Azərbaycan ilə İran
arasında enerji sahəsində əməkdaşlığın
perspektivləri müzakirə edilib
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edib.
AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Tehranda Şahin Mustafayev ilə İranın Energetika naziri Rza Ərdakanian arasında görüş keçirilib.
Şahin Mustafayev qeyd edib ki, İran ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələrin inkişafında hər iki ölkənin prezidentlərinin siyasi iradəsi və səmimi dostluq münasibətləri böyük rol oynayır.
Hazırda dost və qardaş ölkələrimiz arasında mühüm iqtisadi layihələr həyata keçirilir. Qarşılıqlı ticarət dövriyyəsi 3 dəfədən çox artıb, gömrük-keçid məntəqələrində sadələşdirilmiş sistem yaradılıb və vətəndaşların gediş-gəlişi asanlaşıb. Qarşılıqlı rəsmi səfərlərin və Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayında da artım müşahidə olunur.
Enerji sahəsində də əməkdaşlıq davam edir. Ordubad-Maraza, Xudafərin, “Qız qalası” su elektrik stansiyalarında işlər davam etdirilir. Bu layihələr hər iki ölkənin əhalisinin sosial vəziyyətinin yaxşılaşması ilə yanaşı, ümumilikdə iqtisadi inkişafa da böyük təkan verəcək.
Şahin Mustafayev diqqətə çatdırıb ki, qarşılıqlı əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub. Lakin hər iki ölkə böyük iqtisadi potensiala malikdir və bu potensialdan daha səmərəli istifadə etmək lazımdır.
İranın Energetika naziri Rza Ərdakanian bildirib ki, İran yaxın qonşuları ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Azərbaycan İranın yaxın qonşusu olmaqla yanaşı, həm də dost və qardaş dövlətdir. Ordubad-Maraza, “Qız qalası”, Xudafərin su elektrik stansiyaları ilə yanaşı, Astarada 500 meqavat gücündə qaz elektrik stansiyasının tikintisi layihəsi də var. Bu layihə sərhəd rayonlarının iqtisadi inkişafında mühüm rol oynayacaq. Nazir qeyd edib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihələr hər iki xalqın mənafeyinə xidmət edəcək.
Görüşdə su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, turbinlərin quraşdırılması, maliyyə, enerji mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanın
İrandakı səfiri Bünyad Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin birinci müavini
Azər Zeynalov da
görüşdə iştirak ediblər.
Azərbaycan.-
2019.- 5 dekabr.- S.6.