Yeni Azərbaycan
Partiyası islahatlara layiqli töhfə verir
Cəmiyyətlərin,
dövlətlərin həyatında baş verən
köklü dəyişikliklər hər zaman bunları
gerçəkləşdirən liderlərin adı ilə
bağlıdır. Azərbaycanda da belədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulmuş və İlham Əliyev tərəfindən davam
etdirilən sabitlik və inkişaf strategiyasının nəticəsi
olaraq respublikamız tarixinin məsuliyyətli, lakin çox
şərəfli, böyük irəliləyişlər,
inkişaf və yüksəliş dövrünü
yaşamaqdadır. Hər il yeni
nailiyyətlərin qazanılması ölkəmizin
mühüm reallıqlarından biridir. Fərəhli
haldır ki, əldə olunan uğurlar kampaniya şəklində
deyil, davamlı və ardıcıldır.
Hədəf daha
güclü və qüdrətli dövlət qurmaqdır
Bu siyasətin mahiyyətinə
uyğun olaraq Azərbaycan həm də müasirləşmə,
yeniləşmə və çoxsahəli islahatlar yolu ilə
inamla irəliləyir. Bunun nəticəsidir ki, respublikamız
çağdaş dövrün
çağırışlarına cavab verən, zamanın
reallıqlarına uyğun inkişaf yolundadır. Xüsusən ötən ilin aprelində keçirilən
prezident seçkilərində növbəti dəfə
xalqın etimadını qazanan İlham Əliyev
islahatların davam etdiriləcəyini bəyan etdi. Seçkilərdən ötən dövrün
reallıqları göstərir ki, cənab İlham Əliyev
islahatların yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq
digər sahələrdə həyata keçirilməsini məqsədəuyğun
sayır. Bir müddət əvvəl Prezident İlham
Əliyev islahatların alternativinin olmadığını və
digər sahələrdə də bu işləri həyata
keçirmək üçün sənədlər paketinin
hazırlandığını bildirərək demişdi:
"İslahatlar dərinləşəcək. İslahatlara
alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar,
sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində
islahatlar, - artıq müvafiq göstərişlər verilib və
sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə
sahələrində, hər bir sahədə, Azərbaycan yeni
dövrə qədəm qoyub. Azərbaycan
yeniləşir, Azərbaycan güclənir və müasirləşir.
Biz dərin milli-mənəvi köklər
üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər
güclü olmamışdır. Ancaq bu o
demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə
kifayətlənməliyik. Əldə
edilmiş nailiyyətlər bizi gələcəyə daha da
nikbinliklə baxmağa həvəsləndirir, buna sövq
edir”.
Qeyd edək ki, cənab
Prezidentin təşəbbüsləri və
imzaladığı sərəncamlarla bu ilin yanvar ayından
başlanan struktur islahatlarının əsas məqsədi
idarəetmədə çevikliyi və səmərəliliyi
artırmaq, cəmiyyətdə formalaşan yeni
çağırışlara və iqtisadiyyatda baş verən
struktur dəyişikliklərinə adekvat
uyğunlaşmanı təmin etməkdir. Yeni islahatlar həm
də dövlət idarəetməsini iqtisadi inkişafın
yeni mərhələsinə uyğunlaşdıracaq. Fevral və iyun aylarında müvafiq fərman və
sərəncamlarla iki sosial paketin həyata keçirilməsi
isə göstərdi ki, ölkə rəhbərliyinin fəaliyyətinin
əsas qayəsini insan amilinin uca tutulması təşkil
edir. Ən əsası, bütün bunlar
onun təsdiqidir ki, Prezident İlham Əliyev vətəndaş
maraqlarının əsl müdafiəçisidir. Təbii ki, respublikamızın davamlı tərəqqisinin
təmin edilməsi üçün bütün sahələrdə
həyata keçirilən islahatlar məhkəmə-hüquq
sisteminin inkişafında yeni mərhələnin
başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini
zəruri edirdi. Cənab Prezidentin aprel
ayında imzaladığı müvafiq sərəncamla məhkəmə-hüquq
islahatlarında yeni keyfiyyət mərhələsi
başlayıb. Bu sahədə həyata
keçirilən innovativ tədbirlər nəticə etibarilə
ölkənin demokratik inkişafına, modernləşməsinə
və vətəndaş məmnunluğuna xidmət edən
mühüm addımlardır.
Bütün bunlarla
yanaşı, ölkədə müasir və şəffaf
idarəetmə ilə bağlı uğurlu addımlar
atılıb, o cümlədən təşəbbüskar və
bilikli gənc kadrlar önə çəkilib. Beləliklə,
2018-ci ilin prezident seçkilərindən sonra başlanan islahatlar
Azərbaycanda keyfiyyətcə yeni mərhələnin əsasını
qoyub. Göründüyü kimi, yeni islahatların əsas
hədəfi Azərbaycanı müasir, inkişaf edən və
gələcəkdə inkişaf etmiş ölkəyə
çevirmək, mövcud olan nöqsanları aradan
qaldırmaq, vətəndaşları narahat edən problemləri
tamamilə gündəlikdən çıxarmaq, insanların
rifah halını yaxşılaşdırmaq, daha
güclü, qüdrətli dövlət qurmaqdır.
YAP-ın təşəbbüsü
partiyamıza göstərilən etimadın növbəti təsdiqi
olacaq
Prezident İlham Əliyevin həyata
keçirdiyi islahat konsepsiyası və onun uğurları cəmiyyətimizdə
ciddi müzakirə olunur və insanlar bu islahatları dəstəkləyirlər. Təbii ki,
Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan
Partiyası bu islahatların həyata keçirilməsinə
öz töhfəsini verir və bundan sonra da verəcək.
Bu günlərdə YAP-ı təmsil edən
deputatların təşəbbüsü ilə Milli Məclisin
buraxılması və növbədənkənar parlament
seçkilərinin keçirilməsi üçün
Prezidentə müraciətin qəbul edilməsi də
partiyamızın bu islahatlara verdiyi dəstəyin və
töhfənin növbəti nümunəsidir. YAP
üzvləri bu qənaətdədir ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
islahatlar qanunverici hakimiyyət sferasından kənarda
qalmamalıdır.
Onu da qeyd edim ki, Ulu Öndər
Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan
Partiyası hakim mövqedə olduğu 1993-cü ildən
indiyədək Azərbaycanın inkişafında
mühüm rol oynayan güclü siyasi qüvvədir. Partiyamız həmişə
vacib məsələləri gündəmə gətirib və
onların həllinə nail olub. Təsadüfi deyil
ki, partiyamızın Siyasi Şurasının növbədənkənar
parlament seçkilərinin keçirilməsi barədə təşəbbüsü
də bir neçə gündür ki, ictimaiyyətin ən
müxtəlif təbəqələri tərəfindən
geniş müzakirə olunmaqda idi. Bu isə
ondan xəbər verir ki, YAP-ın bu təşəbbüsü
həm də geniş ictimai fikrə söykənir.
YAP üzvü olan deputatların təşəbbüsü
ilə dekabrın 2-də parlament tərəfindən qəbul
edilən "Azərbaycan Respublikasının Milli Məclisinə
növbədənkənar seçkilərin təyin edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidentinə
müraciət edilməsi barədə” qərarda çox
düzgün olaraq yazılır: "Azərbaycan
Respublikasının Milli Məclisi ölkədə həyata
keçirilən islahatların daha da genişlənməsi və
dərinləşməsi prosesindən kənarda qalmamalı,
islahatların qanunvericilik orqanını da əhatə etməsi
məqsədilə dövlətçilik nümunəsi
göstərməlidir. Bu baxımdan, Azərbaycan
Respublikasının Milli Məclisində çoxluq təşkil
edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin
Sədrinə müraciət edərək belə vəziyyətdə
parlament fəaliyyətinin həyata keçirilməsinin
mümkün olmayacağı qənaətinə gəldiklərini
və növbədənkənar seçkilər keçirilməsinin
zəruri olduğunu bildirmişlər”.
Ümumiyyətlə,
parlamentin buraxılması və növbədənkənar
parlament seçkilərinin keçirilməsi müxtəlif
demokratik ölkələrin timsalında beynəlxalq təcrübədə
tez-tez rast gəlinən haldır. Bu kontekstdə bir
sıra Avropa ölkələrinin son zamanlar müşahidə
olunan təcrübəsinə nəzər yetirmək məqsədə
müvafiqdir. Məsələn, bu il
Böyük Britaniya, Ukrayna, Xorvatiya kimi ölkələrdə
növbədənkənar seçkilər elan olunub. Hətta
elə ölkələr var ki, il ərzində
iki dəfə qanunverici orqana seçkilər keçirir. Azərbaycanın siyasi həyatında ilk dəfə
olmasına baxmayaraq, bunu qeyri-adi formada qiymətləndirməyə
ehtiyac yoxdur. Çünki bir sıra
ölkələrdə növbədənkənar seçkilər
hakimiyyət böhranından, siyasi kataklizmlərdən irəli
gələrək keçirilir. Azərbaycanda
isə söhbət hakimiyyətin bütün
sferalarını əhatə edən yeniləşmədən,
müasirləşmədən, islahatlar konsepsiyasının
coğrafiyasının genişlənməsindən və
bunun zəminində Azərbaycanın daha dinamik
inkişafı üçün daha əlverişli,
etibarlı imkanların əldə olunmasından gedir.
Lakin onu qeyd etmək yerinə
düşər ki, Azərbaycan dövləti sosial-iqtisadi
inkişafı hər zaman hüquqi-siyasi təkmilləşmə
və demokratikləşmə ilə paralel aparıb. Bu iki istiqamət
bir-birini tamamlayıb və quruculuğun inkişaf vəhdətini
təşkil edib. İqtisadi yüksəlişi olmayan cəmiyyətdə
demokratik meyarların intişar tapması
mümkün olmadığı kimi, mükəmməl
hüquqi-siyasi prinsiplərin prioritet olmadığı
dövlətlərdə də əsaslı sosial-iqtisadi
nailiyyətlər əldə edilə bilməz. Bu mənada son sosial-iqtisadi islahatların davamı
artıq dövlət idarəetməsinin qanunvericilik hakimiyyəti
istiqamətində də aparılacaq.
Azərbaycanda cənab
Prezidentin həyata keçirdiyi bu islahatlar öz mahiyyətinə
görə postsovet və Şərqi Avropa ölkələrini
qabaqlayıb.
Təsadüfi deyil ki, aparılan kompleks
islahatlar ölkəmizə "dünyada ən
islahatçı” ölkə imici qazandırıb. Qanunverici orqanın fəaliyyəti Prezident İlham
Əliyevin apardığı məqsədyönlü siyasət
sayəsində ölkəmizdə gedən sürətli
inkişaf prosesinə adekvat olmalıdır. Bu mənada Azərbaycan parlamentinin də müasirləşməsi,
yeniləşməsi, islahatlar sferasına cəlb olunması
Prezident İlham Əliyevin islahatlar konsepsiyasının
uğurla həyata keçirilməsinə mühüm
töhfədir.
YAP-ın bu təşəbbüsü
həm də xalqımızın partiyamıza göstərdiyi
etimadın növbəti təsdiqi olacaq. Belə
ki, Prezident İlham Əliyevin müsbət dəyərləndirəcəyi
təqdirdə növbədənkənar parlament seçkiləri
keçiriləcək. Bu mənada YAP
növbəti seçkilərə getmək iddiasını
ortaya qoymaqla özünə əminliyini nümayiş etdirir.
Yeni parlament seçkilərində Yeni Azərbaycan
Partiyası qazanacağı növbəti uğurunun əsas
şərti kimi isə Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən mükəmməl siyasi
kursa, ölkəmizin yüksəlişinə güvənir.
Aytac
ƏLİYEVA,
YAP Gənclər
Birliyinin sədr müavini
Azərbaycan.-
2019.-4 dekabr.- S. 4.