Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində əldə olunan uğurlardan danışılıb

 

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.

AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Şahin Mustafayev İranın Yol və Şəhərsalma naziri Məhəmməd İslami ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimizin əlaqələrinin bütün sahələrdə genişlənməsində mühüm rolu vurğulanıb.

Ölkələrimiz arasındakı əlaqələrdən danışan Baş Nazirin müavini Şahin Mustafayev son illərdə əməkdaşlığın daha da genişləndiyini diqqətə çatdırıb. Bildirilib ki, son 5 ildə Azərbaycan və İran Prezidentləri arasında 13 görüş olub, 100-dən çox qarşılıqlı səfərlər təşkil edilib, 24 biznes forumuişgüzar görüş keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 1500-dək İran şirkəti fəaliyyət göstərir. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollar investisiya yatırılıb.

Baş Nazirin müavini ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq etdiyini, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu vurğulayıb. Şahin Mustafayev nəqliyyat dəhlizinin inkişafının Azərbaycan-İran iqtisadi əməkdaşlığının, xüsusilə yükdaşımalar, ticarət və turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

İranın Yol və Şəhərsalma naziri Məhəmməd İslami ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan-İran əməkdaşlığının inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.- 5 dekabr.- S.6.