çırağı yandırdı.
Heydər Əliyev Azərbaycanın
yönünü müəyyənləşdirdi, istiqamətini
nişan verdi. Bu minvalla, gələcəyə
doğru uzun, incə bir yolumuz yavaş-yavaş zülmətdən,
sərt dolanbaclardan aydınlığa çıxmağa
başladı...
***
Günlərdən 2017-ci ilin 14
sentyabr günü...
"Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər
uzadılır.
İmzalanma mərasimini əks etdirən
görüntülər ən yeni tariximizin əlamətdar mənzərəsini
yaradır, mənsə o görüntüləri izləyə-izləyə
belə bir həqiqətin məmnunluğunu bütün
ruhumla duyuram ki, Heydər Əliyevin nişan
verdiyi istiqamətlə çox böyük bir yol gəlib
arzusunda olduğumuz mərhələyə, nəhayət gəlib
çata bilmişik. Şükürlər olsun!
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
xalqı, dövləti xəyallarımızın
ünvanına, ümidlərimizin çiçəkləndiyi
çağa yetirib. İndi elə bir dönəmdəyik ki,
bu çağda verilən qərarların əhatə dairəsi
günləri, ayları, illəri deyil, onilliklər, yarım əsrlər,
əsrlər sonranı ehtiva edir.
2050-ci il...
Sabah, biri gün, daha biri gün, bir
ay, bir il sonra yox, bu sətirlərin
yazıldığı zamandan baxsaq, düz 31 ildən də o
tərəfi...
Deməli, 2050-ci ildə də, ondan
sonrakı onilliklər, əsrlər ərzində də
müstəqil Azərbaycan dövləti var olacaq, dünyada səsimiz,
ünümüz daha yüksəkdən eşidiləcək,
ölkəmiz yeni başlanğıclara, yeni inkişafa, yeni
nailiyyətlərə imza atacaq.
Cənab İlham Əliyevin
təməlini qoyduğu bütün qlobal mahiyyətli layihələr,
atdığı addımlar, yaxın perspektivlə
yanaşı, uzaq gələcəyin də müjdəsidir, əslində. 2050-ci il
rəqəmi isə düşüncələrimdə ona
görə boy göstərir ki, bu yuvarlaq tarixdə Azərbaycanın
güvənli sabahı ilə bağlı ümidlərimizin
artıq faktlaşdığını, konkret rəqəmlərlə
ifadə olunduğunu görürəm.
Ən önəmlisi isə
bu, bizim arzu və ümidlərimiz qədər həm də
dünyanın böyük güclərinin, hər qərarını
əvvəlcədən azı min dəfə
ölçüb-biçən ehtiyatlı xarici sərmayədarların
ölkəmizin gələcəyi ilə bağlı xatircəmliyidir,
əminliyidir.
Müstəqil dövlətimizi
bu reallıqlar dövrünə Ulu Öndər Heydər
Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin çevik qərarları, həyata
keçirdikləri davamlı islahatlar, bu islahatların effektiv
nəticələri yetirib.
***
Qlobal dünyanın bir hissəsi
kimi Azərbaycan da indi zamanla yarışır. Zamansa
çox sürətlənib.
Elə bir əyyamda
yaşayırıq ki, dünyanın gözlərimiz
önündə necə dəyişdiyini, az
qala, saatbasaat hiss etmək olur. Tarixin
bütün dövrlərində olduğu kimi bu dövrün
də qalibləri, zamanın sürəti ilə ayaqlaşa
bilənlər, vaxtla birgə yenilənməyi bacaranlar, ilk
baxışdan çətinlik kimi görünənləri
yeni inkişaf imkanlarına çevirə bilənlər
olacaq.
Azərbaycan Prezidentinin
apardığı köklü islahatların əsas məqsədləri
də budur. Qeyd etdiyim kimi, qarşıda əhatə dairəsi əsrlərlə
ölçüləsi böyük dövlətçilik hədəfləri
var. Bu hədəflərə çatmaqdan ötrü
vaxtın diktəsinə uyğun mühit
formalaşdırılmalıdır, ənənələr
yaradılmalıdır, davamlı inkişaf proseslərini hər
zaman təmin edə biləcək əsaslar möhkəmləndirilməlidir.
Bütün bunlar isə ancaq sistem
islahatları sayəsində mümkün ola
bilər. Cənab İlham Əliyev də bu
gün Azərbaycanda məhz sistem islahatları aparır.
Bu islahatların məqsədi elə bir sistem
qurmaqdır ki, burada dövlətin bütün qollarına aid
strukturlar saat mexanizmi kimi bir-birini hərəkətə gətirsin,
biri digərini yubatmasın, hərəkətinə əngəl
törətməsin, biri o birini tamamlasın. İş tempi, sürəti bir-birinə tən gəlsin.
Yoxsa ümumi sistemin bir hissəsində islahatlar
aparıb, digərini diqqətdən kənarda qoymaqla mexanizmin
effektiv fəaliyyəti, nəticə yönümlü işi
alınmaz.
Yeni Azərbaycan
Partiyasının deputat korpusunun V çağırış
Milli Məclisin buraxılaraq qanunverici orqanının tərkibinin
yenidən formalaşdırılması ilə bağlı
parlamentə müraciəti də islahatların kompleks mahiyyətindən,
konseptual məzmunundan irəli gəlir.
Və partiyadaşım olan
deputat həmkarlarımla birgə biz belə bir qərarı zəruri
saydıq.
***
Hakim partiyanın bu qərarı, ilk
növbədə, ölkəmizin bu günü və gələcəyi
ilə bağlı Yeni Azərbaycan Partiyasındakı yekdil
mövqeyin, apardığı inkişaf siyasətində Azərbaycan
Respublikasının Prezidentinə dəstək əzminin
nümunəsi kimi rəğbət doğurur. İyirmi-otuz
nəfərlik üzv arasında hansısa məsələdə
vahid fikrə gələ bilməyib, bir neçə yerə
parçalanan firqələri çox görmüşük.
Yeni Azərbaycan Partiyasının uğur sirri
isə bundadır ki, Ulu Öndər Heydər Əliyevin təbirincə
desək, dünənin, bu günün və gələcəyin
partiyasının bütün qərarları xırda şəxsi
maraqlara deyil, ümumdövlət mənafeyinə əsaslanır.
Çoxluğun istəklərini, cəmiyyətin
sosial sifarişlərini əks etdirir.
Yeni Azərbaycan
Partiyasının yüz minlərlə üzvü, daha
geniş götürsək, ümumən Azərbaycan vətəndaşları
Prezidentin hakimiyyətin icraedici qolunda apardığı islahatların
necə müsbət mənzərə
yaratdığını görürlər.
Məhz bu islahatlar sayəsində
Azərbaycan iqtisadiyyatının bütün sahələrində,
xüsusən də qeyri-neft sektorunda böyük canlanma
yaranıb. Ölkədə biznes mühiti
yaxşılaşıb. Şəffaflıq,
azad rəqabət şəraiti təmin edilib. Uzun müddət vətəndaşların haqlı
narazılığına səbəb olan bir çox problemlər
yoluna qoyulub və qoyulur. Bütün bunlar
beynəlxalq ekspertlər tərəfindən də yüksək
dəyərləndirilir, həmçinin nüfuzlu qlobal
hesabatlarda, reytinq cədvəllərində Azərbaycanın
ildən-ilə yaxşılaşan mövqeyində ifadə
olunur.
Prezidentin islahatlar
konsepsiyasının icrasını həyata keçirən
hökumətin tərkibinin daha da təkmilləşdirilməsi,
eyni zamanda, dövlət aparatında aparılan köklü dəyişikliklər
bu xüsusda mühüm əhəmiyyət kəsb edir. Prezident təşəbbüskarlığı,
çevikliyi, səmərəliliyi, şəffaflığı,
məsuliyyəti, vətəndaşa həssas münasibəti
öz məmurları qarşısında əsas tələblər
kimi qoyur.
Prezident yeni islahatlar kursunun
icrasını təcrübəli mütəxəssislərə,
gənclərdən ibarət peşəkarlar komandasına həvalə
edir. İcraedici hakimiyyət strukturlarının rəhbərliyinə
cavan, enerjili, müasir inkişaf trendlərinə bələd,
peşəkar menecment biliklərinə malik kadrlar gətirilir.
Prezident İlham Əliyevin qarşıya
qoyduğu vəzifələrə uyğun olaraq onlar öz fəaliyyət
sahələri üzrə cəmiyyət üçün
çox faydalı layihələr yerinə yetirirlər.
***
Bu prosesin davamı olaraq
dövlət rəhbərimiz Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında da struktur dəyişiklikləri
apardı. Bu qurumu dövrün reallıqlarına
uyğunlaşdırdı. Administrasiyanın
strukturunu optimallaşdırdı, onun daha effektiv
çalışmasından ötrü zəruri təshihlərini
etdi, əvvəlki kadr heyətinin böyük hissəsinə
yenidən etimad göstərməklə yanaşı, bu quruma
indiyə qədər müxtəlif sahələrdə
çalışaraq özünü doğrultmuş təcrübəli
kadrlar da cəlb etdi.
İcraedici hakimiyyətdə
aparılan islahatlar bu sistemdə köklü yeniliklərə
vəsilə olur, inkişafa təkan verir, dövlətin
mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini
təmin edən inzibati amilləri gücləndirir. İlham
Əliyev yeni hədəflərə daha modern və səmərəli
idarəçilik modeli ilə addımlayır.
***
İstənilən
islahatın, yenilik qərarının ən mühüm nəticəsi
onun sadə insanların həyatında yaratdığı
müsbət dəyişikliklərdir. Azərbaycan vətəndaşları
da Prezidentin həyata keçirdiyi islahatları ona görə
dəstəkləyirlər ki, bu dəyişikliklərin
xoş təsirlərini gündəlik güzəranlarında
duya bilirlər.
Əgər indi vətəndaş hər
hansı problemi, qayğıları ilə bağlı
sözünün, ərz-halının dövlət
qurumlarında daha həssaslıqla dinlənildiyini,
müşküllərinə əncam çəkildiyini
görürsə, hər hansı çətinliklə
üzləşdiyi an dövləti yanında hiss edirsə, həyata
keçirilən infrastruktur layihələrindən, sosial
proqramlardan faydalanırsa, bu islahatlara təbii ki, dəstək
verəcək və müsbət dəyişikliklərin
davamlı olmasını arzulayacaq.
Bu gün ölkəmizdə
müxtəlif istiqamətlər üzrə həyata
keçirilən islahatların öz məqsədinə
çatmasında Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın fədakar əməyi
var.
Ötən əsrin 90-cı
illərinin ortalarından ictimai missiyası ilə cəmiyyətimizin
yüksək rəğbətini qazanmış Mehriban
xanım Əliyeva xüsusilə 2004-cü ildən rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ilə yüksək
təşkilatçılığın, nəticəyönümlü
işin, insanlara və insanlığa xidmətin parlaq
nümunəsini formalaşdırdı. Saleh əməlləri
Azərbaycan insanının qəlbində sevgi, xeyirxahlıq,
mərhəmət abidəsi ucaltmış Mehriban xanıma
daha geniş fəaliyyət imkanının yaradılması,
onun mükəmməl təşkilatçılıq,
menecerlik bacarıqlarından daha geniş əhatədə
istifadə edilməsi ümumxalq arzusu idi.
Bütün qərarlarında
toplumun arzularını əks etdirən dövlət rəhbərimiz
isə insanların bu istəyini də yerinə yetirdi. Mehriban
xanım Əliyeva Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti vəzifəsinə təyin edildi. Dövlətə, xalqa layiqli xidməti ilə
insanların ona olan inamını, Prezidentin yüksək
etimadını növbəti dəfə doğrultdu. Ölkədə sosial sahədə aparılan
islahatlar birmənalı olaraq məhz Mehriban Əliyevanın fəal
icraçılığı, novator təşəbbüskarlığı
ilə reallaşdırılır. Amma
Birinci vitse-prezidentin fəaliyyət hüdudları
şübhəsiz ki, təkcə bu sahə ilə məhdudlaşmır
və o, Prezidentin ardıcıl islahatlar kursuna digər sahələrdə
də dəstək verir. Onun ictimai
obrazı, insanların Mehriban xanım Əliyeva şəxsiyyətinə
olan yüksək rəğbəti aparılan islahatların məqsədi,
məramı, gözlənilən nəticələri
haqqında daha aydın təsəvvür
formalaşdırır və atılan addımlara inamı
artırır.
***
Şübhəsiz ki,
islahatların cəmiyyətin bütün sahələrini əhatə
edə bilməsindən ötrü onun hakimiyyətin digər
əsas qollarından olan qanunverici hakimiyyətdə də getməsi
vacibdir. Azərbaycan parlamentinin yenilənməsi, müasirləşməsi,
islahatlar sferasına cəlb olunması Prezidentin islahatlar
konsepsiyasının uğurla həyata keçirilməsinə
əlavə təminatdır.
Bununla Azərbaycanın
bütün həyatını, hakimiyyətin bütün
sferalarını əhatə edən yeniləşmə,
müasirləşmə, islahatlar konsepsiyasının əhatə
dairəsi daha da genişlənir və bu zəmində ölkəmizin
daha sürətli inkişafı üçün daha əlverişli,
daha etibarlı imkanlar əldə olunur, həmin imkanlardan
faydalanmaq üçün şərait yaranır.
İnkişafın Azərbaycan
modelinin əsas xüsusiyyəti də elə budur ki, ölkəmizdə
sosial-iqtisadi inkişaf prosesləri hər zaman hüquqi-siyasi
təkmilləşmə işinə və demokratikləşməyə
paralel aparılıb. Bu iki istiqamət heç vaxt bir-biri ilə
ziddiyyətə girməyib. Əksinə,
bir-birini tamamlayıb, bir-birinə yol açıb. Biri digəri üçün mühit
formalaşdırıb.
Bu, sağlam inkişafın
başlıca qanunauyğunluğudur. Yeni dünyaya gəlmiş
normal bir körpənin bədən üzvləri, ağlı,
şüuru, təfəkkürü, nitqi bərabər
inkişaf etdiyi kimi, canlı orqanizmə çox bənzəyən
cəmiyyətdə də inkişaf prosesləri bir-birini
tamamlamalıdır. İqtisadi yüksəlişi
olmayan, insanları ac-yalavac qılınca çapan cəmiyyətdən
demokratik meyarlar uma bilməzsən. Demokratiya
haqqında moizələrin övladı evdə aclıqdan
ağlayan valideynə əsla çatmaz. Bir
ata sözümüzdə deyildiyi kimi, "Aca Quran oxumaq
haramdır”. Amma mükəmməl
hüquqi-siyasi prinsiplərin sabitləşmədiyi dövlətlərdə
də əsaslı sosial-iqtisadi nailiyyətlər mümkün
olmaz. Belə şəraitdə nə qədər
nailiyyət qazanırsan, qazan, anidən yaranan xaos, anarxiya
mühiti bir anda hamısını dağıdıb yerlə-yeksan
edəcək. Ona görə də
yalnız hüquqi dövlət institutlarını inkişaf
etdirən, demokratik dəyərlərə xitab edən, şəffaf
seçki prosesini davamlı olaraq təkmilləşdirən
dövlət dayanıqlı sosial-iqtisadi inkişafa zəmin
yarada bilər.
Və Azərbaycan illərdir
ki, bunu bacarır, bacarıb və yenə də bacaracaq.
***
Müstəqil Azərbaycan
Respublikasında indiyə qədər Milli Məclisə V
çağırış seçki olub. Parlamentin hər
çağırış üzrə yenilənən tərkibi
öz dövrü üçün böyük işlərə
imza atıb. Ölkəmizin demokratik
inkişafında, hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu işlərində, təkmil qanunvericilik
bazasının formalaşdırılmasında mühüm
işlər görüb.
İndi isə dövrün
reallıqları, yenilənmə meyilləri, ölkəmizin
bu günü və gələcəyi ilə bağlı
taleyüklü qərarların verilməsi Milli Məclisin də
xalqdan yeni etimad mandatı almasını zəruri edir. Qeydlərimin əvvəlində
də qələmə aldığım kimi, bu gün üzərində
işlənən layihələr, proqramlar üç
günlük, beş günlük müddət
üçün deyil, böyük strateji dövrlər
üçün nəzərdə tutulur. Onların
əksəriyyəti qarşıdakı onillikləri hədəf
götürür. Azərbaycanın gələcəyi
üçün bu qədər mühüm, strateji qərarları
səlahiyyət müddətinin başa çatmasına cəmi
bir il qalmış Milli Məclisin verməsi
hüquqi baxımdan tam doğru olsa da, mənəvi
baxımdan bir qədər tərəddüd yaradır. Azərbaycan vətəndaşı mövcud Milli Məclisin
tərkibini tamam başqa reallıqlar dövründə
seçib. Bu tərkibdən gözləntiləri
də başqa olub. 2015-ci ildə
keçirilmiş seçkilərdən sonra ölkədə
köklü dəyişikliklər baş verib.
Xüsusilə 2017-ci il referendumundan sonra Azərbaycanın
həyatında böyük yenilənmə olub. Belə bir şəraitdə daha ədalətli olar
ki, ölkə vətəndaşına qanunverici orqanın tərkibinə
də yeni reallıqlar prizmasından baxmaq üçün
imkan tanıyasan.
***
Seçkilərin müddətinin
təxminən 9 ay əvvələ çəkilməsi yeni
islahatlar kursunun vacib proqramlarının icrasını tez bir
zamanda başlamaq üçün parlamentin xalqdan yeni etimad
mandatı alması məqsədi daşıyır. Nəticə
etibarilə, yeni parlament islahatların gedişinin daha da
sürətlənməsinə və onun qanunvericilik
bazasının təkmilləşməsinə kömək
göstərəcək.
Digər tərəfdən,
düşünürəm ki, bununla vətəndaşlara da
islahatları kənardan seyr etmədən öz səsləri
ilə bu prosesdə bilavasitə iştirak imkanı
yaradılır.
VI
çağırış Milli Məclisə seçkilərin
tarixi yaxın vaxtlarda bəlli olacaq. Azərbaycan insanı
münasib bildiyi, ölkəmizin, cəmiyyətimizin
inkişafından ötrü daha adekvat saydığı, bir
sözlə, parlamentdə onu təmsil etməkdən
ötrü ən layiqli namizədə etimad göstərməklə
Azərbaycan Prezidentinin islahatlar kursuna öz töhfəsini
verə bilər.
Çeviklik, zəruri qərarların
yubanmadan verilməsi və onların icrasına
başlanması, eyni zamanda hesabatlılıq bir lider kimi cənab
İlham Əliyevin əsas xüsusiyyətlərindəndir. Yeni
iqtisadi-siyasi situasiya islahatların daha geniş əhatədə
həyata keçirilməsi ilə yanaşı, həm də
vacib qərarların yalnız icraedici orqan miqyasında deyil, həm
də qanunverici hakimiyyət səviyyəsində də
müasir meyarlarla operativ qəbulunu tələb edir. Əlbəttə, əsas söz yenə də
seçicinindir və Milli Məclisin yeni tərkibinin kimlərdən
ibarət olmasını yenə də əlahəzrət
seçici müəyyənləşdirəcək. Amma
Milli Məclisin deputatı kimi yox, şəxsən sıravi
bir seçici kimi, mənə görə parlamentin yeni tərkibində,
zəngin parlamentarizm təcrübəsinə, qanunvericilik sahəsində
səriştəyə malik şəxslərlə
yanaşı, müasir dünyanın sosial-iqtisadi inkişaf
trendlərini yaxşı bilən, təşəbbüskar,
verilən qərarların məzmununu cəmiyyətə sadə
və aydın şəkildə doğru-dürüst izah etməyi
bacaran, insanlarla yüksək kommunikasiya mühitində
çalışmaq imkanlarına malik üzvlər də
olmalıdır.
Belə bir parlament
aparılan islahatlara, baş verən əsaslı yeniliklərə
ümumxalq etimadını daha da gücləndirəcək, cəmiyyətdə
hüquqi maarifləndirmə işlərini genişləndirəcək,
sivil inkişafın cövhəri olan təfəkkür dəyişikliyinə
də rəvac verəcək.
Yeniliyə, müasirliyə,
ölkənin, cəmiyyətin ruhunun daim təzələnməsini
özünə ad seçən, amal kimi müəyyənləşdirən
bir partiyanın ən böyük istəyi də elə bu
deyilmi?!
***
Yeni Azərbaycan
Partiyasına bu adı partiyamızın qurucusu, Ulu Öndərimiz
Heydər Əliyev qoyub. Partiya da hər zaman adını
doğrultmağa, yaradıcılarının, ümumən cəmiyyətimizin
onun varlığına, fəaliyyətinə olan ümidlərini
doğrultmağa çalışıb. Yeni
Azərbaycan Partiyası inkişaf proseslərində bir
novatordur. Bu partiya Azərbaycanının
siyasi tarixindəki bir çox mütərəqqi yeniliklərin
müəllifidir.
Əslində, partiya funksionerlərimizin
də qeyd etdikləri kimi, ötən əsrin 90-cı illərinin
əvvəllərindəki siyasi xaos, hərki-hərkilik,
qaragüruhun söz sahibi olduğu mühitdə, cəmiyyətin
taleyinə görə narahatlıq hissi keçirən,
ölkənin və xalqın gələcəyini
düşünən ziyalılarımızın fəal
iştirakı ilə 27 il əvvəl belə bir partiyanın
yaradılması ən mühüm yeniliklərdən idi.
27 il bir igidin
ömrüdür. Böyük tarixdir. Ən önəmlisi isə Yeni Azərbaycan
Partiyasının öz fəaliyyəti ilə
yaratdığı bu 27 illik tarix Azərbaycanın müstəqillik
tarixinin şərəfli parçasıdır.
Partiyamızın
sıralarında indi yüz minlərlə insan var. Onlar
arasında cəmiyyət həyatının bütün
qütblərini təmsil edən insanlara təsadüf etmək
olar. Amma
kimliyindən, hansı sahədə
çalışmasından, təhsil səviyyəsindən
asılı olmayaraq Yeni Azərbaycan Partiyası
yarandığı ilk günlərdən olduğu kimi yenə
də ziyalıların, xalqın gələcəyini düşünən
insanların partiyası olaraq qalır, inkişaf edir və
özü ilə birgə cəmiyyətin də
inkişafına töhfə verir. Kimliyindən
asılı olmayaraq bütün
partiyadaşlarımızı dövlətçilik
idealları, azərbaycançılıq düşüncəsi,
müstəqilliyimizin daimiliyi, əbədiliyi qayəsi birləşdirir.
Ona görə də
partiyamız öz taleyüklü qərarları, yeni, orijinal
yanaşmaları, gələcəyə baxışları, təşkilati
ənənələri ilə həmişə fərqlənib.
V çağırış
Milli Məclisin buraxılması barədə müraciəti
də Yeni Azərbaycan Partiyasının ölkəmizin parlamentarizm
tarixinə gətirdiyi daha bir maraqlı yenilik oldu.
Əslində, parlamentlərin
buraxılması, yenidən seçilməsi başqa ölkələrin
həyatında yeni bir hal deyil. Yaxın-uzaq ölkələrdə
buna dəfələrlə şahid olmuşuq. Az qala iki-üç ildən bir növbədənkənar
parlament seçkiləri keçirilir. Görürsən
ki, parlament seçkisi keçirildi, bir neçə iclasdan
sonra hansısa məsələlərdə fikir
ayrılıqları yarandı, yaxud dövlətdə ikitirəliklər,
siyasi təlatümlər başlandı və ölkə rəhbərliyi
parlamenti buraxıb yenidən seçki təyin etmək qərarına
gəldi. Hamı da bunu adi, sıradan təcrübə
kimi qəbul edir və belə qərarlarda qeyri-adi nəsə
axtarmır.
Bizdə də necə deyərlər,
stəkanda fırtına qoparmağa gərək yoxdur.
Ölkəmizdə növbədənkənar
parlament seçkisi siyasi tariximiz üçün mütərəqqi
ilk olacaq. Amma bunu təkcə Azərbaycanın deyil,
dünyanın yeni siyasi tarixindəki ilklərdən də
saymaq olar. İlk dəfədir ki, hansısa ölkədə
siyasi xaosun, gərginliklərin, fikir
ayrılıqlarının, qarşıdurmaların deyil, məhz
dinamik inkişafın diktəsi ilə parlamentin
buraxılmasına qərar verilir, hakimiyyət qollarında
aparılan islahatların uzlaşdırılması, proseslərin
paralelliyinin təmin olunması üçün çoxluq
parlamentin yenidən formalaşdırılmasını zəruri
sayır. Bununla ölkənin inkişafına,
dövlətçilik institutlarının möhkəmlənməsinə,
effektiv fəaliyyətinə zəmin yaradır. Ölkənin hər bir vətəndaşına
islahatlar prosesində öz səsi ilə şəxsən
iştirak imkanı verir.
***
Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə
sivil seçki ənənələrinin
yaradıcısıdır, həm də... Milli
Məclisin buraxılması barədə müraciəti isə
partiyamızın həm də seçkiyə hazırlıq
qərarı saymaq olar. Yeni Azərbaycan
Partiyası uzun illər ərzində ölkəmizdə
keçirilən bütün seçkilərin alternativsiz
qalibi olub.
Partiyamız VI
çağırış Milli Məclisə seçkilərə
də böyük ruh yüksəkliyi, qələbəsinə
şəksiz inam, zəfər əzmi ilə gedir. Bu,
partiyanın qurucusu, Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan
Partiyası qarşısında müəyyən etdiyi
dövlətçilik yolunun yaratdığı əminlikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin ölkəmizə
qazandırdığı tarixi nailiyyətlərin xatircəmliyidir.
Aparılan davamlı islahatlara Azərbaycan vətəndaşlarının
verdiyi dəstəkdir.
Adətən partiyalar, namizədlər
seçkilərə platformalar, proqramlar, seçicilər
qarşısında vədlərlə gedirlər. Yeni Azərbaycan
Partiyasının hər bir namizədinin seçki
platfoması, proqramı, vədləri bu gün cənab
İlham Əliyevin ölkəmizin gələcəyi, vətəndaşlarımızın
rifahı üçün gördüyü işlərdir.
Bu işlərlə ortaya qoyulan nəticələrdir.
Cəmiyyət Yeni Azərbaycan
Partiyasının və partiyamızın dəstəklədiyi
bitərəf namizədlərin simasında bu siyasətə,
bu işlərə, bu nəticələrə dəstək
verəcək.
Cəmiyyət ən layiq
olanları seçəcək.
Azərbaycan seçicisi
tarixiliklə müasirliyin, ənənə və
novatorluğun, yaşlıların müdrikliyi ilə gənclərin
enerjisinin vəhdətinə səs verəcək.
Yaşından asılı
olmayaraq cəmiyyət üçün fayda verən, ölkənin
davamlı inkişafına töhfələr gətirən hər
bir layiqli namizəd Milli Məclisə xalqdan mandat qazanacaq.
Beləliklə, növbədənkənar
parlament seçkiləri Azərbaycanın milli dövlətçilik
tarixində yeni bir başlanğıca çevriləcək.
Vətənə, millətə
xeyirli-uğurlu olsun.
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı, YAP Xətai rayon təşkilatının sədri
Azərbaycan.- 2019.-3 dekabr.- S.1; 4.