4-cü regional inkişaf
proqramının ilk ili
uğurla başa
çatır
Ölkənin hərtərəfli və dayanıqlı inkişafında qəbul edilən regionların sosial-iqtisadi dövlət proqramları mühüm rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə ilk Dövlət Proqramı qəbul edildi.
Artıq IV Dövlət Proqramının bir ili tamam olur. Ötən dövr ərzində bölgələrdə həyata keçirilən işlərə nəzər saldıqda görürük ki, regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən dövlət proqramlarının icrası sayəsində mühüm addımlar atılıb.
Həmin proqramların icrası sayəsində 2004-cü ildən 2019-cu ilin ötən dövrü ərzində 2,3 milyon yeni iş yeri yaradılıb. Təkcə sonuncu IV Dövlət Proqramının icrası sayəsində cari ilin 6 ayında 92 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür.
Məlumdur ki, sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, həm də yeni iş yerləri deməkdir. Buna görə də dövlət regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlarda bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Belə hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır. Son dövrlər regionlarda yeni istehsal, emal və xidmət müəssisələrinin açılması əhalinin paytaxta axınının qarşısını demək olar ki, alıb. Bəzi hallarda isə paytaxtdan bölgələrə qayıtma halları üstünlük təşkil edir.
Cari ildə IV Dövlət Proqramının icrasına uyğun olaraq bölgələrdə sahibkarlığı inkişaf etdirmək məqsədilə bir sıra işlər görülür. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək verməsi sayəsində Qəbələdə, Abşeronda, Füzulidə, Sumqayıtda, Şəkidə, Şamaxıda KOB mərkəzləri fəaliyyətə başlayıb. Yerli mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ölkədə keçirilən satınalmalarda iştirakını təmin etməklə onların inkişafına zəmin yaratmaq, eyni zamanda dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, həmçinin rəqabətli satınalma metodlarından istifadə imkanlarının yaradılması məqsədilə elektron satınalma portalı fəaliyyət göstərir. Hədəf bu yolla mikro, kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılmasıdır. Belə ki, dövlət tenderlərində iştirak onlara maliyyə qaynağı əldə etməyə imkan verir. Nəticədə həmin sahibkarlar öz bizneslərinin inkişafını təmin etmək imkanı qazanır.
Bu ilin birinci yarısında 510 sahibkarlıq subyektinin ümumi dəyəri 177,8 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 48,2 milyon manat güzəştli kredit verilmişdir. Həmin kreditlərin 43,6 faizi regionların payına düşür. Eyni zamanda iqtisadiyyata yerli və xarici maliyyə resurslarının cəlb edilməsi üçün dövlətin təşviq mexanizmlərindən biri olan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Təkcə cari ilin 6 ayı ərzində 44 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunmuşdur.
Ölkədə həyata
keçirilən iqtisadi siyasətin bir istiqaməti də sənayeləşmədir.
Hədəf həmin siyasətə uyğun olaraq, ölkədə
qeyri-neft sektorunun
davamlı inkişafının təmin edilməsi,
sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan
rəqabətqabiliyyətli sənaye müəssisələrinin
təşkili və istehsal sahəsində
əhalinin məşğulluğunun
artırılmasıdır. Buna nail olmaq üçün
hesabat dövründə sənaye
parkları və məhəllələrinin tikintisi,
onların fəaliyyətə başlaması istiqamətində
işlər davam etdirilir.
Pirallahı Sənaye
Parkında illik istehsal gücü 150 milyon birdəfəlik şpris olan "Diamed Co” zavodu istismara verilmişdir. Həmin dövrdə Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi
məqsədilə tədbirlər
davam etdirilərək
rezidentlərin sayı
17-yə çatmış, Sumqayıt Kimya Sənaye Parkında tikilən SOCAR-ın Karbamid zavodu fəaliyyətə başlamışdır.
Müəssisə ildə 650-660 min ton karbamid məhsulu istehsal etməyə qadirdir. Bununla yanaşı, "SOCAR Polymer”
MMC-nin yüksək sıxlıqlı polietilen
istehsalı zavodu da istifadəyə verilmişdir. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən
müəssisələrin sayı
13-ə çatmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində
"SumPlast” MMC-nin kisə və torba, "AzerFloat” QSC-nin şüşə istehsalı, "Azərxalça”
ASC-nin iplik və yun istehsalı
müəssisələrinin tikintisi isə davam etdirilir.
Məlumdur ki, kənd təsərrüfatı
qeyri-neft sektorunda əhatə dairəsinə
və əhalinin məşğulluğuna görə
mühüm yer tutur. Buna görə də regionların sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarında aqrar sektora xüsusi diqqət verilir. Dövlət
kiçik və orta fermer təsərrüfatlarını
dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının
və aqroparkların yaradılmasını da stimullaşdırır. Belə
ki, aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında
və ərzaq təhlükəsizliyinin təmin
edilməsində qabaqcıl
texnologiyalardan istifadə
edən aqrar müəssisələrin yaradılmasına
ehtiyac var. Bu məqsədlə
hesabat dövründə
ölkə üzrə
33 rayonu əhatə edən 262 min hektar ərazidə 51 aqropark və iri fermer
təsərrüfatının yaradılması istiqamətində
işlər görülür.
Hazırda 22 aqropark fəaliyyət
göstərir. İlin sonunadək
11 aqroparkın fəaliyyətə
başlaması gözlənilir.
Qeyd edək ki, bu layihələrin
icrası ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə
investisiya qoyulması ilə nəticələnəcək.
Həmçinin bu layihələrin icrası
sayəsində bölgələrdə
4 mindən çox yeni iş yeri
yaradılacaq.
Qəbul edilən bütün dövlət proqramlarında
bölgələrdə sosial
infrastrukturun yaradılmasına
diqqət yetirilir. Bunun nəticəsidir ki, IV Dövlət Proqramının
icrasının birinci
ilinin yarısında bölgələrdə 160 kilometr
içməli su, 84,8 kilometr kanalizasiya
xətləri çəkilmişdir.
Gəncə, Şəki,
Qax, Şirvan, Şəmkir, Mingəçevir,
Salyan və Horadiz şəhərlərində,
eləcə də kənd yaşayış məntəqələrində su
təchizatı və
kanalizasiya layihələrinin
icrası isə davam etdirilir. Proqrama əsasən, regionlarda qaz təsərrüfatının
inkişafı və yenidən qurulması, mavi yanacaqla təchiz olunmayan yaşayış məntəqələrinin
qazlaşdırılması, istehlakçıların təhlükəsiz
və fasiləsiz qazla təmin edilməsi ilə bağlı tədbirlər
davam etdirilir. Cari ilin birinci
yarısında regionlarda
719,9 kilometr qaz xətti çəkilmiş, 246,06 kilometr
qaz xətti əsaslı təmir olunmuş, 88876 qaz sayğacı quraşdırılmış
və ya yenisi ilə əvəz edilmiş, 8 yaşayış məntəqəsi
təbii qazla təmin olunmuşdur.
Əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması
və iqtisadiyyatın
davamlı enerji təchizatı ilə təmin olunması üçün regionlarda
2627 kilometr yeni elektrik verilişi xətləri çəkilmiş,
855 kilometr elektrik verilişi xətləri əsaslı təmir olunmuş, 36 transformator quraşdırılmış və
əsaslı təmir
edilmiş, 4 yarımstansiya
tikilmişdir.
Son illər
yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması, o cümlədən kənd
yollarının tikintisi
istiqamətində də
əhəmiyyətli işlər
görülmüş, yüz
minlərlə sakinin və sahibkarlıq subyektlərinin yol infrastrukturuna çıxış
imkanları yaxşılaşmışdır. Yolların bərpası
və tikintisi istiqamətində işlər
yenə davam etdirilir. Belə ki, ölkə üzrə bu il 226 kilometrdən çox respublika və yerli əhəmiyyətli
avtomobil yolu tikilmiş və əsaslı təmir olunmuş, 33,62 kilometrdən
çox dəmir yolu xətti çəkilmiş və
yenidən qurulmuş,
9 yeni körpü, keçid və yol qovşaqları inşa edilmişdir.
Rüstəm KAMAL
Azərbaycan.-
2019.- 4 dekabr.- S.1; 5.