“Sevil” pyesi
Şəki teatrında tamaşaya hazırlanır
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı, dramaturq, ssenarist Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.
Milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olan Cəfər Cabbarlı çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın tərəqqisi naminə çalışıb. Çoxşaxəli yaradıcılığı ilə mədəniyyətimizin inkişafında mühüm rol oynamış C.Cabbarlının əsərləri uzun illərdir ki, teatrların repertuarını bəzəyir. Yubiley ili çərçivəsində Azərbaycan milli teatrının inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli dramaturqun pyeslərinə yenidən müraciət olunur.
Böyük dramaturqun ölməz əsərlərindən biri - "Sevil” pyesi də Şəki Dövlət Dram Teatrında səhnələşdirilir. Qeyd edək ki, baş qəhrəman - Sevil obrazı ilə Azərbaycan qadınının yüksəliş yolu təsvir edilən bu əsər müxtəlif teatr səhnələrində dönə-dönə tamaşaya qoyulub. Hər dəfə də tamaşaçıların diqqətini çəkərək sevgisini qazanıb. Bu uğuru davam etdirmək üçün Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi də həvəslə məşqlərə başlayıb.
Görkəmli dramaturqun anadan olmasının 120 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, rəqslərin quruluşçusu isə Çingiz Novruzəliyevdir. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov, Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Fərahim Fətəliyev, aktrisalar Lalə Məmməd, Arzu Mustafayeva, Nazilə İmamhüseynova və Aysun Mustafazadə ifa edəcək. Əsərin əsas qəhrəmanı Sevil obrazını canlandıran gənc aktrisa Zümrüd Əliyeva isə bu rolla debüt edir.
Tamaşa
yaxın vaxtlarda teatrsevərlərə təqdim
olunacaq.
Azərbaycan.-
2019.-4 dekabr.- S.11.