Əlillərin cəmiyyətə inteqrasiyası hər birimizdən asılıdır

 

Fiziki məhdudiyyəti olanların arasında istedadlıların üzə çıxarılması istiqamətində müxtəlif layihələr reallaşdırılmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi bir sıra irihəcmli layihələr ictimaiyyət tərəfindən də təqdir olunur. Belə layihələrdən biri avqust ayının 1-dən start götürərək dekabrın 31-dək davam edəcək "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə Günərzi mərkəzlərin xidmətinin göstərilməsi” adlı müsabiqədir.

Əsas məqsədi fiziki məhdudiyyətlilərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarət olan "İstedadlı Əlillər” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə bu sahədə müəyyən tədbirlərin təşkilinə nail olub. Təşkilatın sədri I qrup əlil Cavad Qasımov deyir ki, rəhbəri olduğu birlik əhalinin sosial müdafiəsi və sağlamlığının qorunması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərin təbliği ilə də məşğuldur: "...Birlik əlilliyin qarşısının alınması, bu qəbildən olan insanlara qayğının göstərilməsi ilə bağlı maarifləndirmə işinin təşkili, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün müxtəlif kurslarseminarlar, "dəyirmi masa” və görüşlər, sərgilər, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər keçirir. Gəncə, Sumqayıt və Abşeron rayonunun Xırdalan şəhərində filialları fəaliyyət göstərir. Müəllifi olduğumuz bir sıra mühüm layihələrin reallaşdırılmasında Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını yanımızda hiss etmişik. Onlar maliyyə dəstəyi göstərib”.

Sumqayıtda aztəminatlı ailələrin uşaqları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Günərzi Mərkəzi fəaliyyət göstərir. Belə mərkəzlərin qurulması layihəsini yerli qeyri-hökumət təşkilatları icra edir. Layihə barədə fikirlərini bölüşən C. Qasımovun sözlərinə görə, mərkəz açılanda ora xeyli müraciət olub. Lakin layihəyə uyğun olaraq, 4-12 yaş arası daha çox qayğıya ehtiyacı olan aztəminatlı ailələrin övladlarından və fiziki məhdudiyyətli uşaqlardan 30 nəfər götürülüb: "Belə mərkəzlərin artırılması və davamlı fəaliyyəti üçün mütləq düşünülməlidir. Mərkəzdə uşaqların tədrisi, təlimi və məşğuliyyəti ilə bağlı münbit şərait yaradılıb. Çox istərdik ki, uşaqlarımızın hər biri belə diqqət, sevgi və gözəl şəraitlə təmin olunsun”.

"IVERIA - DİAMOND-2019” fiziki məhdudiyyətlilər üçün beynəlxalq mahnı, rəqs və incəsənət festivalında iştrak etməsi üçün "İstedadlı Əlillər” İctimai Birliyinə göstərdikləri dəstəyə görə "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə, Abşeron Rayon İcra Hakimiyətinə, Milli Paralimpiya Komitəsinə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasına, "Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinə təşəkkürünü bildirən C.Qasımov onu da vurğuladı ki, bir qrup əlilliyi olan istedadlı gənclərimiz həmin beynəlxalq festivalda qalib gəlib "Qran-prini Azərbaycana gətirdilər: "İstedadlıların qabiliyyətinin üzə çıxarılmasında mütləq dəstək lazımdır. Məhz həmin dəstək hesabına oktyabr ayında birliyimizin üzvləri Gürcüstanın Rustavi şəhərində keçirilən "IVERIA-DIAMOND-2019” Beynəlxalq Festivalın qalibi oldular. Azərbaycan, Almaniya, İsrail, Gürcüstan, Ukrayna və digər respublikalardan müxtəlif fiziki imkanları məhdud istedadlılar həmin festivala qatılmışdılar. Respublikamızı təmsil edən "İstedadlı Əlillər” və "Əlil Velosipedçilərə Dəstək” İctimai birlikləri üzvlərindən Bəhlul Əliyev, Aysel Əlizadə, İlqar Əhmədov, Mehrac Dünyamalıyev, Amid Həsənquluyev, Milli Paralimpiya Komitəsinin əlil arabasında rəqs idmanı üzrə idmançıları Rəsul Zəkiyevlə Diana Şahbazova gözəl ifaları ilə diqqət çəkdilər və yüksək qiymətləndirildilər və onlar "Qran-pri”yə sahib oldular.

Həmin tədbirdə Azərbaycan xalq mahnısı "Sarı gəlin”i Mehrac Dünyamalıyev çox gözəl ifa etdi. Festivalın aparıcısı tərəfindən "Sarı gəlin”in Azərbaycan xalq mahnısı olduğu və UNESKO tərəfindən qəbul edildiyi xüsusi vurğulandı. Onu da deyək ki, ölkəmiz növbəti 2020-ci ildə "Odlar Yurdu, Bakı-2020” adlı mahnı, rəqs və incəsənət beynəlxalq festivalına evsahibliyi edəcək...”

Qubad Qasımov isə yeni bir layihə barədə məlumat verərək bildirdi ki,”Park-Bulvar Ticarət Mərkəzinin təşkilati dəstəyi ilə noyabr ayında birlik fiziki məhdudiyyəti olan istedadlıların əl işlərinin satış-sərgisini təşkil etdi. Sərginin keçirilməsində məqsəd onların əsərlərinin cəmiyyətə təqdim edilməsi, eyni zamanda müəlliflərin maddi təminatına dəstək idi.

Onu da deyək ki, birliyin fəaliyyəti beynəlxalq və yerli təşkilatlar tərəfindən dəfələrlə mükafatlandırılıb. Türkiyə Cümhuriyyəti "Birləşən Yürəklər” vəqfi tərəfindən medala, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən təltif olunan birlik üzvləri öz istedadlarına və qabiliyyətlərinə güvənərək festival, olimpiya və sərgilərdə iştirak ediblər. Bu da ilk növbədə onların cəmiyyətə inteqrasiya olunmalarında mühüm məsələdir. Birliyin 40-dək üzvü keçirilən satış-sərgilərdə Azərbaycan Xalça Muzeyi tərəfindən fəxri fərman və diplomla təltif olunub.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 4 dekabr.- S. 6.