Sergey Lavrov: “Rusiya
ilə Azərbaycan arasında münasibətlər
qarşılıqlı inama və etibara əsaslanır”
Dekabrın 3-də Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirləri
Elmar Məmmədyarov
və Sergey Lavrov görüşdən sonra
birgə mətbuat konfransı keçiriblər.
Nazirlər görüşdə müzakirə olunan məsələlər barədə məlumat veriblər.
Elmar Məmmədyarov iki ölkə arasında bir çox sahələrdə, xüsusilə də iqtisadi sahədə uğurlu əlaqələrin olduğunu deyib. O bildirib ki, ticarət dövriyyəsinin həcmi 2,5 milyard dolları ötüb. Bu ilin sonunadək bu rəqəmi 3 milyard dollara çatdırmağı hədəfləyirik. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Rusiyaya qoyduğu investisiya 1,2 milyard dolları keçib, Rusiya isə Azərbaycana 4,9 milyard dollar investisiya yatırıb.
Sergey Lavrov Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji olmaqla yanaşı, qarşılıqlı inama və etibara əsaslandığını bildirib. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyətini qeyd edib.
Humanitar sahədə əlaqələrə toxunan Sergey Lavrov qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində yaxın əməkdaşlıq var. Nazir Azərbaycanda rus dilinin tədrisinə göstərilən qayğıya görə təşəkkür edib. Bildirib ki, ali təhsil müəssisələri arasında da sıx əməkdaşlıq mövcuddur, Azərbaycanda Rusiya universitetlərinin filialları fəaliyyət göstərir.
Sergey Lavrov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini xatırladaraq vurğulayıb ki, bu səfər çox səmərəli olub.
Nazir beynəlxalq təşkilatlar səviyyəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf etdiyini də diqqətə çatdırıb. “Biz Azərbaycanın qarşıdakı üç il ərzində Qoşulmama Hərəkatına sədrliyindən istifadə edərək Rusiyanın bu təşkilatla əlaqələrinin daha da yaxınlaşmasına çalışacağıq”, - deyə o əlavə edib.
Turizm sahəsində əlaqələrə toxunan rusiyalı nazir bildirib ki, bu istiqamətdə uğurlu əməkdaşlıq var. Bu il Rusiyadan Azərbaycana gələn turistlərin sayının bir milyona yaxınlaşdığını qeyd edən Sergey Lavrov bunun yaxşı göstərici olduğunu qeyd edib.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Rusiya həmsədr qismində münaqişənin həllinə kömək göstərəcək. O, Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin də önəmli olduğunu deyib.
Rusiya
XİN rəhbəri, həmçinin qeyd
edib ki, hərbi-texniki
sahədə əməkdaşlıq Moskva
ilə Bakı arasında strateji tərəfdaşlığın
ən vacib sahələrindəndir. Bu əməkdaşlıq beynəlxalq
qanunvericiliyə uyğun inkişaf
edir.
Azərbaycan.-
2019.- 4 dekabr.- S.3.