YAP-ın təşəbbüsü təqdir edilir
Müxalifət partiyaları hesab
edirlər ki, növbədənkənar parlament seçkiləri Milli
Məclisin fəaliyyətinə yeni dinamizm verəcək
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının parlamentin buraxılması və yeni növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü digər siyasi təşkilatlar, hətta parlamentdə təmsil olunan müxalifət partiyaları tərəfindən də dəstəklənir.
Qeyd edilir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar icra və məhkəmə hakimiyyəti ilə əhatələnməməli, qanunverici hakimiyyət sferasından da kənarda qalmamalıdır. Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi praktikasına dünya ölkələrində tez-tez rast gəlmək olur. Bu, Azərbaycanın siyasi həyatında ilk dəfə olmasına baxmayaraq, onu qeyri-adi formada qiymətləndirməyə ehtiyac yoxdur.
"Dünyanın hər yerində parlament çoxluğu zəruri hesab edirsə, yeni seçkilər təyin edilir”
Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev YAP-ın qərarını dəstəklədiyini bildirir: "Əvvəllər də söyləmişdik ki, əgər hakim partiya növbədənkənar seçkilərə getsə, biz onu dəstəkləyəcəyik. Çalışmalıyıq ki, Milli Məclis hakimiyyətin müstəqil qanadı kimi ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə öz töhfəsini versin”.
Deputatın sözlərinə görə, Konstitusiyada parlamentin özünü buraxma proseduru nəzərdə tutulmasa da, bu, qadağan da olunmur və oluna da bilməz. Dünyanın hər yerində parlament çoxluğu zəruri hesab edirsə, yeni seçkilər təyin edilir. Hazırda Böyük Britaniyada da nəvbədənkənar seçkilər keçirilir: "Bu parlamentdən gözləntilər o deyil ki, kimi kimsə əvəz etsin. Parlamentə fərqli fikir daşıyıcıları o sayda daxil olmalıdır ki, çoxpartiyalı sistem əsasında fəaliyyət göstərə bilsin, ideyaların və düşüncələrin dartışıldığı bir auditoriyaya çevrilsin.
Prezident İlham Əliyev bu günə qədərki fəaliyyəti ilə islahatların bazasını yaradıb. Biz yeni inkişaf dövrünə qədəm qoymuşuq”.
Ali qanunverici orqan da islahatların sürətlənməsinə
öz töhfəsini verməlidir
Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimli bizimlə söhbətində qeyd etdi ki, son illərdə Prezident İlham Əliyevin islahatlar konsepsiyası çox mükəmməl hazırlanb və islahatlar həyata keçirilərkən hər kəs tərəfindən təqdir edilir: "Cənab Prezidentin struktur islahatları dövlətin ayrı-ayrı qurumlarının daha çevik işləməsinə xidmət edir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təşəbbüs də buna xidmət edir. Ali qanunverici orqan da islahatların sürətlənməsinə öz töhfəsini verməlidir”.
Fəzail İbrahimlinin özünün yenidən növbədənkənar seçkilərə qatılıb-qatılmayacağına gəlincə isə, deputat dedi ki, xalqdan mandat almaq üçün namizədliyini irəli sürəcək.
Parlamentin yenilənməsi sosial sifarişdir
"Prezident İlham Əliyevin islahatları qanunverici hakimiyyətdən də yan keçmir. Ona görə də parlamentin yenilənməsinə ehtiyac var. Bu, həm də sosial sifarişdir”.
Bu fikri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli söylədi. Yeni Azərbaycan Partiyasının təşəbbüsünü dəstəkləyən deputat deyir ki, burada söhbət hakimiyyətin bütün sferalarını əhatə edən yeniləşmədən, müasirləşmədən, islahatlar konsepsiyasının coğrafiyasının genişləndirilməsindən və bunun zəminində Azərbaycanın daha dinamik inkişafı üçün daha əlverişli, etibarlı imkanların əldə olunmasından gedir: "Cəmiyyət də istəyir ki, parlament yenilənsin və Milli Məclisə yeni ab-hava gəlsin. Ümidvaram ki, gələcəkdə daha güclü qanunverici orqan formalaşacaq. YAP-ın qərarını təqdir edirəm”. Tahir Kərimlinin fikrincə, növbədənkənar seçkilər həm ölkədəki ictimai-siyasi proseslərə, həm də parlamentin fəaliyyətinə yeni dinamizm verəcək.
Deputat növbədənkənar seçkilərdə iştirak edəcəyini də söylədi.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.-3 dekabr.-
S.1; 4.