Milli Məclis icbari tibbi sığorta haqlarını müəyyən etdi

 

Parlament yanvarın 1-dən mərhələli şəkildə tətbiqinə başlanılacaq "Tibbi sığorta haqqındaqanun layihəsini sonuncu oxunuşda təsdiqlədi

 

Milli Məclisin dünən keçirilən plenar iclasında ölkə ictimaiyyətinin diqqətində olan bir neçə mühüm qanun layihələri üçüncü, yəni sonuncu oxunuşda təsdiqləndi. Bunların sırasında xüsusilə tibbi sığorta və uşaqların övladlığa götürülməsi ilə bağlı sənədlərə olunan dəyişikliklər maraq kəsb edirdi.

Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki 15 məsələni təqdim etdikdən sonra iclasda müzakirələrə başlanıldı.

 

Mərhələli icbari tibbi sığorta - kimlər əməkhaqqından nə qədər ödəyəcək?

 

Elə müzakirəyə çıxarılan ilk sənəd "Tibbi sığorta haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi idi.

Sənədi üçüncü oxunuşda təqdim edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, qanun layihəsinə 2 dəyişiklik təklif olunur. Bunlar icbari tibbi sığorta şəhadətnaməsinin verilməsi və kredit müddəası ilə bağlı olan dəyişikliklərdir. Komitə sədrinin sözlərinə görə, dəyişikliyə əsasən icbari tibbi sığorta ölkənin inzibati vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci il ərzində mərhələli şəkildə həlli tətbiq olunacaq. Bu dəyişikliklər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Mərhələli proses 4 rübə bölünür. I rübdə tibbi sığorta respublikanın şimal bölgəsində 20 rayonu, II rübdə qərb bölgəsində 17 rayonu, III rübdə cənub bölgəsində 14 rayonu, IV rübdə isə Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə edəcək.

Yəni ilin sonunadək bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqi reallaşacaq.

Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, icbari tibbi sığorta haqları aşağıdakı kimidir:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

Bu Qanunun 15-2.5-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən - bu Qanunun 15-2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə təqvim ili üçün adambaşına 90 manat;

Bu Qanunun 15-2.3.4-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - minimum aylıq əməkhaqqının 4 faizi;

Bu Qanunun 15-2.3.5-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;

Bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - 2023-cü ildən etibarən minimum aylıq əməkhaqqının 48 faizi.

Qanun 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minir. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.

 

İki qanun ləğv edildi

 

"İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli qanunlarınin ləğv edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi.

Bildirildi ki, "Tibbi sığorta haqqında” qanunda "İcbari sığortalar haqqında” və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilir. Yəni "Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulur.

Deputatlar dəyişikliyə müsbət münasibət bildirdilər.

 

Övladlığa götürmə prosesi 3 mərhələdə aparılacaq

 

"Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş) Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verdi.

Dəyişiklik Ailə Məcəlləsində övladlığa götürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, eləcə də övladlığa götürmə prosesində şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsini nəzərdə tutub.

Layihədə övladlığa götürmə prosesinin 3 mərhələdə aparılması nəzərdə tutulub. Bunlar övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi (bu mərhələnin özündə də övladlığa götürmək istəyən şəxslərlə müsahibələr və mənzil şəraitinin yaxşılaşdırılması, təlim, uyğunlaşma, müəssisədə uşaqlarla görüş və sınaq müddətində ailədə yerləşdirmə kimi alt mərhələlər olacaq) və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi mərhələlərindən ibarətdir. Bu mərhələlər övladlığa götürmə prosesində övladlığa götürmək istəyən şəxslərin həm həyat şəraitinin, həm övladlığa götürməyə olan motivlərinin, həmçinin uşaqla onların uyğunlaşdırılmasının müəyyən edilməsinə imkan verəcək. Nikahda olan şəxslər üçün minimum yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaş kimi müəyyən edilib.

İclasda Ailə və Mülki Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), həmçinin "Uşaq hüquqları haqqında” və "Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (üçüncü oxunuş) müzakirə edilərək təsdiqləndi. Dəyişiklik "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna uyğunalaşdırmaq məqsədi daşıyır.

 

Yeni medal təsis edilir

 

Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görəmedalının təsis edilməsi ilə əlaqədarorden medalların təsis edilməsi haqqındaqanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.

Beləliklə, Azərbaycanda mövcud olan medallar sırasına daha biri daxil olur. Layihəyə əsasən, "Diaspor fəaliyyətində xidmətə görə” yeni medal təsis edilir: "Prezident İlham Əliyev daimi olaraq xaricdə yaşayan soydaşlarımıza xüsusi diqqət göstərir. Hazırda diaspor sahəsində keyfiyyətcə yeni siyasət həyata keçirilir. Azərbaycanın dünyada artan nüfuzu bu sahəyə xüsusi diqqət göstərilməsini tələb edir. Bu illər ərzində diaspor fəaliyyətində aktiv olan soydaşlarımız bir sıra ordenmedallarla təltif olunublar. Bu baxımdan xüsusi bir medalın - "Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması çox əhəmiyyətli addımdır”.

Layihəyə əsasən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə, diasporun ölkəmizlə əlaqələrin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunacaqlar.

Müzakirələr zamanı çıxış edən parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirdi ki, Azərbaycan diasporu çox sağlam təməllər üzərində qurulub. Milli Məclisdə belə bir qanun layihəsinin qəbul edilməsi məmnunluq hissi yaradır. Komitə sədri "Xaricdə yaşayan soydaşlardiaspor təşkilatı haqqında” qanun layihəsinin hazırlandığını da söylədi. Yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu sənəd olacaq: "Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyir. Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox probleminin həllinə müsbət təsir göstərəcək”.

Sənəd səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.

 

Azərbaycan bir neçə beynəlxalq sənədə qoşuldu

 

İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə, "Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında” "Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulmaq haqqında”, "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentlərinə Birinci Əlavə Protokola qoşulmaq haqqında”, "Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə” və "2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında” qanun layihələri də təsdiqləndi.

Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikası Hərbi-Dəniz bayraqları haqqında” və "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini üçüncü oxunuşda təqdim etdi. Komitə sədri dedi ki, dövlət başçısının bu ilin aprel ayında imzaladığı fərmanla "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə” və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri” təsdiq edilib. Həmin fərmanla Ali Baş Komandanın bayrağının vahid forması müəyyənləşdirilib. Deputatlar dəyişikliyə müsbət münasibət bildirdilər.

Həmçinin iclasda "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, eləcə də Əmək Məcəlləsində və "Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr üçüncü oxunuşda təsdiqləndi.

Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 4 dekabr.- S. 1; 3.