Turizm sektoru üçün bacarıqlı kadrlar hazırlanır

 

Azərbaycan iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf qeyri-neft sektorunun aparıcı sahələrindən biri hesab edilən turizm sənayesinin mövcud nailiyyətlərində də özünü büruzə verir. Kompleks şəkildə həyata keçirilən tədbirlər, qurulan müasir turizm infrastrukturları, təbliğat-təşviqat işinin uğurlu təşkili və atılan digər zəruri addımlar Azərbaycan turizminə beynəlxalq marağın ilbəil artmasına zəmin yaradıb.

Bu gün ölkəyə turist axınına aid statistik göstəricilərə diqqət yetirmək kifayət edir ki, əldə olunan uğurların miqyası barədə hər kəsdə dolğun təəssürat yaranmış olsun. Bu göstəricilərə daxili turizm potensialını və resurslarını, həmçinin qeyri-ənənəvi turizm sahələrinin yaradılması və inkişafı sahəsinin uğurlarını da əlavə etsək, həqiqətən də ürəkaçan mənzərə ortaya çıxar. Təbii ki, bu inkişafın və nailiyyətlərin təməlində ölkə Prezidenti İlham Əliyevin təşəbbüsləri və iradəsi, imzaladığı sərəncam və fərmanlar dayanır. Yeri gəlmişkən etiraf etmək lazımdır ki, inkişafı təmin edən faktor təkcə qurulan, yaradılan infrastrukturlarla əlaqəli deyil. Burada mütəxəssis amili, turizm sektoru üçün ixtisaslı kadr hazırlığı mühüm rol oynayır.

Bu sahədə Mingəçevir Turizm Kollecinin xüsusi rolu var. 2006-cı ildə Nazirlər Kabinetinin qərarı ilə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin bazasında yaradılan Mingəçevir Turizm Kolleci fəaliyyətə başladığı zaman nə Azərbaycan dilində yetərli sayda dərslik, nə metodiki tədris vasitələri, nə arzuolunan sayda turizm sahəsi üzrə ixtisaslaşmış pedaqoq, mütəxəssis vardı. Kollec o zaman struktur tabeliyinə daxil olduğu Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Təhsil Nazirliyinin yaxından dəstəyi ilə Avropanın qabaqcıl təhsil müəssisələri və elmi mərkəzləri ilə işgüzar əməkdaşlıq əlaqələri yaratmaqda ciddi səylər göstərdi. Qısa müddətdə Şotlandiyanın Stevenson kolleci faydalı tərəfdaşa çevrildi. Dostlaşan iki kollec arasında təşkil olunan tələbə-pedaqoq mübadiləsi, britaniyalı mütəxəssislərin Mingəçevirdə təşkil etdiyi seminar-treninqlər, beynəlxalq layihədə birgə iştirak, beynəlxalq konfranslarda birgə təqdimat, nəzəri-metodik vəsaitlərin qarşılıqlı səylər nəticəsində hazırlanması və nəşri, eləcə də atılan digər addımlar Mingəçevir Turizm Kollecinə uğurlar qazandırdı. Tədris işi beynəlxalq standartlara uyğun quruldu. Şotlandiyalı mütəxəssislərlə başlanılan uğurlu əməkdaşlıq kollecin gələcək əlaqələr coğrafiyasının genişləndirilməsi üçün güclü stimul oldu. Bundan sonra Rumıniyanın Andrey Barseanu, Rusiyanın Moskva Humanitar, Moskva Biznesİqtisadiyyat, Qazaxıstanın Almaatı TexnologiyaMenecment, digər təhsil müəssisələrilə yeni faydalı əlaqələrin təməli qoyuldu. Məntiqi nəticə olaraq Mingəçevir Turizm Kolleci Avropa İttifaqı tərəfindən həyata keçirilən Tempus layihəsində iştiraka dəvət aldı. Bu, Mingəçevir Turizm Kollecinə Fransanın Qrenobl Akademiyası, Almaniyanın Yade Universiteti kimi qabaqcıl və daha nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri yaratmağa imkan verdi. Beynəlxalq örnəklərin axtarışı və səmərəli əməkdaşlıq səyləri turizm kollecinin qarşısında yeni üfüqlər açdı. BelarusRusiya təhsil müəssisələri ilə səmimi dostluq əlaqələri buna nümunədir. Belarusun Polotsk Dövlət Universiteti, Brest Dövlət Texniki Universiteti, Rusiyanın Sankt-Peterburq TurizmHotel Servisi KolleciRusiya Qonaqpərvərlik İnstitutu ilə qarşılıqlı əlaqələr, adları çəkilən təhsil müəssisələri ilə pedaqoq-tələbə və metodik vəsait mübadilələri gözlənilən nəticələri verməkdədir. Belarus universitetlərində Mingəçevir kollec məzunlarının təhsillərini birbaşa yuxarı kurslarda davam etdirmək imkanı yarandı. Digər uğurlu bir əməkdaşlıq münasibətləri Sankt-Peterburq TurizmHotel Servisi Kolleci ilə formalaşıb. Onların böyük nümayəndə heyəti ilə Mingəçevirə səfəri, qarşılıqlı olaraq Mingəçevirli heyətin Rusiyadakı işgüzar görüşləri önəmli hadisələrə yol açdı. Belə ki, rusiyalı dostların təşəbbüsü ilə Mingəçevir Turizm Kolleci Sankt-Peterburq Kolleci ilə birgə həmin şəhərdə İtaliyaFinlandiya təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə baş tutan beynəlxalq konfransa həmtəşkilatçılıq etdi. Eyni zamanda, ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisində sankt-peterburqlu dostların geniş bir heyətlə iştirakı təmin edildi. Belə bir mötəbər beynəlxalq sərgidə uğurlu iştirak Mingəçevir Turizm Kolleci üçün yeni perspektivlər açdı. Sərgidə yeni əlaqələrin təməli qoyuldu. Sərginin iştirakçılarından olan Şri-Lankanın tanınmış turizm şirkəti kolleclə daha sıx və məqsədyönlü əlaqələr qurmaq marağını bildirdi. Ən unudulmaz məqam isə odur ki, bu sərgilər zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təmsilçilik guşəsində kollecin fəaliyyəti ilə yaxından tanış olaraq kollektivə yeni uğurlar arzulamışdır.

Mingəçevir Turizm Kolleci hazırda 12 ixtisas əsasında qiyabi və əyani şöbələr üzrə təhsil verir. Turizmin iqtisadiyyatı və rekresiya idman sağlamlıq turizmi ixtisasları üzrə tələbə qəbulu prosesinə ötən ildən başlanılıb. İxtisaslar qeyri-ənənəvi turizm sektorunun təkmilləşdirilməsi üçün ixtisaslı kadr hazırlığına hesablanıb.

Kollec təkcə təhsil vermir, həm də gənclərin vətənpərvərlik ruhunda fəal vətəndaş kimi yetişməsi üçün bütün mövcud resurslardan səmərəli istifadə edir. İdman, özfəaliyyət və digər yaradıcılıq yönlü dərnəklərdə gənclərin istedadlarının üzə çıxarılmasına dəstək verilir. Çox sayda mədəni kütləvi tədbirlər, konfranslar, yarışmalar, sərgilər və müsabiqələr təşkil olunur ki, bunlar da gənclərin dünyagörüşünü zənginləşdirir, onların boş vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır. Respublika əhəmiyyətli tədbirlərdə, yarışlarda və festivallarda istedadlı tələbə gənclərin iştirakı stimullaşdırılır.

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov söhbət zamanı sabahın qayğılarından söz açdı:

- Ölkədə qeyri-neft sektorunu inkişaf etdirməyin prioritet olduğunu bəyan edən Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Dövlət Turizm Agentliyi bu sahəni inkişaf etdirmək məqsədilə qarşıya son dərəcə məsul və şərəfli vəzifələr qoymuşdur. Bu baxımdan bir təhsil müəssisəsi olaraq bizim də üzərimizə böyük məsuliyyət düşür. İxtisaslı kadr hazırlığı missiyası həyata keçirən kollektivimiz obyektiv, şəffaf və nəticəyönümlü tədris və hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə böyük önəm verir.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.-4 dekabr.- S.10.