Qardaşlığın 40 illiyi

 

Bakı və Bordo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaranması ilə bağlı yubiley tədbiri keçirilib

 

Bu il paytaxtımız Bakı ilə Fransanın Bordo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaranmasının 40 ili tamam olur. Məhz 1979-cu ildə Bordoda şəhərlərin qardaşlaşması barədə sənəd imzalanıb.

Əlamətdar tarixlə əlaqədar Fransa Respublikasının Azərbaycandakı səfirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə şəhərdə yerləşən Nobel qardaşlarının ev-muzeyində Bakı və Bordo şəhərlərinin qardaşlaşmasının 40 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə dövlət rəsmiləri, elm, ədəbiyyat, mədəniyyət xadimləri, tanınmış idmançılar, adamları iştirak ediblər.

Qonaqları salamlayan Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosa Fransa-Azərbaycan əlaqələri, Bordo şəhəri, onun tarixi, bu günü barədə məlumat vermiş, Azərbaycanla Fransa arasındakı münasibətlərin, həmçinin Bakı ilə Bordo arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulamışdır. O, Bakı və Bordonun çox işgüzar və cəlbedici şəhərlər olduğunu qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, Fransa və Azərbaycanı bağlayan amillər çoxdur. Hələ 1708-ci ildə Səfəvilər ilə Fransa arasında diplomatik və ticarət müqavilələri bağlanılıb. Qacarlar dövlətinin zamanında da sıx əməkdaşlıq var idi.

Bu gün Fransa-Azərbaycan əlaqələri inkişaf edir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Fransaya rəsmi səfəri iki dövlət arasında əlaqələrin inkişafına təkan verdi. Prezident İlham Əliyev dəfələrlə Fransaya, Fransanın dövlət başçıları Azərbaycana səfərlər ediblər. Heydər Əliyev Fondu Fransa-Azərbaycan münasibətlərinin inkişafında önəmli işlər görüb. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açılıb. Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə Bakıda Azərbaycan-Fransa Universiteti yaradılıb.

Heydər Əliyev Fondu 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı abidələrin, 2008-ci ildə isə Luvr Muzeyinin bərpası işlərində iştirak etmişdir. Xalq diplomatiyası səviyyəsində də əlaqələr inkişaf edir. Azərbaycanlı turistlər Fransaya, fransız turistlər isə Azərbaycana səfər edirlər.

40 il keçməsinə baxmayaraq Bordo şəhəri ilə yaranmış əməkdaşlıq bu gün də sıx davam edir. Bu şəhərləri bir çox sahələr bir-birinə bağlayır. Hər iki şəhər liman şəhəridir və formalaşmış iqtisadi və sənaye mərkəzləridir. Hər iki şəhərin zəngin tarixi var. Bakı və Bordo arasında əlaqələri daha da genişləndirməsi və inkişaf etdirməsi istiqamətində işlər davam etdiriləcəkdir.

Sonra Bordo şəhərinin meri Nikolas Florenin təbrik məktubu oxunub. Tədbirdə Bordo şərablarının təqdimatı keçirilib.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.-3 dekabr.- S.7.