Sönməz həyat eşqi
3 dekabr
Beynəlxalq Əlillər
Günüdür
Fiziki məhdudiyyətli insanlara
qayğı dövlətin sosial siyasətinin
tərkib hissəsidir
...Gəlişiylə, gedişiylə, şirin-şirin gülüşüylə dünyanı qəmli nağıla bənzədənlər yalnız poeziya ilə nəfəs alan qələm və söz adamları deyil, həm də fiziki sağlamlığa möhtac, əlil arabasında yaşam uğrunda mübarizə aparanlar da bu fikirdədirlər.
Maraqlısı budur ki, onlar sağlam insanlardan daha çox həyata bağlı olurlar. Çalışırlar ki, cəmiyyətin bir parçası olduqlarını inandırsınlar, təsdiqləsinlər. Demək, onlar yalnız fiziki məhdudiyyətlidirlər. Həyat fəlsəfələri, duyğu və düşüncələri əlil arabasına ehtiyacı olmayanlardan heç də geri qalmayıblar.
Dünyaya göz açan hər kəs sabah onu nələr gözlədiyini heç zaman bilməyib. Buna görə də heç kim qəfil qəzalardan ala biləcəyi xəsarətlərdən sığortalanmayıb. Fiziki məhdudiyyətlilər isə sanki bunu daha dərindən dərk edirlər.
Onların sosial müdafiəsi dünyanı narahat edən məsələlərdəndir. Ona görə də BMT 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü elan edib. Aparılan sosial sorğuların nəticələrinə, beynəlxalq təşkilatların hesabatlarındakı rəqəmlərə görə dünya əhalisinin təxminən 10 faizi fiziki cəhətdən qüsurludur. Onların 20 faizi isə inkişaf etməkdə olan ölkələrin vətəndaşlarıdır.
Azərbaycana gəlincə, bu kateqoriyaya daxil olanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, təminatları ödənilir, cəmiyyətə inteqrasiyaları üçün mühüm layihələr həyata keçirilir.
Xatırlatmaq yerinə düşər ki, BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilən "Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulan Azərbaycanda əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyinin hər iki dövründə əlillərin sosial müdafiəsi, onların reabilitasiya və cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı qəbul edilib. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılıb. Ulu Öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirənlərin problemlərinə böyük həssaslıqla yanaşıb. Əlillərin, şəhid ailələrinin, eləcə də müharibə veteranlarının mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb.
Son illər ölkədə əlilliyi olan şəxslərlə bağlı bərpa-müalicə sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün məqsədyönlü layihələr həyata keçirilir.
Avropa İttifaqının "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi ilə yanaşı, fəal ekspert dəstəyinin göstərilməsinə də yardımçı olub.
Ölkəmizdə əlilliyi olan şəxslərin etibarlı sosial müdafiəsinin təmin olunması Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlu sosial inkişaf kursunun mühüm komponentlərindən biridir. 2004-cü ildən sosial müavinətlərin, o cümlədən əlilliyə görə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətlərin 3-10 dəfəyədək artırılması da bunun bariz nümunəsidir. Eyni zamanda müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləği 100 faizə kimi artırılıb.
Hələ ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi üçün respublika səviyyəli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ulu Öndərin "Biz əlillər üçün, onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub. Dövlət başçısı İlham Əliyevin yürütdüyü uğurlu sosial siyasət digər sahələrdə olduğu kimi, bu məsələnin həllində də mühüm əhəmiyyət daşıyır.
Dövlət qurumları və QHT-lər xüsusi layihələr əsasında istedadlı əlillərin cəmiyyətdə fəallıqlarını artırmağa çalışırlar. Bununla bağlı bir sıra tədbirlər təşkil edilir: onların müxtəlif sahələrdə qabiliyyətlərinin üzə çıxarılması üçün idman tədbirləri, yarışlar və müsabiqələr təşkil edilir.
Yeri gəlmişkən, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzil təqdim edilib. 2019-cu ildə isə şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub. Onlardan artıq 486 mənzil və fərdi ev öz sahiblərinə təhvil verilib. Qalan mənzil və fərdi evlər də ilin sonuna qədər veriləcək.
Bununla da indiyə kimi adıçəkilən nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7140 mənzil və fərdi ev verilib. Xatırladaq ki, ötən il 265 müharibə əlilinə nazirlik tərəfindən minik avtomobili verilib ki, bu da cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çoxdur. Ümumiyyətlə, bu kateqoriyaya aid olan ölkə vətəndaşlarına indiyədək müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara 6400-dək minik avtomobili verilib. Bununla yanaşı, reallaşdırılan sosial paketlərin tərkib hissəsi kimi, şəhid ailələrinə, müharibə əlillərinə yönələn ödənişlər də əhəmiyyətli dərəcədə artırılıb.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun yardımı ilə "Arabaçı” Əlillər Şəbəkəsi İctimai Birliyinin təşkil etdiyi tədbirlər də bu mənada yaddaqalan olur. Dənizkənarı Milli Parkda təşkil olunan tədbirlərin biri fiziki məhdudiyyətlilərin reabilitasiya və cəmiyyətə inteqrasiya layihəsi çərçivəsində keçirilib. İctimai birliyin sədri İlham Məhərrəmov sağlamlıq imkanı məhdud olanların özünə qapanmaması, cəmiyyətə inteqrasiyası məqsədilə belə bir təşkilata ehtiyac olduğunu bildirib. O əlavə edib ki, ölkəmizdə 500 min nəfərədən çox fiziki məhdudiyyətlilər var. "Arabaçı” onların bir hissəsini paralimpiya idman növü olan boççia ilə məşğul olmağa həvəsləndirib.
Son illər əlil idmançılar arasında boççia idman növünün yayılması sahəsində xeyli iş görülüb. Bu idman növü nəinki paytaxtda, hətta bölgələrdə də özünə xeyli tərəfdar tapıb.
Ümumiyyətlə, əlillərin sağlam həyata qaytarılması yalnız ailənin, hər hansı dövlət və ya qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu problemin həllində geniş ictimaiyyət iştirak etməli, onlara qayğı hər kəsin mənəvi borcuna çevrilməlidir. Axı, onların da dünyaya gələn hər kəs kimi, yaşama haqqı var. Fiziki hərəkəti mədud insanlar, xüsusən də belə bəlaya düçar olmuş uşaqlar da özlərini (istedad və qabiliyyətləri ilə) cəmiyyətin sağlam ruhlu üzvləri kimi hiss etməlidirlər. Çünki öz dünyası, öz aləmi olan bu insanları yaşadan bir özgə həyat eşqidir...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2019.-3 dekabr.-
S.7.