Azərbaycan Respublikası vətəndaşlarının
qanunvericilik təşəbbüsü hüququndan istifadə
etməsi qaydası haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndinə və 96-cı maddəsinin VI hissəsinə
uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının
qanunvericilik təşəbbüsü hüququndan istifadə
etməsi qaydasını müəyyən edir və bu sahədə
yaranan münasibətləri tənzimləyir.
Maddə 1. Azərbaycan Respublikası vətəndaşlarının
qanunvericilik təşəbbüsü hüququ
Azərbaycan Respublikası
Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə
uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisində
qanunvericilik təşəbbüsü hüququ (qanun layihəsini
və başqa məsələləri Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə təqdim
etmək hüququ) Azərbaycan Respublikasının seçki
hüququ olan 40 min vətəndaşına mənsubdur.
Maddə 2. Azərbaycan Respublikası vətəndaşlarının
qanunvericilik təşəbbüsü hüququndan istifadə
ilə bağlı Azərbaycan Respublikasının
qanunvericiliyi
Azərbaycan Respublikasının
seçki hüququ olan 40 min vətəndaşının
qanunvericilik təşəbbüsü (bundan sonra - vətəndaşların
qanunvericilik təşəbbüsü) hüququndan istifadə
ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından,
"Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanunundan, bu Qanundan, Azərbaycan
Respublikasının Seçki Məcəlləsindən, digər
normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
Maddə 3. Vətəndaşların
qanunvericilik təşəbbüsü qaydasında təqdim
etdiyi qanun (qərar) layihəsinə dair tələblər
3.1. Vətəndaşların
qanunvericilik təşəbbüsü qaydasında təqdim
etdiyi qanun layihəsi "Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun 50-ci, 53-58-ci və 62.4-cü
maddələrində müəyyən edilmiş tələblərə
uyğun olmalıdır.
3.2. Vətəndaşların
qanunvericilik təşəbbüsü qaydasında təqdim
etdiyi qanun (qərar) layihəsində (bundan sonra - layihə)
aşağıdakı məsələlər nəzərdə
tutula bilməz:
3.2.1. dövlət
büdcəsi, dövlət rüsumu, vergilər və
gömrük işi;
3.2.2. əmək
haqqının məbləği və onun ödənilməsi
qaydası;
3.2.3. cinayət və
ya inzibati xətalar;
3.2.4. ailə
münasibətləri;
3.2.5. ərazi
quruluşu və inzibati ərazi bölgüsü;
3.2.6. dövlətlərarası
və Azərbaycan Respublikasının qanunlarından fərqli
qaydalar nəzərdə tutan hökumətlərarası
müqavilələrin təsdiq və ləğv edilməsi;
3.2.7. seçki və
referendum;
3.2.8. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə etimad;
3.2.9. amnistiya;
3.2.10. seçilməsi,
təyin edilməsi və ya təsdiq edilməsi müvafiq
olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti
orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli
şəxslərin seçilməsi, təyin edilməsi və
ya təsdiq edilməsi.
3.3. Vətəndaşların
qanunvericilik təşəbbüsü qaydasında Konstitusiya
qanunlarının layihələri təqdim oluna bilməz.
Maddə 4. Vətəndaşların
qanunvericilik təşəbbüsü hüququndan istifadə
ilə bağlı təşəbbüs qrupunun
yaradılması
4.1. Layihəni Azərbaycan
Respublikası Milli Məclisinin (bundan sonra - Milli Məclis)
müzakirəsinə təqdim etmək təklifi ilə
çıxış edən seçki hüququ olan ən
azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı
tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü
hüququndan istifadə ilə bağlı təşəbbüs
qrupu (bundan sonra - təşəbbüs qrupu) yaradılır.
4.2. Bir təşəbbüs qrupu
öz fəaliyyəti dövründə yalnız bir layihəni
Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi
ilə çıxış edə bilər.
4.3. Təşəbbüs qrupunun
yaradılmasının məqsədləri Milli Məclisin
müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin
dəstəklənməsi üçün imza toplanması və
qanunvericilik təşəbbüsü ilə
çıxış edən vətəndaşların mənafelərinin
müdafiə edilməsidir.
4.4. Təşəbbüs qrupunun ilk
iclasında onun yaradılması barədə qərar qəbul
olunur, təşəbbüs qrupunun sədri və ən
azı iki sədr müavini, həmçinin seçki dairələri
üzrə koordinatorları seçilir və təklif olunan
layihənin mətni təsdiq olunur. Həmin
iclasın protokolu iclasın sədri və katibi tərəfindən
imzalanır və iclasda iştirak edən vətəndaşların
siyahısı protokola əlavə olunur. Bu
siyahıda onların soyadı, adı, atasının adı,
doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət
vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti,
həmçinin vətəndaşın təklif olunan layihənin
lehinə və ya əleyhinə səs verməsi qeyd olunur.
Siyahıda qeyd edilən hər bir vətəndaş
özünə aid məlumatları imzası ilə təsdiq
edir.
4.5. Təşəbbüs qrupunu onun
sədri təmsil edir. Sədr müvəqqəti
olmadıqda onun səlahiyyətlərini sədrin müəyyən
etdiyi müavinlərdən biri icra edir.
4.6. Təşəbbüs qrupunun
iclası onun üzvlərinin yarıdan çoxu iştirak
etdikdə səlahiyyətlidir. Təşəbbüs
qrupunun iclasında qərarlar sadə səs çoxluğu ilə
qəbul edilir.
Maddə 5. Təşəbbüs
qrupunun və layihənin qeydiyyatı
5.1. Təşəbbüs qrupu onun
yaradıldığı gündən bir ay ərzində təşəbbüs
qrupunun və təklif olunan layihənin qeydiyyata
alınması üçün ərizə ilə Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət
edir.
5.2. Təşəbbüs qrupunun və
təklif olunan layihənin qeydiyyata alınması barədə
ərizəyə aşağıdakı sənədlər əlavə
olunur:
5.2.1. bu Qanunun
4.4-cü maddəsinə uyğun olaraq tərtib olunmuş təşəbbüs
qrupunun yaradılması, onun sədrinin və müavinlərinin,
həmçinin seçki dairələri üzrə
koordinatorlarının seçilməsi və layihənin təsdiqi
barədə iclas protokolu və həmin protokola əlavə
edilən iclas iştirakçılarının
siyahısı;
5.2.2. bu Qanunun
3-cü maddəsində müəyyən edilmiş tələblərə
uyğun olaraq tərtib edilmiş layihə (kağız
daşıyıcısında və eyni zamanda, elektron
daşıyıcıda);
5.2.3. layihənin
qəbul edilməsi zərurətinin əsaslandırılması;
5.2.4. layihəyə
dair ekspert rəyləri;
5.2.5. layihəni
hazırlamış şəxslərin siyahısı;
5.2.6. layihəyə
aid digər sənədlər (təşəbbüs qrupunun qərarına
əsasən).
5.3. Bu Qanunun 5.2-ci maddəsində nəzərdə
tutulan sənədlər Mərkəzi Seçki
Komissiyasına daxil olduğu gündən iki ay ərzində
Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs
qrupunun və təklif olunan layihənin bu Qanuna uyğun olaraq
qeydiyyata alınması və yaxud bundan imtina edilməsi barədə
qərar qəbul edilir.
5.4. Mərkəzi Seçki
Komissiyası təşəbbüs qrupunun təqdim etdiyi sənədlər
əsasında təşəbbüs qrupunun
yaradılmasının bu Qanunun tələblərinə
uyğunluğunu yoxlayır. Təşəbbüs
qrupunun təqdim etdiyi layihə və bu Qanunun 5.2.3-5.2.6-cı
maddələrində göstərilən sənədlər
layihənin bu Qanunun 3-cü maddəsində müəyyən
edilmiş tələblərə uyğun olub-olmaması barədə
bir ay ərzində rəyin hazırlanması
üçün Mərkəzi Seçki Komissiyası tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) göndərilir. Azərbaycan
Respublikasının dövlət büdcəsi vəsaitinin
istifadəsini nəzərdə tutan layihə və bu Qanunun
5.2.3-5.2.6-cı maddələrində göstərilən sənədlər
"Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununa uyğun olaraq bir ay ərzində
maliyyə ekspertizası rəyinin hazırlanması
üçün həmçinin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.
5.5. Təşəbbüs qrupunun və
təklif olunan layihənin qeydiyyata alınması barədə
qərar qəbul edildiyi gündən həmin layihə Milli Məclisə
təqdim edilənədək layihədə dəyişiklik
edilə bilməz.
5.6. Təşəbbüs qrupunun və
təklif olunan layihənin qeydiyyata alındığı
gündən 3 iş günü müddətində təşəbbüs
qrupunun və təklif olunan layihənin qeydiyyata
alınması barədə qərarın surəti və imza
toplanması üçün imza vərəqələrinin
nümunəsi təşəbbüs qrupunun sədrinə təqdim
edilir, həmçinin təşəbbüs qrupunun sədrinə,
müavinlərinə və seçki dairələri üzrə
koordinatorlarına müvafiq vəsiqələr verilir.
5.7. İmza toplanması
üçün imza vərəqələrinin və təşəbbüs
qrupunun sədrinə, müavinlərinə və seçki
dairələri üzrə koordinatorlarına verilən vəsiqələrin
nümunələri Mərkəzi Seçki Komissiyası tərəfindən
təsdiq olunur.
5.8. Təşəbbüs qrupunun və
təklif olunan layihənin qeydiyyata alınmasından
aşağıdakı hallarda imtina edilir:
5.8.1. təşəbbüs
qrupunun yaradılmasının bu Qanunla müəyyən
edilmiş qaydası pozulduqda;
5.8.2. müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) rəyinə əsasən təşəbbüs
qrupunun təqdim etdiyi layihə bu Qanunun 3-cü maddəsində
müəyyən edilmiş tələblərə uyğun
olmadıqda;
5.8.3. Azərbaycan
Respublikasının dövlət büdcəsi vəsaitinin
istifadəsini nəzərdə tutan layihəyə dair
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) rəyinə əsasən layihənin
tətbiqinin maliyyələşdirilməsi üçün
müvafiq vəsait olmadıqda.
5.9. Təşəbbüs qrupunun və
təklif olunan layihənin qeydiyyata alınmasından imtina barədə
Mərkəzi Seçki Komissiyasının qərarından
apelyasiya instansiyası məhkəməsinə şikayət
verilə bilər.
Maddə 6. Layihənin dəstəklənməsi
üçün vətəndaşların imzalarının
toplanması qaydası
6.1. Milli Məclisin
müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin
dəstəklənməsi üçün vətəndaşların
imzalarının toplanması təşəbbüs qrupunun və
təklif olunan layihənin qeydiyyata alındığı
gündən iki ay ərzində yalnız təşəbbüs
qrupunun üzvləri tərəfindən həyata
keçirilir.
6.2. Təşəbbüs qrupunun
üzvləri Azərbaycan Respublikasının seçki
hüququ olan ən azı 40 min vətəndaşının
imzasını toplamalıdırlar. İmzaların
toplanması ən azı 60 seçki dairəsinin ərazisini
əhatə etməli və hər seçki dairəsinin ərazisindən
ən azı 500 imza toplanmalıdır.
6.3. İmza toplanması
üçün imza vərəqəsində layihənin
adı, imza toplayan təşəbbüs qrupu
üzvünün soyadı, adı, atasının adı,
şəxsiyyət vəsiqəsinin nömrəsi və
etibarlılıq müddəti, təşəbbüs qrupunun
və təklif olunan layihənin qeydiyyata alınması barədə
qərarın tarixi və nömrəsi, təklif olunan layihəni
dəstəkləyən vətəndaşın soyadı,
adı, atasının adı, yaşayış yerinin
ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi
və etibarlılıq müddəti göstərilməlidir.
6.4. Təşəbbüs qrupunun imza
toplayan üzvü vətəndaşa təklif olunan layihənin
tam mətnini təqdim etməli, layihənin məzmununu izah
etməli və oxuması üçün vaxt verməlidir.
6.5. Bir imza vərəqəsinə
yalnız eyni seçki dairəsinin ərazisi üzrə
seçici siyahılarında olan vətəndaşlar daxil
edilir.
6.6. Layihəni dəstəkləyən
vətəndaş imza vərəqəsində öz
imzasını qoyur, soyadını yazır və imzalama
tarixini qeyd edir.
6.7. Layihəni dəstəkləyən
vətəndaş yalnız bir dəfə imza qoya bilər.
6.8. Dövlət orqanlarının, bələdiyyə
qurumlarının və mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxslərin imza
toplanmasında iştirakına yol verilmir. İmza
toplanması prosesində vətəndaşları imza
qoymağa məcbur etmək və ya imza qoymağa imkan verməmək,
yaxud bunlara görə onları hər hansı formada
mükafatlandırmaq qadağandır.
6.9. İmza toplanması prosesinin və
vətəndaşların qanunvericilik təşəbbüsü
hüququndan istifadə ilə bağlı bu Qanunla nəzərdə
tutulan digər tədbirlərin maliyyələşdirilməsi
üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların,
xarici hüquqi şəxslərin, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin, həmçinin
təsisçisi xarici dövlət, beynəlxalq təşkilat,
xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən
istifadə oluna bilməz. Bu qadağaya əməl
olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə,
bu, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs
qrupunun və təklif olunan layihənin qeydiyyata
alınması barədə qərarının ləğv
edilməsi üçün əsas hesab edilir.
6.10. Azərbaycan
Respublikasının seçki hüququ olan ən azı 40 min
vətəndaşının imzası toplandıqdan sonra vətəndaşların
imzalarının toplanmasının nəticələri
haqqında protokol tərtib edilir, təşəbbüs
qrupunun sədri və seçki dairələri üzrə
koordinatorları tərəfindən imzalanır.
6.11. Vətəndaşların
imzalarının toplanmasının nəticələri
haqqında protokolun nümunəsi Mərkəzi Seçki
Komissiyası tərəfindən təsdiq olunur.
Maddə 7. İmza vərəqələrində
olan məlumatların yoxlanılması və imza
toplanmasının nəticələrinin təsdiqi
7.1. Bu Qanunun 6.10-cu maddəsində
nəzərdə tutulan protokol imzalandığı gündən
bir ay ərzində həmin protokolun 2 nüsxəsi və imza
vərəqələri təşəbbüs qrupu tərəfindən
Mərkəzi Seçki Komissiyasına təqdim olunur. Mərkəzi
Seçki Komissiyasına təqdim edilən imza vərəqələri
nömrələnməli və qovluq formasında səhifələnməlidir.
7.2. Mərkəzi Seçki
Komissiyası sənədləri qəbul edərkən imza vərəqələri
olan hər bir qovluğu möhürü ilə təsdiqləyir,
təqdim olunmuş imza vərəqələrinin
sayının vətəndaşların imzalarının
toplanmasının nəticələri haqqında protokola
uyğunluğunu yoxlayır, sonra isə onların qəbul
edilmə tarixini qeyd edərək təşəbbüs
qrupunun sədrinə, qəbul edilmiş imza vərəqələrinin
sayını və oradakı imzaların sayını göstərməklə,
sənədlərin qəbulu barədə yazılı
arayış verir.
7.3. Mərkəzi Seçki
Komissiyası iki ay müddətində Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 59-cu maddəsi
ilə müəyyən edilmiş qaydada imza vərəqələrində
olan məlumatların düzgünlüyünü, həmçinin
təşəbbüs qrupunun bu Qanunun tələblərinə
riayət etməsini yoxlayır.
7.4. Aşağıdakı imzalar
qeyri-düzgün (etibarsız) hesab edilir:
7.4.1. Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 59-cu maddəsinə əsasən
qeyri-düzgün (etibarsız) hesab edilən imza;
7.4.2. bu Qanunun
6.6-6.9-cu maddələrinin tələbləri pozulmaqla toplanmış
imza;
7.4.3. imza vərəqəsinə
imza qoymuş vətəndaşlar eyni seçki dairəsinin ərazisi
üzrə seçici siyahılarında olmadıqda, yaxud imza
vərəqəsi imza toplayan təşəbbüs qrupunun
üzvü tərəfindən imzalanmadıqda və ya onun
imzası qeyri-düzgün olduqda həmin imza vərəqəsindəki
bütün imzalar.
7.5. İmza vərəqələrinin
yoxlanılmasının nəticələri haqqında Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə
uyğun olaraq yaradılmış işçi qrupunun rəhbəri
(Mərkəzi Seçki Komissiyasının həlledici səs
hüquqlu üzvü) tərəfindən protokol tərtib
edilir, imzalanır və qərar qəbul olunması
üçün Mərkəzi Seçki Komissiyasına təqdim
edilir. Protokolda vətəndaşların
yoxlanılmış imzalarının sayı, habelə əsası
qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı
göstərilir. Protokol Mərkəzi
Seçki Komissiyasının müvafiq qərarına əlavə
olunur.
7.6. Bu Qanunun 7.7-ci maddəsində
nəzərdə tutulan hallar olmadıqda, Mərkəzi
Seçki Komissiyası tərəfindən təşəbbüs
qrupunun bu Qanunun tələblərinə riayət etməsi barədə
qərar qəbul edilir. Həmin qərarın və bu Qanunun 7.5-ci maddəsində
nəzərdə tutulan protokolun surəti qərarın qəbul
edildiyi gündən 3 iş günü müddətində təşəbbüs
qrupunun sədrinə təqdim olunur.
7.7. Təşəbbüs qrupunun bu
Qanunun tələblərinə riayət etməməsi barədə
Mərkəzi Seçki Komissiyasının qərarının
qəbul edilməsi üçün əsaslar
aşağıdakılardır:
7.7.1. imzaların
toplanması zamanı bu Qanunun 6.8-ci və 6.9-cu maddələrinin
tələblərinin pozulması;
7.7.2. bu Qanunun
7.1-ci maddəsində göstərilən sənədlərin
düzgün rəsmiləşdirilməməsi və ya
olmaması;
7.7.3. etibarlı
imzaların lazımi saydan az olması.
7.8. Bu Qanunun 7.7.2-ci maddəsində
göstərilən hallar müəyyən edildikdə, təşəbbüs
qrupunun sədrinə bu barədə yazılı məlumat
verilir və müvafiq çatışmazlıqların Mərkəzi
Seçki Komissiyasının müvafiq iclasının tarixinə
ən geci 3 iş günü qalanadək aradan
qaldırılması üçün vaxt verilir.
7.9. Cinayət məsuliyyətinə
səbəb ola biləcək
hüquqpozmanın əlamətləri aşkar edildikdə Mərkəzi
Seçki Komissiyası təqsirli olan şəxslərin məsuliyyətə
cəlb edilməsi məsələsinə baxılması
üçün müvafiq sənəd və materialları Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərir.
7.10. Təşəbbüs qrupunun bu
Qanunun tələblərinə riayət etməməsi barədə
Mərkəzi Seçki Komissiyasının qərarının
və bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan
protokolun surəti həmin qərarın qəbul edildiyi
gündən 3 iş günü müddətində təşəbbüs
qrupunun sədrinə təqdim olunur. Lazımi sayda imzaların
olmadığı aşkar olunduğu hallarda təşəbbüs
qrupu bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan
protokolun surəti ilə yanaşı, imzaların etibarsız
sayılmasının əsasları göstərilməklə
müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki
sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi
barədə cədvəlin surətini də almaq hüququna
malikdir.
7.11. Təşəbbüs qrupunun bu
Qanunun tələblərinə riayət etməməsi barədə
Mərkəzi Seçki Komissiyasının qərarından
apelyasiya instansiyası məhkəməsinə şikayət
verilə bilər.
Maddə 8. Layihənin Milli Məclisə
təqdim edilməsi və müzakirəsi
8.1. Təşəbbüs qrupunun bu
Qanunun tələblərinə riayət etməsi barədə
Mərkəzi Seçki Komissiyasının qərarı qəbul
edildiyi gündən bir ay ərzində layihə və bu
Qanunun 5.2.3-5.2.6-cı maddələrində göstərilən
sənədlər təşəbbüs qrupu tərəfindən
Milli Məclisə təqdim olunur.
8.2. Layihə təqdim olunmuş
şəkildə iki ay ərzində Milli Məclisin
müzakirəsinə çıxarılır və səsə
qoyulur. Layihədə yalnız texniki xarakter
daşıyan dəyişikliklər edilə bilər.
Maddə 9. Layihənin geri
çağırılması
9.1. Vətəndaşların
qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin
müzakirəsinə təqdim olunmuş layihə yekun
oxunuşda baxılana qədər təşəbbüs
qrupunun iclasında üzvlərinin üçdə iki səs
çoxluğu ilə qəbul edilmiş qərar əsasında
geri çağırıla bilər.
9.2. Layihənin geri
çağırılması haqqında qərarın qəbul
edildiyi iclasın protokolu iclasın sədri və katibi tərəfindən
imzalanır, həmçinin layihənin geri
çağırılmasını dəstəkləyən təşəbbüs
qrupunun üzvlərinin siyahısı protokola əlavə
olunur. Bu siyahıda onların soyadı, adı,
atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı,
şəxsiyyət vəsiqəsinin nömrəsi və
etibarlılıq müddəti qeyd olunur. Siyahıda
qeyd edilən hər bir vətəndaş özünə aid
məlumatları imzası ilə təsdiq edir.
9.3. Bu Qanunun 9.2-ci maddəsində
nəzərdə tutulan protokol Milli Məclisə daxil olduqda
geri çağırılmış layihə Milli Məclisin
gündəliyindən çıxarılır və təşəbbüs
qrupunun sədrinə bu barədə məlumat verilir.
Maddə 10. Qanunun pozulmasına görə
məsuliyyət
Bu Qanunun tələblərinin
pozulmasına görə şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulmuş hallarda məsuliyyət
daşıyırlar.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2019-cu il
Azərbaycan.-
2019.-5 dekabr.- S.5.