“Bakutel-2019” sərgisində 23 ölkədən 238
şirkət iştirak edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – "Bakutel-2019” ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və "Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun dövlətimizin başçısına və birinci xanıma 25 illik yubileyini qeyd edən builki sərgi haqqında məlumat verdilər.
Bildirildi ki, yubiley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. Türkiyə, Rusiya, ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. Sərgiyə 11 ölkə milli pavilyonla qatılıb. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün "ağıllı” həllər təklif olunur. Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, işgüzar əlaqələrin qurulması üçün də nadir məkandır.
Dövlətimizin başçısı və birinci xanım İnnovasiyalar Agentliyinin stendi ilə tanış oldular. Burada agentliyin fəaliyyəti haqqında məlumat verildi. Qeyd olundu ki, Agentlik regional investorları cəlb etmək üçün beynəlxalq ekspertlərin iştirakı ilə Fondlar Fondunun yaradılması üzərində iş aparır. Bu sahədə beynəlxalq təcrübə öyrənilir. Agentliyin indiyədək bir çox startapları həyata keçirilib. Bu startaplar sosial, süni intellekt, istehlakçılar, tibb və digər sahələri əhatə edir.
Dövlətimizin başçısına Azərbaycanda startapçılar üçün yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, İnnovasiyalar Agentliyi bütün regional startaplara Azərbaycanda öz şirkət nümayəndəliklərini qeydiyyatdan keçirməyə, yerli mütəxəssislərdən ibarət komanda formalaşdırmağa, məhsullarını adaptasiya etməyə və kommersiyalaşdırmağa kömək göstərir.
Bu stenddə Azərbaycan Prezidentinə və birinci xanıma startap layihələri barədə məlumat verildi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AzInTelecom”un stendində də təqdim olunan yeniliklərlə tanış oldular. Burada "Hökumət buludu” layihəsi, yeni məhsullar və layihələr təqdim edilir. Bundan başqa, eyni zamanda, proqram təminatı xidmətləri çərçivəsində yeniliklər nümayiş olunur. Stenddə, həmçinin Yevlaxda ehtiyat Data Mərkəzi, bulud texnologiyaları üzrə ən son xidmətlərin "Azcloud MeetUp” adlı emalatxanası barədə də məlumat almaq olar.
"Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV və internetdə olan məzmunun filtrasiya xidməti təqdim olunur.
"Baktelecom” stendində sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən "Evədək optika” layihəsi və paytaxtətrafı ərazilərdə tətbiq edilən "Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi, həmçinin İPTV texnologiyası ilə rəqəmsal televiziya xidmətləri, mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan "Virtual ATS” xidməti təqdim olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsas informasiya texnologiyaları infrastrukturu olan Məlumat Hesablama Mərkəzi ölkədə elektron imza üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyətini qanunvericiliyə əsasən təmin edən müəssisədir. Qırx beş ildən çoxdur ki, fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi Azərbaycanda kompüter texnologiyası ilə hesablamalar və təhlillər aparan ilk qurumdur. Müəssisənin xidmətlərinə "özəl şəbəkələrin qurulması”, "proqram təminatı”, "məlumatın saxlanma və emalı sistemi”, "sistem inteqrasiya həlləri”, "veb-saytların yaradılması” və digər mühüm xidmətlər daxildir. Mərkəz fəaliyyət sahələrini genişləndirərək informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edir.
"Azərpoçt”
MMC-nin stendində yeni "Postman” xidməti təqdim olunub. "Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların
işini asanlaşdırmaq
və onların fəaliyyətinə nəzarət
etmək məqsədi
daşıyır. Buradakı digər
yenilik isə "Postpay” – elektron pul kisəsidir.
"Azərmarka”
MMC-nin stendində markalı kitablar, bu il ərzində
tədavülə buraxılan
poçt markaları,
suvenirlər təqdim
edilir.
Dövlətimizin başçısı və
birinci xanım poçt markalarını
möhürlədilər.
***
Prezident İlham
Əliyev sərgidə
Rusiyanın "Rossiya
24” televiziya kanalına
müsahibə verdi.
***
Sərgidə İnnovasiyalar Agentliyi və "Zəfər” Şəhid Ailələrinə
Dəstək İctimai
Birliyinin yardımı
ilə şəhid ailələrinin övladları
üçün təmənnasız
təşkil edilən
STEM üzrə kursların
iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi
ziyarətçiləri ilə
bölüşürlər. Kurs iştirakçıları
hazırladıqları modelləri
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya nümayiş etdirdilər.
Belarus da
"Bakutel-2019” sərgisinin iştirakçıları arasındadır. Bu ölkədən "Bakutel”də
6 şirkət iştirak
edir. Onlar İKT-nin ən
son yeniliklərini Bakı
sərgisində nümayiş
etdirirlər. Prezident İlham
Əliyev burada Belarus və Azərbaycanın birgə buraxılışı
olan markanı möhürlədi.
"Startup Avenue” stendində İnnovasiyalar
Agentliyində fəaliyyət
göstərən 26 startap
layihəsi nümayiş
olunur. İnnovasiyalar Agentliyinin "Hybrid Startups” proqramı çərçivəsində
Rusiya, İtaliya, Yaponiya, Ukrayna və İrandan olan xarici rezidentlər
də sərginin iştirakçıları arasındadırlar.
Rusiya Federasiyasının Elm və
Ali Təhsil Nazirliyinin
sərgidəki stendində
bu ölkənin 14 universiteti və bir elmi-tədqiqat institutunun, ümumilikdə,
35 layihəsi təqdim
olunur. Bundan başqa, Rusiyanın
2 şirkəti də
öz məhsullarını
nümayiş etdirir.
Sərgidə İran İslam Respublikası da geniş təmsil olunur. Burada İrandan 15 şirkət
məhsullarını təqdim
edir. Şirkətlərin təqdim etdiyi
layihələr arasında
İKT ilə bağlı
ən son yeniliklər
nümayiş olunur.
Qardaş Türkiyə digər sərgilərdə olduğu
kimi, bu sərgidə də təmsil olunur. Türkiyə şirkətləri peyk,
İT, informasiya təhlükəsizliyi
ilə bağlı innovativ məhsulları təqdim edirlər. Türkiyənin Nəqliyyat və
İnfrastruktur Nazirliyi
ilə yanaşı,
4 şirkətin yenilikləri
də ziyarətçilərə
nümayiş etdirilir.
Xorvatiya
"Bakutel-2019”da, ümumilikdə, 5 şirkətlə təmsil
olunur. Bu şirkətlərdən
ikisi ilk dəfədir
ki, sərgiyə qatılır. Şirkətlər müxtəlif məhsul və layihələrini, o
cümlədən İT, mobil
bankçılıq və
digər xidmətləri
təqdim edirlər.
Amerika Birləşmiş Ştatları
sərginin iştirakçıları
arasındadır. Bu ölkədən
4 şirkət İKT ilə
bağlı müasir
xidmətlərini təqdim
edir. Bu xidmətlərin
arasında İT sahəsində
təhlükəsizlik və
digər məhsullar
var.
İsrail də sərgidə iştirak edir. Bu ölkənin şirkətləri
"Bakutel”də innovativ
məhsul və xidmətlərini təqdim
edirlər.
Fransa stendində də ən son İT və informasiya təhlükəsizliyi
məhsulları nümayiş
olunur. Burada Fransanın 2 şirkəti
ən son yeniliklərini
sərgi iştirakçılarına
nümayiş etdirir.
İtaliya stendi ilə tanışlıq zamanı
məlumat verildi ki, burada 3 şirkət
müxtəlif İT məhsullarını
təqdim edir. İtaliya sərgidə,
həmçinin milli pavilyonla təmsil olunur.
"Bakutel-2019 "sərgisində Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzi
öz stendi ilə təmsil olunur. Burada mərkəzin idarə
etdiyi, o cümlədən
texniki cəhətdən
ərsəyə gətirdiyi
layihələr, qurumun
əməkdaşları tərəfindən
dövlət xidmətlərinin
təkmilləşdirilməsini təmin edən İKT sahəsində həllər
nümayiş olunur.
Stenddə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "myGov” portalı, "ASAN ödəniş”,
"ASAN Viza”, "ASAN Finans”
sistemləri və süni intellekt sahəsində mərkəzin
gördüyü işlər
barədə ətraflı
məlumat verildi.
İT sahəsində
dünya liderlərindən
olan CİSCO şirkəti
də sərginin iştirakçıları arasındadır. Bu şirkət ən son yenilik və məhsullarını, həmçinin
İT həllərini sərgi
iştirakçılarına təqdim edir.
Vətəndaşlara qeydiyyat
prinsipi olmadan xidmət göstərən
DOST mərkəzinin sosial
sahədə innovativ yenilikləri də
"Bakutel-2019”da təqdim edilir.
Dövlətimizin başçısına
və birinci xanıma məlumat verildi ki, bu
ilin mayında açılışı olan
DOST mərkəzi ötən
müddətdə 55 min vətəndaşa
xidmət göstərib.
Vətəndaş məmnunluğu səviyyəsi
95 faizdən çoxdur.
Hazırda vətəndaşlara 132 xidmət göstərilir.
Getdikcə təkmilləşdirilən bu xidmətlərin sayı artır. DOST Mərkəzinin müasir "Çağrı
mərkəzi” 200 mindən
çox zəng qəbul edib.
Bildirildi ki, bir neçə həftədən sonra Bakının Xəzər
və Pirallahı rayonlarını əhatə
edən 2 saylı DOST
mərkəzi açılacaq.
Növbəti il isə Bakı ilə yanaşı, bölgələrdə
də beş mərkəzin açılması
nəzərdə tutulur.
"Azərkosmos”
Açıq Səhmdar
Cəmiyyəti də
sərgidə təmsil
olunur. Qafqazda ilk və yeganə
peyk operatoru olan "Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün
yüksək keyfiyyətli
peyk xidmətləri təqdim edir. Prezident İlham Əliyevə şoranlaşma ilə bağlı peyk vasitəsilə aparılan
müşahidələr barədə
məlumat verildi.
1987-ci ildə
təsis edilən
"Huawei” şirkəti
sərgidə yeniliklərini
təqdim edir. Beynəlxalq aləmdə
aparıcı informasiya
və kommunikasiya texnologiyaları infrastrukturu
və ağıllı
cihazların təminatçısı
olan şirkət dünyada üç milyarddan çox insana xidmət göstərərək 170-dən artıq ölkədə və bölgədə təmsil olunur.
Rusiyanın Peyk Kommunikasiya Şirkəti də sərgidə məhsullarını
təqdim edir.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin "ROBOPARK” sahəsində
təqdim olunan yeniliklərlə tanış
oldular. Məlumat verildi ki, burada 20-dən çox interaktiv və əyləncəli proqramlaşdırma,
həmçinin dronlar
üzrə biliklər
təqdim olunur.
Eyni zamanda, sərgidə müxtəlif robotlar da nümayiş etdirilir.
Dövlətimizin başçısı və
birinci xanım robotların danışığını
dinlədilər və
Azərbaycan musiqisi altında rəqsinə tamaşa etdilər.
Digər bir robotun pianoda
ifası da maraqla qarşılandı.
Sonra xatirə şəkilləri
çəkdirildi.
Daha sonra dövlətimizin başçısına "Bakı
Taxi” MMC-nin yeni elektrik mühərriki ilə işləyən avtomobil modeli barədə məlumat verildi. Bildirildi ki,
elektrik enerjisi ilə
işləyən yeni taksilər ekoloji cəhətdən zərərsizdir.
Avtomobillərdə USB portlar, wifi və GPS quraşdırılıb
Azərbaycan.- 2019.- 5 dekabr.- S.1-2.