Azərbaycanda turizmin inkişafı
dünyanın diqqət mərkəzindədir
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində turizm iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan 2023-cü ilə qədər 4 milyona yaxın turist qəbul etməyə hazırlaşır. Bu məqsədlə ölkəmizə ildə 10 faiz turist gəlişini artırmaq nəzərdə tutulub. Proqnoz ildən-ilə öz reallığı ilə rəğbət doğurur. Bunu xarici ölkələrin mərkəzi televiziya və radio verilişlərindən, bölgələrin həyatından bəhs edən telekanallardakı süjetlərdən, qəzet və jurnal materiallarından da bilmək mümkündür.
Rusiya Federasiyası, Türkiyə, Avstraliya, İtaliya və bir sıra ərəb ölkələrində Azərbaycanın coğrafi şəraiti, əsrarəngiz təbiət müxtəlifliyi, dünya standartlarına cavab verən bir-birindən yaraşıqlı istirahət mərkəzləri, gəzməli və görməli yerləri barədə maraqlı verilişlər təqdim olunur. Məsələn, Rusiyanın "Moya Planeta”, "Pyatnitsa”, NTV və digər kanallarında, həmçinin CNNArabi, "Al-Arabiyya”, "Masr-al-yaum” və s. ərəbdilli televiziya verilişlərində, Türkiyənin "Sabah” və "Hüriyet” kimi aparıcı qəzetlərində, habelə müxtəlif ölkələrdə müstəqil telekanallarda və sosial şəbəkələrdə insanlar diqqətçəkən verilişlərin izləyicisi olublar. Bu verilişlərdə Azərbaycanın turistlər üçün maraqlı və unudulmaz məkan olacağı qeyd edilməklə respublikamızın tolerantlıq ənənələri, multikulturalizm dəyərləri, qədim və zəngin mədəniyyəti, tarixi abidələri, ləzzətli mətbəxi sevgi ilə xatırlanıb. Hətta son illər Bakının evsahibliyi etdiyi sammitlərdə, konfrans və simpoziumlarda, digər beynəlxalq tədbirlərdə dövlət və siyasət adamları çıxışlarında ölkəmizin turzm uğurlarını yüksək dəyərləndirmişlər. Bütün bunların əsasında Prezident İlham Əliyevin ölkəmizdə turizmin dünya standartlarına uyğun qurulması və inkişaf etdirilməsi siyasəti dayanır. Dövlət başçısının rəhbərliyi altında respublikamızda turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Turizm haqqında” qanun layihəsi, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Həmin strategiya uğurla həyata keçirildikcə Azərbaycanın bu sahədəki nailiyyətləri bütün dünyada qürurverici səslənir.
Azərbaycanda 2011-ci ilin "Turizm ili” elan edilməsi turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsinə öz töhfəsini vermişdir. 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AITF) keçirilməsinin ənənə halını alması ölkəmizdə turizmin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Təsadüfi deyil ki, cari il noyabrın ikinci ongünlüyündə Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən müsabiqədə Azərbaycanın tanıtım videoçarxı "Qran-pri” mükafatına layiq görülmüşdür.
140 ölkənin qatıldığı bu mərasimdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru "Biz çox şadıq ki, Azərbaycanın turizm təbliğat videoçarxı ölkəmizin turizm potensialı haqqında dolğun təsəvvür yarada bilir və hər kəsi Azərbaycana gəlməyə, ölkə turizminin malik olduğu zənginliklərə bir daha baxmağa həvəsləndirir” deyə iştirakçıları ölkəmizi ziyarət etməyə dəvət etmişdir.
Hazırda Bakıda, eləcə də ölkəmizin ayrı-ayrı regionlarında biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilib. Ölkə rəhbəri 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum üç saat ərzində verilməsinə dair sərəncam imzalayıb. Həmin vaxtdan "ASAN viza” sistemi uğurla fəaliyyət göstərir.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında da fərman imzalayıb. Respublikamızdakı ictimai-siyasi sabitlik, əmin-amanlıq, yüksəksəviyyəli təhlükəsizlik, infrastruktur və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, viza sisteminin sadələşdirilməsi Azərbaycana gəlmək istəyən turistlərin ildən-ilə artmasını təşviq edir.
Ekspertlərin fikrincə, 2019-cu il Azərbaycana gələn turistlərin sayına görə rekord il olacaq. 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizi ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatıb. Dövlət Turizm Agentliyindən redaksiyamıza verilən məlumata görə, bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.
Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycanı ziyarət edən qonaqların 51,9 faizini təşkil edir.
Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47,9 faiz və 37,8 faiz artım müşahidə edilib.
2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24,7 faiz artım deməkdir.
Ən yüksək artım 74,3 faizlə İran və 65,1 faizlə Orta Asiya ölkələrindən gələnlərlə bağlıdır. Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9.6 min nəfər və ya 18 faiz artım) və Rusiyadan (9.2 min nəfər və ya 14,4 faiz artım) gələnlər arasında müşahidə edilib.
Hazırda Azərbaycanda turizm çox geniş imkanlara malikdir. İlk növbədə təhlükəsizlik və sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. Müxtəlif iqlim tipləri var. Günün tələblərinə cavab verən infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, hotellər, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm və s. inkişaf edir. Məsələn, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ Müalicəvi Mərkəzinə turistlər gəlir. Qalaaltıya müalicəyə gəlirlər.
Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindəndir. Yəni bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edir. Xaricdən turistlərin cəlb edilməsi məqsədilə yeni layihələr həyata keçirilir. Məsələn, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən ölkədə macəra turizminin inkişafı, dağçılıq və ekstremal idman növlərinə marağın artırılması üçün respublika Gənclər Fondunun dəstəyi ilə "Vətənimdə qarış-qarış” layihəsi çərçivəsində İsmayıllı rayonundan başlayan Sulut kəndi ərazisindəki Fit dağında yerləşən XVII-XVIII əsrlərə aid "Buzxana” və "Qırxotaq əfsanəsi” abidələrinin marşrutu üzrə istiqamətləndirici nişan və məlumat lövhələri yerləşdirilib. Layihənin respublikanın digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulur. Yeni marşrutların istiqamətləri müəyyənləşdirilir.
Dünyanın bir çox ölkələrində Azərbaycan diaspor təşkilatlarının və respublika Turizm Bürosunun birgə təşkilatçılığı ilə Azərbaycanın turizm potensialı və səmərəliliyinə dair tədbirlər keçirilir, mətbuat konfransları təşkil edilir, nüfuzlu mətbu orqanlarda məqalələr dərc olunur, televiziyalarda süjetlər göstərilir. Bu səbəbdəndir ki, xarici ölkələrdəki turizm şirkətləri ilə əməkdaşlıq sazişləri artır. Dünyanın turizm ölkələrindən birinə çevrilən Azərbaycana gələn əcnəbi turistlərin say çoxluğu buna bariz nümunədir. Gələnlərin sayında ən çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan (78,5 faiz), Çin (74,3 faiz), Səudiyyə Ərəbistanı (48,8 faiz), Macarıstan (48,1 faiz), Böyük Britaniya (30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz) və Almaniya (25,1 faiz) olmuşdur. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,3 faiz artaraq 83,2 min, MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 655,1 min nəfərə çatmışdır.
Ölkəmizin ən ucqar ərazilərində belə dünya standartları səviyyəsində nəqliyyat infrastrukturu yaradılır. Xüsusilə dağ kəndləri yollarında yaradılan təhlükəsizlik və yolların asfalt örtüyünün müasir tələblərə cavab verməsi turistlərin məmnunluğuna səbəb olur. İndi turistlər həmin ərazidəki kəndlərə səyahət etməkdən zövq alırlar. Dövlət başçısının tapşırığı ilə turistlərin rahatlığını təmin etmək və onların vaxt itkisinin qarşısını almaq, nəhayət, yol turizminin səmərəliliyini artırmaq məqsədilə bölgələrdə kəndarası yollar əsaslı şəkildə təmir olunur, yol kənarlarına tanıtma nişanları qoyulur, yaşıllıqlar salınır və s. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə turizm sahəsinə qoyulan sərmayə öz bəhrəsini verir. Yeni və müasir hotellər, dünya standartlarına uyğun yollar, bir sözlə, yaradılan infrastruktur Azərbaycanı daha da cəlbedici edib.
Rəhman SALMANLI
Azərbaycan.-
2019.-4 dekabr.- S.10.