Səfa Mirzəyev: “Konstitusiya
Məhkəməsi Milli Məclisin səlahiyyətlərinin
parlamentin yeni tərkibi
formalaşanadək saxlanılmasını nəzərə
alıb”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğun hesab olunmasına dair qərar qəbul edib. Bunun əsasında Konstitusiyanın 981–ci maddəsinə görə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında qəbul olunacaq qərar Konstitusiyaya uyğun hesab edilib.
Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev dekabrın 4-də jurnalistlərə müsahibəsində deyib.
S.Mirzəyev bildirib ki, eyni zamanda, Konstitusiya Məhkəməsi Konstitusiyanın 111-ci, 112-ci maddələrində təsbit edilən funksiyalarının icrası ilə əlaqədar Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alıb. Yəni, müharibə vəziyyəti olanda, yaxud Azərbaycana hücum təhlükəsi yarananda, eləcə də fövqəladə təbii hallar baş verəndə, kütləvi iğtişaşlar nəticəsində fövqəladə vəziyyətin təyin olunması ilə əlaqədar yaranmış məsələlərdə mütləq Milli Məclisin təsdiqi lazımdır. Ona görə də bu səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulur ki, Milli Məclis yeni seçkilər keçirilənə qədər öz səlahiyyətlərini saxlasın. Eyni zamanda, Azərbaycanın və Milli Məclisin beynəlxalq öhdəlikləri var və bu öhdəliklərin yerinə yetirilməsi üçün Milli Məclis fəaliyyətini davam etdirəcək.
“Burada
yeganə məhdudiyyət ondan ibarətdir
ki, Milli Məclis qanun və qərar qəbul etmək üçün yeni
seçkilərə qədər toplaşmayacaq.
Konstitusiya Məhkəməsinin qərarına
qədər deputatların xarici səfərləri
müvəqqəti dayandırılmışdı. Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq
təşkilatların yığıncaqları olacaq və Milli Məclisin
üzvləri həmin iclaslara
qatılacaqlar. Bundan başqa,
dekabrın 18-də Bakıda Türkdilli
Ölkələrin Parlament
Assambleyasının iclası keçirilməlidir, o iclas da
keçiriləcək. Sadəcə qanun və
qərarların qəbul edilməsinə dair
parlamentin plenar
iclasları keçirilməyəcək. Yeni
qanunları altıncı çağırış parlament qəbul edəcək”.
Azərbaycan.-
2019.- 5 dekabr.- S.6.