Azərbaycan nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb

 

Azərbaycanın Baş Nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri müzakirə edilib.

Baş nazirin müavini Şahin Mustafayev iki ölkə arasındakı əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. O deyib ki, bu gün iki ölkə prezidentinin siyasi iradəsi sayəsində Tehran-Bakı münasibətləri daha da inkişaf edir.

Qeyd olunub ki, dövlətlərimiz arasındakı siyasi, iqtisadi, mədəni, ticari, nəqliyyat və humanitar sahələrində əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan bu əlaqələrin daha da genişlənməsində maraqlıdır.

İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi rəsmi Tehran ilə Bakı arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb, iki dostqardaş ölkə arasındakı əlaqələrinin strateji xarakter daşıdığını bildirib. Bildirib ki, İran və Azərbaycan regional və beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edirlər.

Görüşdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi yolları və əldə olunan razılaşmaların icrası prosesinin sürətləndirilməsi məsələləri nəzərdən keçirilib.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.- 5 dekabr.- S.6.