“Azad bir quşdum...”

 

Cəfər Cabbarlı yalnız nasir deyil, həm də lirik, poetik misralarla könülləri ovsunlayan şair idi

 

Azərbaycan ədəbiyyatında öz dəstxəti ilə seçilən ədiblərimizidən biri də Cəfər Cabbarlıdır. 120 il bundan öncə Bakıda, kasıb bir ailədə dünyaya göz açan Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının klassiki, müasir dramaturgiyanın banisi, milli mədəniyyətimizin və incəsənətimizin inkişafında müstəsna xidmətlərinə görə hələ yüzillər boyunca unudulmayacaq bir simadır. Onun ədəbi-bədii yaradıcılığının üfüqləri geniş və şəfəqləri işıqlıdır.

Görkəmli dramaturq, teatr və kino xadimi kimi tanınan Cəfər Cabbarlı ədəbi fəaliyyətə uşaq yaşlarından şeirlə başlayıb. Zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm nəzm, həm də nəsr janrlarından bacarıqla istifadə edən yazıçı, eyni zamanda istedadlı jurnalist, tərcüməçi və kino xadimi kimi də tanınmışdır.

Ədibin bu il anadan olmasının 120 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam geniş ədəbi ictimaiyyət tərəfindən böyük məmnunluqla qarşılandı. Müxtəlif ünvan və məkanlarda keçirilən silsilə xarakterli yubiley tədbirlərində Cəfər Cabbarlının ədəbi-bədii irsinin daha dərindən öyrənilməsi və təbliği xüsusi vurğulanır.

Bu günlərdə şair, dramaturq, nasir, ədibin poetik növlərdən ibarət daha bir kitabı işıq üzü görüb. C.Cabbarlı Ev-Muzeyinin direktoru Qəmər Seyfəddinqızının toplayıb tərtib etdiyi "Cəfər Cabbarlı-120. Ölkəm” kitabında şairin lirik və satirik şeirləri toplanıb. Geniş tamaşaçı auditoriyasında dramaturq kimi əsərləri səhnələrdən düşməyən Cəfər Cabbarlı burada lirik şeirləri ilə könülləri fəth edən şair kimi təqdim edilir.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir cəmiyyətdə maarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə C.Cabbarlının yaradıcılığının təbliği” layihəsi çərçivəsində C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi tərəfindən buraxılmış kitabda da göstərildiyi kimi, yazıçının əsərləri üzərində aparılan son tədqiqatlardan məlum olmuşdur ki, ədibin ilk mətbu (satirik "Sücaətim” və lirik "Eşidənlərə”) şeirləri 1911-ci il noyabrın 5-də "Həqiqəti-əfkar” qəzetində "Cəfər... Mətrud” imzası ilə dərc edilib. Yazıçı yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş, səhnə üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan ədəbiyyatının yaradıcılarından biri kimi şöhrətləndirmişdir.

Cəfər Cabbarlı nəzmə çəkdiyi fikrin fəlsəfəsinə daha çox yer vermişdir. Şeiriyyətin qəlibi şair üçün əsas önəm daşımayıb. O, klassik heca vəzni ilə yanaşı, müasir sərbəst formada da qələmini sınamaqdan çəkinməmişdir.

Təbii ki, şair-dramaturqun yaşadığı və yaradıcılıqla məşğul olduğu dövrdə şeirin əruz növü digərlərini üstələyirdi. C.Cabbarlı yaradıcılığında qəzələ rast gəlinməsi də, çox güman ki, bununla bağlı olmuşdur:

 

Yaşasın, doğrusu, gör, cümlə-müsəlman oyanıb,

Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb...

 

C.Cabbarlının şeirlərinə yazılmış mahnılar da dillər əzbəri və könüllərdə ovqat yaradan lirik düşüncələrdən ibarətdir. "Azad bir qusdum...” mahnısı mərhum müğənni Səxavət Məmmədovun ifasında sözün əsl mənasında qanad açdı. Bu pərvazda bir azadlıq təşnəsi vardı...

Şairin bədiiyyatında satira yalnız dram əsərlərindəki dövrün antipodları deyildi. O, satirik qələmlə də həpəndlərini hədəfə alırdı. Bu mənada qızlarını cəhalətdə saxlayan köhnə fikirli ataların tənqid atəşinə tutulduğu, 1915-ci ildə "Babayi-Əmir”də şairin satirik qələmlə dərc olunmuş "Qızıma” şeiri də diqqətçəkəndir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

 

Azərbaycan. - 2019.-4 dekabr.- S.11.